BEYNƏLXALQ DƏRƏCƏLİ
HAKİM
Niftalı Quliyev. Bu ad
çoxlarına tanışdır. Cəmi 64 il
ömür sürmüş
Niftalı Quliyev idman
sahəsində uğurlara imza
atmış və ölkəmizin üçrəngli
bayrağını dəfələrlə yüksəklərə
qaldırmışdır.
Niftalı
Tanrıverdi oğlu Quliyev 1948–ci ildə Zəngəzur
mahalının Qafan bölgəsinin Çanaqçı kəndində
ziyalı ailəsində anadan olmuşdur. Son dərəcə
cəld və çevik olan balaca Niftalı, Xustub
dağlarının sıldırım qayalarına quş tək
qalxar, Qənimət meşəsini, çəmənli
düzləri qarış–qarış gəzər və
yorulmaq bilməzdi. Çanaqçı orta məktəbində
oxuduğu illərdə şagirdlər arasında cəsurluğu
və qorxmazlığı ilə hörmət qazanmış
və güclü biləkləri ilə haqsızlığa
qarşı barışmaz olmuşdu. Onun yanında
tay–tuşları artıq əskikliyə yol verməzdi.
Çünki Niftalı həm zəiflərin köməyində
durar, həm də haqsız işlər görənlərə
qarşı tutarlı cavab verən bir gənc kimi müəllimlərin
də diqqətini cəlb edirdi.
Sumqayıt
şəhər 13 saylı orta məktəbdə təhsilini
davam etdirən Niftalı Quliyev eyni zamanda idmanın
ağır növü ilə də məşğul
olmağa başladı. Məşq zalında güclü əzələlərinə
güvənən gənc Niftalının idmana qarşı
marağı daha da artmışdır.
O, məşqçisi
milliyyətcə alman olan Boris Moordan sənətin sirlərini
öyrənməyə başladı.
1971–1975–ci
illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
institutunda təhsil almış və dəfələrlə
Azərbaycan, Ümumittifaq yarışlarının qalibi və
mükafatçısı olmuşdur. Niftalı müəllim
1975–ci ildə “SSRİ İdman ustası” adına layiq
görülmüşdür.
O,
1984–1997–ci illərdə Sumqayıt şəhəri “Ehtiyat Əmək
Qüvvələri Cəmiyyətinin”sədri, 1997–2000–ci illərdə
Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin direktor
müavini, direktor əvəzi, 2000–ci ildən Təhsil
Nazirliyi Respublika Bədən Tərbiyə Mərkəzində
direktor vəzifələrində işləmişdir.
Niftalı Quliyev 1987–ci ildən Azərbaycan Boks Federasiyasının
vitse–prezidenti seçilmişdir.
Dövlətimiz
tərəfindən əməyi yüksək qiymətləndirilmiş
və 1998–ci ildə Azərbaycan Respublikasının “Fəxri
Bədən Tərbiyəsi və İdman işçisi”
adına layiq görülmüşdür. Niftalı Quliyev
1993–cü ildə Boks üzrə Beynəlxalq dərəcəli
(EABA) hakim, 1996–cı ildə Boks üzrə Beynəlxalq dərəcəli
(AİBA) hakim, 2000–2007–ci illərdə dünyanın boks
üzrə ilin ən yaxşı hakimi, 2004–cü ildə
Afina Olimpiya Oyunlarının ən yaxşı hakimlərindən
biri və 2005–ci ildə isə Pekində keçirilən
dünya birinciliyində “Dünyanın bir nömrəli
hakimi” olmuş və yarışları inamla idarə etdiyi
üçün böyük şöhrət
qazanmışdır.
Dünya
Olimpiya və Avropa birincilikləri yarışlarını
yüksək səviyyədə idarə etmiş və ədalətli
qərarı ilə başqalarından fərqlənmişdir.
Niftalı
müəllim elmi yaradıcılıqla da məşğul
olmuş və pedaqoji elmlər namizədi alimlik dərəcəsini
almışdır. O, 2005–ci ildən Azərbaycan Boks
Federasiyasında Hakimlər Kollegiyasının sədri
seçilmişdir. 2006–cı ildə Əməkdar Bədən
Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq
görülmüşdür. XXVIII Yay Olimpiya oyunlarında
iştirak etmiş boks üzrə Azərbaycan nümayəndə
heyəti tərkibində ölkə Prezidenti cənab
İlham Əliyevlə görüşmüş və xatirə
şəkilləri bir yadigar kimi hələ də qəlblərdə
qalır və yaşayır.
Tanınmış
ictimai siyasi–xadim Zülfüqar Kazımovla orta məktəbdə
bir oxumuş Niftalı müəllim dostluğa sədaqətli,
əsl Azərbaycan övladı idi. Zülfüqar müəllim
Niftalı Quliyevdən hər dəfə söhbət
düşərkən kövrəlir və gənclik illərini
yada salır:
—Biz
Niftalı ilə orta məktəbdə bir oxumuşuq. Eyni vaxtda
idmanla məşğul olmuşuq. Mən rayondan Bakıya, o isə
Sumqayıta getmişdir. Sonradan mən digər sahələrdə
çalışsam da, Niftalının uğurlarına
sevinmişəm. Mən Bakıda işləsəm də
tez–tez onunla görüşər və dostumun
uğurlarından fərəh duyardım. Nərimanov rayonunda
rəhbər vəzifələrdə işləyən zaman
Niftalı bizim bir çox tədbirlərimizdə fəal
iştirak edərdi.
Boks
üzrə dünya çempionatlarında, yarışlarda Azərbaycanı
şərəflə təmsil etmiş və Azərbaycanın
Boks üzrə dünyada tanınmasında böyük xidmətləri
olmuşdur.
Ölkə
Prezidenti fərqlənən idmançılarla yanaşı,
Niftalı Quliyevə də mükafatlar vermişdir. O,
Prezidentin sərəncamı ilə mənzil və qiymətli
mükafatlara layiq görülmüşdür. Niftalı
Quliyev indiyə kimi Polşa, Danimarka, Slovakiya, Macarıstan,
Xorvatiya, Rumıniya, İtaliya, Borqarıstan, Yunanıstan,
Türkiyə, İran və digər ölkələrdə
Beynəlxalq boks yarışlarında beynəlxalq dərəcəli
hakim kimi yüksək dərəcədə
yarışları idarə etmişdir.
15
dekabr 2012–ci ildə Niftalı Quliyev qəflətən
dünyasını dəyişdi. Bu xəbər
idmançılarımızı, dostlarını, geniş
ictimaiyyəti sonsuz dərəcədə kədərləndirdi.
Niftalı
müəllim gözəl övladlar böyüdüb
boya–başa çatdırmışdır. Kiçik oğlu
Elxan atasının yolunu davam etdirir. Elxan da atası kimi
boksçudur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasını bitirmiş və bir sıra
yarışların qalibidir.
Niftalı
Quliyevin əziz xatirəsi dostlarının qəlbində əbədi
yaşayacaqdır. Allahdan eloğlumuz Niftalı müəllimə
qəni–qəni rəhmət diləyirik.
Yavər Nuriyev
Respublika.- 2013.- 23 yanvar.- S. 6.