Beynəlxalq təcrübə
öyrənilir
2013–cü ilin Azərbaycan Respublikasında “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013–cü il tarixli Sərəncamının icrası ilə əlaqədar aparılacaq islahatlar artıq dünyanın aparıcı İKT şirkətlərinin də diqqət mərkəzindədir. Belə şirkətlərdən biri – “Prysmian Group”la Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri arasında “Aztelekom” İstehsalat Birliyində 2013–cü il 24 yanvarda görüş keçirildi. “Prysmian Group”un nümayəndələri dünyanın inkişaf etmiş ölkələrində qazanılmış təcrübəyə əsaslanaraq, Azərbaycan Respublikasında İKT sahəsində tətbiq olunacaq yeni texnologiyalar, proqram təminatları və innovasiyalarda pay sahibi olmaq üçün geniş spektrli təkliflərinin olduğunu bildirib, xüsusən ölkəmiz üçün hazırladıqları prezentasiyanı təqdim etdilər.
Tədbiri giriş nitqi ilə açan “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov bildirdi ki, Azərbaycanda 2013–cü ilin “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətin bu sahəyə verdiyi önəmi bir daha təsdiq etdi. İKT sahəsi üzrə Azərbaycanda fəaliyyət göstərmək istəyən tərəfdaşlara, şirkətlərə xüsusi şərait yaradılacağını vurğulayan baş direktor belə şirkətlərdən olan ” Prysmian Group” şirkəti haqqında məlumat verərək qeyd etdi ki, kabel məhsullarının istehsalı üzrə dünyada tanınan “Prysmian Group” şirkəti 1879–cu ildə yaradılıb, 2 sahə üzrə fəaliyyət göstərir: enerji və telekommunikasiya sahəsi.
Baş direktor qeyd etdi ki, şirkət enerji və telekommunikasiya kabel və sistemlərinin istehsalı üzrə dünya lideridir. 2011–ci ilin statistik məlumatlarına əsasən şirkət 1 il ərzində 8 milyard avroluq satış həyata keçirmişdir. Hazırda “Prysmian Group”un dünyanın 50 ölkəsində 22 000–dək əməkdaşı vardır. Hesablamalara görə, əvvəlki illə müqayisədə 2011–ci ildə şirkətin xalis gəliri 3.1% artmışdır. Şirkət əsasən fiber optik kabellər üzərindən evlərə səs, məlumat və video yayımların ötürülməsinə xidmət edən məhsul və avadanlıqların istehsalı ilə məşğuldur.
Baş direktor bildirdi ki, bütün bunları nəzərə alaraq, bu gün “Prysmian Group” şirkətinin nümayəndələri “Fiber optik kabellər, yeni texnologiyalar və avadanlıqlar”la bağlı prezentasiya keçirəcəklər.
Qeyd edək ki, “Prysmian Group” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi missiyasını “Buta Enerji” MMC yerinə yetirir və “Buta Enerji” MMC–nin baş müdiri Mesut Demirtaşdır.
Sonra “Prysmian Group” şirkətinin satış üzrə direktoru Murat Tezcan və marketinq üzrə menecer Riçard Tomas çıxış etdilər.
Çıxışlarda bildirildi ki, “Prysmian Group”un telekommunikasiya sahəsindəki fəaliyyətini 3 əsas hissəyə bölmək olar: telekommunikasiya həlləri, fiber optik kabellər və multimediya həlləri.
Şirkətin Böyük
Britaniya, Fransa, Avstraliya da daxil
olmaqla dünyanın bir
çox ölkəsində 97 ədəd
müəssisəsinin və 17 araşdırma mərkəzlərinin
olduğu bildirildi. Qeyd olundu ki, bu
filiallar fəaliyyət göstərdiyi hər
bir ölkədə telekommunikasiya
sahəsi üzrə çoxsaylı layihələr həyata
keçirirlər. “Şirkətin yüksək keyfiyyətli fiber optik kabellərin
çəkilişini nəzərdə tutan
“Binalara qədər fiber
optik kabel” layihəsi əsasında
Avstraliyada yaşayış və kommersiya binalarının 93%–ni
özündə birləşdirən şəbəkəyə
nail ola biləcəklərini
vurğulayan nümayəndələr, Azərbaycanda
da mühüm nailiyyətlər
qazanmaq arzusunda
olduqlarını qeyd etdilər.
Emin QASIMOV,
siyasi elmlər üzrə fəlsəfə
doktoru
Respublika.- 2013.- 25 yanvar.- S. 7.