Dostluq çələngi

 

“Nurlar” Nəşriyyat–Poliqrafiya Mərkəzinin kütləvi tirajla nəşr etdiyi “Dostluq çələngi” (B.,2013) kitabı Gürcüstan Respublikasının Prezidenti, cənab Mixeil Saakaşviliyə yeni il təbriki arzusu ilə tərtib edilmişdir. Bu poetik “gül dəstəsi” Azərbaycan xalqının gürcü xalqına qardaşlıq töhfəsidir.

Azərbaycan və Gürcüstan xalqlarının tarixi qonşuluq əlaqələri, qarşılıqlı mənəvi dostluğu Nizami Gəncəvi, Şota Rustaveli, Molla Pənah Vaqif, Besiki, Mirzə Fətəli Axundzadə, İlya Çavçavadze, Səməd Vurğun, Georgi Leonidze kimi qüdrətli sənətkarların əsərlərində əksini tapmışdır.

Gürcü şairi Şalva Abaxidze yazır: “Bu dostluq bir ənənə halını almış, əsrlərdən–əsrlərə getdikcə möhkəmlənmiş, xalqımızın nəsillərdən–nəsillərə verdiyi poetik estafetə çevrilmişdir” (Şalva Abaxidze. Poetı vse yedinoy krovi… “Zarya Vostoka” qəzeti, 28 sentyabr 1967–ci il).

Zaman keçdikcə, Azərbaycan və Gürcüstan xalqlarının monolit birliyə çevrilən dostluq və qardaşlıq əlaqələri yazıçıların əsərlərini yeni mövzularla zənginləşdirmişdir.

Azərbaycanın xalq şairi Süleyman Rüstəm 1929–cu ilin yazında gürcü şair, nasir və ədəbiyyatşünas alimlərinin Bakıya gəlişini, şəhərin tarixi, mədəni, sənaye ocaqları ilə tanışlığını xatırlayır. Bu görüşün ədəbi əlaqələrin möhkəmlənməsində əhəmiyyətindən söhbət açır.

Gürcü yazıçısı Demna Şengeliyanın “Bakı”, jurnalist Vano Sulukidzenin “Gürcü yazıçıları Bakıda” adlı yol qeydlərində də dostluq səfərinin təəssüratları məhəbbətlə qələmə alınmışdır. Bakı görüşləri gürcü şairlərinin yaradıcılığına təsirsiz qalmamışdır. Valerian Qaprindaşvilinin “Bakı”, Simon Çikovaninin “Qız qalası”, Georgi Leonidzenin “Azərbaycan şairlərinə” şeirlərində gürcü xalqının ən nəcib, müqəddəs dostluq duyğuları tərənnüm olunmuşdur. Georgi Leonidze Azərbaycan şairlərinə müraciətlə yazırdı:

 

Bizə həmdəm oldu dostluq, məhəbbət,

Bir an ayrılmadı yaradan ellər,

Getdi birdəfəlik əsarət, möhnət,

Bizi gələcəyə səslədi illər…

 

Azərbaycanın xalq yazıçısı, akademik Mirzə İbrahimov “Gözəl Gürcüstan” məqaləsində Azərbaycan yazıçılarının 1952–ci ilin avqust ayında XVIII əsrdə yaşayıb yaratmış şair David Quramişvilinin vəfatının 160 illiyi münasibəti ilə Tbilisi şəhərində keçirilən təntənəli iclasda iştirakından ətraflı söhbət açır. Böyük gürcü şairi David Quramişvilinin şərəfinə Gürcüstanda keçirilən tədbirləri fərəhlə təsvir edir. Məqalənin bir yerində Mirzə İbrahimov yazır: “Gürcüstanda qaldığımız beş gün ərzində hər tərəfdə ədəbiyyat və mədəniyyətə sönməz məhəbbətin şahidi olduq. Budur, biz dağların qoynunda düşmüş asfalt yollarla gəlib Lamisxana kəndinə çıxmışıq. Bu, Quramişvilinin doğma kəndidir. İndi burada varlı və mədəni zəhmətkeşlər yaşayır. Onlar həvəslə qabağa düşüb bizi aşağıya, yaşıl otlar, hündür qarğıdalı əkinləri və qalın meşəliklə örtülmüş uzun, geniş bir dərəyə aparırlar. Dərə nə gözəl, nə zəngindir! Onun soyuq və dumduru bulaqları yaşıl otların arasında sakitcə axıb gedir. Biz kiçicik bir bulağın başında durmuşuq. Müasir Gürcüstanın görkəmli şairi, iki dəfə Dövlət mükafatı laureatı Georgi Leonidze dağ boyda bədənini əyərək bulaqdan su götürür və bir–bir qonaqlara verir:

İçin, müqəddəs sudur — deyir — Quramişvili bu bulaqdan su içmişdir”.

Mirzə İbrahimovun “Gözəl Gürcüstan” məqaləsində gürcü xalqına son dərəcə dərin, səmimi dostluq və qardaşlıq məhəbbəti əks olunmuşdur.

“Bulaqdan bir az aralı böyük bir ağacın altında süfrə açılır, buraya həm qonaqlar, həm də yerli adamlar toplanır. Quramişvilinin xatirəsinə, xalqlar qardaşlığı şərəfinə badələr qaldırılır, işdən qayıdan qızlar buradaca qol–qola tutaraq mahnılar oxuyurlar…

Quramişvili haqqında nəsildən–nəslə eşitdikləri əhvalatları nağıl edirlər… Axşamdan xeyli keçmiş, göydə ulduzlar parlayan zaman biz kəndi tərk edirik, mahnı səsləri isə kəsilmir. Ümumən gürcü xalqı musiqini çox sevir! Arvad–kişi bir yerdə mahnı oxuyur, oynayırlar. Bu, xalqın məişətinə daxil olmuş gözəl adətdir.

…Gürcüstanın səfalı guşələrindən biri Suramidə də kollektiv oxunan mahnılar və rəqslərlə qarşılandıq. Suraminin əfsanələrlə dolu, lakin zamanın artıq uçurmuş olduğu hündür qədim qalası, damı qırmızı kirəmidli yaraşıqlı evləri yamyaşıl ağaclar arasında itmişdir. Onu əhatə edən dağlar və təpələrdən sərin yel əsir. Budur, yol şəhərin içindən keçərək təpənin başına dırmaşır. Yolun hər iki tərəfi bayram paltarı geymiş dəstə–dəstə adamlarla doludur. Aşağıda, dərədə meydan quraraq, gürcü pəhləvanları güləşir, yuxarıda, təpənin üstündəki meydançada isə musiqi çalınır, bizim Qarabağ qadınları kimi geyinmiş bir dəstə qız ahəngdar səslə oxuyur.

…Gürcüstanın havası, suyu, uca dağları, yaşıl meşə və bağları gözəldir. Yerin üstündə təbiət onu sanki bir parça zümrüd kimi, üzüyün qaşı kimi yaratmışdır. Bu tarix, məğrur ruhlu, dönməz ürəkli bir xalqın azadlıq və yaxşı həyat uğrunda əsrlər boyu davam etmiş qəhrəmanlıq mübarizəsindən ibarətdir. Gürcüstan yollarında uca dağların zirvəsində tikilmiş qalalara, müxtəlif sənət abidələrinə tez–tez rast gəlirsən. Keçmişin ağır zülm şəraitində belə xalqın böyük yaradıcı dühası susmamışdır. Bütün bunlar gürcü qardaşlarımızın ürəyində həqiqi iftixar hissi oyadır”.

Kiçik həcmli ön sözdə xalq yazıçısı, akademik Mirzə İbrahimovun “Gözəl Gürcüstan” məqaləsindən geniş iqtibas gətirməyim təsadüfi deyildir. Çünki mütəfəkkir yazıçının Gürcüstana, gürcü xalqına məhəbbət dolu sözlərində iki qonşu, qardaş xalqın tarixi taleyini, mənəvi bağlılığını, qürur və yenilməzliyini ifadə edən sözləri həyəcansız, iftixar hissi keçirmədən oxumaq qeyri–mümkündür. Mirzə İbrahimov müşahidə etdiyi ürəkaçan hadisələrdə iki xalqın bir–birinə bağlılığını sübut edən tarixi əlaqələri, oxşarlıqları da gözdən qaçırmamışdır.

O, Gürcüstanda Qori şəhərindəki seminariyanı görəndə Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli kimi Azərbaycanın siyasi, elm, maarif və mədəniyyət xadimlərinin tərbiyə aldıqları elm ocağı qarşısında heyrətlə yazır: “Bu sadə bina gürcü və Azərbaycan xalqının keçmiş mədəni əlaqələrini, tarixi qardaşlığını xəyalımızda canlandırır…

Gürcüstandan biz ən yüksək hisslərlə ayrılırıq. Ürəyimizdə qardaş gürcü xalqına təşəkkür edirik: bizə müstəsna hörmət və məhəbbət göstərdilər. Gürcülər dostluğa, qardaşlığa, səadətə layiq xalqdır!”

Xalq şairi Əhməd Cəmil də Gürcüstanda dönə–dönə olmuşdur: Bu ölkənin qonaqsevər adamları, Böyük Qafqaz sıra dağları ilə Kiçik Qafqaz dağlarını birləşdirən Suram silsiləsinin hər iki ətəyindəki qeyri–adi təbii gözəlliyi, əzəmətli memarlıq abidələri, qədim qalaları, Kür, Araqva, Alazan çayları, gur şəlalələri onu heyran etmişdi. “Tbilisinin füsunkar gözəlliyi, yaşıllığa qərq olmuş Batuminin sahil mənzərələri, yaz vaxtı Kutaisidə çiçəklənən bağların ətri, qədim Qori qalasının əzəməti, yayda Bakurianiya qalxan qatarın keçdiyi dərələr, Bakurianinin, Mangilisin səfalı şamlıqları, Borjomun, Sxaltubonun şəfaverici suları” onda xoş, unudulmaz duyğular oyatmışdır. Şair ilin bütün fəsillərində gözəl olan Gürcüstanın vurğunu olmuşdur:

 

Yayda geniş çöllərində

Meh əsəndə hər səhər,

Dalğalanar dərya kimi

Sarı sünbül zəmilər.

Kolxidanın mavi gözlü

Gəlinitək, qızıtək,

Payız örtər bağ–bağçalar

Bir narıncı tül örpək.

Qışda Suram dağlarına

Düşənəcən hələ qar,

Gürcü qızlar Minqreliya

Bağlarında yığar bar.

Çox olmuşam o torpağın

O dost elin qonağı,

Addım–addım tanıyıram

Mən orda hər budağı.

Gözəl olur Qara dəniz

Sahilləri payızda,

Nəğmələri diyar–diyar

Gəzir dildə, ağızda.

Dağlarında buz bağlayır

Qışdan–qışa qalan qar,

Bağlarından sovqat gedir

Dost ellərə qış–bahar…

Əziz qardaş Gürcüstanı

Var olsun bu cəlalın!

Çiçəklənsin qoy daha da

Hər kəndin, hər mahalın.

 

Müasir Azərbaycan və Gürcüstan yazıçıları qədim dövrlərdən xalqlar arasında yaranmış dostluq və mehriban qonşuluq ənənələrini davam etdirir, onu daha da möhkəmləndirirdilər. 1939–cu ilin may ayında gürcü yazıçılarının — Pavlo Paşvilinin, Titsian Tabidzenin, İosif Qrişaşvilinin Bakı şəhərinə, iyun ayında isə Azərbaycan yazıçılarının — Əbdürrəhimbəy Haqverdiyevin, Süleyman Sani Axundovun, Abdulla Şaiqin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Məmməd Rahimin, Cəfər Cabbarlının Tbilisi şəhərinə dostluq səfəri iki qardaş xalqın ictimai–siyasi və ədəbi həyatında böyük hadisəyə çevrilmişdi. Xalq şairi Süleyman Rüstəm qəlbini riqqətə gətirən bu görüşdən təsirlənərək yazırdı:

 

Torpağına basdım ayaq,

Güldü könül, güldü dodaq.

Qoynun meşə, ətrafın dağ,

Yox başında duman, Tiflis.

 

Açdın mənə ürəyini,

Gördüm sonsuz diləyini,

Sənin bu duz–çörəyini

Unutmaram bir an, Tiflis.

 

Tarixi dostluq görüşündən sonra Azərbaycan və gürcü xalqlarının ictimai–siyasi, mədəni əlaqələri, əməkdaşlığı şairlərin yaradıcılığında beynəlmiləlçilik motivlərinin güclənməsinə səbəb olmuşdu. Süleyman Rüstəm “Bakı–Tbilisi”, “Qafqaz ordusu”, “Köksü qərənfilli şairə” (Titsian Tabidzeyə), “Qardaşlar”, “Məndən soruşun”, “Öpürəm torpağını” və sairə şeirlərində Azərbaycan–gürcü xalqlarının qardaşlıq və dostluğunu tərənnüm edirdi. Şair lirik şeirlərində tarixi dostluğun zaman ötdükcə daha da möhkəm və sarsılmaz olmasını coşğun bir səmimiyyətlə hamıya car çəkirdi. Onun ictimai idealı Azərbaycan–gürcü xalqlarının həmrəyliyi, möhkəm birliyi və xoşbəxtliyi idi. Süleyman Rüstəm sarsılmaz qardaşlıq münasibətinin “nəsillərdən–nəsillərə”, bahar kimi könüllərdən–könüllərə keçəcəyinə inanırdı. O, “Öpürəm torpağını” şeirində deyirdi:

 

Gürcü qardaş, məni hər yerdə hayan bil özünə,

Ürəyimtək bu geniş süfrəm açıqdır üzünə.

Təzədən dinləmək istər bu könül mahnınızı,

İncə bir mahnı desin qoy bacımız gürcü qızı.

 

Məlum olduğu kimi, Süleyman Rüstəm Səməd Vurğun və Məmməd Rahimlə gürcü ədəbiyyatının incisi “Pələng dərisi geymiş pəhləvan” dastanını Azərbaycan dilinə ilhamla tərcümə etmişdir, Şota Rustavelinin 750 illik yubileyi ərəfəsində poemanın kütləvi tirajla nəfis nəşri xalqın böyük rəğbəti ilə qarşılanmışdı.

Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması Azərbaycan xalqına ən dəyərli hədiyyə idi. Süleyman Rüstəm Şota Rustaveliyə həsr etdiyi şeirlərdə onun ürəklərə yol tapmasından, ümumdünya şöhrətindən iftixarla söz açırdı.

Süleyman Rüstəm yazırdı: “Yaxşı yadımdadır, kitab (“Pələng dərisi geymiş pəhləvan”– red.) bir neçə günün içində satıldı. Bundan sonra bir çox ailələrdə yeni doğulmuş uşaqlara poemanın əsas qəhrəmanları Tariel, Avtandil, Firidunun adı verilirdi. Kitab Azərbaycan və gürcü xalqlarının dostluğu haqqında hər ailədə maraqlı və qızğın söhbətlərə səbəb olmuşdu”.

Fərəhli haldır ki, Nizami Gəncəvidən bu günə qədər Azərbaycan şeiri salnaməsində gürcü xalqına, Gürcüstanın heyrətamiz təbii gözəlliyinə ən ülvi poetik münasibət əksini tapmışdır. Qafqaz regionunda ən möhkəm dostluq və qardaşlıq əlaqələri olan Azərbaycan və gürcü xalqlarının ən ağır zamanlarda bir–birinə dayaq durması və əməkdaşlığı tarixi sınaqlardan çıxmışdır.

Məhz ona görə də taleyi bir olan bu xalqlarda doğmalıq duyğuları nəsildən–nəsilə ötürülərək ənənəvi hala çevrilmişdir. Xalq şairi Məmməd Araz “Kür məcrası kimi” məqaləsində yazır: “Bu iki xalqın tarixə məlum olmayan elə dostluq, qonşuluq münasibətləri, toy–yas mərasimləri, get–gəlləri var ki, bunların çoxunu xalq özünün mərasimində, bayatısında ifadə edib, daşa–torpağa yazmışdır. “Gürcü adı”, “gürcü məclisi”, “gürcü adət–ənənəsi” ilə bağlı onlarca məsəllər, atalar sözləri və s. mövcuddur”.

Oxuculara təqdim etdiyimiz “Dostluq çələngi” kitabında gürcü xalqına ən ülvi dostluq duyğularını əks etdirən şeirlər toplanmışdır. Bu istiqamətdə hörmətli Mədəd Çobanov “Sevirəm Gürcüstanı” (B., Azərnəşr, 1971) toplusunda ilk təqdirəlayiq təşəbbüs etmişdir. O, Məmməd Arazın ön sözü ilə çağdaş Azərbaycan şairlərinin şeirlərindən nümunələri çap etdirmişdir.

“Dostluq çələngi” mətbuatda, kitab və məcmuələrdə dərc olunan və müəlliflərin özləri tərəfindən göndərilən şeirlər əsasında tərtib edilmişdir.

Müqəddəs dostluq əlaqələri hər iki xalqın bədii ədəbiyyatında öz əksini tapmışdır. Bu tarixi ədəbi hadisəni bütövlükdə araşdırmaq son dərəcə faydalı olardı.

 

 

Teymur Əhmədov

 

Respublika.- 2013.-25 yanvar.- S. 6.