Quruculuqinkişaf yolunda

 

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının yaranmasının 20–ci ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqdan əvvəl rayon təşkilatının üzvləri lider partiyanın yaradıcısı və təşkilatçısı ulu öndər Heydər Əliyevin heykəli önünə gül–çiçək dəstələri qoymuş, onun ruhu qarşısında baş əymişlər.

 

Tədbir rayonun Slavyanka kəndindəki mədəniyyət evində davam etdirilmişdir. Yığıncaqda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov qeyd etmişdir ki, ulu öndərin yaratdığı partiya hər zaman yeniliyin, quruculuğun, sosial–iqtisadi, mədəni inkişafın yol göstərəni olmuşdur. Buna görə də onun sıraları günü–gündən artır. Bunu rayonmuzun timsalında da görmək mümkündür. Əgər 1993–cü ildə rayon təşkilatının təsis konfrasında partiyanı 500 nəfər təmsil edirdisə, bu gün onun sıralarında 5507 nəfər var.

Sonra YAP Gədəbəy rayon təşkilatının sədr əvəzi Namiq Rüstəmov məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, ötən 20 il ərzində partiyamız çox mühüm və əhəmiyyətli bir yol keçmişdir. Əslində, bu illər müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması və hazırda həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP–ın lideri, Müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrə nəzər salsaq YAP–ın yaranmasının Azərbaycanın ictimai–siyasi mühitində nə qədər böyük təsir göstərdiyini əyani olaraq bir daha görə bilərik.

YAP yarandığı vaxtdan ölkəmizdə keçirilən və xalqımızın taleyində mühüm rol oynayan bir sıra seçkilərdə iştirak etmişdir. Partiyamız seçkilərdə iştirak etməklə bir tərəfdən siyasi təcrübə toplamış, seçki kampaniyaları gedişində təşkilatlanma, ideya–siyasi və təbliğati işdə yeni metodların təbliği, digər tərəfdən isə həmin seçkilərdə əldə etdiyi qələbələr vasitəsi ilə özünü, gücünü, potensialını əyani şəkildə nümayiş etdirmişdir. Azərbaycanda seçki yolu ilə, qanuni yolla qalib gələrək legitim hakimiyyət yaratmağın ənənəsini YAP qoymuşdur.

Bu gün müharibə şəraitində yaşayan, torpaqlarının 20% –i işğal altında olan respublikamız üçün daha vacib sahə sayılan ordu quruculuğu istiqamətində həyata keçirilən ardıcıl və qətiyyətli tədbirlər, xalqın güzəranının yüksəldilməsi, əmək haqqı, pensiya və müavinətlərin artırılması, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdir. Yeni sənaye, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin istifadəyə verilməsi, bir sözlə, bütün iqtisadi və sosial sahələrdə əldə edilən uğurlar məhz həmin illərdə təməli qoyulmuş uzaqgörən və məqsədyönlü siyasətin davam etdirilməsinin məntiqi nəticəsidir.

Getdikcə Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu baxımından daha da güclənəcək və biz istədiyimizə nail olacağıq. Biz hec vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz ərazilərimizi işğalçılardan təmizləyəcəyik. Biz inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız yaxın zamanda işğaldan azad olacaq, qaçqın və köçkünlərimiz öz ata–baba yurdlarına qayıdacaqlar.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial–iqtisadi inkişaf kursu Gədəbəy rayonunda da sürətli və dinamik inkişaf dövrü kimi yadda qalmışdır.

Belə ki, rayonumuzda tikinti–quruculuq işləri davam etdirilmiş, rayonun sosial–iqtisadi sahələrində yeni–yeni nailiyyətlər əldə olunmuşdur.

Respublikamızın bütün bölgələrində olduğu kimi Dövlət Proqramı Gədəbəy rayonunda da uğurla icra olunmaqdadır. Bu proqramda rayonumuzun sosial–iqtisadi inkişafını əhatə edən 16 maddənin icrası ilə bağlı lazımi tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilir.

Cənab prezidentimizin 2006–cı ildə rayonumuza səfəri zamanı aidiyyəti dövlət orqanlarının rəhbərlərinə verdiyi tapşırığına əsasən rayonun və sərhəd kəndlərin qazlaşdırılması işinə başlanılmışdır. Gədəbəy–Novosaratovka, Novosaratovka–Şınıx magistral qaz kəməri çəkilib başa çatdırılmışdır. Artıq sərhəd kəndlərindən Göyəlli, Hüseynqulular, Gərməşöylü, Şınıx və Rəhimli kəndlərinə kənddaxili daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılmış və işlər davam etdirilir. Hazırda rayonun Söyüdlü, Moruxlu, Çanaqçı, Nərimankənd, Qoşabulaq, Samanlıq, Pərizamanlı və Totuqlu kəndlərinə qaz şəkilişi davam etdirilir.

Yaxın vaxtlarda bütün sərhəd bölgəsində olan kəndlərimiz təbii qazla təmin olunacaqdır. Dövlət Proqramı çərçivəsində rayonda yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisi üçün xeyli işlər görülmüşdür. 57 km Gədəbəy–Novosaratovka–Qaravəllər avtomobil yolunun asfaltlaşdırılması istiqamətində işlər davam etdirilir.

Rayon ərazisində yerləşən körpülərin əsaslı təmirinə və yeni körpülərin tikintisinə başlanılmışdır. Hazırda Novosaratovka kəndində Fındıqlı çayı üzərində aşırımı 84 pm olan körpünün tikintisi başa çatdırılmış, Mis çayı üzərində sel suları nəticəsində yuyulmuş körpünün istinad divarları bərpa edilmişdir. Kənd İnvestisiyası Layihəsi çərçivəsində 150 km–dən çox kəndarası yollar təmir edilmişdir.

Möhtərəm prezidentimizin 26 may 2009–cu ildə rayonumuza ikinci səfəri gədəbəylilərin yaddaşında silinməz izlər buraxmışdır. Ölkəmiz üçün, o cümlədən Gədəbəy rayonu üçün xüsusi əhəmiyyət kəsb edən qızıl emalı zavodunun açılışında və Gədəbəy şəhərində Heydər Əliyev parkında “Aşıq musiqi məktəbi”nin təməlqoyma mərasimində iştirak etmişdir. Hazırda “Aşıq musiqi məktəbi”ndə tikinti işləri başa çatmaq üzrədir.

Son illərdə rayonumuzda Dövlət Proqramına uyğun olaraq, tikinti–quruculuq işləri geniş vüsət almış, şəhid ailələri və qarabağ əlilləri üçün binalar tikilmiş, küçə və səkilərdə abadlıq işləri aparılmışdır. Hazırda rayonun Zəhmətkənd kəndində “Gədəbəy mineral suları istehsalı” MMC–nin binası tikilib istifadəyə verilmişdir.

10 min tonluq kartof emalı müəssisəsinin tikintisi başa çatdırılmış, Slavyanka, Novosaratovka kəndlərində yeni məktəb binaları inşa edilmişdir. Qoşabulaq kəndində isə yeni məktəb binası yaxın günlərdə istifadəyə veriləcək. Bununla yanaşı, Gədəbəy şəhərində “Xatirə Abidə” kompleksi əsaslı təmir edilmiş, “Şəhidlər xiyabanı” abadlaşdırılmış, Zərifə Əliyeva küçəsi, Heydər Əliyev prospekti genişləndirlimiş, istinad divarları və səkilər əsaslı təmir edilmiş, 20 Yanvar küçəsi, Mir Cəlal Paşayev küçəsi, Dilarə Əliyeva, Qoşqar Əhmədov, X. Haqverdiyev, S. Vurğun və Şəhriyar küçələrinə asfalt örtüyü salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır. Rayon məhkəməsinin və rayon statistika idarəsinin yeni inzibati binalarının tikintisi başa çatdırılmışdır.

Bu gün gədəbəylilər ölkə başçısı İlham Əliyevin siyasi sabitliyin, əmin–amanlığın qarantı hesab edir, ona güvənirlər. Biz həyatımızda baş verən böyük dəyişiklikləri və dövlətimizin sabahını görür, bu siyasi kursun alternativsizliyini dərk edərək onu müdafiə edirik.

Məruzə ətrafında müzakirələrdə partiya üzvlərindən Natiq Hüseynov, Nəzakət Məmmədova, Mirvari Alıyeva, Saməddin Bağırov və başqaları iştirak etmişlər. Yığıncaqda rayonun bir qrup fəal gəncinə təşkilatın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

Yığıncaq iştirakçıları möhtərəm Prezidentimiz İlham Əliyevə rayon təşkilatının üzvləri adından müraciət qəbul etmişlər.

 

 

Qəhrəman Qurbanov

 

Respublika.- 2013.- 23 yanvar.- S. 6.