20 YANVAR AZƏRBAYCAN XALQININ İDEYA VƏ SİYASİ BİRLİYİNİN ZİRVƏSİDİR

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək, öz əməlləri ilə xalqa, millətə sədaqəti ilə, xalqın milli istiqlaliyyəti ruhunu yüksəklərə qaldırılması ilə dünyalarını dəyişənlər müqəddəs insanlardır. Onlar cismən bu dünyadan gediblər, ancaq ruhən bizim qəlbimizdədirlər. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq günü kimi daxil oldu. Qanlı yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü, milli birliyini və həmrəyliyini təsdiqləyən ən mühüm hadisə, xalqımızın minilliklərdən bəri şərəfli tariximizin yaddaşına əbədi həkk olan qürurlu gün oldu. 20 yanvar hadisələri bütün dünyanı lərzəyə saldı, çürüməkdə olan sovet imperiyasının süqutunu sürətləndirdi, sovet dövlətinin rəhbəri M.Qorbaçovun avantürist və məkrli siyasətinin maskasını yırtdı, onun ikiüzlü və riyakar siyasətini, ermənipərəst mövqeyini açıq şəkildə göstərdi, xalqların öz dövlətinə olan inamını birdəfəlik sarsıtdı.

 

Azərbaycan xalqının müstəqillik uğrundakı hərəkatı ümumxalq mübarizəsinə çevrildi və beləliklə, ümumi amal uğrunda aparılan məqsədə doğru istiqamətləndi. Xalqımızın milli azadlıq hərəkatını boğmağa cəhd edən sovet rəhbərliyi nə qədər buna çalışsa da, o öz istəyinə nail ola bilmədi. Rəsmi Moskvanın Azərbaycana qarşı qərəzli mövqeyi açıq–aydın hiss olunurdu, ancaq Azərbaycan xalqı çürüməkdə olan SSRİ–nin tərkibindən çıxıb, öz müstəqilliyini bərpa etmək arzusunda idi. SSRİ rəhbərliyi isə Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsinə və genişlənməkdə olan xalq hərəkatına açıq şəkildə divan tutmaq yolunu seçdi. Ancaq 80–ci illərin sonu — 90–cı illərin əvvəllərində sovet imperiyası artıq son günlərini yaşayırdı.

Azadlıq uğrunda canlarını qurban edən şəhidlərimiz ölümü ilə ölməzliyə qovuşaraq, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin yeni bir tarixi mərhələyə daxil olmasında misilsiz xidmətlər göstərdilər, əsil şücaət, qəhrəmanlıq, ərənlik, qətiyyət və dözümlülük nümayiş etdirdilər. Şirin şərbət olan azadlıq və müstəqillik ideyaları vətən övladlarımızın başlıca şüarı, arzu və idealı idi. Şəhidlərimizin qanı bahasına əldə edilən müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi ədəbi və dönməz etməliyik. Bəli, candan əziz olan istiqlalımız, qazanılan müstəqilliyimiz, bu gün güclənməkdə olan dövlətçiliyimiz xalqımızın böyük nailiyyətidir və onu göz bəbəyi kimi qorumaq hamımızın müqəddəs borcu və vəzifəsidir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi, tariximiz bizim üçün dərs olmalıdır və biz Azərbaycan tarixinin bütün səhifələrinə işıq salmaq, tariximizi bugünkü və gələcək nəsillərə daha geniş anlatmaq, xalqımızın tarixini doğru, düzgün və obyektiv həqiqətlərə uyğun dünyaya çatdırmaq üçün çox iş görməliyik.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2013–cü il münasibətilə xalqımıza təbrikində demişdir ki, Azərbaycan reallıqlarının dünyaya təqdim olnumasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, bir sözlə, tarixi həqiqətlərin dünyaya çatdırılmasında biz çox iş görməli, qabaqlayıcı təbliğat və təşviqat fəaliyyətimizi daha da genişləndirməliyik. Dünya ictimaiyyəti görsün və bilsin ki, bu gün Azərbaycan Respublikasının hərtərəfli inkişafı təmin edilib, ölkəmizin qüdrəti artıb, beynəlxalq əlaqələri genişlənib, dövlətimiz bölgədə inkişaf sürətinə görə lider dövlətə çevrilib.

İyirminci yüzilliyin 80–ci illərinin ortalarından başlayaraq Azərbaycanda milli özünüdərk və milli şüurun yenidən oyanması xalqımızın müstəqillik uğrunda mübarizəsinə yeni nəfəs verdi və milli–azadlıq hərəkatının genişlənməsinə güclü təsir göstərdi.

Hərəkatın genişlənməsinə erməni daşnakları və erməni millətçiləri tərəfindən süni surətdə yaradılan uydurma Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən dərin sosial–siyasi hadisələr ciddi təsir göstərdi.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin 23–cü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Tədbirlər planına əsasən 20 yanvar faciəsinin geniş təbliğ edilməsi ilə əlaqədar respublikada şəhidlərin xatirəsinə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi, həmin gün saat 12–də bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilməsi, matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulmuşdur.

İyirmi yanvar faciəsinə doğru gedən yol mərkəz tərəfindən bütün təfsilatı ilə hazırlanmışdı və o, erməni millətçilərinin fitnəkar planlarına tam uyğun şəkildə qurulmuşdu. Çünki, əsrlər boyu Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri zaman–zaman ərazilərimizi işğal etmək və dənizdən–dənizə monoetnik erməni dövləti yaratmaq üçün türk xalqlarına qarşı soyqırım siyasəti aparmış və özlərinin fitnəkar planlarını həyata keçirmək üçün bütün rəzil mübarizə üsullarından istifadə etmişlər. Erməni millətçilərinin məkrli planlarının həyata keçirilməsində başlıca vasitə SSRİ rəhbərliyində M.Qorbaçovun hakimiyyəti zəbt etməsi oldu. M.Qorbaçov hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqına qarşı amansız oldu və həmişə də birmənalı şəkildə erməniləri müdafiə etdi. Çağdaş tariximizin diqqətlə araşdırılması bir daha sübut edir ki, o, rəhbərliyə gəldiyi ilk gündən Azərbaycana qarşı düşmən münasibətdə olmuşdu. Əvvəl gizli, sonra isə açıq formada bu siyasət özünü göstərdi. Tarix bunu sübut etdi.

M.Qorbaçovun siyasətini müdafiə edən ermənilər bundan istifadə edərək özlərinin hiyləgər və məkrli planlarını həyata keçirməyə başladılar. Erməni millətçilərinin siyasətinin başçıları bilirdilər ki, onların həyata keçirmək istədikləri planlara mane olacaq potensial qüvvə Heydər Əliyev şəxsiyyətidir. Çünki Heydər Əliyev özünün potensial siyasi gücü, nüfuzu və böyük qüvvəsi ilə erməni millətçilərinin fitnəkar siyasətinin qarşısını ala biləcək həlledici amil idi. Bunu nəzərə alan erməni siyasətçilərinin niyyətləri ilə Qorbaçovun qısqanclıq və xəyanətkar mövqeyi üst–üstə düşürdü. Odur ki, onlar Azərbaycana qarşı münasibətdə birləşdilər və nəticədə 1987–ci ilin oktyabrında Heydər Əliyev tutduğu vəzifələrdən təqaüdə çıxdı. Ermənilərə də elə bu lazım idi. Dərhal bundan istifadə edərək fəallaşdılar. Ermənilərin fəallaşmasında M.Qorbaçovun məsləhətçisi qatı daşnak və erməni şovinisti Aqanbekyanın Parisdə “Humanite” qəzetinə avantürist bəyanat verməsi oldu. O, bəyanatında bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair rəsmi Moskvanın razılığı vardır. Bu fitnəkar bəyanatdan sonra “Qarabağ”, “Krunk”, “Miatsum” və başqa erməni–daşnak–millətçi təşkilatların antikonstitusion fəaliyyəti genişləndi və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün müxtəlif planlar, hiyləgər ssenarilər və digər yollar hazırlanmağa başlandı. Qəribəsi odur ki, milli münaqişələrin közərməyə başladığı belə bir vaxtda–1988–ci ilin əvvəllərində M.Qorbaçov Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməniləri qəbul etdi. Bu hadisədən sonra Xankəndində, İrəvanda antiazərbaycan və antitürk ruhlu mitinqlər qızışmağa başladı.

Mitinqlərdə azərbaycanlıların ünvanına təhqiramiz şüarlar işlədilirdi. 1988–ci ilin əvvəllərində Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana verilməsi barədə antikonstitusion tələblər və şüarlar irəli sürüldü və fevralın 20–də təcavüzkar respublika belə bir qərar qəbul etdi. Vilayət soveti bu qərarın SSRİ Ali Soveti tərəfindən təsdiq edilməsini xahiş etdi. Həmin vaxtlarda 4 min nəfərdən çox azərbaycanlı öz doğma yurdlarından qovuldu. DQMV–nin Əsgəran, Ermənistanın Masis, Qafan, Vedi rayonlarında azərbaycanlılara hücumlar intensiv xarakter aldı. Neçə–neçə günahsız azərbaycanlı öldürüldü və yaralandı. 1988–ci il fevralın 27–28–də Qafan rayonundan 200 nəfər azərbaycanlı qovuldu. Bütün bunlara Azərbaycanın o zamankı rəhbərliyi göz yumurdu. Azərbaycanlılara qarşı təxribatların biri də ermənilərin törətdiyi məlum Sumqayıt hadisələri idi. Əslində Sumqayıt hadisələri Mərkəzin əli, ermənilərin iştirakı ilə təşkil edilən fitnəkar bir plan idi.

1988–ci ilin mart–aprelində Vedi, Uluxanlı (Zəngibasar), Masis, Ararat, Qafan, Göyçə rayonlarında azərbaycanlı əhali yaşayan kəndlər talan edildi, evləri, malı, mülkü, maşınları yandırıldı, özləri isə təhqiramiz hərəkətlərə məruz qaldılar. Nəticədə qısa müddətdə həmin rayonlardan 230 min azərbaycanlı əhali dədə–baba yurd–yuvalarından zorakılıqla qovuldu. Çox ağır məşəqqətlərə, dəhşətli sarsıntılara məruz qalan soydaşlarımızdan 214 nəfəri öldürüldü, 1154 nəfər yaralandı. Zorakılıqla qovulan əhalinin 15 min nəfəri kürd idi.

Bakıda baş verən bu olaylara Moskva göz yumur, M.Qorbaçov ikiüzlü və riyakar bəyanatlar verir, Azərbaycanın o zamankı rəhbərləri isə maymaq və səriştəsiz mövqe nümayiş etdirirdilər. Azərbaycan xalqı bu xəyanətə qarşı güclü və kütləvi mitinqlərlə cavab verirdi. 1988–ci ilin noyabr–dekabr aylarında olan Meydan hərəkatı bu nümayişlərin ən güclülərindən idi. Əslində Meydan hərəkatı xalqımızın müstəqillik uğrunda apardığı mübarizəyə gedən güclü və potensial ümumxalq hərəkatı və ümumxalq mübarizəsinin zirvəsi idi.

1989–cu il yanvarın 12–də SSRİ Ali Sovetinin “Azərbaycan SSR DQMV–nin xüsusi idarəçilik formasının tətbiqi haqqında” qəbul etdiyi qərar ermənilərin istəyinə uyğun idi. Çünki DQMV–də xüsusi idarəçilik forması tətbiq edildiyi ilk gündən A.Volski burada yaşayan xeyli azərbaycanlı soydaşlarımızın çıxarılmasına nail oldu. Nəticədə Azərbaycan xalqının tələbi ilə 1989–cu il noyabrın 28–də oyuncaq xüsusi idarə komitəsi ləğv edildi və vilayətin idarəsi Mərkəzin nəzarəti altında olan Azərbaycan SSR Təşkilat Komitəsinə tapşırıldı. Təşkilat Komitəsinin sədri təyin edilən V.Polyaniçko əslində öz sələfinin siyasətini davam etdirir və azərbaycanlıları sıxışdırırdı.

Bir mühüm vacib məsələni də qeyd etmək lazımdır ki, 1989–cu ilin ortalarında Özbəkistandan 47 minə qədər Məhsəti türkü qovulmuşdu və onlar Azərbaycana pənah gətirmişdilər. Beləliklə, Azərbaycanda 300 minə qədər qaçqınlar və məcburi köçkünlər ordusu var idi.

1989–cu ilin sonu — 1990–cı ilin yanvarında Azərbaycanda ictimai – siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi və siyasi partlayış şəraiti yarandı. Belə bir vəziyyətdə mərkəzin kəşfiyyat orqanları yanvarın 13–14–də Bakıda süni şəkildə erməni talanı təşkil etdi. Mərkəz tərəfindən bütün təfsilatı ilə düşünülmüş və taktiki baxımdan hərtərəfli hazırlanmış bu məkrli plan hazır ssenari üzrə aparıldı. Moskvaya da elə bu lazım idi. Azərbaycan xalqına dərs vermək, müstəqillik uğrunda aparılan mübarizənin qarşısını almaq və milli–azadlıq hərəkatına zərbə vurmaq üçün, habelə digər müttəfiq respublikalara dərs olsun deyə çürüməkdə olan imperiyanı qorumaq məqsədilə 1990–cı il yanvarın 19–da Moskva “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etdi. Lakin bu fərmanın tətbiqi barədə əvvəlcədən əhaliyə xəbər verilməmişdi. SSRİ rəhbəri M.Qorbaçovun göstərişi ilə və o zamankı Azərbaycanın səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridilməsi planlaşdırıldı. Azərbaycanı informasiya blokadasına almaq və Azərbaycanın haqq səsini boğmaq üçün SSRİ DTK–nın “Alfa” qrupu respublika radio və televiziya verilişlərinin baş enerji blokunu yanvarın 19–da axşam saat 19:20 radələrində xaincəsinə partlatdı. Respublikanın radio və televiziyası susduruldu, kütləvi informasiya vasitələri üzərinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə informasiya blokadasına düşdü, əhali hər hansı bir məlumat almaq mənbəyindən mərhum oldu. Mərkəz tərəfindən tətbiq edilən fövqəladə vəziyyət haqqındakı fərmandan heç kimin xəbəri yox idi. Soyuq yanvar gecəsində haqqını, azadlığını tələb edən Bakı əhalisi küçələrdə və meydanda toplanmışdı.

Mərkəz tərəfindən Azərbaycana qarşı aparılan mənəvi, ideoloji və siyasi təcavüz qısa müddət ərzində faciəli sonluqla bitdi. Bakı şəhərində fövqəladə vəziyyət haqqında fərmanı xalq səhər saat 7–də bildi. Fövqəladə vəziyyətin tətbiqi xalqa elan olunanadək saqqallı hərbiçilər artıq 82 adımı öldürmüş, 20 nəfəri ölümcül yaralamışdılar. Yanvarın 19–dan 20–nə keçən gecə dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər edildi. SSRİ Müdafiə Nazirliyinin, SSRİ DTK–nın və SSRİ DİN–in xüsusi təlim görmüş qoşun hissələri 3 istiqamətdə Bakıya yeridilərək, dinc əhaliyə qarşı misli görünməmiş cinayətkarlıq aksiyaları törətdilər. 20 yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamda deyildiyi kimi, həmin gün Sovet Ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycanın bir sıra digər şəhər və rayonlarına yeridilərək…, Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. 20 Yanvar faciəsi zamanı rəsmi məlumata görə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 4 nəfər itkin düşmüş, külli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Əməliyyat zamanı vəhşiləşmiş hərbçilər tərəfindən gözə dəyən hər kəs öldürülür, yaşayış evləri və tibb müəssisələri atəşə tutulur, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilir, yerlərdə təcili yardım göstərən tibb işçiləri güllələnirdi.

Vəhşiləşmiş hərbçilər Bakıda amansız dağıntılar törətmiş, yüzlərlə silahsız adamı, o cümlədən uşaqlar, yaşlılar, qadınlar, xəstələr misli görünməmiş xüsusi qəddarlıqla qətlə yetirilmiş, dövlət və inzibati binalara, nəqliyyat vasitələrinə, yaşayış evlərinə ciddi zərər vurmuşlar. Bəşər tarixində olmayan ən ağır cinayət törədən və insanlıq simasını itirən hərbçilər heç nəyə və heç kimə rəhm etmədən hamını güllələyirdilər. Həmin gecə xəstəxanalarda elektrik işıqları da kəsildi.

Bakıya ilk qoşun dəstəsi Türkan–Qala tərəfdən yanvarın 19–da saat 21 radələrində hücuma başladı. Bakıya yeridilən qoşun dəstələrinin tərkibində, sonralar məlum olduğu kimi ermənilər də var idi. Həmin saqqallı ermənilər cinayətkar babalarının törətdikləri 1918–ci il vəhşiliklərini təkrar edirdilər.

“Bakı əməliyyatına”SSRİ müdafiə naziri D.Yazov şəxsən rəhbərlik edirdi. Dinc əhali üzərinə müxtəlif istiqamətlərdən hücuma keçən əsgərlər ağır hərbi texnikanın köməyi ilə müdafiə xətlərini asanlıqla dağıdır, dörd tərəfə, yaşayış binalarının balkonlarına da güllə yağışı yağdırırdılar. Hərbçilər gözyaşardıcı qazdan, müasir kimyəvi silahlardan istifadə edirdilər. Qaçıb canlarını qurtarmağa çalışan adamlar tankların tırtılları altına düşürdülər. Hərbçilər tibb müəssisələrini, xəstəxanaları mühasirəyə alaraq, yaralıların ora gətirilməsinə kobud şəkildə mane olurdular. Dünya müharibələri tarixində analoqu olmayan dəhşətli olaylar baş verir, qanlı cinayət hərəkətləri törədilirdi. Sovet imperiya dövləti öz xalqına, öz vətəndaşlarına divan tuturdu.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22–də Azərbaycan xalqı şəhidlər ilə, canlarını qurban vermiş Vətən övladları ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirilirdi. Bakıda gedən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə səsi idi, mərkəzin qanlı əməllərinə qarşı etiraz səsi idi. Küçələrdə, AKP MK binası divarlarında “Qorbaçov cəlladdır!”, “Rədd olsun Sov.İKP!”, “İşğalçılar rədd olub gedin!” şuarları yazılmışdı. Kommunist partiyasının biletləri tonqallarda yandırılır, bu qanlı cinayəti törədənlər lənətlənirdi.

 

 

Respublika.- 2013.- 20 yanvar.- S. 1;2.