Bitməyən eşq hekayəsi
“Leyli
və Məcnun” operası–105
Dahi Füzuli qələminin bəhrəsi olan “Leyli və Məcnun” poeması — aşiqliyin müqəddəsliyinin yüksək zirvəsində eşq atəşi, odu ilə alışıb yanan bir əsərdir. Məhz bu poema Azərbaycan opera sənətinin ilk nümunəsidir. Üzeyir bəy Hacıbəylinin Füzuli yaradıcılığını dərindən duyaraq onun qəzəl dünyasını musiqinin ən həssas, ən təsiredici məqamlarında kəşf etməsi Azərbaycan operasının ilkini ərsəyə gətirməsinə səbəb olmuşdur. Bu barədə bəstəkar özünün “”Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsində belə deyir: “Leyli və Məcnun” necə yaranmışdır? Mən opera üzərində 1907–ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897–1899–cu illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında “Məcnun Leylinin məzarı üstündə” səhnəsini gördükdən sonra yranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim”. Lakin Üzeyir bəy operaya bənzər bir şey deyil, məhz operanın özünü —Şərqin ilk operası olan “Leyli və Məcnun”u yaradır.
1908–ci il yanvarın (12) 25–də H.Z.Tağıyev teatrında “Nicat” cəmiyyəti tərəfindən “Leyli və Məcnun” operasının ilk tamaşası oldu. İstedadlı aktyor və rejissor Hüseyn Ərəblinskinin quruluşunda baş tutan “Leyli və Məcnun”da dirijor qismində yazıçı–dramaturq Əbdürrəhim bəy Haqverdiyev çıxış edirdi. Tamaşanın bədii tərtibatçısı isə publisist rəssam və ictimai xadim Əli bəy Hüseynzadə idi.
Məlum olduğu kimi, o dövrdə qadının səhnəyə çıxmasının qeyri–mümkünlüyü səbəbindən Leyli rolunu da kişi ifa etməli idi. Leyli rolu o dövrdə qadın rollarının məşhur ifaçısı kimi tanınmış Əhməd Ağdamskiyə həvalə olunur. Məcnun rolunda isə aktyor H.Sarabski uğurla çıxış edir. Bütün çətinliklərə baxmayaraq, “Leyli və Məcnun” müvəffəqiyyət qazanır.
Opera sonrakı illərdə isə görkəmli incəsənət xadimləri Soltan Dadaşovun (1935), Mehdi Məmmədovun (1955), Firidun Səfərovun (1994), son illərdə isə Hafız Quliyevin quruluşlarında oynanılmışdır. Səhnəmizin Leyliləri olmuş—Ə.Fərəcov, Ə.Ağdamski, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Sona Rzayeva, Məhbubə Paşayeva, Sürəyya Qacar, Sara Qədimova, Rübabə Muradova və b. öz ifaları ilə yadda qalan Leyli obrazları yaratmışlar. Bunu, həmçinin Məcnun rolunun ifaçıları olmuş Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, Əbülfət Əliyev və b. şamil etmək olar. Bugünümüzün “Leyli və Məcnun”una gəldikdə isə xalq artisti, “Şöhrət” ordenli, professor, muğam ifaçısı Mənsum İbrahimovun yaratdığı Məcnun obrazını xüsusi qeyd etmək istərdim. 120 dəfə Məcnun kimi səhnəyə çıxmış M.İbrahimov sənətkarlığı, yüksək ifaçılıq bacarığı və səhnədə görünüş etibarilə yaratdığı Məcnun “Leyli və Məcnun”un səhnə tarixində özünəməxsus bir yer tutmuşdur.
“Leyli və Məcnun” əbədi, bitməyən bir eşq hekayəsi və ilk opera olaraq bir simvola çevrilmişdir. Bu eşq artıq 105 ildir ki, tükənmir, əksinə, zaman ötdükcə daha da güclənir, mənəvi dəyəri, qiyməti daha da artır. Bu, qismən məğlub olmuş, lakin ruhən qalib gələn iki gəncin bitməyən eşq hekayəsidir ki, cismin ruha tabeliyinin bəlkə də ən yüksək məqamını təşkil edir. Üzeyir bəyin opera sənətində başlanğıc yolu olan “Leyli və Məcnun” operası hələ neçə–neçə nəsillərin sevərək fəxr hissi ilə dinlədiyi, tamaşa etdiyi opera olaraq səhnədə əbədi eşq məbədi kimi qalacaqdır.
Aytən HEYDƏROVA,
Üzeyir Hacıbəylinin
ev–muzeyinin
baş mühafizi.
Respublika.- 2013.- 26 yanvar.- S. 6.