Misir səfirliyində tədbir
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyində 25 yanvar Misir inqilabının 2–ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Bakıda fəaliyyət göstərən ayrı–ayrı səfirliklərin rəhbərlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin, ayrı–ayrı ictimai birlik və mərkəzlərin sədrlərinin iştirakı ilə keçirilmiş tədbiri Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Haisam Cəlal açaraq qonaqları salamlamış və sonra demişdir:
—Bu gün Misir xalqı 25 yanvar İnqilabının 2–ci ildönümünü qeyd edir. 2 il əvvəl həmin bu tarixdə misirli gənclər sülh xarakterli çıxışlarla, sosial ədalət, demokratiya, insan hüquqlarına hörmət, qanunun aliliyi və korrupsiya ilə mübarizə tələbləri ilə küçələrə çıxmışdılar. Misirdə və eləcə də bütün dünyada heç kəsin ağlına gəlməzdi ki, bu dinc etiraz aksiyası ümummilli inqilaba çevriləcəkdir. Bir neçə gün ərzində Misir xalqı – cavan və yaşlılar, kişi və qadınlar, kasıb və varlılar bu çağırışa cavab verərək küçələrə axışıb əl–ələ verərək üzlərində təbəssüm, gözlərində ümidlə öz unikal şüarlarını səsləndirərək sivilizasiya yaradıcılarının yeni nəslinin hələ də tarix yaradıcıları olduqlarını bütün dünyaya bəyan etdilər.
Misir hazırda enişli–yoxuşu bol olan bir keçid dövrünü yaşamaqdadır. Lakin Misir fundamental azadlığa hörmət, insan hüquqları, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə və sosial ədalət naminə əsl demokratik təcrübənin olduğu doğru bir yol tutmuşdur.
Bu keçid dövrünün nəticələrinə baxmayaraq, Misir tolerantlıq və insan həmrəyliyini təbliğ etməklə regional və dünya arenasında sülhün və sabitliyin möhkəmləndirilməsi uğrunda sarsılmaz öhdəliklərini yerinə yetirməkdə önəmli rol oynamaqdadır.
Tarixin bərqərar olduğu, sivilizasiyanın tanındığı, tolerantlığın tətbiq olunduğu, müxtəlif dinlərin qarşılaşdığı bir ölkədə Misir gənclərinin ümid, əzm və mətanətinin gələcəyin daha gözəl olması üçün daimi təkan olacağını demək o qədər də çətin deyil.
Sonda bu
gün bizimlə birgə olduğunuza
görə sizə təşəkkür edirəm və səmimi
qəlbdən qardaş Azərbaycan
xalqına daimi inkişaf
və çiçəklənmə arzu
edirəm.
Rauf İLYASOĞLU
Respublika.- 2013.- 26 yanvar.- S. 6.