20 YANVAR AZƏRBAYCAN
XALQININ İDEYA VƏ SİYASİ BİRLİYİNİN
ZİRVƏSİDİR
20 Yanvar faciəsi törədilən zaman Dünya Azərbaycanda baş verən hadisələri izləyə bilmirdi. Azərbaycan xalqı başsız qalmış, informasiya blokadasına düşmüşdü. Azərbaycan xalqının belə ağır vəziyyətində o zaman siyasi səhnədən uzaqlaşdırılmış, Moskvada uzaq bir yerdə yaşayan Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək, yanvarın 21–də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib mətbuat konfransı keçirdi. Mətbuat konfransında Heydər Əliyev böyük cəsarətlə heç kimdən və heç nədən qorxmayaraq və öz şəxsi həyatını təhlükədə qoyaraq, yanvarın 20–də Bakıda təşkil edilən və törədilən qanlı faciənin səbəblərini və təşkilatçılarını obyektiv faktlarla düzgün və dəqiq açıqladı, aksiyanı törədənlərin səbəbkarlarının cinayət məsuliyyətinə cəlb edilməsini qətiyyətlə tələb etdi. Heydər Əliyev mətbuat konfransındakı çıxışında demişdi: “Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri–sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycanın rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”. Elə həmin gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı göndərdi. Teleqramda deyilirdi: “Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Heydər Əliyevin cəsarətli bəyanatı kütləvi informasiya vasitəsilə bütün dünyaya çatdırıldı, blokadaya alınmış Azərbaycanın, qanına qəltan edilmiş xalqımızın, yüzlərlə itki verən millətimizin haqq səsini dünyaya çatdıran cəsarətli bir liderin, ürəyi daim Azərbaycanla olan müdrik ağsaqqalın, görkəmli ictimai–siyasi və dövlət xadimi olan dahi rəhbərin əsl qəhrəmanlığı və qətiyyəti idi. Heç yerdən köməyi olmayan xalqımız bu Vətən övladının cəsur və yenilməz bəyanatından güc tapdı, ilhama gəldi, imperiyanın qorxu və xofunu qətiyyətlə rədd edərək, intensiv şəkildə azadlıq mübarizəsini, müstəqillik uğrunda apardığı mübarizəni qələbəyədək davam və inkişaf etdirdi. Bəli, zamanın o vaxtında, tarixin o mürəkkəb zamanında Heydər Əliyev əsl qəhrəmanlıq, nəsillərə nümunə olacaq igidlik və cəsarət nümayiş etdirmişdir. Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni bütün maneələrə baxmayaraq respublikada və dünyada geniş yayıldı.
Mərkəz belə güman edirdi ki, xalqımıza divan tutmaqla hərəkatın qarşısını alacaq və Azərbaycanın nümunəsində milli respublikalarda alovlanmaqda olan milli azadlıq mübarizələrini birdəfəlik darmadağın edəcək, çürüməkdə olan imperiyanın dayaqlarını qoruyub saxlaya biləcəkdir. Ümumdünya tarixinin səhifələrini vərəqləsək, o zaman görərik ki, heç bir dövlət öz vətəndaşına belə xəyanət etməmişdir. Ancaq Qorbaçov hökuməti və onun komandası bunu etdi, demokratiyaya, beynəlxalq qanunlarına və ən nəhayət, insanlığa zidd olan əməllər törətdi, yüzlərlə insanın ölümünə səbəb olan silahlı müdaxilə edib sülhsevər adamların öldürülməsinə fərman verdi. Ancaq rəsmi Moskvanın silahlı müdaxiləsinə və tanklarla hücuma keçməsinə baxmayaraq, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda inadlı və qətiyyətli mübarizəsinin qarşısını ala bilmədi.
Qanlı yanvar günlərində Azərbaycan
xalqının möhkəm və sarsılmaz birliyi,
güclü iradəsi və qətiyyəti bir daha sübut
olundu. Bəlkə
də 70 illik sovet totalitar rejimi dövründə belə bir
birlik olmamışdı. Bu,
xalqımızın ideya və siyasi birliyinin zirvəsi, dinindən,
cinsindən, sosial vəziyyətindən və vəzifəsindən
asılı olmayaraq, hamının vahid bir amal uğrunda
apardığı mübarizədə birləşməsi
idi. Yanvarın 22–də 1 milyondan artıq
insanın şəhidlərin dəfn mərasiminə
toplaşması rəsmi Moskvaya sanki bir ittiham idi. Bütün dünya gördü ki, Azərbaycan
xalqı nəyə qadirdir. Bütün
dünya Azərbaycan xalqının rəşadətini, qəhrəmanlığını,
müstəqillik və azadlıq uğrunda mübarizə əzmini
gördü.
20 yanvar xalqımızın şəhidlik zirvəsi
olmaqla yanaşı, müstəqillik uğrunda
apardığı milli azadlıq mübarizəsində yeni
istiqamətlər açdı. Çağdaş
tariximizin parlaq bir səhifəsi, müstəqillik
yollarında yeni bir tarixi dövrün başlanğıcı
oldu. Böyük azadlıq şairi Xəlil Rza
Ulutürkün “…Azadlığı istəmirəm qram–qram,
qolumdakı zəncirləri qıram gərək,
qıram–qıram… Azadlığı istəyirəm
Günəş kimi, ümman kimi…” bəşəri
arzuları xalqımızın dil əzbərinə
çevrilmişdi.
Bəli,
istiqlal savaşı uğrunda apardığı qalibiyyətli
mübarizədə Azərbaycan xalqı daha güclü
mübarizə əzmi ilə müstəqilliyinə can
atırdı. Çünki 20 yanvar şəhidlik
zirvəsindən başlanan yeni tarixi mərhələ ancaq və
ancaq müstəqilliyə doğru istiqamət
götürmüşdü. Bu mübarizə yollarında
başlıca məqsəd bir idi: müstəqilliyə
qovuşmaq! Doğrudan da, Azərbaycan
xalqının müstəqillik uğrunda apardığı
mübarizə son nəticədə qələbə ilə
başa çatdı. 1991–ci il
oktyabrın 18–də Azərbaycanın Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı qəbul olundu. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi:
“Konstitusiya aktının qəbul edilməsi ilə XX əsr
Azərbaycan tarixinin dördüncü mərhələsi
başlandı. Biz o vaxtdan azad, müstəqil
dövlətik. Xalqımız öz
taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir”.
20 Yanvar faciəsinin törədilməsinin çox dərin
ictimai–siyasi səbəbləri və kökləri vardır. Zənnimizcə,
bu səbəblər və köklər erməni millətçilərinin
həyasız torpaq iddiaları və
işğalçılıq siyasətinin məntiqi nəticəsi,
erməni–rus təbliğatının antiazərbaycan və
antimüsəlman mövqeyinin bariz nümunəsidir.
Respublika tarixşünaslığında və Azərbaycanda
milli azadlıq hərəkatı tarixində, habelə
müstəqillik uğrunda genişlənən mübarizə
tarixində bu problem geniş
işıqlandırılmış, maraqlı və diqqəti
cəlb edən fikirlər söylənilmişdir. Bu istiqamətdə
Prezidentin Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım
gerçəklikləri” adlı kitabını xüsusi qeyd
etmək lazımdır. Müəllif yazır: “Azərbaycana
qarşı qərəzli, ədalətsiz münasibətin əsasını
uzaq hədəfli coğrafi–siyasi planlar təşkil edir ki, bu
planları da SSRİ rəhbərliyi “beynəlmiləl
qardaşlıq” yaradılması kimi ideoloji pərdə
altında uzun illər həyata keçirmişdir. Əgər
Alma–Ata (1986), Tbilisi (1989), Vilnüs (1991) hadisələrinə
müraciət etsək, onda hökmən belə bir sual
yaranır: nə üçün həmin aksiyalar bu qədər
qanlı və geniş miqyaslı olmamışdır? Nə üçün Tbilisi və Vilnüs hadisələri
ilə əlaqədar Qorbaçov peşman olduğunu bildirdi,
gürcü və Litva xalqlarından üzr istədi, Azərbaycanda
baş vermiş qanlı hadisələrlə əlaqədar
isə bunu etmədi? Beləliklə, Azərbaycanda
genişlənməkdə olan azadlıq və demokratik hərəkatı,
müstəqillik uğrunda aparılan güclü hərəkata
mane olmaq, xüsusilə, azərbaycanlılara dərs vermək
üçün cəzalandırmaq istəyini həyata
keçirən Qorbaçov belə bir hərəkəti etdi,
Bakıya ordu yeridilməsinə, günahsız insanların
kütləvi şəkildə öldürülməsinə
göstəriş verdi”.
20 Yanvar faciəsi güclü ibrət dərsi oldu. Faciəyə
hüquqi–siyasi qiymətin verilməsi, ondan obyektiv nəticə
çıxarmaq üçün ümummilli liderimiz, prezident
Heydər Əliyevin tapşırıq və göstərişlərindən
sonra mümkün oldu. 20 Yanvar faciəsinin törədilməsi
ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin
29 yanvar 1994–cü il tarixli qərarının
böyük əhəmiyyəti oldu. Qərarda
20 Yanvar hadisələrinə siyasi–hüquqi qiymət verildi,
günahkarlar aydınlaşdırıldı, elmi idarələr
və tədqiqatçı alimlər qarşısında faciənin
tədqiq edilməsi və işıqlandırılması vəzifələri
müəyyənləşdirildi.
2000–ci il yanvarın 17–də “20 Yanvar şəhidi” fəxri
adı təsis edildi, 20 Yanvar şəhidlərinə
Bakının ən yüksək yerində tarixi abidə
qoyuldu.
Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasının rəhbərliyinə
qayıdışı, milli dövlətçilik tariximizin
sözün əsl mənasında dirçəliş
dövrü oldu. Heydər Əliyevin Azərbaycana
qayıdışı xalqımızı vətəndaş
müharibəsi təhlükələrindən xilas etdi, dərin
sosial bəlalardan qurtardı, tezliklə müharibə cəbhəsində
atəşkəsin əldə edilməsinə, respublika
daxilində sakitliyin və sabitliyin bərpa edilməsinə,
müstəqil Azərbaycanın beynəlxalq əlaqələrinin
genişlənməsinə nail olundu. Azərbaycan
torpağının hər bir guşəsinə müqəddəs
yer kimi baxan, onun bütövlüyü və müstəqilliyinin
qorunması uğrunda yorulmadan mübarizə aparan Heydər Əliyev
çıxışlarında dəfələrlə
demişdir ki, Azərbaycanın müstəqilliyi əbədidir
və Azərbaycan Respublikası müstəqil dövlət
kimi daim yaşayacaqdır.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda
canlarını qurban edən şəhidlərimizin və cəsur
Vətən övladlarının qəhrəmanlıq
mübarizəsini çox böyük hörmət və
ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin
qanı bahasına qazanılan müstəqilliyimizi
qanımızla və canımızla qorumalı, ümummilli
liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, ədəbi və
dönməz etməliyik. Respublika Prezidenti
cənab İlham Əliyevin dediyi kimi, xalqımız məkrli
erməni təbliğatına qarşı müntəzəm
surətdə qabaqlayıcı hücum tədbirlərinin təşkilində
təsirli addımlar atmalı, aparıcı ölkələrdə
güclü Azərbaycan lobbisinin
formalaşdırılmasında həlledici işlər
görməlidir. Bu istiqamətdə bu
gün biz öz təbliğat işimizi daha da səmərəli
qururuq, çünki bizim təbliğatımız
reallığa, faktlara və tarixi həqiqətlərə əsaslanır.
Cənab Prezidentimizin dediyi kimi, artıq dünya
tarixi həqiqətləri anlayır və Azərbaycanın
haqq səsini müdafiə edir və beləliklə, Azərbaycanın
həqiqətləri dünya birliyi ölkələri tərəfindən
müdafiə edilir.
İyirmi yanvar hadisəsi xalqımızın
yaddaşına qanlı faciə kimi daxil olsa da,
bütövlükdə milli tariximizin ən şanlı və
qəhrəmanlıq səhifələrindən birini təşkil
edir.
Bu gün Azərbaycanın haqq səsi və Azərbaycan
həqiqətləri bütün dünyada eşidilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi
kimi, artıq dünya etiraf edib ki, bizim torpaqlarımız
işğalçı Ermənistan tərəfindən zəbt
edilib, azərbaycanlılar etnik təmizləməyə məruz
qalmışlar İşğal olunmuş torpaqlarda Ermənistan
vandalizm siyasəti aparmış, bizim tarixi abidələrimizi
yerlə yeksan etmişlər. Belə bir zamanda Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq üçün biz hələ
çox iş görməli, fəal və
qabaqlayıcı təbliğat tədbirləri
aparmalıyıq. Belə bir tarixi həqiqəti
artıq hamı bilməlidir ki, bu gün Azərbaycan sürətlə
inkişaf edən dövlətə çevrilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin Nazirlər
Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunları
və 2013–cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı nitqində dediyi kimi bu
gün Azərbaycan daxili və xarici siyasətdə
böyük uğurlara nail olmuşdur. Artıq bizim
40 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır.
Son 9 il ərzində bir milyon 100 mindən
artıq yeni iş yeri açılmışdır. Ölkəmiz dinamik və uğurla inkişaf edir.
Azərbaycan dövlətinin modernləşdirilməsi
üçün konkret addımlar atılır. Bu gün bizi ən çox narahat edən məsələ
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll olunmamasıdır.
Prezident İlham Əliyev bu yaxınlarda dünya azərbaycanlılarına
müraciətində demişdir ki, ölkəmizin
suverenliyinin möhkəmləndirilməsi, sosial–iqtisadi
inkişafın davam etdirilməsi, Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
və digər mühüm vəzifələrin öhdəsindən
uğurla gəlmək üçün əl–ələ verməli,
səylərimizi birləşdirməliyik. Bununla
da Dövlət müstəqilliyinin möhkəmləndirilməsinə,
tərəqqisinə və inkişafına kömək
etmiş oluruq, Azərbaycanın haqlı mövqeyini və
tarixi həqiqətləri dünyaya çatdırmış
oluruq.
Nuru MƏMMƏDOV,
professor,
Mübariz ƏLİYEV,
Gəncə Dövlət
Universitetinin baş müəllimi,
respublikanın Əməkdar müəllimi.
Respublika.- 2013.-20 yanvar.- S. 3.