Ana dilinə qayğı hər birimizin vətəndaşlıq borcudur
Dünyada mövcud olmuş və hazırda da
mövcud olan
tayfaları, xalqları, nəhayət, millətləri
biri–birindən ayıran, fərqləndirən bir
sıra əlamətlər, xüsusiyyətlər və
özəlliklər var. Bunlar
tayfalara, xalqlara və
millətlərə xas olan
dil, adət–ənənələr,
yaşayış tərzi, xarici görkəm,
onların malik olduğu
antropologiya və sairədir. Bu özəlliklər sırasında dil aparıcı yer tutur. Dil hər bir millətin kimlik sənədi
hesab edilir. Heç də
təsadüfi deyil ki,
tədqiqatçılar bizim eradan çox–çox əvvəl yaşamış etrusk adlanan tayfanın mənşəyini
müəyyənləşdirmək, bu
xalqın hansı millətə mənsub olmasını dəqiqləşdirmək
işində dil amilini
başlıca açar hesab
edirlər.
Dillərin gələcək
taleyi haqqında dilçilik
tarixində belə bir fikir
də söylənilmişdir ki, gələcəkdə
dünyada vahid bir dil yaranacaq.
Polemika açmadan
qısaca olaraq demək olar
ki, dillərin gələcəyi
haqqında irəli sürülmüş
bu psevdo–nəzəriyyənin nə maddi, nə mənəvi, nə də elmi əsası var. Məlum
olan budur ki, bəşər tarixinin
bütün dövrlərində, hətta
qloballaşma adlandırılan müasir dövrdə də ancaq
çoxsaylı millətlər deyil, hətta
azsaylı tayfalar, millətlər də öz ana dilinin
keşiyində ayıq–sayıq dayanır. Belə olan halda dünyada
vahid dilin
yaranacağı fikri əsla ağlabatan görünmür.
Millətlər əmələ gəlir,
yaşayır və vaxtı çatanda həyat
səhnəsindən çıxır: millət nə qədər,
nə müddətə yaşayarsa, onun dili də o qədər yaşayır, sahibinə əsas
və əvəzedilməz ünsiyyət vasitəsi olaraq xidmət edir. Dilsiz millət, millətsiz də dil ola bilməz. Bu bir həqiqətdir
aksiomadır.
Buna görə də heç təsadüfi
deyil ki, millət nə
qədər mövcud olursa,
nə müddət yaşayırsa, ömrünün
hər bir anında öz
doğma dilini müqəddəs
sanır, onun keşiyində
ayıq–sayıq dayanır. Buradan isə məntiqi və təbii bir
nəticə hasil olur:
biz də dünya millətləri
sırasında qədim, möhtəşəm və ulu tarixə malik bir millət olaraq öz ana dilimizin
keşiyində hər zaman
ayıq–sayıq dayanmalı, onun özəlliyini
və gözəlliyini göz bəbəyimiz
kimi qorumalıyıq. Bu, bizim keçmiş,
hazırkı və gələcək nəsillər
qarşısında üzərimizə düşən
müqəddəs vəzifədir. Bu vəzifəni
yerinə yetirmək işində başlıca rolu biz dilçilər
oynamalıyıq. Gəlin görək, bu
müqəddəs və şərəfli vəzifəni nə
dərəcədə yerinə yetiririk? Məncə,
bu işdə kifayət qədər fəal
deyilik; dilimizə dəyən zərbəni
ya görmürük,
ya da onu
görməməzliyə vururuq, ona biganə qalırıq.
Hər bir qədim və inkişaf
etmiş dil kimi, bizim də dilimiz onu digər dillərdən
fərqləndirən özəlliklərə malikdir.
Ana dilimizi qorumaq, digər sözlə, həm də ona xas olan
bu özəllikləri qorumaq
deməkdir.
Dilimizə xas olan özəlliklərdən biri də ondan ibarətdir ki, bizim dilimizdə sayla təyin olunan isimlər heç bir halda cəmdə işlənmir. Təyin funksiyasında işlənən sayın neçə olmasına baxmayaraq, ondan sonra gələn isim təkdə işlədilir. Məsələn, bir kitab, beş kitab, on kitab, yüz kitab və s. Lakin əksər Hind–Avropa dillərində, o cümlədən müasir ingilis və rus dillərində bir sayından başqa qalan saylardan sonra bir qayda olaraq isim cəm formada işlənir. Məsələn, müasir ingilis dilində: two books, five books, ten books, hundred books və s.; müasir rus dilində: dve kniqi, pətğ kniq, desətğ kniq, sto kniq və s. Bu isə digər sözlə o deməkdir ki, ingilis və rus dilində ismin cəmlik kateqoriyası, bizim dilimizdən fərqli olaraq iki qrammatik vasitə ilə ifadə olunur: həm sayla, həm də şəkilçi ilə.
Mənşəcə danimarkalı olan, məşhur ingilis dilçisi Otto Yespersen ingilis dilinin fikri ifadə tərzindən bəhs edərkən demişdir ki, bu dildə bir qayda olaraq hər bir qrammatik məna əsasən bir qrammatik vasitə ilə ifadə olunur. Bu halı O. Yespersen ingilis dilinin yüksək dərəcədə inkişafı və daha məntiqi olması ilə izah etmişdi. Məsələyə bu baxımdan yanaşsaq deyə bilərik ki, bizim ana dilimiz bu halda, yəni sayla təyin olan isimlərdə kəmiyyət kateqoriyasının ifadəsində daha inkişaf etmiş və daha məntiqidir. Zira yuxarıda deyilənlərdən göründüyü kimi, bizim ana dilimizdə kəmiyyət kateqoriyası saydan sonra gələn isimlərdə ancaq bir qrammatik vasitə ilə, sayla ifadə olunur. Ancaq bəzi natiqlər dilimizə xas olan bu üstünlüyü, bu özünəməxsusluğu qorumur, saydan sonra gələn ismi cəmdə işlədirlər. Məsələn, belə deyirlər: beş kitablar, on uşaqlar, yeddi qaliblər… (aparıcı Zaur Baxşəliyev) və s. Yadda saxlamaq lazımdır ki, bu, yəni saydan sonra gələn ismi cəm formada işlətmək dilimizin əsrlər boyu formalaşmış qaydasına ziddir.
Burada onu da qeyd etmək lazım gəlir ki, dilimizdə işlədilən çox sözü və bir sıra, bir neçə, neçə–neçə birləşmələri qeyri–müəyyən miqdar bildirməklə yanaşı, həm də haqqında danışılan obyektin birdən çox olmasını, yəni cəmdə olmasını da ehtiva edir. Bu səbəbdən də onlardan sonra gələn isimlər də təkdə işlədilməlidir: məsələn, çox adam / kitab ; bir neçə / bir sıra / neçə–neçə bədii əsər; bir sıra / bir çox / neçə–neçə vacib məsələ və s.
Apardığımız müşahidələr nəticəsində məlum olmuşdur ki, bəzi natiqlər dilimizin bu özəlliyinə də riayət etmirlər; yuxarıda qeyd olunan birləşmələrdən sonra gələn ismi təkdə deyil, cəmdə işlədirlər. Məsələn, belə deyirlər: çox kitablar / adamlar / çox sözlər; bir sıra / bir neçə / neçə–neçə hündür binalar, bir sıra / bir neçə / neçə–neçə problemlər və s. Bu halda adamlar, kitablar, binalar və problemlər sözlərinin cəmdə işlənməsinə ehtiyac yoxdur. Zira bu birləşmələrdə işlənmiş çox sözü və bir sıra, bir neçə və neçə–neçə birləşmələri onlardan sonra gələn ismin cəmdə olduğunu da bildirir.
Apardığımız müşahidələr onu da göstərmişdir ki, bəzi natiqlər nitqlərində bir sayından sonra gələn ismi cəmdə işlədirlər. Məsələn, belə deyirlər: Bizim belə bir problemlərimiz var. Onlar belə bir məsələləri həll etməlidirlər. Birləşmiş Ştatlardan Rusiyaya qarşı hər hansı bir ciddi addımlar gözlənilmir və s. Qeyd etmək lazımdır ki, bu, yəni bir sayından sonra ismin cəmdə işlənməsi, dilimiz üçün məqbul hesab edilə bilməz. Zira, yuxarıda deyildiyi kimi dilimizdə nəinki bir sayından, hətta cəmlik bildirən digər saylardan sonra da isim cəmdə işlənmir. Belə hallarda sadəcə olaraq bir sayını işlətmək lazım deyil. Belə olduqda işlədilən cümlə rəvan və səlis olar; ana dilimizin qayda–qanununa uyğun gələr. Məsələn, Bizim belə problemlərimiz var. Onlar belə məsələləri həll etməlidirlər və s.
Ana dilimizə xas olan özəlliklərdən biri də onun lüğət fondudur, lüğət tərkibidir. Dilimizin keşiyində dayanaq dedikdə, bu o deməkdir ki, biz həm də ona, yəni ana dilimizə xas olan lüğət fondunun, lüğət tərkibinin qeydinə qalmalıyıq, onun keşiyində durmalı və onun saflığını, özəlliyini qorumalıyıq; zərurət olmadan ona yad ünsürlərin yol tapmasına imkan verməməliyik. İndi gəlin görək biz buna əməl edirikmi? Bu baxımdan dilimizdə vəziyyət necədir?
Rus imperiyasının əsarəti altında yaşadığımız dövrlərdə dilimizə (xüsusən də şifahi nitqimizə) bir sıra rus sözü daxil olmuşdur. Hazırda isə dilimizin lüğət tərkibinə Avropa dillərindən, xüsusən də ingilis dilindən, xeyli miqdarda söz daxil olmuş və ya daxil olmaqdadır. Bunlara misal olaraq tolerant, tolerantlıq, mesaj, kompyuter, internet fayl, kartric, helikopter, skandal, konsolidasiya, komfort, diskomfort, noutbook, cins, cip, absurd, market, kurikulum və s. sözləri göstərmək olar. Bu qəbildən olan sözləri şərti olaraq iki qrupa bölmək olar: 1) həyati zərurət nəticəsində dilimizin lüğət tərkibinə daxil olan sözlər; 2) həyati zərurət olmadan dilimizin lüğət tərkibinə daxil olan sözlər.
Birinci qrupa daxil olan sözlərə misal olaraq ingilis dilindən son zamanlar dilimizin lüğət tərkibinə daxil olmuş kompyuter, noutbuk, internet, fayl, kartric, helikopter, cins, cip və s. sözləri göstərmək olar. Bu qəbildən olan sözlərin dilimizin lüğət tərkibinə daxil olması həyati zərurətdən doğur və anlaşılandır. Zira bu sözlərin bildirdiyi əşyaların adını demək üçün bizim ana dilimizdə müvafiq söz yoxdur, onları uydurmağa da ehtiyac duyulmur.
Bizim şərti olaraq ikinci qrup adlandırdığımız sözlərə misal olaraq isə dilimizin lüğət tərkibinə son zamanda daxil olmuş tolerant, tolerantlıq, skandal, mesaj, absurd, market, kurikulum, konsolidasiya, komfort, diskomfort və s. sözləri göstərmək olar. Bizim şərti olaraq birinci qrupa daxil etdiyimiz və haqqında yuxarıda danışdığımız sözlərdən fərqli olaraq burada vəziyyət başqadır, bəlkə də anlaşılmazdır. Başa düşmək olmur ki, dilimizdə bu sözlərdən hər birinin qarşılığı olduğu halda (tolerant–dözümlü, tolerantlıq–dözümlülük, skandal–qalmaqal, mesaj–ismarış, absurd–cəfəngiyat, market–bazar, kurikulum–dərs planı, komfort–rahatlıq diskomfort–narahatlıq, konsolidasiya–birlik, birləşmə) onların dilimizin lüğət tərkibinə əlavə edilməsinə nə ehtiyac vardır?!
Bir məsələni də qeyd edək ki, dilimizdə lap çoxdan bəri vətəndaşlıq hüququ qazanmış dözümlü, dözümlülük, qalmaqal, ismarış, cəfəngiyat, bazar, dərs planı, birlik, birləşmə, rahatlıq, narahatlıq onların son zamanlar ingilis dilindən alınmış tolerant, tolerantlıq, skandal, mesaj, absurd, market, kurikulum, konsolidasiya, komfort, diskomfort sözlərinə nisbətən dilimizə daha yatımlı və daha anlaqlıdır, o zaman bir daha aydın olur ki, bu qəbildən olan sözlərin, yəni dilimizdə qarşılığı olan sözlərin əvəzinə başqa dildən belə sözləri tələm–tələsik dilimizin lüğət tərkibinə daxil etməyə, onlardan nitqimizdə sağına–soluna istifadə etməyə heç bir ehtiyac yoxdur. Gəlin boynumuza alaq ki, bir millət olaraq bizim xislətimizdə bir tələskənlik var. Klassik şairimiz M.Ə. Sabir demiş “Çırmanırıq keçməyə çay gəlməmiş. Başlayırıq qızmağa yay gəlməmiş”. Bu da bizə heç vaxt başucalığı gətirmir, əksinə həmişə bizə ziyan vurur.
Ana dilimizin səlisliyinə, gözəlliyinə xələl gətirən məsələlərdən biri də dilimizdə mövcud olan bəzi sözləri hərənin bir cür, hətta yüksək rütbəli məmurların da özü bildikləri kimi tələffüz etməsidir, dilimizin orfoepiyasına, orfoqrafiyasına əməl etməmələridir. Buna misal olaraq dilimizdə mövcud olan layihə sözünü göstərmək olar. Bu sözü bəziləri təhrif edərək lahiyə, bəziləri isə hətta lahə şəklində tələffüz edirlər ki, bu da yol verilməzdir, səhvdir. Bu söz dilimizin orfoqrafiya lüğətində layihə deyə yazılmışdır, bu şəkildə də tələffüz edilməli və bu şəkildə də yazılmalıdır.
Uzunmüddətli müşahidəmizdən aydın olmuşdur ki, bəzi natiqlər, televiziya diktorlarının hamısı, xüsusən özəl televiziya kanallarında çalışanlar, çəng və cəng sözlərini ayırd edə bilmirlər, bir–birinə qarışdırırlar; xüsusən də çəng sözü əvəzinə cəng sözünü işlədirlər. Halbuki bu sözlər həm ifadə etdikləri nominativ məna, həm orfoqrafiya, həm də orfoepiyasına görə başqa–başqa sözlərdir, nitq vahididir: bu sözlərin hər ikisi də fars mənşəli olub, çəng əl, pəncə; cəng isə dava, dalaş, döyüş deməkdir. Bu sözlərdə yer almış c, ç sadəcə olaraq hərf deyil, simvol deyil, həm də bu iki sözü bir–birindən fərqləndirən fonemdir. Onlar bu iki sözü həm nominativ məna baxımından fərqləndirir, həm də onların ana dilimizdə işlənmə məqamını şərtləndirir: söhbət əldən gedirsə çəng, davadan, dalaşdan, vuruşdan gedirsə cəng sözü işlədilir. Bizim diktorlar, xüsusən də özəl televiziya kanallarının diktorları, isə bu sözlər arasında mövcud olan, necə deyərlər dağ boyda fərqi nəzərə almadan çəng əvəzinə cəng sözü işlədirlər. Məsələn, belə deyirlər: Tufan filan kəndi cənginə aldı. Sel filan rayonu cənginə aldı və s. Əslində isə bu cümlələrdə cəng yox, çəng sözü işlənməlidir. Qəribə də burasıdır ki, nə vaxtsa, kimsə bu səhvi edib, yəni çəng sözü əvəzinə səhv olaraq cəng sözünü işlədib, indi uzun müddətdir ki, əksər diktorlar bu səhvi təkrar edirlər. Fərqinə varmırlar ki, bunlar başqa–başqa sözlərdir; onlardan hər birinin özünün işlənmə yeri, konteksti var. Yeri gəlmişkən onu da deyim ki, həmin məqaləni qələmə almağıma, demək olar ki, başlıca olaraq bu məsələ, yəni əksər diktorlarımızın çəng sözü əvəzinə cəng sözü işlətmələri olmuşdur. Hər dəfə diktorlar çəng sözü əvəzinə cəng sözü işlədərkən sözün əsl mənasında əsəbiləşmişəm. Nəhayətdə həmin məqaləni yazmaq, bu yanlışlığı diktorlarımıza anlatmaq qərarına gəldim.
Onu da qeyd etmək lazımdır ki, radio dalğalarından və eləcə də televiziya ekranlarından eşidilən bu cür səhvlər təkcə onların, yəni bu səhvləri edənlərin səhvi olaraq qalmır. Onlar yoluxucu xəstəlik kimi dinləyicilərə və televiziya seyrçilərinə sirayət edir; beləliklə də onları çaşdırır; onlar, məsələn, layihə sözünü necə tələffüz etsinlər, necə yazsınlar: layihəmi, lahiyəmi, yoxsa lahəmi? Və yaxud cəng və çəng sözlərini hansı məqamda, hansı konteks də işlətsinlər?
Bir cəhəti də nəzərə alsaq ki, bizim dilimizdə yazı fonetik prinsipə əsaslanır, yəni biz əksərən sözü necə eşidiriksə elə də yazırıq, o zaman məsələ bir qədər də qəlizləşir, mürəkkəbləşir: dinləyici layihə sözünü necə eşitsə, eləcə də yazacaq; layihə sözü onun müxtəlif cür tələffüz edilməsindən asılı olaraq bəzən layihə, bəzən lahiyə, bəzən isə lahə şəklində yazılacaq ki, bu da dilimiz üçün məqbul hesab edilə bilməz. Buna heç cür yol vermək olmaz.
Bir anlığa təsəvvür edin ki, bir abituriyent qəbul imtahanında inşa yazır və bir neçə gün ondan öncə layihə sözünü ya radiodan, ya da televiziya ekranından lahiyə və ya lahə şəklində eşidib və yadında bu şəkildə saxlayıb. Sizcə, bu gənc bu sözü necə yazacaq? Yəqin ki yadında saxladığı şəkildə. Yazını yoxlayan müəllim də haqlı olaraq həmin sözün altından qırmızı xətt çəkərək onun səhv yazıldığını qeyd edəcək. Görəsən, bu halda həmin səhv kimin hesabına yazılmalıdır? İmtahan verən abituriyentinmi, yoxsa…?
Dilimizdə düzgün yazılmayan və səhv səsləndirilən sözlərdən biri də rus dilindəki pikuli sözünün dilimizdəki qarşılığı olan və bir sıra lüğətdə (Azərbaycan dilinin izahlı lüğəti, “Lider” nəşriyyat, 2–ci cild, Bakı–2004, səh. 265; Rusca–Azərbaycanca lüğət, 2–ci cild, Bakı–1991, səh.461) özünə yer tapmış həftəbecər sözüdür. Bir dilçi olaraq dilimizdə işlənən bu söz uzun müddət məni düşündürüb: görəsən müxtəlif tərəvəzlərdən hazırlanmış və bizim həftəbecər adlandırdığımız bu şorabanın həftə sözü ilə nə əlaqəsi ola bilər?! Çox düşündüm–daşındım və nəticə olaraq belə qənaətə gəldim: heç şübhəsizdir ki, bu söz dilimizdə dilçilikdə xalq etimologiyası adlandırılan hadisəsi nəticəsində formalaşmışdır. Əslində isə bu söz fars dilində olan həftbicər sözüdür. Bizim camaat həftbicar mürəkkəb sözünün birinci komponenti olan həft (yeddi) sözünü ya başa düşməmiş, ya da onu tələffüz etməkdə çətinlik çəkmiş, nəticədə onun, yəni həft sözünün dilimizdə bənzəri olan həftə sözü ilə əvəz etmiş, bunun da nəticəsində həftbecər sözü dönüb həftəbecər olmuş. Sən demə, müxtəlif növ (yeddi növ: kələm, xiyar, yetişməmiş pomidor, bibər, çuğundur, yerkökü, sarımsaq) tərəvəzdən hazırlanan və bizim də uzun illərdən bəri yanlış olaraq həftəbecər adlandırdığımız bu şorbanın adı həftəbecər yox, həftbicar imiş. Bu səbəbdən də bu şorabanın adı mahiyyətinə uyğun olaraq lüğətlərimizdə bu tərzdə yazılmalıdır: həftbicar. Və buna uyğun olaraq da oxunmalı, tələffüz edilməli və izah olunmalıdır.
(davamı
növbəti saylarımızda)
Oruc İBRAHİMOĞLU,
filologiya elmləri doktoru
Respublika.- 2013.- 26 yanvar.-S. 3.