Qüdrətli iqtisadi potensial güclü dövlət və müstəqil siyasətin təməlidir

 

Zaman həmişə öz reallıqlarını diktə edib. Bugünkü gerçəklik ondan ibarətdir ki, ixtiyari dövlətin həqiqi müstəqilliyi, azadlığı konstitusiyasının və beynəlxalq hüququn təsbit etdiyi müvafiq aktlarla yanaşı, həm də onun iqtisadi müstəqilliyindən keçir.

 

Məhz bu kontekstdə ulu öndər Heydər Əliyevin 1994–cü ildəki yorulmaq bilməyən aramsız çalışmalarının səbəb və fəlsəfəsi açılır. Azərbaycanın hərtərəfli inkişafının zəmin qatını təşkil edən yeni neft siyasəti bir tərəfdən bu məmləkəti dünyaya əmin–aman bir məkan, etibarlı tərəfdaş, beynəlxalq hüququn subyekti kimi tanıtdısa, digər tərəfdən ölkənin perspektivlərinin, bir neçə on il sonrakı taleyinin “alın yazısı”nı cızdı. Beləliklə, günümüzün Azərbaycanı əsası 19 il əvvəl siyasət titanı Heydər Əliyev tərəfindən qoyulmuş və forma etibarilə bitkin, novator, mahiyyətcə isə xəlqi, sosialyönümlü iqtisadi konsepsiyanın “dadlı meyvələrindən” barınmaqdadır.

Artıq onuncu ildir Azərbaycan adlı nəhəng bir gəmini dünya siyasət okeanının sularında mahir bir kapitan kimi çəkib aparan Prezident İlham Əliyev həmin güclü iqtisadi təfəkkür və düşüncə mirasına söykənərək ölkəsinin və millətinin yeni tarixini yazmaqdadır. Qazandıqlarımız isə az deyil. Həmişə olduğu kimi bu dəfə də ötən ilin sosial–iqtisadi inkişafının yekunları barədə dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin iclasında ətraflı və işgüzar söhbət getdi.

İclasda ölkənin qarşıya qoyulmuş strateji hədəflərə doğru inamla irəlilədiyi fakt olaraq bir daha təsdiq edildi, Azərbaycan iqtisadiyyatının bütün sahələrdə dinamik inkişaf etdiyi vurğulandı. İnkişafın real təcəssümü kimi səslənən bir sıra statistik rəqəmlər respublikanın hərtərəfli irəliləyiş yolunda olduğunu göstərir. Ötən il respublikada iqtisadiyyat 2,2 faiz artmışdır ki, bu da, əslində, inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidir.

Ölkə Prezidenti məmnunluqla vurğuladı ki, həmin artım qeyri–neft sektorunun təşəkkülü hesabına qazanılmışdır. Təhlil olunan dövrdə bu bölmədə artım 9,7 faiz təşkil etmişdir. Bu dövrdə ölkə iqtisadiyyatına 22 milyard dollardan artıq sərmayə yatırmışdır. Məlumdur ki, son illər istehsalın karbohidrogen ehtiyatları ilə bağlılığı olmayan sahələrində nəzərəçarpacaq canlanma, bu seqmenti xarakterizə edən göstəricilərdə ciddi keyfiyyət və kəmiyyət boyartımı müşahidə edilməkdədir. Bu xətt Prezident İlham Əliyevin iqtisadi inkişaf konsepsiyasının şah damarını, aparıcı qayəsini təşkil etməkdədir. Bəllidir ki, belə bir rasional və praktiki addım gələcək nəsilləri neftdən asılı iqtisadiyyatın əsirinə çevirməmək üçün atılır… Və müsbət bəhrəsini də verməkdədir. Mənzərənin pozitiv yönü ilə bağlı dövlət başçısı belə deyir ki,… biz ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilmişik. Qeyri–neft sənayemiz də artır. Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri–neft sənayemiz təxminən 8 faiz artmışdır.

Görünəni budur ki, Azərbaycan iqtisadiyyatının postneft dövrünə hazırlığı spontan, kortəbii xarakter daşımayıb praktik nümunələrə istinad etməklə elmi əsaslara söykənir. Regionlarda ən müxtəlif təyinatlı sənaye obyektlərinin açılması, güclü emal müəssisələri şəbəkəsinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi üzərindən turizm seqmentinin inkişafının stimullaşdırılması, eləcə də regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində atılan addımlar ölkədə ümumi daxili məhsulun məcmu çəkisində qeyri–neft sektorundan əldə olunan mənfəətin artırılmasına yönəlib. Və bu sahədə görülən işlər, eləcə də əldə olunan nəticələr təqdirəlayiq və ümidvericidir. Prezident İlham Əliyev bildirdi ki, ölkənin sənaye potensialı üç mərkəzdə — Gəncə, Sumqayıt və Bakının Qaradağ rayonunun ərazisində təmərküzləşməlidir. Belə bir innovativ addım bir tərəfdən ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlibsə, digər tərəfdən də yeni iş yerlərinin açılmasına, müasir infrastrukturun qurulmasına, meqaşəhərdən regiona doğru proqramının həyata keçirilməsinə hesablanmışdır. Artıq belə texnoparkların yaranması istiqamətində konkret nəticələr vardır. Bütövlükdə, ötən il ərzində təkcə regionlarda 284 yeni müəssisə yaradılmışdır və daha 444 müəssisənin işə düşməsi gözlənilir.

İnkişafın Azərbaycan modelinin daha bir qürurverici nümunəsi ölkənin, belə demək mümkünsə, investisiya cəlb edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilməsidir. Bu məsələdə iki pozitiv məqam nəzərdən keçirilə bilər. Birinci halda xarici iş adamları və şirkətlərin Azərbaycana sərmayə yatırması bu ölkədəki münbit iqtisadi vəziyyətdən, əlverişli normativ–hüquqi mühitdən, tərəfdaşlıqda heç də az əhəmiyyət kəsb etməyən inam və etimad amilindən xəbər verir. Belə bir qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın nüfuzunun beynəlxalq siyasi və işgüzar isteblişmentdə artmasını stimullaşdırmaqla yanaşı, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq kürsülərə, auditoriyalara ayaq açmasını da səbəbləndirir.

2012–ci ilin yekunlarına görə öikədə investisiya fəallığı müşahidə olunmuş və investisiya qoyuluşu 30 faizə yaxın artmışdır. Maraqlı faktdır ki, ötən il qeyri–neft bölməsinə birbaşa xarici yatırımın səviyyəsi artaraq 1 milyard dollar civarında olmuşdur. Son illər ölkədə yaradılan investisiyaların ümumu çəkisində yerli sərmayənin payı durmadan artmaqda davam edir və bu gün üçün müsbət saldo milli sərmayədarlar “sinfinin” xeyrinədir. Dövlət başçısı həmin məqama çıxışında xüsusi yer ayırmışdır: “Keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır”. Bu fakt respublikada sahibkarlığa dövlət səviyyəsində diqqət və qayğıdan, milli “burjuaziya”nın təşviq edilməsindən xəbər verir. Azərbaycan artıq qonşu Gürcüstanda, qardaş Türkiyədə, MDB ölkələrində deyil, qoca Avropanın göbəyində də müxtəlif perspektivli layihələrdə iştirak edir, sərmayə qoyur, qazanc götürür. Bu, artıq Azərbaycanın təbliğinin yeni bir səviyyəsi, fərqli bir mərtəbəsidir.

Prezident İlham Əliyevin giriş nitqində daha bir maraqlı məqam da vurğulandı ki, ölkənin strateji valyuta ehtiyatı artaraq 46 milyard dollara çatmışdır: “Bu, çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir. Bəzi hallarda valyuta ehtiyatları ölkələrin ümumi daxili məhsulu ilə müqayisə edilir və hesab edirəm ki, biz bu göstəriciyə görə ən qabaqcıl yerlərdəyik. Bizdə valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir”. Doğrudan da, dövlət başçısının əvvəlki çıxışlarından birində dediyi kimi, ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq, biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik.

Rasional idarəetmənin, kapital qoyuluşunda ən optimal variantların seçilməsinin nəticəsidir ki, dövlət xətti ilə böyük investisiya layihələrinin həyata keçirilməsinə rəğmən valyuta ehtiyatları azalmır. Həyata keçirilən iqtisadi islahatlar nəzəri–praktiki cəhətdən düzgün əsaslar üzərində qərar tutduğundandır ki, uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəklənir. Məsələn, makroiqtisadi sabitlik göstəricisinə görə ölkəmiz dünyada 18–ci sıradadır. Dünya dövlətlərinin, bank–maliyyə institutlarının son illərin böhran sıxıntısından qurtula bilmədiyi, Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərinin durmadan aşağı yuvarlandığı bir vaxtda “Fitch”, “Standard Poors” və “Moodys”– un simasında üç əsas reytinq agentliyi Azərbaycanın reytinqini yüksək qiymətləndirmişdir. 2011–ci ildə ən mötəbər iqtisadi qurumlardan sayılan Davos İqtisadi Forumu ölkələrin rəqabətədavamlılılğı ilə bağlı yeni cədvəl təşkil etmişdir ki, Azərbaycan həmin siyahıda 46–cı yerdədir, MDB məkanında isə birinci pillədədir.

Nəzərdən keçirilən dövrdə ölkənin sosial–iqtisadi inkişafında nəzərəçarpacaq nailiyyətlər əldə edilmiş, makroiqtisadi sabitlik daha da möhkəmlənmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Məlumdur ki, milli dövlət quruculuğu prosesi sürətləndikcə, ictimai, hüquqi, psixoloji mühit dəyişdikcə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə, sosial–iqtisadi inkişaf prioritetləri də mahiyyəti etibarilə dəyişir.

Bu kimi amilləri nəzərə alan cənab İlham Əliyevin əsas məqsədi kəmiyyət dəyişikliklərinin tədricən keyfiyyət dəyişikliklərinə keçidini təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı üçün bu iqtisadi uğurlardan bəhrələnmək imkanını yaratmaqdan ibarətdir. Bunun üçünsə iqtisadiyyat tarazlı şəkildə inkişaf etməli, qeyri–neft sektorunda rəqabətqabiliyyətli müəssisələr fəaliyyət göstərməli, yeni iş yerləri açılmalı, sosial xidmətlərin həcmi artırılmalıdır.

Azərbaycan Prezidenti müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil qismində çıxış etdiyini yaxşı bilir və hökumətin bütün səylərini də məhz bu istiqamətdə səfərbər etməyə çalışır. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin–amanlıq, sosial rifah, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik, effektiv xarici siyasət deməkdir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin 2012–cı il ərzindəki fəaliyyəti dövründə əsas ağırlıq mərkəzi məhz bu sahələri ehtiva etmişdir. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu qlobal enerji və nəqliyyat–kommunikasiya layihələrinin davam etdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri–neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil edir.

Məlumdur ki, Azərbaycanın apardığı enerji siyasəti artıq dünya geosiyasətinin maraq dairəsinə nüfuz etmişdir. Bununla belə, ölçülüb–biçilmiş, tarazlı yanaşma və sabit mövqe ölkəmizə milli maraq və mənafelərin məxrəcindən çıxış etməyi bacaran müstəqil enerji siyasəti yürütməyə imkan vermişdir. Dünyanın bugünkü düzənində karbohidrogen ehtiyatlarına malik olmaq, onu istehsal və emal etmək heç də hər şey demək deyildir. Bu seqmentdə enerji növlərini istehlakçıya ən optimal və təhlükəsiz marşrutlarla çatdırmağı, ən əlverişli qiymətlərlə satmağı bacaran qazanır. Azərbaycan bu məsələdə çox çevik və ağıllı siyasət yeritməklə nəinki regionun, eləcə də Avropanın eneji təhlükəsizliyi məsələsinə real töhfələrini verməkdədir.

Müəyyən mənada bəlkə də texniki məqam olan marşrutların diversifikasiyası məsələsi də rasional yanaşma sayəsində “siyasi açar”a çevrilmişdir. Bu məsələlərə öz çıxışında toxunan Prezident demişdir ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycan qarşısında qoyduğu məqsədlərə nail ola bilmişdir. Son zamanlar kəşf edilən zəngin qaz yataqları ölkəmizin enerji təhlükəsizliyi konsepsiyasına töhfələrini verməklə yanaşı, həm də ixrac imkanlarımızın genişlənməsində əhəmiyyətli pillə olacaqdır. Ən azı 1 trilyon 200 milyard kubmetr qaz ehtiyatları olan “Şahdəniz”, mütəxəssislərin qənaətinə görə hər birində ən azı 300 milyard kubmetr qazın olduğu bildirilən “Ümid” və “Abşeron” yataqları Azərbaycanın ixrac strategiyasına əhəmiyyətli təshihlərini edəcəkdir. Diversifikasiya məsələsində yeni keyfiyyət mərhələsi olan “TANAP” layihəsi ilə bağlı cənab İlham Əliyev bildirmişdir ki, bu layihənin təşəbbüskarı ölkəsi olmuşdur: “TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır”. Enerji ehtiyatları ilə bağlı bütün məsələlərə belə bir konstruktiv yanaşma, həssas reaksiya dövlət başçısının müasir dünya geosiyasət və geoiqtisadiyyat “okeanında” hərəkət edən “cərəyanlardan” xəbərdar olduğunu və bu vəziyyətdən ölkəsinin xeyrinə maksimum faydalanmağa çalışdığını göstərir.

Bir sıra dünya ölkələrinin iqtisadiyyatının qlobal maliyyə böhranı ilə əlaqədar ciddi böhran keçirməsinə rəğmən, 2012–ci ildə Azərbaycanın bir sıra mühüm nailiyyətlərə imza atması və makroiqtisadi sabitliyin qorunub saxlanılması dövlət rəhbərinin həyata keçirdiyi inkişaf strategiyasının uğurlu nəticəsi kimi yadda qalmışdır. Sosialyönümlü mahiyyət daşıyan bu strategiya iqtisadi inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri–neft sektorunun tərəqqisi rolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, bir qədər yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsi kimi vacib məqamları özündə ehtiva etmişdir.

Azərbaycan dövlətinin çoxcəhətli fəaliyyətinin cövhərini özünün çeşidli problem və qayğıları ilə Azərbaycan vətəndaşı, bütövlükdə insan amili təşkil edir. Ölkənin bütün nailiyyətlərinin generatoru Azərbaycan vətəndaşı olduğu kimi, hakimiyyətin bütün çalışmalarının son ünvanı da toplumun sosial durumudur. Ölkənin möhkəmlənən iqtisadi qüdrəti, artan pul gəlirləri çox böyük səxavətlə insan kapitalına transfer edilməkdədir. Orta aylıq əmək haqqı və pensiya MDB məkanında bu seqment üzrə fərqlənənlər sırasındadır. Belə ki, orta əmək haqqı 500 dollardan artıq, pensiya isə 200 dollar civarındadır və bu istiqamətdə hakimiyyətin gözləntiləri həmin rəqəmin heç də son hədd olmadığını deməyə əsas verir. Ölkədə icra olunan ünvanlı yardım proqramı 130 minə yaxın ailəni əhatə edir. Dövlət başçısının tapşırığına əsasən indiyədək müharibə əlilləri və şəhid ailələrinə 5411 ədəd mənzil tikilmişdir. Dağlıq Qarabaq münaqişəsi nəticəsində doğma ocağını tərk etmiş soydaşlarımız da yaddan çıxmayıb. Əvvəlki illərdə uğurla həyata keçirilən sosial siyasət bu il də davam etdiriləcək və 2013–cü ildə ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir. Ölkədə məşğulluq səviyyəsi 95 faiz təşkil edir. Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Nazirlər Kabinetinin iclasında səslənmişdir ki, 2012–ci ildə əhalinin pul gəlirləri 13,8 faiz artmış, inflyasiya isə 1,1 faiz təşkil etmişdir. Azərbaycan Prezidenti daha əvvəllər də bütün fəaliyyətlərin kəsişmə nöqtəsində ölkə vətəndaşlarının sosial ehtiyaclarının daha dolğun şəkildə ödənməsinin vacibliyinin durduğunu bildirərək demişdir: “Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasınayönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işin məntiqi nəticəsidir”.

Prezident İlham Əliyev ötən müddət ərzində sosial ədalət prinsipinin qorunması baxımından respublikanın hər bir bölgəsinin, potensial və imkanlar nəzərə alınmaqla, proporsional inkişafı proqramına da toxunaraq regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramının növbəti mərhələsinin bütünlükdə rayon və kəndlərin simasının, yol–nəqliyyat infrastrukturunun təzələnməsinə həsr olunduğunun hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirildiyini nəzərə çatdırmışdı. Ölkə başçısı ötən il respublikanın əksər rayonlarına səfərlər etmiş, Dövlət Proqramı çərçivəsində görülən işlərlə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.

Əlbəttə, bölgələrdə kifayət qədər kəskin dayanan problemlərdən biri yolların bərbad vəziyyəti ilə bağlıdır. Yol təsərrüfatının səliqə–sahmanı təkcə sosial məsələ deyildir. Bu həm də iqtisadi məsələdir, turizmin inkişafını ləngidən ümdə səbəblərdən biridir. Həqiqətdir ki, bizim xoş təbiətli rayonlarımız, füsunkar gözəlliyə malik kəndlərimiz var. Və hər bir turist aktiv istirahət çərçivəsində həmin yerlərdə olmağı arzulayır. Bu məsələnin həllində ortaya qoyulan niyyət və başlıcası vəsait var. Prezidentin dediyi kimi, bu il kənd yollarına müasir Azərbaycanın tarixində ən böyük vəsait qoyulmuşdur. Hazırda rayonlararası magistral yolların və kəndləri rayon mərkəzləri ilə birləşdirən yolların tikintisi sürətlə aparılır. Regionların proporsional inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər sisteminin son məqsədi Azərbaycanda neftdən asılılığı minimum səviyyəyə endirmək, iqtisadiyyatın daha çox qeyri–neft sektoru hesabına inkişafını təmin etməkdir.

Nazirlər Kabinetinin iclasında Prezidentin məxsusi vurğuladığı daha bir mühüm konsept Azərbaycanın son bir neçə ildə dünyanın sülh, mədəni ünsiyyət, sivilizasiyalararası dialoq, idman və əməkdaşlıq paytaxtına çevrilməsi barədə mesajı oldu. Belə bir imicə sahiblənmək asan olmamışdır. Beynəlxalq əhəmiyyətli tədbirlərin nəbzinin vurduğu bir məkana çevrilmək üçün bəlli iqtisadi inkişaf səviyyəsi ilə paralel sosiomədəni islahatların bütöv bir spektri üzrə konkret uğurların da mövcudluğu çox önəmlidir. Bəlkə də elə bir gün yoxdur ki, Azərbaycanın ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni və idman həyatında ən azı regional çəkili tədbir keçirilməsin. Bu məsələdə qonaqpərvərlik, zəngin süfrə mədəniyyəti, istiqanlılıq heç də həlledici amil deyil. Əsas olan beynəlxalq nüfuz, etimad krediti, daxili sabitlik, xoş məram və təcrübədir. Ötən il Avropa Olimpiya Komitəsinin Baş Məclisinin birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı cənab İlham Əliyevin dediyi kimi… “Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və ən yüksək səviyyədə, yəni Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik”.

Dövlət başçısı vətəndaşlarımız qarşısında verdiyi bəyanatlara sadiqliyini, yürütdüyü siyasətin reallığa adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ölkə həyatında yeni bir intibah mərhələsinin başlanmasına nail olmuşdur. 2012–cı ildə qazandığımız sosial–iqtisadi nailiyyətlər Azərbaycanda mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi üçün bütün imkanların səfərbər edildiyini də təsdiqləmişdir. İclasda bildirildiyi kimi, bütün respublika miqyasında səhiyyə, mədəniyyət obyektlərinin, yeni məktəblərin tikintisi geniş vüsət almışdır. Yeni məktəblərin inşası, təmiri, təhsil ocaqlarının maddi–texniki bazasının təkmilləşdirilməsi, təhsil müəssisələrində informasiya texnologiyalarının tətbiqi, bir sözlə milli təhsil sisteminin müasir standartlar çərçivəsində yenidən qurulması ümummilli hərəkata çevrilmişdir. Bu gün bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi–texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafını ən vacib məsələlərdən biri kimi önə çıxarır.

Azərbaycanın nailiyyətləri üzərində qərar tutduğu Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli–mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Ümummilli liderin siyasi irsinin daşıyıcısı Prezident İlham Əliyev sübut etdi ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Onun bu prinsipi Azərbaycana böyük uğurlar gətirmiş, ölkəmiz bütün sahələrdə dinamik inkişaf etmiş, böyük uğurlar qazanmışdır.

Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu güclənmiş, ölkəmiz dünya miqyasında daha möhkəm mövqelərə sahib olmuş, qonşularla münasibətlər uğurla inkişaf etmiş, regionda bütün beynəlxalq, irimiqyaslı layihələrdə ölkəmizin iştirakı təmin olunmuş, dövlət siyasəti xalqımızın milli maraqlarının nəzərə alınması ilə həyata keçirilmişdir.

Bu barədə ölkə başçısı belə deyir: “Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik”.

Azərbaycan xalqı öz liderinin arxada qalan fəaliyyət dövrünü göz önünə alaraq birmənalı şəkildə deyə bilər ki, cənab İlham Əliyev heç bir sözü populizm, yaxud deklarativ çıxış naminə demir. “Güclü dövlət — müstəqil siyasət deməkdir” tezisini irəli sürən Prezident bunu əməli işi ilə sübuta yetirir. Dövlət başçısı öz sözünün sahibidir və verdiyi hər bir vədi əməli işi ilə gerçəkləşdirir.

 

 

Xalid NİYAZOV.

 

Respublika.- 2013.- 27 yanvar.- S. 1-2.