Şah
İsmayıl–görkəmli sərkərdə və dövlət
xadimi
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevin “Respublika” qəzetində “Şah
İsmayıl ali məramlı tarixi şəxsiyyət kimi”
başlığı ilə son dərəcə elmi əhəmiyyət
kəsb edən məqaləsində tarix elmləri doktoru Fərid
Ələkbərlinin və Güntay Gəncalpın Şah İsmayıl haqqındakı
yanlış fikirlərinin tutarlı faktlarla haqlı təkzib
edilməsi Səfəvişünaslıqda ciddi elmi maraq
doğurmuşdur. Bu məqalənin işığında həm
Şah İsmayıl Xətainin şəxsiyyətinə, həm
də Səfəvilər dövlətinin yaranması tarixinə
bir daha nəzər salmaq istəyirik.
Hökmdarların siyasi fəaliyyətlərinə ekskurs göstərir ki, Səfəvilər ata–babalarının inamına sadiq qalaraq mübarizənin gedişində ondan bir ideoloji silah kimi istifadə etmişlər. Aşağıdakı şərhimiz buna əyani sübutdur.
Hələ Şərur döyüşünə qədər Əlvənd ağqoyunluların döyüş meydanından (1501–ci ilin yazı) qaçmamaları üçün dəvələr vasitəsilə zəncirvarı həlqə düzəldib qoşunun arxasını bağlamaq əmrini verdi. Lakin bu tədbir də onlara kömək etmədi, əksinə, özlərinə qarşı çevrildi. Qızılbaşların əlinə külli miqdarda qənimət keçdi. Elə həmin il İsmayıl Şirvan, Qarabağ, Naxçıvan, Cənubi Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Səfəvi dövlətinin əsası qoyuldu. İsmayıl təntənəli surətdə Təbrizə daxil olub, şəhəri paytaxt, özünü şah elan etdi.
İran tarixinə dair bir sıra əsərlərdə belə bir fikir irəli sürülür ki, guya İsmayıl Təbrizə yiyələndikdən sonra Sasani İranının “Şahənşah”ı titulunu qəbul etmişdir. Təəssüf ki, bu fikri heç bir mənbə təsdiq etmir, əksinə, rəsmi Səfəvi tarixşünaslarından Həsən bəy Rumlu, İskəndər Münşi Qızılbaş dövləti ilə əlaqədar olan hadisələri təsvir edərkən həmişə Qızılbaş əyanlarının Azərbaycan taxtı–tacı və hakimiyyəti uğrunda mübarizə apardıqlarını qeyd edirlər, heç bir yerdə İran taxtı uğrunda mübarizə göstərilmir. Təbrizə daxil olduqdan sonra İsmayılın özünü “Azərbaycan şahı” elan etməsi fikri son tədqiqatlar əsasında daha da reallaşmış və dəqiqləşmişdir.
Görkəmli siyasi, elm və mədəniyyət xadimi İsmayıl yaranmış vəziyyətlə əlaqədar olaraq təkcə Azərbaycanı birləşdirməklə kifayətlənə bilməzdi.
Ağqoyunlu dövlətinin məğlubiyyətindən sonra bir çox feodal dövlətləri siyasi həyatda müstəqillik və hakimiyyət iddiası ilə çıxış edirlər. İsmayıl üçün onlardan daha çox təhlükəlisi Ağqoyunlu Murad idi. O, qardaşı Əlvəndin məğlubiyyətini eşidən kimi Həmadanda Ağqoyunlu qoşununun qalıqlarını toplayıb və Qızılbaşlara qüdrətli zərbə endirməyə hazırlaşdı.
Qızılbaşların İran, İraq, Gürcüstan və Kiçik Asiyada çoxlu fanat tərəfdarları vardı. Yerli şiələr çıxış edərək xalqı qızılbaşlara köməyə çağırırdılar. İsmayıl və qızılbaş rəhbərləri gənc dövlətin qüdrətini artırmaq üçün bundan istifadə etməyə bilməzdilər.
1503–cü ilin yayında İsmayıl “Qızıl üzən” çayını keçib Həmədan yaxınlığında “Alma Qulağı” adlı yerə çatdı. 1503–cü il iyunun 20–də burada qızılbaşlarla Ağqoyunlu Sultan Murad arasında döyüş baş verdi. Həsən bəy Rumlunun məlumatına görə, “qızılbaş” qoşunu 12 min nəfərdən artıq deyildi. Muradın isə “saysız süvarisi” vardı. Muradın vassalı, Qumun hakimi İslamış bəy bir neçə həmlə ilə İsmayılın qabaqcıl dəstəsini əzib Mərkəzə çatdı. Bu döyüşdə İsmayılın və digər Qızılbaş hərbi xadimlərin sərkərdəlik məharəti bir daha nümayiş etdirildi. Murad Şiraza qaçdı. İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi və müqavimətsiz Şirazı ələ keçirdi. Bununla da Ağqoyunlu dövlətinin varlığına son qoyuldu. 1503–cü ildə İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, bir il sonra qızılbaşlar Gülüxəndan, Firüzkux və Ust qalalarına, 1505–ci ildə isə Yəzdə və Girmana yiyələndi.
1506–1508–ci illərdə qızılbaşlar Kürdüstan, Kiçik Asiya, İraq Diyarbəkir, Xilat, Bidlis, Ərciş və Ərəb İraqını işğal etdilər. 1508–ci ildə Bağdad hakimi Parik bəy Pornak Muradla birilkdə Suriyaya qaçdı. Şiələr üçün son dərəcə əziz olan müqəddəs Nəcəf və Kərbəla məqbərələri onların əlində idi. 1508–ci ildə Xorasan istisna olmaqla bütün İran, indiki Ermənistan və Ərəb İraqı İsmayıl tərəfindən işğal edildi. Cüneyd və Heydərin çıxışlarından fərqli olaraq İsmayılın çıxışlarında köçəri tayfalardan başqa, sənətkarlar, tacirlər və xırda oturaq kəndlilər də fəal iştirak edirdilər. Beləliklə, Azərbaycan Səfəvi dövlətinin yaranması prosesi bütün XV əsrin II yarısında hazırlanmışdı, bu sadəcə sülalənin biri digəri ilə əvəz etməsi deyildi.
Səfəvilər hakimiyyəti ələ aldıqdan sonra dini pərdə altında mübarizəyə başlayan üsyançılara divan tutmağa başladılar. 1506–cı ildə şah İsmayıl “islamın düşməni” olan yezdi kürdlərinin üsyanını yatırmaq üçün Bayram bəy Qaramalını və Əbdi bəy Şamlını Urmiyaya göndərdi. Kürdlər Urmiya gölü ərazisində çətin keçilən dağlarda yerləşmişdilər. Qanlı döyüş nəticəsində onların başçısı Şirsərim tutulub edam edildi.
1508–ci ildə həmin Bayram bəy Qaramanlı əmir əl–ümarə Nədim Gilani ilə birlikdə Luristanda kənar (qali) “Müşaşa” təriqətinə mənsub olan şiələrin üsyanını yatırmaq üçün ora göndərildilər. Nəticə etibarilə onlar üsyançıları başdan–başa qırır, Hüveyz və Luristanın dayaq məntəqəsini ələ keçirirlər. O da maraqlıdır ki, 1511–ci ildə Kiçik Asiyada Türkiyə sultanı tərəfindən qızılbaşların üsyanı yatırıldıqdan sonra üsyançıların qalıqları sığınacaq üçün İsmayılın sarayına gəlirlər. Qızılbaş hökmdarı isə üsyan başçılarını edam etdirir.
Məlumdur ki, Səfəvilər böyük dövlət yaratmaq üçün şiəlik təriqətindən ideoloji silah kimi istifadə edirdilər. Geniş ictimai əsası olan qızılbaş hərəkatı həm Ağqoyunlu köçərilərinə, həm də Şərqdə ekspansiyaya hazırlaşan Sultan Türkiyəsinə qarşı çevrilmişdi. Xarici siyasi amillər Qızılbaş dövlətinin təşəkkülünü sürətləndirirdi. Göründüyü kimi, bu, oturaq əhalinin həyatı tələbindən irəli gəlirdi. Feodal pərakəndəliyinin hökm sürdüyü yerdə mərkəzləşdirilmiş Qızılbaş dövlətinin yaranması XVI əsrdə onun tərkibinə daxil olan ölkələrin iqtisadi inkişafı üçün şərait yaradırdı.
Azərbaycanda möhkəmlənmiş Səfəvilər İranın xeyli hissəsini öz hakimiyyətinə tabe etdikdən sonra Bağdad şəhərinə daxil olub (1507–1508) ərəb İraqı, Diyarbəkir və Kiçik Asiyanın bir sıra başqa vilayətlərini də fəth etdilər. Səfəvilər dövləti Şərqdə Şeybani xanın Özbək dövləti və qərbdə Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu.
Qızılbaş və Şeybani dövlətləri çoxdandır ki, düşmən münasibətdə idilər. Bu birinci növbədə ondan irəli gəlirdi ki, hər iki dövlətin əsas siyasi qüvvəsini təşkil edən hərbi–köçəri əyanlar işğalçılığa can atırdılar. Qızılbaş və özbək əyanları feodal istismarı məqsədilə əhalinin əlində olan münbit və məhsuldar torpaqlar, hərbi qənimətlər əldə etmək uğrunda mübarizə aparırdılar. Lakin əsas mübarizə böyük iqtisadi və strateji əhəmiyyətə malik olan Xorasan uğrunda gedirdi. Bu vilayətdən mühüm ticarət yolları keçirdi. Bu illərdə Səfəvilərin Kiçik Asiyada hərbi əməliyyat aparmalarından istifadə edən Özbək hakimi Məhəmməd Şeybani Xorasanı tutmuş və İsmayıla göndərdiyi məktublarda tabe olmasını, hakimiyyətdən əl çəkməsini tələb etmişdi; Şeybani xan hədə ilə bildirmişdi ki, əks halda, “mən İran və Azərbaycan sərhədlərinə qoşun çəkərəm, bu ölkələri işğal edəndən sonra isə Ərəb İraqına və Hicaza gedərəm”. Daha sonra Şeybani xan İsmayıla taxtdan əl çəkməsini məsləhət görmüş, dərvişin və dərviş nəsli nümayəndəsinin işi dövləti idarə etmək yox, ibadətlə məşğul olmaqdır demişdi. İsmayıl cavab məktubunda istehza ilə yaxın gələcəkdə qoşunla, dərviş sifətilə doqquzuncu şiə imamı Əli Rzanın məqbərəsini ziyarətə getməyi nəzərdə tutduğunu (Məşhəddə özbəklərin zəbt etdiyi yer) bildirmişdi.
Bundan az sonra, İsmayıl böyük qoşunla Xorasana doğru hərəkət edir. Qızılbaş qoşununun yürüşündən xəbər tutan Şeybani xan əsas qüvvə ilə birləşmək üçün Heratdan Mərvə çəkilir. Özbək sərkərdələri Ubeydulla xan və Teymur Sultan tərəfindən kömək gözləyərək Mərv qalasını möhkəmləndirir və uzunmüddətli müdafiəyə hazırlaşır.
Qızılbaşlar bir həftə qala üzərinə müvəffəqiyyətsiz həmlə edirlər. Həsən bəy Rumlu məlumat verir ki, Şah İsmayıl Şeybani xanı qaladan çıxarıb, döyüşü səhrada keçirmək üçün ağıllı taktiki hiylə işlədir. O, əsas qüvvə ilə Mərvdən uzaqlaşıb onun 15 kilometrliyində yerləşən Mahmudi kəndi yaxınlığındakı düşərgədə dayanır.
Sonra o, Şeybani xana məktub göndərib Qızılbaşların guya Azərbaycana qayıtmaq üçün “yol aradıqlarını” bildirir. Eyni zamanda İsmayıl sərkərdələrindən Mosullu Əmir xana 300 nəfər döyüşçü ilə Mahmudi çayı üzərində körpü üstə yerləşib özbəklər qaladan çıxan kimi onları təqib etmələri barədə əmri verir. İsmayılın fikrincə, Şeybani xan körpünü keçən kimi, çayın o biri səmtində yerləşən Qızılbaş qoşununun əsas qüvvəsi tərəfindən yaxalanmalı idi.
Belə də olur. Şeybani xan Qızılbaşların geri çəkildiklərini gördükdə, ona elə gəlir ki, onlar Azərbaycana qayıdırlar. Özbək sərkərdələri hiyləni başa düşüb Şeybani xanın Mərvdən çıxmamasını və arxadan kömək gözləməsini məsləhət görürlər. Həsən bəy Rumluya görə, Şeybani xan ona məxsus olan qürurla, fanatik sünni qısqanclığı ilə öz sərkərdələrinin təkliflərinə qulaq asmır, Mərvdən çıxıb qızılbaş dəstələrini təqib edərək çayı keçib İsmayılın əsas qüvvələri ilə üz–üzə dayanır. Beləliklə, 1510–cu il dekabrın 1–də döyüş başlayır. Şeybaninin 15 min nəfər qoşunu vardı. İsmayılın qoşununun sayı isə məlum deyildi, ehtimal ki, onun qoşununun miqdarı Şeybaninkindən çox idi. Döyüş Şeybani qoşununun tam məğlubiyyəti ilə başa çatır. Beləliklə, İsmayıl Herat, Mərv və Bəlx şəhərləri daxil olmaqla Xorasanı ələ keçirir.
1510–cu ildə Amu–Dəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiyyəti altına keçir. Səfəvilər dövlətinin qüdrəti xeyli artır.
Başqa feodal müharibələri kimi Səfəvilərin müharibələri də yeni torpaqlar ələ keçirmək və yoxsul əhalini istismar etmək uğrunda gedirdi. Bu müharibələrin bütün ağırlığı hər iki tərəfdən zəhmətkeş kütlələrin üzərinə düşürdü. Səfəvilər dövləti ictimai–iqtisadi cəhətdən daha çox inkişaf etmiş Azərbaycan torpaqlarında meydana çıxmışdı. Bu dövlətin iqtisadi istinadgahını zəngin Azərbaycan vilayətləri təşkil edirdi, Səfəvilərin hakim dairələri bunların hesabına dövlətin qüdrətini artırmaq üçün maddi vəsait toplayırdılar.
Səfəvilər dövlətinin meydana çıxdığı dövrdə onun əhalisinin etnik və mədəni birliyə malik əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. Azərbaycanın etnik ünsürü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı. Hərbi komandanlıq, maliyyə idarəçiliyi, vilayətlərin idarəsi, demək olar ki, bütün saray mənsəbləri Azərbaycan əyanlarının əlində idi. Səfəvilərin ordusu əsas etibarilə azərbaycanlılardan toplanırdı. Şahın sarayında qanun, onun icraçısı və diplomatik yazışmada Azərbaycan dilindən istifadə olunurdu. Çaldıran döyüşündən sonra Şah İsmayılın Macarıstan kralına Azərbaycan dilində yazdığı iki məktub fikrimizin təsdiqi üçün gözəl misaldır.
Səfəvilər dövlətinin meydana çıxması və onun qüdrətinin artması Sultan Türkiyəsini də xeyli narahat etmişdi. Hələ 1502–ci ildə Türkiyə hökuməti Səfəvilərin iqtisadi vəziyyəti və qüvvələri haqqında məlumat toplayırdı. Osmanlı imperiyası Səfəvilərin düşməni olan Ağqoyunlu padşahlarına kömək edir, yeni dövlətin yaranmasına hər vasitə ilə mane olmağa çalışırdı. Lakin Türkiyə Sultanı II Bəyazid I Şah İsmayıla qarşı müharibəyə başlamağa cəsarət etməyərək 1504–cü ildə Səfəvilər dövlətini tanımalı olmuşdur. Bununla belə, Osmanlı feodalları Azərbaycanı və qonşu ölkələri işğal etmək niyyətindən əl çəkmirdilər. Səfəvilər də öz növbəsində Gürcüstan və indiki Ermənistanı ələ keçirmək fikrində idilər.
Görkəmli dövlət xadimi I İsmayıl Türkiyə ilə toqquşmanın labüd olduğunu hiss edir və ona qarşı mübarizə üçün özünə müttəfiqlər axtarırdı. Hələ 1505–ci ildə Səfəvilər Osmanlı imperiyasına qarşı birgə çıxış etmək üçün Venesiya ilə danışıqlar aparırdı. 1507–ci ildə Venesiyaya rəsmi elçi göndərilmişdi. Lakin Avropa dövlətlərindən kömək almaq cəhdləri baş tutmadı.
Ona görə də Şah İsmayıl təhlükəli qonşusu Şeybani xanın dövlətini zəiflətdikdən sonra Türkiyəyə qarşı olan münasibətini büsbütün dəyişdi. II Bəyazidə qarşı bir sıra düşməncəsinə tədbirlər gördü.
Türkiyədə daxili çəkişmə və Bəyazidin kiçik oğlu Səlimin qiyamı ilə əlaqədar olaraq bu tədbir Bəyazid tərəfindən cavabsız qaldı.
Taxt–tac üstə II Bəyazidin oğulları arasında gedən mübarizədən istifadə edən İsmayıl Türkiyənin Qızılbaşlarla sərhəd olan şiə tərəfdarları qiyamçılarını ruhlandırır və bu yolla Osmanlı ərazisinin bir hissəsini ələ keçirməyə çalışırdı. 1512–ci ildə Şahqulu üsyanı ilə əlaqədar olaraq Türkiyədə yaranmış qarışıqlıqdan istifadə edən qızılbaş əmirlərindən olan Rumlu Nurəli Xəlifə yerli Qızılbaşların köməyi ilə Kiçik Asiyaya daxil olub Osmanlı hakimini əzərək Qara hisar və Malatya şəhərlərinə yiyələndi. Sultan Səlimin bacısı oğlu Murad 10 min nəfərlə öz dayısına qarşı çıxaraq Tokat şəhərini ələ keçirmək üçün Nurəli xəlifəyə köməyə gəldi.
Eyni vaxtda görkəmli Qızılbaş sərkərdəsi Məhəmməd xan Ustaclı Diyarbəkrə yiyələndi.
Sultan I Səlim Türkiyə taxtına çıxan kimi (1512–1520) Türkiyənin Qızılbaşlara olan münasibəti ciddi surətdə dəyişdi. Sultan I Səlim Şərqdə mürtəce xarici siyasət yeritməyə başlayır. Qonşu Avropa və Asiya dövlət başçıları onu tanımaq üçün öz rəsmi səfirlərini Ədirnəyə göndərdilər. Bu qonaqlar içərisində Qızılbaş səfirinin olmaması I Səlimə çox pis təsir etdi və bunu düşmən münasibəti kimi qəbul etdi, Qızılbaşlarla müharibəyə girmək haqda olan fikrini daha da qətiləşdirdi. Qızılbaşlara qarşı hərbi əməliyyata başlamazdan əvvəl bir neçə tədbir gördü: birinci növbədə o Avropa ölkələri ilə — Böyük Moskva knyazlığı, Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə münasibətlərə girib, onlarla sülh müqaviləsi imzaladı. Beləliklə, qərbdə hərbi əməliyyat müvəqqəti olaraq dayandırıldı. Sonra o, müharibə olarsa, kömək üçün Mavərənnəhrin özbək padşahı Ubeydulla xanın razılığını aldı.
I Səlim ölkə daxilində Səfəvi dərviş təriqətinin tərəfdarları olan Kiçik Asiya şiələrinin kütləvi qırğınını təşkil etdi. Bu məqsədlə hər vilayətdə 7 yaşından 70 yaşa qədər bütün şiə kişi cinsini siyahıya aldırıb onun əsasında kütləvi qırğının keçirilməsi vilayət hakimlərinə həvalə edildi. Tarixçi Əbdül Fəzl Əlinin verdiyi məlumata görə, bu tədbirin birinin həyata keçirilməsi vaxtı 40 min nəfər şiə qılıncından keçirilmiş, ölənlərin ailəsi və bütün şübhəli adamlar Türkiyənin Avropa hissəsinə köçürülmüşdü. I Səlim bu tədbirlə arxada Qızılbaş qiyamçılarına qarşı vuruşan üsyançı dəstəsi düzəldir. Çünki bu qiyamın baş verməsi real idi.
I Səlim işğalçılıq niyyətini pərdələmək üçün 1514–cü ilin yazında Ədirnədə fövqəladə divan çağırır. Divanda sünni üləmalar Qızılbaşlarla müharibəyə başlamağı bütün müsəlmanların müqəddəs vəzifəsi elan edirlər. I Səlimin vəzirləri və yaxın məsləhətçiləri İsmayıl ilə müharibənin son dərəcə təhlükəli olmasını, böyük itki və qurbanlar bahasına qurtaracağını bildirirlər. İndiyə qədər kimsə tərəfindən məğlub edilməyən Qızılbaşlar üzərində qələbəyə inanmırlar. Lakin Sultan Səlim öz fikrini təkid edir. Səlim hələ atası Bəyazidin vaxtında Trabzonda canişin olarkən Səfəvilərin sərhəd vilayətlərinə basqın etdiyini xatırladır.
Sultan I Səlimin əmri ilə Osmanlı imperiyasının hər tərəfindən “Yeni şəhərə” qoşun toplanır. Rum elinin bəylərbəyi Həsən paşa Türkiyənin Avropa hissəsindən yanıçar ordu hissəsi ilə burada lövbər salır. Ümumən, I Səlim Şah İsmayıla qarşı Osmanlıların bütün hərbi qüvvələrini yönəldir. Səlim yanıçarların döyüş ruhunu qaldırmaq üçün hər döyüşə gedən bir yanıçara min akça paylayır, halbuki bu, Sultan tərəfindən müstəsna hallarda edilirdi. Bundan əlavə, onsuz da yanıçarlar orduda xidmətlərinə görə Sultandan donluq alırdılar.
I Səlim Koniya və Kayseriyə gəlib Albistan və Maraş hakimi Əl əd–dövlə ilə ittifaqa girməyə təşəbbüs edir. O, isə Misir sultanının vassal asılılığında olduğuna görə, ittifaqa girməkdən imtina edir. Hələ danışıqlar qurtarmamış Əl əd–dövlə öz adamlarına Osmanlı qoşununun silah anbarı və ehtiyat ərzağını gizli yolla ələ keçirmək haqda əmr verir. Lakin Səfəvilərin şəxsində qüvvətli düşmənin olmasını nəzərə alan Sultan I Səlim Əl–əd–dövləyə qarşı düşmən fəaliyyətini dayandırır. Çünki o, bu işə başlamaqla Məmlük Sultanı Qansu Qurinin da narazılığına səbəb olacağından ehtiyat edirdi.
Türkiyə Sultanı I Səlim Sivasda 140 min nəfərlik qoşuna baxış keçirir. Bunun 40 min nəfəri yerli şiələrin mümkün qiyamının, habelə Qızılbaşların keçmiş müttəfiqi olan Misir sultanının qəfil hücumunun qarşısını almaq üçün Kiçik Asiyada saxlanıldı. Döyüşən qoşunun ərzaq və hərbi ləvazimatla təmin edilməsi vəzifəsi Kiçik Asiyada qalan qoşunun üzərinə düşürdü. Türk ordusunun yerləşdiyi və fəaliyyət göstərdiyi yerə ərzaq və döyüş ləvazimatı karvanla Trabzon limanına Avropadan, Türkiyənin qərb rayonlarından gətirilməli idi. Lakin döyüş meydanı tərəfə və ya düşərgəyə gələn karvanlar həmişə Şah İsmayılla dostluq münasibətlərində olan gürcülərin və Osmanlı–türk tayfalarının basqınlarına məruz qalırdı.
Beləliklə, ciddi narazılıqdan sonra Osmanlı qoşunu Osmanlı–Qızılbaş sərhədi ilə axan Çaysu çayını keçib Ərzincana daxil oldu. Buna qədər İsmayılın göstərişi ilə Nurəli Xəlifə şəhəri tərk edib geriyə, Azərbaycanın hüdudlarına çəkildi. Şəhər əhalisi Səlimdən aman istədi, o, bu xahişi qəbul edərək qoşunu taxıl və ərzaqla təmin etməyi əhalidən tələb etdi.
Sultan Səlim yürüşə başlamazdan əvvəl Şah İsmayıla iki məktub göndərib onunla ciddi döyüşə girmək niyyətində olduğunu bildirdi. Şah İsmayıl bu məktublara cavab vermir. Qızılbaş sərkərdələri şahın əmri ilə heç bir müqavimət göstərmədən ölkənin içərilərinə doğru çəkilirlər. İsmayılın hərəkətləri Sultanın təəccübünə və qəzəbinə səbəb olur. O, Şah İsmayıla son dərəcə kəskin, qəzəblə yazılmış üçüncü məktubunu göndərir. Sultan Səlim məktubda İsmayılı sadəcə “sərkərdə” adlandırır və qorxaqlıqda ona istehza edir. Məktubla birlikdə ona ağac yonğusu, dərvişlərə məxsus uzun əsa, diş təmizləyən fırça, təsbeh, hind qozundan düzəldilmiş piyalə göndərir. I Səlim bununla demək istəyirdi ki, “əgər qorxaq” deyilsənsə, döyüşə gəl, qorxaqsansa, dədə–baban etdiyi kimi, dərvişliklə məşğul ol.
Şah İsmayıl bu məktuba təmkinlə cavab verərək öz növbəsində Sultan Səlimi Sultan kimi tanımadığını bildirdi. Qızılbaş səfiri Şahqulu Baynökər məktubla birlikdə Səlimə tiryəklə dolu “qızıl mücrü” də təqdim edir. Bununla İsmayıl Sultan I Səlimə xəbərdarlıq edirdi ki, əgər döyüşə təkid edirsə, onda babası I Bəyazidin aqibəti ona da nəsib olacaqdır, Qızılbaşlar üzərində qələbəni isə həqiqətdə yox, (tiryək çəkdikdən sonra) xəyalən əldə edər və Təbriz taxtında oturar.
Türkiyə Sultanı başa düşürdü ki, Şah İsmayılın belə geri çəkilməsinin arxasında dərin düşünülmüş strateji hiylə gizlənir. Qızılbaşlar tərəfindən Osmanlı qoşununun yolu üzərindəki körpülər, yollar dağıdılır, ərzaq ehtiyatı və yaşayış məntəqələri məhv edilir. İsmayıl döyüşü qışa qədər gecikdirmək, qışda Sultan qoşununun xeyli hissəsini aclıqdan və soyuqdan ölümə düçar etmək fikrində idi. Qəzəblənmiş Sultan Səlim diplomatik ənənəni pozaraq Qızılbaş səfiri Şahqulu Baynökəri edam etdirir və çığırır: “Mən cəhənnəmə qədər də olmuş olsa, onun (Şah İsmayılın – S.M.) arxasınca gedəcəyəm”.
Sultan Səlimin qoşunu içərisində ərzaq çatışmırdı. Hətta onun yaxın adamları — vəzirlər və məsləhətçiləri arasında da ona qarşı ciddi narazılıq vardı. Nəhayət, Sultanın uşaqlıq dostu və yoldaşı Qaraman bəylərbəyi Həmdəm paşa vəkil olub qoşunun fikrini Səlimə çatdırdı və onu yürüşdən çəkindirməyə çalışdı. Səlim dostu Həmdəm paşanı edam etdirib irəliyə doğru hərəkət etmək üçün qoşuna əmr verdi. Səlim Şah İsmayıla dördüncü məktubunu göndərib Tərcana doğru irəlilədi. O, buradan Mustafa paşanı Bayburd qalasını mühasirəyə almağa göndərib özü isə Təbrizə doğru getdi. Yolda döyüşə razılıq haqda Sultan I Səlim I İsmayıldan cavab alan kimi Azərbaycanın Maku şəhəri yaxınlığındakı Çaldıran düzünə hərəkət etdi. Şah İsmayıl müqavimət göstərmək üçün Həmədandan Osmanlılara qarşı gəldi. İsmayıl kömək üçün Qızılbaşların Diyarbəkr hökmdarı Məhəmməd xan Ustaclının yanına qasid göndərib özü cuzi bir qoşunla Sultan I Səlimlə keçirəcəyi döyüş çölünə (23 avqust 1514) getdi.
Mənbələr rəqiblərin qoşunlarının sayı haqda ziddiyyətli rəqəmlər verirlər. Farsdilli xronikalara əsasən Osmanlı qoşununun sayı 200 min, türk mənbələrinə görə isə 120 min nəfərə çatırdı. Türk mənbələri döyüşə gedən Qızılbaşların sayının 80–dən 150 min nəfərə qədər olduğunu, fars mənbələri isə İsmayılın qoşununun sayının 20 mindən çox olmadığını deyirlər. Ümumiyyətlə, rəqəmlərin müqayisəsi Osmanlı qoşununun Qızılbaşlardan sayca üstün olduğunu göstərir.
Fars mənbələri yazırlar ki, gecə döyüşdən əvvəl Osmanlı ordusunun Çaldıran düzünü əhatə edən təpə ətrafında yerləşdiyi vaxt Hərbi Şurada Osmanlıların taktikası ilə tanış olan Məhəmməd xan Ustaclı və Rumlu Nurəli Xəlifə düşmən üzərinə təcili hücuma keçməyi İsmayıla təklif edirlər. Onlar təsdiq edirdilər ki, gecə atəşi Qızılbaş süvarilərini silah və artilleriya atəşindən xilas edər, beləliklə, Osmanlılar döyüş vəziyyəti alana qədər biz onlarla məsələni həll edərik. Lakin Şah İsmayılın hörmətli sərkərdələrindən biri — Şamlı Durmuş xan gecə hücumunun əleyhinə çıxır, onu qorxaqlıq və ürəksizlik adlandırır. Bu təklif Şah İsmayılın xoşuna gəlir və deyir: “Mən karvan basan quldur deyiləm, qoy Allahın məsləhət bildiyi kimi olsun”.
Çaldıran döyüşü qanlı döyüş olur, hər iki tərəfdən 5 min nəfər itki olur. Beləliklə, qızılbaşlar igidliklə vuruşurlar. Şah İsmayıl özü türk pəhləvanı ilə təkbətək döyüşə girir və qılıncın zərbəsi ilə onu yerə sərir. Azərbaycan süvariləri osmanlıların piyada qoşununu geri oturdurlar, lakin düşmən toplarının amansız atəşinə məruz qalırlar. Səfəvilər məğlubiyyətə uğrayırlar. Yaralanmış Şah İsmayıl öz ordusunun salamat qalmış hissəsilə müdafiə həlqəsini qırıb ölkənin içərilərinə — Təbrizə doğru çəkilir və əsəbləşərək qılıncı topun lüləsinə elə vurur ki, onu pendir kimi kəsir. Bu xəbəri Səlimə çatdırırlar, Sultan I Səlim həmin qılıncı gətirtdirir və İsmayılın etdiyini təkrar edir, lakin qılınc ikiyə bölünür, qılıncı yerə atıb deyir: “İsmayıl mənə başqa qılınc göndəribdir”. İsmayıl cavabında bildirir: “Qılınc o qılıncdır, lakin bilək o bilək deyil”. Bəli, burada İsmayılın sərkərdəlik məharəti bir daha özünü göstərir. Sultan I Səlim onu təqib edir, lakin Şah İsmayılın taktiki hiyləsindən qorxaraq geri qayıdır. Mənbələr yazırlar ki, Sultan Səlim həmin döyüşdə həlak olan səfəvi döyüşçülərinin başlarından ehram düzəltdirir.
Farsdilli xronistlər Çaldıran döyüşündə Səfəvilərin məğlubiyyət səbəblərini Şah İsmayılın məğrurluğu, həddən artıq özünə güvənməsi, Səfəvi ordusunun türklərinkindən bir neçə dəfə az olması, Osmanlı qoşununun avropasayağı təşkili, I İsmayılın Osmanlı imperiyası kimi qüvvətli bir qoşunla döyüşə girməsi, müharibəyə kifayət qədər hazır olmaması, yaxın adamlarının məsləhəti ilə düşmən üzərinə qəflətən hücum etməməsi, nəhayət, Osmanlı tərəfin döyüşdə odlu silahdan–artilleriyadan istifadə etməsi, buna baxmayaraq, İsmayılın cəsarətlə döyüşə girməsi ilə izah edirlər.
Türk qoşunu Xoyu, Mərəndi
işğal edir və Təbrizə yaxınlaşır. Təbriz
alındıqdan az sonra müharibəni davam etdirməyin əleyhinə
olan türk qoşunu içərisində həyəcan
başlanır. Sultan I Səlim 6 gün Təbrizdə qalandan sonra şəhəri
tərk edir. Mənbələr yazırlar ki, Şah
İsmayıl, yeni qoşunla geri qayıdaraq Təbrizi geri
almışdı. Türk qoşunu geri
çəkilərkən özləri ilə çoxlu Təbriz
ustası aparmışlar; İstanbula bir neçə min sənətkar
ailəsi köçürülmüşdü. Mahir Azərbaycan sənətkarları Türkiyənin
memarlıq və incəsənətinin inkişafında
mühüm rol oynamışlar.
Osmanlıların əlinə, həmçinin külli
miqdarda qənimət keçmişdi. Çoxlu əsir
alınmışdı. Əsirlər
içərsində İsmayılın döyüş əməliyyatında
iştirak edən arvadları — Bəhruzə və Taclı
xanımlar da vardı. Sultan Səlim Bəhruzə
xanımı İstanbula aparıb İsmayılı təhqir
etmək üçün saray şairi Cəfər Çələbiyə
ərə verir, Taclı isə Təbrizə qaçmağa
müvəffəq olur. Yeri gəlmişkən
qeyd edək ki, osmanlılar döyüş meydanında
çoxlu qadın meyidi görmüşlər. Sultan Səlimin əmri ilə onlar xüsusi hörmətlə
dəfn edilmişdir. İtaliya tarixçisi Saqreydo
“Osmanlı imperiyasının tarixi” adlı kitabında
yazır: “Ölənlər içərisində kişi hərbi
geyimində qadınların da meyidi tapılmışdı. Onlar öz ərlərinin şərəfini qorumaq
üçün döyüş meydanına gəlmişdilər.
Qadın – hərbçilərin Çaldıran
döyüşündə iştirakını tarixçi Nəsrullah
Fəlsəfi, farsdilli mənbələrdən “Tarixi
çahan–ara” və “Alam ara–yi şah İsmayıl” da təsdiq
edirlər.
Osmanlılar Azərbaycanda çox qala bilmirlər. Əvvəla,
Səlim Təbrizə daxil olanda məscidə gəlir adəti
üzrə özünə (I Səlimə) xütbə
oxumağı molladan tələb edir. Lakin
molla bundan imtina edir. Bu hadisə Səlimi
şübhəyə salır. Təbrizə
daxil olduqdan iki gün sonra yanıçarlar etiraz səslərini
ucaldaraq Vətənə qayıtmağı tələb edirlər.
İkinci, gecə sultanın çadırı
üç yerdən oxla deşilir, ciddi axtarış
aparılsa da, müqəssir tapılmır. Bundan başqa, Sultan Səlim
qızılbaşların kiçik bir qüvvə ilə
osmanlıların sayca çox qoşununa qarşı misilsiz
qəhrəmanlıq göstərmələrinə bir daha əmin
olmuşdu. Nəhayət, Türkiyə Sultanı Şah
İsmayıla meyil edən Misir Sultanının qəflətən
Kiçik Asiyaya hərəkət etməsinə göz yuma bilməzdi.
Çaldıran döyüşünün nəticəsi
olaraq Türkiyə Ərzurum şəhəri ilə birlikdə
qərbi Anadolu və Şimali Mesopotamiyaya yiyələndi,
Bağdad daxil olmaqla, Ərəb İraqı isə
Qızılbaşların əlində qaldı.
Əlavə edək ki, Çaldıranda iki türk
dövlət xadimi və sərkərdəsinin üz–üzə
gəlməsi ingilis və fransız hakim dairələrinin məkrli
siyasətinin nəticəsi, Avropa diplomatiyasının qələbəsi,
türk dövlətlərinin isə faciəsi idi.
Çaldırandan sonra Şah İsmayıl Türkiyə
sultanı ilə münasibətləri sahmana salmaq
üçün bir neçə dəfə təşəbbüs
göstərdi. Lakin heç biri nəticə vermədi,
həmçinin Türkiyəyə göndərilmiş səfəvi
səfirləri (Mir Nurəddin Əbdül Vahab, Kamal–əd–din
Hüseyn bəy və Bəhram Mirzə) həbsə
alındılar.
Şah İsmayıl bu vaxt gözlənilən türk
yürüşünün qarşısını almaq
üçün Şərqdə yeni qoşun toplamağa,
qoşunu Türkiyəyə çəkildikdən sonra Təbrizə
qayıdıb qonşu ölkələrə səfirlər
göndərib Türkiyə əleyhinə ittifaq yaratmağa
başladı.
Avropa səyyahlarının verdikləri məlumata
görə, İsmayılın təşəbbüsü ilə
yaradılmış ilk ittifaqa Misir Sultanı Əl əd–dövlə
və iberlər daxil oldular. Lakin bu ittifaq əhəmiyyətli
nəticə vermədi. Azərbaycan 100 ildən
artıq Osmanlı Türkiyəsinin soyğunçu
basqınlarına məruz qaldı.
Osmanlı imperiyasının
işğalçılıq siyasəti qərbdə Avropa
dövlətlərindən Polşa, Macarıstan,
Almaniyanın Habsburq krallığı və İtaliya
üçün də böyük təhlükə törətmişdi. Onlar
İsmayıla ən münasib müttəfiq kimi
baxırdılar. Ona görə də Səfəvilər
Osmanlılara qarşı bu dövlətlərlə diplomatik
münasibətləri genişləndirməyə
çalışırdılar.
Səfəvi şahı Almaniya imperatoru və
İspaniya kralı V Karl ilə yaxınlaşmağa
çalışır. 1518–ci ildə V Karla, Macar Kralı II
Lyudviqə müraciət edir. Lakin məktublar
ünvanlara gec, 5–6 ildən sonra
çatdırıldığı üçün öz əhəmiyyətini
itirir. Bundan əlavə, Avropa ölkələri
ilə Qızılbaş dövləti arasında məsafənin
uzaqlığı onların Türkiyəyə qarşı
birgə əməliyyatına mane olur.
Beləliklə,
hadisələrin gedişi zorla müharibələrə cəlb
edilən, Səfəvi sülaləsinin nümayəndəsi,
görkəmli sərkərdə və dövlət xadimi
Şah İsmayılın Azərbaycanın birliyi, mərkəzləşmiş
dövlət, imperatorluq yaratmaq uğrunda mübarizə
apardığını, özünün dediyi kimi, “ana
dilimiz, vicdanımız, Vətənimiz” uğrunda yorulmadan,
inadla vuruşduğunu göstərir.
Süleyman MƏMMƏDOV,
ADPU–nun professoru.
Respublika.- 2013.- 23
yanvar.- S. 5.