Heyvandarlığın
inkişafında mütərəqqi texnologiya
Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin Süni Mayalama Mərkəzi fəaliyyət göstərir. Mərkəzin vəzifəsi ölkəmizdə heyvandarlığın intensiv inkişaf etdirilməsinə, mal–qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə ilə yayılan xəstəliklərin qarşısının alınmasına və qısırlığın aradan qaldırılmasına kömək göstərməkdir.
Məlum faktdır ki, bu gün kənd təsərrüfatının bütün sahələrində “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün nəhəng irəliləyişlər müşahidə olunmaqdadır. Xüsusən heyvandarlıqda aparılan mühüm tədbirlər daha çox diqqəti cəlb edir. Artıq 10 ildən çoxdur ki, respublikamızın bütün rayonlarında, kəndlərində qaramalın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, eyni zamanda damazlıq–seleksiya işlərinin düzgün istiqamətdə aparılması üçün dünya miqyasında mütərəqqi tədbir sayılan süni mayalama kütləvi hal almışdır. Bunun üçün Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında” 14 fevral 2006–cı il tarixli 46 saylı qərarının yerinə yetirilməsi məqsədilə də kənd təsərrüfatı heyvanlarının damazlıq toxum bankının yaradılması və regionlarda süni mayalama şəbəkəsinin genişləndirilməsi üzrə tədbirlər planına uyğun akademik F.Ə.Məlikov adına Az ETHU–nun nəzdində kurslar təşkil olunmuş və Süni Mayalama Mərkəzi yaradılmışdır. Burada 20–25 başa qədər yüksək məhsuldar qaramal və camış cinslərinin, törədici buğa və kəllərin saxlanılması, onlardan alınan toxumun satılmasının təşkili nəzərdə tutulmuşdur. Artıq 5–ci ildir ki, dövlətimizin dəyərli qərarı yerinə yetirilir.
2007–ci ildən başlayaraq indiyədək kurslarda 500 nəfərə yaxın süni mayalama operatoru hazırlanmışdır. Onlar avadanlıqlarla təmin olunmuş və bölgələrdə fəaliyyət göstərirlər. Cənubi Qafqaz ölkələrində analoqu olmayan Respublika Süni Mayalama Mərkəzi öz işini yüksək səviyyədə yerinə yetirməkdədir.
Beləliklə, 2008–ci ildən ötən müddətdə toxum bankına Rusiya Federasiyasının Podolski vilayətində yerləşən “Kənd təsərrüfatı heyvanlarının təkrar istehsalı üzrə Baş Mərkəzi” ASC–dən yüksək məhsuldar 5 baş simmental, 4 baş şvis və 2 baş Holşten friz cinsli buğa, eləcə də Salyan rayonu “Hacı Camalxan” KFT–dən 3 baş Holşten friz cinsli buğa və Samux rayonunun camışçılıq təsərrüfatından 4 baş “Murrah” cinsli camış kəli alınmışdır. 2009–cu ildə mərkəzdə Avropa standartlarına uyğun bütün avadanlıqları Fransa istehsalı olan laboratoriya quraşdırılmışdır. Hazırda mərkəz Türkiyə və Rusiya süni mayalama mərkəzlərinin iş təcrübələrindən qaynaqlanır, hər gün qrafik əsasında buğa və kəllərdən toxum alınır. Mikroskopda müayinə olunur və alınan toxum standartlara uyğundursa, qablaşdırılaraq dondurulur. Hazırda Mərkəzdə 500000 (beş yüz min) doza buğa və kəl toxumu poyet sistemində qablaşdırılaraq mənfi 196 dərəcə C temperaturda saxlanılmaqdadır. Artıq bölgələrdə fəaliyyət göstərən süni mayalama texnikləri və fermerlər mərkəzdə istehsal olunan toxumlar alaraq təsərrüfatlarda uğurla mayalama işləri aparırlar. Məhz bunların nəticəsidir ki, 2007–2011–ci illər ərzində son 5 ildə statistik məlumatlara əsasən ölkə daxilində 230798 baş iribuynuzlu heyvan süni yolla mayalanmış, onlardan 133706 baş bala alınmışdır.
Qeyd edək ki, mərkəzdə buğa və kəllərə çox yüksək səviyyəli yemləmə və baxım şəraiti yaradılmışdır. Onların yem payına zootexniki rasiona uyğun yerkökü, üzüm qurusu, yumurta, balqabaq, şəkər əlavə olunur. Ona görə də buğalar 9–10 baldan əskik toxum vermirlər. Alınan toxum həcmi orta hesabla hər buğadan 6–8 mq–a qədər olur. Bu da toxumun uzun müddət maye azotda dərin dondurulmuş halda saxlanılması üçün yaxşı göstərici hesab olunur. Eləcə də qeyd olunmalıdır ki, dövlətimiz tərəfindən sahibkarlara və heyvandarlıqla məşğul olan fermerlərə köməklik, xüsusi təsərrüfatçıların az məhsuldar heyvanlarının yüksək məhsuldar qaramal cinsləri ilə əvəz edilməsi məqsədilə xarici ölkələrdən (Almaniya, Avstriya, Kanada) simmental, şvis, Holşten friz və Aberdin Anqus kimi cins heyvanlar alınıb gətirilərək güzəştli qiymətlərlə vətəndaşlara satılır. Bu heyvanlar cinsinə məxsus yemləmə və baxım şəraitində saxlanılarsa 1–ci sağım dövründə 3 min–4 min kq süd verə bilirlər.
Respublika Süni Mayalama
Mərkəzinə 2009–cu ildə Almaniyadan gətirilmiş 3 baş
simmental və 3 baş
şvis düyə burada
yaxşı baxım və yüksək tərkibli yemləmə
təşkil edilməklə onlardan 1–ci sağım dövründə 3,90 faiz yağlılığında 3500–4 000 kq süd sağılmışdır.
Bu
düyələrdən doğulan erkək
buzovlar isə 18–20 aylığından başlayaraq seçilir, toxum alınması məqsədilə yetişdirilir və çıxdaş olunan buğaların əvəzediciləri olurlar. Çünki
onların analarının əcdadları cins,
saf, təmizqanlı, yüksək məhsuldar
fərdlər olmuşlar. Əsas məqsədimiz heyvandarlığın əsas hissəsi
sayılan qaramalın və camışların kəndlərdə
yetişdirilən az məhsuldar
qrupların yaxşılaşdırılması və məhsuldarlığının
artırılmasında tətbiq olunan və
hazırda dünya
maldarlığının 95 faizini əhatə
edən ən mütərəqqi texnologiya sayılan süni
mayalamanın mahiyyətini, iqtisadi səmərəsini
və heyvandarlığın sağlamlığı
baxımından nə qədər sərfəli
olmasını bölgələrdə fəaliyyət göstərən
sahibkarlar, fermerlər və
heyvandarlıqla fərdi məşğul olan
təsərrüfat sahiblərinin diqqətinə
çatdırmaqdır. Bu işdə Kənd
Təsərrüfatı Nazirliyi hər bir dəstəyi bizdən əsirgəmir.
Ramiq Abbasov,
Respublika Süni Mayalama
Mərkəzinin direktoru.
Respublika.- 2013.- 29 yanvar.- S. 6.