Şəhidlər
Şəhid gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər;
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Zalım öyünməsin zülümləriylə,
Minbir böhtanıyla, minbir şəriylə;
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü;
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə —
Bir yumruğa döndük o gecə biz də;
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər;
Donan vicdanları qeyrətləndirər, —
Axı, el qeyrəti çəkdi şəhidlər.
…Dözdü hər zillətə, dözdü hər şeyə, —
“Dünyada mənim də haqqım var” — deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan
insan olur öz hünəriylə,
Millət
millət olur xeyri, şəriylə;
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə.
Respublika.- 2013.- 20 yanvar.- S. 2.