Ali təhsildə
yeni informasiya texnologiyalarından istifadə: reallıqlar,
perspektivlər
Son zamanlar konfranslarda, simpoziumlarda və müxtəlif yığıncaqlarda ölkə ali məktəblərinin ünvanına bəzi iradlar səslənir. Etiraf etmək lazımdır ki, bu iradların bəziləri heç də əsassız deyil. Artıq bu iradları araşdırmaq zamanı gəlib çatmışdır: bizim ali təhsilimiz bu gün hansı səviyyədədir, bu gün ali təhsil ocaqlarında nə kimi proseslər gedir? Müvəffəqiyyətlərimiz və nöqsanlarımız nələrdən ibarətdir?…
Ölkəmizdə ictimai inkişafın indiki mərhələsində sosial–iqtisadi, mədəni və s. sferalarda xeyli dəyişikliklər baş verir və təhsilə münasibət dəyişilir. Ali məktəblərə böyük müstəqillik verilməsi və aparılan islahatlar yüksək ixtisaslı mütəxəssislər hazırlayan bu məktəblərin yeni inteqrasiya formalarının tədqiqi məsələsini qarşıya qoyur. YUNESKO və Avropa Birliyi təhsili islahatları konsepsiyasına uyğun olaraq qida, geyim və mənzillə yanaşı təhsil insanın əsas tələbləri qrupuna aid edir. İnsanın tələbatlarından yaranan belə bir irəliləyiş bir sıra səbəblərlə bağlıdır. Bunların içərisində müasir istehsalın intellektuallığı mühüm rol oynayır. İndiki zamanda istehsalat və ictimai həyat sürətlə dəyişir, inkişaf edir. Buna müvafiq olaraq tədris prosesi daimi yeniləşmə və təkmilləşmə tələb edir. Çünki sosial–iqtisadi, mədəni, siyasi və başqa sahələr də şəxsiyyətin mənəvi cəhətdən inkişafı ali məktəbin yeni modelinin yaranmasını, tədris prosesində müəllimlərin və tələbələrin əməkdaşlığını tələb edir.
İnsan gəncliyində seçdiyi peşəsindən, ixtisasından və bəzən həvəsləndirildiyi, mükafatlandırıldığı iş yerindən yeni sahələrin yaranması səbəbindən öz fəaliyyətini dəyişdirmək zərurəti qarşısında qalır. Bu da onda yeni fəaliyyət sahəsinə dair bilik və bacarıqlara yiyələnmək zərurəti yaradır. Bununla yanaşı, insanın gəncliyində konkret peşə və ixtisas üzrə aldığı ümumi bilik və bacarıqlardan və konkret peşə, ixtisas bacarıqlarından bütün həyatı boyu istifadə etməsi kifayət etmir. Buna görə də fasiləsiz (ömürboyu) təhsilin zəruri olduğunu dərk edərək digər sahələrdə də özünü sınamaq məcburiyyətində qalır.
İnsan özünün təhsil sayəsində əmək və məişət qayğılarının dar çərçivəsindən ayrılaraq bütün bəşəriyyətə mənsub olduğunu duymağa başlayır. Aldığı biliklər ona nəinki planetin əsas hadisələrindən xəbər tutmaq, həm də özünün əhatəsində baş verən zərərli hadisələrin qarşısını almaq üçün hansısa addımlar atmasını təmin edir.
Təhsilin böhrandan çıxış yolunu təmin edən amillərdən biri məhz insanın yüksək peşəkarlığını təmin edən fasiləsiz təhsil prinsipinin gerçəkləşməsidir. Ali təhsil sferasında yeni yanaşmalar təhsil və elmi–tədqiqat proseslərinin elə bir uzlaşmasını tələb edir ki, o, yeni biliklərin təhsil sferasına axınının ləngiməsini minumuma endirmiş olsun. Təəssüflər olsun ki, ali məktəblərdə aparılan elmi–tədqiqat işlərinin səviyyəsi və xarakteri bu prinsipdən çox–çox geridə qalır. Başqa elm sahələrində olduğu kimi, bu problem riyaziyyat–təbiət elmləri sahəsində də özünü göstərir.
Ali məktəblərdə dəqiq elmlərin tədrisi o halda keyfiyyətli ola bilər ki, tədris prosesi məqsədyönlü və gərgin təfəkkürlə müşayiət olunsun. Dəqiq elmlərin tədrisində psixologiyanın bu müddəası daha fundamental önəm daşıyır ki, yeni anlayışlar mənimsənilərkən tələbələrin təfəkkür fəaliyyəti fəallaşdırılmazsa, onda nəinki düşünmək bacarığı əldə olunar, həm də yaddasaxlamanın özü də yarımçıq olar, çünki onun bünövrəsi başadüşərli, anlamlı olmayacaq. Anlama zamanı lazımi səviyyəyə nail olmaq üçün həyata keçirilən yaddasaxlama nəinki faydalıdır, hətta o, adətən sonrakı əldə olunacaq biliklərin möhkəmləndirilməsinə mane olmur. Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov haqlı olaraq yazır: “Öyrənmə və öyrətmə ilə bağlı bütün məsələlər stimullaşmanın stabilliyindən asılı olduğundan, daimi möhkəmləndirmə tələb olunur. Möhkəmləndirilməmiş bilik, bacarıq zaman keçdikcə zəifləyir və son nəticədə itir. Möhkəmləndirmənin effektiv təşkili təhsilin texnolojiləşdirilməsinin ən başlıca və müəyyənedici tərkib hissəsi olub, onun səmərəliliyini artırır”.
Müasir dövrdə elmi–texniki tərəqqi, informasiya və kompyuter inqilabı, ideya və biliklərin sənayeyə çevrilməsi, yeni informasiya texnologiyalarının inkişafı, təhsilin yeni vəzifələrini qarşıya qoyur. İnformatika hazırlığının məqsədi təhsil alanın fəaliyyətinin və onun şəxsiyyət keyfiyyətinin formlaşmasından ibarətdir. Bunlar insanın peşəsi, onun həyat tərzi, mədəni və intellektual inkişaf səviyyəsi ilə müəyyənləşir, yəni pedaqoji texnologiya biliklərin ötürülməsindən daha çox, təhsil alanın şəxsi keyfiyyətlərinin formalaşmasına istiqamətlənməlidir. Bu kimi problemlərdən biri pedaqoji prosesin layihələşdirilməsidir. Təhsilə sosial həyatın birinci dərəcəli tələbatlarından biri kimi yanaşılmalı və onun yeni texnologiyalarını mənimsəmək lazımdır. Buna görə də işin ənənəvi formalarını və metodlarını, eləcə də təlim vasitələri və texnologiyalarını təkmilləşdirmək sahəsində əsaslı tədqiqatlar aparılmalıdır.
Tədris prosesinin keyfiyyətinin yüksəldilməsinin yeni yollarının işlənib hazırlanması onun təkmilləşdirilməsinin şərti kimi, elm və texnikanın son nailiyyətlərinin tətbiqinin nəticələrindən biri kimi bu gün aktualdır və daha çox vacibdir.
Tələbələrin müasir texnologiyaların tələblərinə uyğun yüksək səviyyəli hazırlığı üçün tədris prosesində elə lazımi addımlar atılmalıdır ki, müasir texnologiyaların sürətlə inkişafı ilə bağlı olaraq qazandıqları bilikləri onlar gələcəkdə uyğun olaraq dəyişdirə bilsinlər.
Hazırda müasir texnologiyaların tez–tez dəyişməsi, yeniləşməsi və formalaşması prosesi gedir. Yeni riyazi metodlar, modelləşmə və pedaqoji problemlərin həllində meydana çıxan ideyalar informasiya texnologiyalarının yayılması ilə sıx əlaqəlidir. Bu problemlərin həllində kompyuterin rolu əvəzsizdir.
Azərbaycan təhsil sisteminə 1975–ci ildən başlayaraq informatika fənləri daxil edilmişdir. Kompyuter üzrə biliklərin formalaşdırılması orta və ali məktəblərdə tədris fənlərinin, o cümlədən riyaziyyatın vəzifəsidir. Təhsilin və kadr hazırlığının bütün sferalarında tədrisin keyfiyyətinin yüksəldilməsinin əsas hərəkətverici qüvvəsi məhz yeni informasiya texnologiyalarının tətbiqidir. Hazırda elmi–texniki tərəqqinin sürətli inkişafı və cəmiyyətin həyat şəraitinin dəyişməsi təhsil konsepsiyasını təkmilləşdirmək zərurətini doğurur. Buna görə təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biri də informasiya texnologiyalarının geniş şəkildə təhsil sferasına tətbiqidir. İnformasiya texnologiyalarının tətbiqində istifadə edilən yeniliklər yeni metod və formaların genişlənməsinə, müəllimlərin iş üslubunun dəyişilməsinə, həm də pedaqoji sistemdə struktur dəyişikliklərinə gətirib çıxarır. Bu halda təhsilin məqsəd, vəzifə və məzmununun qiymətləndirilməsi baş verir. Bu isə mütəxəssis hazırlığının şəxsiyyətyönümlü modelinin qurulmasına imkan yaradır. Belə bir yanaşma şəxsiyyətin yaradıcılıq qabiliyyətinin inkişafına, problemli situasiyalarda həll yolu tapmaq bacarığına, müstəqil və yaradıcı düşünməyə, dəyişən şəraitə uyğunlaşmalıdır.
Dünya iqtisadiyyatının texnoloji inkişaf yoluna qədəm qoyulduğu indiki zamanda yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına ehtiyac vardır və bu məqsədlə dünya təhsil sistemində yüksək səviyyəli bakalavrların hazırlanması mühüm və əhəmiyyətli rol oynayır. Burada başlıca problemlərdən biri istər öz ölkəmiz üçün, istərsə də dünya ölkələri üçün hazırlanan peşəkarların kəmiyyətcə yox, keyfiyyətcə fərqlənməsidir. Bunun üçün təhsilin keyfiyyəti və sağlam mühit qarşıya çıxan problemlərin həllində əsas rol oynayır. Apardığımız müşahidələr göstərir ki, pedaqoji ali məktəblərin riyaziyyat–informatika ixtisasında, mühəndis pedaqoji və bədii qrafika fakültəsində, eləcə də ali texniki məktəblərin kompyuter və informatika texnologiyaları ixtisaslarında təlim texnologiyasının və informatika mədəniyyətinin formalaşdırılması, müasir psixoloji – pedaqoji texnologiyalar və nəzəri yanaşmalar hazırda mövcud tələblərdən geridə qalır.
Fikrimizi ali riyaziyyat fənninin tədrisi vəziyyətinə nəzər salmaqla konkretləşdirək. Ali riyaziyyatın tədrisində çoxlu sayda çatışmazlıqlara rast gəlmək olur. Bunun nəticəsində də bakalavr təhsil pilləsində oxuyan tələbələrin riyazi hazırlıq səviyyəsi ilə hazırkı elm və texnikanın tələbləri arasındakı uyğunsuzluq özünü göstərir. Bunun əsas səbəblərindən biri də aşağıdakılardır: 1) riyaziyyat kursunun məzmunu indiki zamanda elmi nailiyyətləri özündə əks etdirə bilmir; 2) yeni proqramın olmaması və ya mövcud proqramlarda, uyğun olmayan bölmə və mövzuların qalması; 3) ali riyaziyyat kursunun metodikasının tam elmi şəklə salınmaması və müasir texnologiyaların tələblərinə uyğun məsələlərin həllində riyazi metodlardan düzgün istifadə edilməməsi; 4) informatika sahəsində mütəxəssis hazırlığı üçün proqram məqsədli yanaşmanın həyata keçməməsi; 5) hazırlanan mütəxəssisləri şəxsiyyət kimi qiymətləndirməyə imkan verən meyar və göstəricilər sisteminin olmaması və s. Göstərilən bu çatışmazlıqlardan bir çox ziddiyyətlər meydana çıxır: a) informatika sahəsində mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi tələbi ilə onların bilik və bacarıqlarının formalaşmasına səbəb olan yeni təlim texnologiyalarının yoxluğu; b) informatika sahəsində mütəxəssis hazırlığının Dövlət Təhsil standartlarının vahid tələbləri arasındakı uyğunsuzluq və s. Bu ziddiyyətlərin aradan qaldırılması yuxarıda göstərilən problemlərin həlli ilə sıx bağlıdır.
Ali riyaziyyatın tədrisi prosesində tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi pedaqoji prosesin mahiyyətini, qanunauyğunluqlarını, inkişaf perspektivlərini, forma və metodlarının yenidən işlənməsi məsələsini qarşıya qoyur. Qeyd edək ki, tədris prosesində bəzi yeni yanaşmaların işlənib hazırlanmasına baxmayaraq, onun nəticə və keyfiyyəti hələ də qaneedici deyil. Buna görə də cəmiyyətin həyat şəraitinin dəyişməsi təhsil konsepsiyasının təkmilləşdirilməsi məsələsini qarşıya qoyur ki, bu da yeni pedaqoji texnologiyaların tətbiq edilməsində özünü əks etdirir. Buna görə də aparılan islahatlarda informasiya texnologiyalarından geniş istifadə olmasına imkan yaradan informasiyalaşma prosesinə önəmli yer verilməlidir.
Təhsilin informasiyalaşdırılması dedikdə yeni informasiya texnologiyalarının metodologiyasının işlənib hazırlanması prosesi başa düşülür ki, bunlara yeni informasiya texnologiyaları vasitələrinin yaradılması, kompyuter və kompyuterləşdirilmiş dərsliklərin tətbiqi ilə yeni forma və metodların yaradılması, informasiya texnologiyalarından istifadə metodikası və s. daxildir. Təəssüf ki, bunlar hələ də öz həllini tam şəkildə tapmayıbdır.
Yeni informasiya texnologiyalarından istifadə zamanı ali riyaziyyatın tədrisi metodikası qarşısında yaranan bir çox problemlər yeni tipli metodik və tədris materiallarının hazırlanması məsələsini qarşıya qoyur. Buna görə də yeni metodik üsullar işləyib hazırlamaq və ali riyaziyyatın tədrisinin metodik sistemini yeniləşdirmək lazımdır.
Ali riyaziyyatın “Matematika” kompyuter riyazi sisteminin tətbiqi zamanı fənnin tədris metodikası əsas rol oynadığından rəqəm, simvol və qrafik hesablamalarla yanaşı müasir kompyuter dərsliyinin yaradılmasına ehtiyac yaranır. Əhəmiyyət kəsb edən məsələlərdən biri məhz tədris prosesinə “Matematika” sistemi əsasında müasir tələblərə uyğun kompyuter dərsliklərinin hazırlanması və istifadəsidir. Tədrisə belə bir metodikanın daxil olması, ondan auditor məşğələlərində, tələbələrin müstəqil işinin təşkilində və distant təhsildə tətbiq olması olduqca mühüm nəticələrə səbəb olar. Mühazirə kursunun proqramı, praktik və laboratoriya məşğələlərinin tematikası, kompyuter texnikası və informasiya texnologiyalarından istifadə etməklə müstəqil işlərin təşkili metodikası indiki zamanda yeniləşdirilməli, bakalavr və magistr səviyyəsində təkrarçılıq aradan qaldırılmalıdır. Ali məktəblərdə formal olmayan təcrübi dərslər keçilməli, öyrədici eksperimentlər aparılmalı və alınmış nəticələr elmi məqalələrdə çap olunmalı, elmi–metodik konfranslarda müzakirə olunmalıdır.
Kompyuterlərdən riyazi məsələlərin həllində çox incə və gözlənilməz üsullarla mütəxəssislər müasir texnologiyaların tələblərinə uyğun müxtəlif tətbiqi məsələlərin həllində müvəffəqiyyətlə istifadə edirlər. Kompyuterlər vasitəsi ilə xətti tənliklər sistemi, funksiyanın qrafiki, funksiyanın kəsilməzliyi, törəmələr, inteqrallar, limitlər və s. hesablanır. Kompyuterlə riyazi məsələni həll etmək üçün alqoritmlər və proqram lazımdır, bu isə xalis riyazi məsələdir. Riyaziyyat kursundan tapşırıqların çoxu kompyuterlə yalnız komandanın köməyi ilə həll edilə bilər. Xətti cəbr, riyazi analiz, adi diferensial tənliklər və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsindən olan tapşırıqların bir çoxunu kompyuterlərdən istifadə etməklə həll etmək olar. Kompyuterlərin güclü qrafika paketi vardır. Kompyuterdə “Matematika”nın köməyi ilə bir və ya iki dəyişəndən asılı ən mürəkkəb funksiyaların qrafikini qurmaq olar. Tələbələrin istehsalatın bu və ya digər sahəsində uğurla işləməsi üçün bu göstərilən faktların yüksək səviyyədə öyrənilməsi və mənimsənilməsi zəruridir. Yuxarıda göstərilənlərin öz həllini tapması üçün birinci növbədə uyğun maddi–texniki baza olmalı və ikincisi riyaziyyatın tədrisində yeni pedaqoji texnologiyalardan istifadə edilməlidir.
Əgər biz keyfiyyətli təhsil istəyiriksə, onda birinci növbədə müəllim və tələbələri müasir avadanlıqlarla təchiz etməliyik. Bu istiqamətdə kadr hazırlayan tədris müəssisələri mövcud çatışmazlıqları görməli və aradan qaldırmalıdır.
Nə üçün XXI əsr kompyuter əsri adlanır? Çünki o, artıq praktikada (təcrübədə) geniş tətbiq olunmuşdur, həyatımızın bütün sahələrinə sirayət etməklə onun bir hissəsinə çevrilmiş, tədqiqat və tədris məsələlərinə yaxşı uyğunlaşdırılmışdır. Ona görə də bu, riyaziyyatçıların işində daim köməkçi rolunu oynayır.
İndiki dövrdə bakalavr təhsil pilləsi üçün yeni tədris proqramının hazırlanması, ona uyğun dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər və s. işlənməsi kafedralar qarşısında kəskin qoyulmalıdır. Dərsliklər, dərs vəsaitləri və s. elə şəkildə yazılmalıdır ki, tələbələr riyazi məsələlərin həllində fikirləşə bilsin, əldə etdikləri bilikləri müasir riyazi məsələlərin həllinə tətbiq etsin və qarşıya çıxan məsələlərin həlli yollarını müəyyənləşdirə bilsinlər. Bunun üçün tələbələrə həm də öyrənməyi öyrətmək lazımdır.
Müxtəlif müasir EHM və kompyuterlərdən istifadə olunması gələcək mütəxəssislərin müasir tələblərə uyğun peşəkar kimi yetişməsində mühüm rol oynayır, lakin maddi–texniki bazanın yoxluğu bu problemlərin həllinə imkan vermir.
Tədris olunan klassik riyaziyyatla bərabər diskret riyaziyyatın mükəmməl öyrədilməsi və müasir zamanda texnologiyaların tələblərinə uyğun məsələlərin müasir EHM–də və kompyuterlərdə həlli aktual bir problem kimi qarşıda durur. Elm və texnikanın sürətlə inkişafı ilə əlaqədar olaraq ali pedaqoji məktəblərdə konkret iş şəraiti üçün informatika üzrə peşəkarlar hazırlamaq mühüm rol oynayır. Hazırda pedaqoji texnologiyaların dəyişməsi ilə bağlı olaraq müasir tələbata uyğunlaşmağı, baş verən dəyişiklikləri düzgün qiymətləndirməyi bacaran mütəxəssislərə müəllimlərə böyük ehtiyac vardır.
Bakalavr təhsil pilləsində tədris olunan riyaziyyat kursunun tədrisinin məzmunu və metodları haqqında məsələlər araşdırılarkən fənnin psixologiyasının hansı amillərinə baxılması və hansı pedaqoji prinsiplərə əsaslanaraq auditoriyanın idarə olunması müəyyənləşməlidir. Çünki riyaziyyat kursunu tədris edən müəllimlərin fənni mükəmməl bilməsi tədrisdə müvəffəqiyyət qazanmağın hamısı deyil, bir çox hissəsi deməkdir. Yaxşı riyaziyyatçı həm də yaxşı, əsl pedaqoji ustalığa malik müəllim olmalıdır. Buna görə də riyaziyyat kursunun tədrisi metodikasının yenidən işlənməsi və təkmilləşməsi yollarının özü tədqiqata cəlb edilməli, ali riyaziyyatı tədris edən ali məktəb müəlliminin ali məktəb pedaqogikasını və psixologiyasını dərindən mənimsəməsi sahəsində mövcud problemlər öz həllini tapmalıdır.
Hazırda beynəlxalq miqyasda keçirilən nəzəri və praktik konfranslarda riyaziyyat–informatika ixtisasları üçün riyazi paketlərdən istifadə edilməsinin tələbələrin indiki dövrün tələblərinə uyğun yetişmələrində böyük rol oynadığı qeyd olunur. Bu cür proqram vasitələrinin tədris prosesində yoxluğu və onun gələcək mütəxəssislərin riyazi hazırlığında rolu və yeri ancaq görüntüdür. Məhz bu məqsədə nail olmaq üçün başlanğıc mərhələdə riyazi sistemlərin obyekti və s. öz həllini tapmalıdır.
Təhsilin yeni paradiqması insan potensialının formalaşması tələbatını irəli sürür ki, bu da yalnız sistemli təhsil vasitəsilə həllini tapa bilər. Bu isə o vaxt yüksək nəticə verər ki, sistemləşdirilmiş biliklər olsun.
Sistemlilik didaktik sistemlərin işlənib hazırlanması, biliklərin həyatda tətbiqi, yaddaş yükünün azaldılması, biliklərin nizamlaşdırılması, tələbələrin elmə və öyrənilən fənlərə maraqlarının artırılması, dünyanın bütöv elmi mənzərəsinin əldə edilməsi üçün zəruri şərt kimi özünü göstərir. Bu həm proqram və dərsliklərin tərtibində, həm də müəllim və tələbələrin tədris fəaliyyətində gözlənilməlidir.
Təhsil alanın şəxsiyyət kimi formalaşması onda mənəvi keyfiyyətlərin, ekoloji mədəniyyətin, metodoloji mədəniyyətin, kompyuter mədəniyyətin, şəxsi təhlükəsizlik mədəniyyətinin və s. olması ilə təzahür edir. Professor Abdulla Mehrabov “Müasir təhsilin konseptual problemləri” kitabında göstərmişdir:”Araşdırmalar və müasir tələblər əsasında yerinə yetirilmiş təhlillər göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarda prioritet istiqamətlər üzrə fəaliyyətləri günün tələbləri səviyyəsində qurmaq üçün onun didaktik, nəzəri, pedaqoji–psixoloji əsaslarının işlənilməsi və bu gün tələb olunan elmi–nəzəri səviyyə, zamanı qabaqlayaraq belə araşdırmaların intensivliyinin artırılmasına böyük ehtiyacın olduğunu yüksək qiymətləndirir”.
Müəllimin iş metodikasının təkmilləşdirilməsi imkanları, müəllimin məqsədyönlü idarəetmə bacarığından və tələbənin təfəkkür fəaliyyətinin aktivləşdirilməsindən asılıdır. Müəllim belə bir idarəetməni, aydındır ki, psixoloji–pedaqoji biliklərə, yəni psixologiya və didaktikaya dair bilikləri cəmləşdirən qanunauyğunluqlar sisteminə, riyaziyyatın tədrisi zamanı bu sistemin müvafiq tətbiq metodikasına istinad etməklə həyata keçirə bilər. Bu qanunauyğunluqlarda tələbələrin şüurunda cərəyan edən daxili proseslər və tədris fəaliyyətində cərəyan edən xarici proseslər arasındakı qarşılıqlı bağlılıq özünü əks etdirir. Xarici şəraitə tapşırıqların məzmunu, onların ardıcıllığı, məşğələlərin təşkili üsulları, daxili prosesə isə təfəkkür fəaliyyəti, hafizə, yaddasaxlama, qavrayış və s. aiddir. Bu proseslər müsbət nəticə verdikdə müəllimdə tələbə fəaliyyətinin məqsədyönlü şəkildə idarə olunması imkanı yaranır.
Beləliklə, müəllim öz pedaqoji fəaliyyətində daha münasib təlim metodu seçər, onun mümkün nəticələrinin tətbiqini əvvəlcədən görər, praktikada rast gələn çoxsaylı çətinliklərdən çıxış yolu tapar və nəhayət, əldə etdiyi nəticələri praktikada yoxlaya bilər.
Azərbaycanın pedaqoji və texniki universitetləri bu gün mürəkkəb yol ayrıcındadır. İndiki zamanda bu universitetlərin inkişafı, zamanın çoxsaylı çağırışlarına cavab verən, dünya bazarında rəqabətə davamlı, müasir təfəkkürlü kadrlar hazırlanmasında və güclü maddi–texniki bazanın yaradılmasına rəvac verən optimal yolların müəyyənləşdirilməsindən çox asılıdır. Bu problemlərin həlli qarşıda duran ən mühüm və əhəmiyyət kəsb edən məsələlərdəndir.
Müşahidələrimiz göstərir ki, ali məktəb tələbələri arasında təbiət elmləri fənlərinin öyrədilməsi zamanı ümumiləşdirmə və təsnifat əməliyyatlarının başlanğıc səviyyəsinin mənimsənilməsinin yetərsizliyi özünü əks etdirir. Bu çatışmazlıq ali riyaziyyat kursunun tədrisində də özünü göstərir. Təhsilin və riyazi təhsilin keyfiyyət məsələləri, riyazi təhsilin məzmununa müxtəlif yanaşmalar, tədrisdə yeni informasiya texnologiyalarının tətbiqi və s. kimi əhəmiyyətli məsələlər bu gün öz həllini gözləyir.
Şəxsiyyət fəaliyyət prosesində formalaşır. Tədris prosesindəki fəaliyyət digər fəaliyyət növlərindən onunla fərqlənir ki, insan gerçəkliyin konkret müxtəlifliyini özü deyil, bu müxtəlifliyin digərləri tərəfindən müəyyən edilmiş ümumi əsaslarını öyrənir, ümumidən xüsusiyə, mücərrəddən konkretə və əksinə hərəkət edir. Tədris fəaliyyətinin başlıca məqsədi və nəticəsi olan təhsil təfəkkürün formalaşdırılmasında xüsusi rol oynayır. Pedaqoji fənlər üzrə tədris fəaliyyətinin səmərəli metod və texnologiyalardan istifadə edilməklə qurulması təfəkkürü daha da inkişaf etdirir.
Ali məktəb müəllimləri üçün aşağı kurs tələbələrində adekvat formalaşdırma problemi xüsusi maraq kəsb edir. Bu baxımdan tədris fəaliyyətini şəxsiyyətin inkişafının tərkib hissəsi kimi gözdən keçirmək lazımdır. Müşahidələr göstərir ki, nəzəri fənlərin öyrədilməsi zamanı yeni informasiya texnologiyalarından istifadə edilməsi ilə əldə olunan biliklərin keyfiyyət göstəriciləri, fərdi və ya kollektiv tədris fəaliyyətinin təşkili bütün digər formalarda alınan göstəricilərdən yüksəkdir.
Bilik və bacarıqların əldə edilməsi ciddi fəaliyyətdir. Bilik və bacarıq bir–biri ilə bağlı, biri digərinin səbəbi və biri digərinin nəticəsi olub eyni bir fəaliyyətdir, lakin müxtəlif formalarda üzə çıxır. Tədrisin ümumi keyfiyyəti yetərli olmadıqda keyfiyyətli məzunlardan danışmaq mümkün olmadığından ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi dövrün prioritet vəzifələrindən birinə çevrilmişdir.
Tədris fəaliyyətinin əsas komponenti olan tədrisin vəzifəsi problem, problemli situasiya yaradan məsələ formasında tələbələrin qarşısına qoyulan məqsəddir və onu həll etməklə tələbələr geniş şəkildə konkret məsələlərin həllində ümumi üsullara yiyələnir. Keyfiyyətli vəsaitlər dedikdə bu termin altında fənnin məzmunu və tədris məqsədləri başa düşülür. Keyfiyyət sistemi dedikdə isə təhsil xidmətləri istiqamətində təkrarlanan və eyni tipli hərəkətləri qeydə alan sənədlər kompleksi nəzərdə tutulur. Mütəxəssis hazırlığının keyfiyyəti isə ümumi halda onun fəaliyyətinin obyektiv standarta, müasir texnologiyalara uyğunluğu kimi başa düşülür.
Ali riyaziyyatın bir çox bölmələrinin tədrisində kompyuterlərdən istifadə olunması klassik riyaziyyatın bir çox sahələrində sürətli inkişafa və hesablamaların asanlaşması, informasiyanın saxlanması, informasiyanın işlənməsi, real vaxt rejimində fiziki proseslərə nəzarət edilməsi, mətnin çapa hazırlanması, böyük həcmli müəyyənedici parametrləri olan sistemin əlverişli idarə edilməsi, internet və s. kimi yeniliklərə səbəb olur. Müəyyən dərəcədə texniki xarakter daşıyan bu faktlardan əlavə informasiyanın etibarlı, əlverişli və böyük həcmdə yaddaşda saxlanması imkanına malik olması, sürətlə dəyişən obyektə istənilən anda təsir etmək imkanının olması və çap işinin həyata keçirilməsində kompyuterlər çox böyük əhəmiyyətə malikdir. İnternetlə əlaqədar məsələlər isə sivilizasiyanın son nailiyyətləri sırasındadır.
XI–XII əsrlərdən yaranmış dünya ölkələrinin nüfuzlu ali təhsil müəssisələrinin indiki dövrdə illik dövriyyəsi milyonlar və ya bir–beş milyard dollar həcmindədir. Buna baxmayaraq yüz illərlə tarixi təcrübəsi və böyük maddi–texniki bazası olan bu ali təhsil müəssisələrinin də müasir texnologiyaların tələblərinə uyğun öz maliyyə problemləri vardır. Dünya təhsil sistemlərinin təcrübəsi göstərir ki, nüfuzlu qeyri–dövlət və dövlət ali müəssisələrinin inkişafında da maliyyə ilə çətinliklər baş verir. Bu ali təhsil müəssisələrinin rəhbərləri, əlaqədar nazirliklər və şəxslər həmin çətinliklərin aradan qaldırılmasında və əlavə gəlir əldə edilməsində müxtəlif variantlardan istifadə edirlər. Bu işdə həm də varlı, imkanlı şəxslərin köməkliyi də mühüm rol oynayır ki, bu təcrübədən bizim respublikamızda da istifadə etmək faydalı olardı.
İnformasiya texnologiyaları sferasında maddi texniki bazanın müəyyən səviyyədə qurulması bu gun üçün çox vacib məsələdir. Sevindirici haldır ki, dövlətimiz və hökumətimiz tərəfindən bu sahəyə böyük diqqət yetirilir. Bu problemlərin yüksək səviyyədə həllində həm də zaman rol oynayır. Şübhəsiz ki, ali təhsil müəssisələrində kadr siyasətinin formalaşdırılması və təhsilə ayrılan resurslardan səmərəli istifadədən başqa, əlavə maliyyə vəsaitlərinin əldə olunması problemlərini həll etmək, cıxış yollarını tapmaq və reallaşdırmaq bu gün üçün mühüm əhəmiyyət kəsb edir.
Təhsil naziri, professor Misir Mərdanov Azərbaycan müəllimlərinin XIII qurultayına hesabat məruzəsində demişdir: “Hesabat dövründə təhsilin ayrı–ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş dövlət proqramlarının yerinə yetirilməsi, təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi və buna müvafiq yeni dərslik siyasətinin reallaşdırılması istiqamətində islahatların həyata keçirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının və pedaqoji kadrlarla təminatın yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya–kommunikasiya texnologiyaları (İKT) ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər bu kimi aktual məsələlər fəaliyyətimizin başlıca istiqamətlərini təşkil etmişdir”.
Deyilənlərdən belə bir nəticəyə gələ bilərik ki, pedaqoji ali məktəblərin riyaziyyat–informatika ixtisasında, mühəndis–pedaqoji və bədii qrafika fakültəsində, ali texniki məktəblərin kompyuter və informatika texnologiyaları ixtisaslarında riyaziyyatın tədrisində yeni informasiya texnologiyalarının tətbiqi, yeni forma və metodlarla yanaşma riyaziyyatın öyrənilməsində, tələbələrin şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Başlıca məsələ bunları düzgün tətbiq etmək, real imkanlardan maksimum istifadə etmək, göstərilən istiqamətlərdə yeni texnologiyaların işlənilməsinə nail olmaqdan ibarətdir.
Müdafiə
MAHMUDOV,
pedaqoji elmlər
doktoru.
Respublika.- 2013.- 24 yanvar.- S. 6.