Ana dilinə qayğı hər birimizin vətəndaşlıq borcudur

 

Dünyada mövcud olmuş və hazırda da mövcud olan tayfaları, xalqları, nəhayət, millətləri biri–birindən ayıran, fərqləndirən bir sıra əlamətlər, xüsusiyyətlər və özəlliklər var. Bunlar tayfalara, xalqlara və millətlərə xas olan dil, adət–ənənələr, yaşayış tərzi, xarici görkəm, onların malik olduğu antropologiya və sairədir. Bu özəlliklər sırasında dil aparıcı yer tutur. Dil hər bir millətin kimlik sənədi hesab edilir. Heç də təsadüfi deyil ki, tədqiqatçılar bizim eradan çox–çox əvvəl yaşamış etrusk adlanan tayfanın mənşəyini müəyyənləşdirmək, bu xalqın hansı millətə mənsub olmasını dəqiqləşdirmək işində dil amilini başlıca açar hesab edirlər.

Dillərin gələcək taleyi haqqında dilçilik tarixində belə bir fikir də söylənilmişdir ki, gələcəkdə dünyada vahid bir dil yaranacaq. Polemika açmadan qısaca olaraq demək olar ki, dillərin gələcəyi haqqında irəli sürülmüş bu psevdo–nəzəriyyənin nə maddi, nə mənəvi, nə də elmi əsası var. Məlum olan budur ki, bəşər tarixinin bütün dövrlərində, hətta qloballaşma adlandırılan müasir dövrdə də ancaq çoxsaylı millətlər deyil, hətta azsaylı tayfalar, millətlər də öz ana dilinin keşiyində ayıq–sayıq dayanır. Belə olan halda dünyada vahid dilin yaranacağı fikri əsla ağlabatan görünmür. Millətlər əmələ gəlir, yaşayır və vaxtı çatanda həyat səhnəsindən çıxır: millət nə qədər, nə müddətə yaşayarsa, onun dili də o qədər yaşayır, sahibinə əsas və əvəzedilməz ünsiyyət vasitəsi olaraq xidmət edir. Dilsiz millət, millətsiz də dil ola bilməz. Bu bir həqiqətdir aksiomadır.

Buna görə də heç təsadüfi deyil ki, millət nə qədər mövcud olursa, nə müddət yaşayırsa, ömrünün hər bir anında öz doğma dilini müqəddəs sanır, onun keşiyində ayıq–sayıq dayanır. Buradan isə məntiqi və təbii bir nəticə hasil olur: biz də dünya millətləri sırasında qədim, möhtəşəm və ulu tarixə malik bir millət olaraq öz ana dilimizin keşiyində hər zaman ayıq–sayıq dayanmalı, onun özəlliyini və gözəlliyini göz bəbəyimiz kimi qorumalıyıq. Bu, bizim keçmiş, hazırkı və gələcək nəsillər qarşısında üzərimizə düşən müqəddəs vəzifədir. Bu vəzifəni yerinə yetirmək işində başlıca rolu biz dilçilər oynamalıyıq. Gəlin görək, bu müqəddəs və şərəfli vəzifəni nə dərəcədə yerinə yetiririk? Məncə, bu işdə kifayət qədər fəal deyilik; dilimizə dəyən zərbəni ya görmürük, ya da onu görməməzliyə vururuq, ona biganə qalırıq.

Hər bir qədim və inkişaf etmiş dil kimi, bizim də dilimiz onu digər dillərdən fərqləndirən özəlliklərə malikdir. Ana dilimizi qorumaq, digər sözlə, həm də ona xas olan bu özəllikləri qorumaq deməkdir.

 

(əvvəli 26 və 27 yanvar tarixli saylarımızda)

 

Onu da vurğulamaq vacibdir ki, ana dilimizin özəlliyinə sahib olmaq, onun gözəlliyini mənimsəmək və bu dildə səlis danışmaq işində başlıca rolu, hər kəsdən öncə, ana və ailənin digər üzvləri oynayır. Zira uşaq ana dilində danışmağı anadan və ailənin digər üzvlərindən öyrənir: ana və ailənin digər üzvləri necə, nə cür danışırsa, uşaq da o təhər, o cür danışır. Məsələnin bu cəhətini hər bir ana, hər bir ailə bilməli, yadda saxlamalı və öz övladını ana dilini gözəl bilməsinin, ana dilini can–dildən sevməsinin hər an qeydinə qalmalıdır. Bu hər bir ananın, hər bir ailənin milləti qarşısında boynuna düşən müqəddəs vəzifədir. Zira milləti millət edən, onu tarixdə yaşadan, yuxarıda deyildiyi kimi, başlıca amillərdən biri də onun ana dilidir. Bu səbəbdən də hər bir ailə öz övladını öncə ana dilində oxutmalı, onun öz doğma dilinin kamil bilməsinin qeydinə qalmalıdır.

Bu deyilənlər heç də o demək deyil ki, bizim övladlarımız başqa dili və ya dilləri öyrənməməlidirlər, əsla yox. Müdrik babalarımız, atalarımız boş yerə deməyiblər ki, insan neçə dil bilirsə, o qədər də adamdır. Ulu babalarımızın, atalarımızın bu müdrik məsləhətinə, vəsiyyətinə əməl edərək ingilis dilini də, rus dilini də, alman və digər əcnəbi dilləri də öyrənməyimiz zamanın qaçılmaz tələbidir; bunsuz müasir qloballaşma dövründə əsla keçinmək olmaz. Zira əcnəbi dillərə ehtiyacımız çoxdur, onları öyrənməsək, əlacımız yoxdur. Böyük və klassik şairimiz Seyid Əzim Şirvani öz oğluna nəsihətində deyir:

 

“Öyrən rusca, almanca,

Möhtac olma dilmanca”.

 

Ana dilini öncə mükəmməl öyrənmək bir də ona görə vacibdir ki, ana dilini yaxşı bilən hər bir fərd, istər uşaq, istərsə də yaşlı, əcnəbi dili daha tez və daha asan öyrənir; onu daha tez qavrayır. Uzun illər xarici dili tədris etmək sayəsində qazandığımız praktik təcrübəmiz bunu əminliklə deməyə bizə əsas verir. Bir də bu səbəbdən ilk olaraq ana dilimizi öyrənməli, kamil bilməli, ancaq bundan sonra əcnəbi dilləri öyrənməliyik.

Ana dilimizin mükəmməl öyrənilməsində başlıca rol oynayan bir də məktəblərimiz və orada çalışan müəllimlərimizdir. Zira uşaqlarımız bilik və bacarıqları əsasən məhz məktəbdə qazanırlar. Məktəb yeni nəslin yetişməsində və formalaşmasında ailədən sonra başlıca və müstəsna rola malikdir. Məktəbdə müəllimim deyib, çalışan hər bir şəxs bu həqiqəti dərk etməli və üzərinə götürdüyü bu müqəddəs vəzifəni, yəni gənc nəslin təlim–tərbiyəsi işini layiqincə yerinə yetirməli, tədris etdikləri fəndən asılı olmayaraq uşaqların öz ana dilini kamil bilmələri məsələsini hər an diqqət mərkəzində saxlamağı özləri üçün müqəddəs borc hesab etməlidir. Təcrübə göstərir ki, təbiət elmlərindən dərs deyən bəzi müəllimlər ana dili məsələsinə biganə qalır, bu işin ana dilindən dərs deyən müəllimlərin problemi olduğunu güman edərək şagirdlərin ana dili məsələsinə fikir vermirlər. Bununla əsla razılaşmaq olmaz. Hər bir müəllim bilməlidir ki, tədris olunan bütün fənlərin, əldə ediləcək elmi nailiyyətin açarı, hər şeydən öncə, ana dilini kamil bilməkdir. Axı bütün fənlər ana dilində tədris olunur, ana dilində əldə edilən elmi biliklər daha dayanıqlı və daha mükəmməl olur. Ana dilini yaxşı bilməyən heç bir şagird tədrisdə lazımi müvəffəqiyyət qazana bilməz, kamil elmi biliklərə sahib ola bilməz. Bu, təsdiqə ehtiyacı olmayan bir həqiqətdir, aksiomdur. Məhz bu səbəbdən də nəinki ana dilindən dərs deyən, hətta digər fənlərdən dərs deyən müəllimlər də ilk öncə şagirdin ana dilini kamil bilməsinin qeydinə qalmağa borcludur.

Onu da qeyd etmək lazımdır ki, ana dilimizin əsrlərlə formalaşmış qayda–qanunlarını pozan, onları anlaşılmaz hala salan bir də bizim idman icmalçılarımızdır, daha dəqiq desək, futbol yarışlarını şərh edən bəzi jurnalistlərdir. Onların əksəriyyəti sanki dilimizin cümlələrində sözlərin necə düzülməsini bilmirlər, ya da ona laqeyd yanaşırlar. Nəticədə qəribə səslənən cümlələr işlədirlər. Məsələn, belə deyirlər: Filankəs gözəl topu yoldaşına ötürdü (futbol oyununun şərhçisi Rəşad Rafiqoğlu). Bu cümlə qüsurludur, səhvdir. Belə ki, bu cümlədə işlənmiş gözəl sözü tərzi–hərəkət zərfliyidir və dilimizin sintaktik qanununa əsasən ötürmək fel qarşısında durmalıdır. Bu cümlədə isə bu söz, göründüyü kimi, ismin qarşısında, yəni top sözünün qarşısında işlədilmişdir. Bunun nəticəsində də həmin cümlənin mənası təhrif olunmuşdur. Belə çıxır ki, filankəs yoldaşına pis yox, gözəl topu ötürdü. Əslində isə burada söhbət topun necəliyindən, onun gözəlliyindən, yaxşı və ya pis olmasından deyil, hərəkətin necəliyindən gedir; oyunda istifadə edilən adi, normal bir topdan, onun gözəl ötürülməsindən gedir. Demək bu cümlə əslində belə deyilməlidir. Filankəs topu yoldaşına gözəl ötürdü.

Ana dilimizin nəqli cümlələrində sözlərin sıralanması məsələsini ya bilməməkdən, ya da bu məsələyə etinasızlıq göstərməkdən irəli gələn daha bir məsələ üzərində də dayanmaq istərdik. Bir də eşidirsən ki, şərhçi uca səslə deyir: Daha bir küncdən zərbə. Yaxud deyir: On beşinci küncdən zərbə (Rəşad Rfiqoğlu) və s. Çox qəribədir, məgər bu futbol oyununun şərhçisi bilmirmi ki, görmürmü ki, futbol meydanının cəmi dörd küncü var?! Belə olan halda on beşinci küncdən necə zərbə vurmaq olar?! Bu halda da səbəb şərhçinin işlətdiyi cümlədə sözləri yanlış olaraq sıralamasıdır; şərhçi künc sözü ilə sıra sayını cümlədə düz yerləşdirmir. Bunun da nəticəsində belə əcaib, gülüş doğuran cümlələr alınır. Bu halda sadəcə olaraq əvvəlcə künc sözü, ondan sonra isə lazım olan sıra say işlədilməlidir. Belə olduğu halda hər şey qaydasına düşər, şərhçinin işlətdiyi cümlə quruluşca dilimizin qayda–qanununa cavab verər: küncdən birinci zərbə, küncdən on beşinci zərbə və s.

Qeyd etmək lazımdır ki, dilimizdə xəbəri var və yaxud yox sözü ilə ifadə olunan cümlələr bir qayda olaraq, xüsusi növ hökm ifadə edir. Bu növ hökm məntiqdə mövcudiyyət hökmü adlandırılır və o, yəni mövcudiyyət hökmü qeyri–müəyyən bir şəxsin, bir əşyanın, bir şeyin məlum bir məkanda mövcud olub və ya olmamasını bildirir. Məsələn, Evdə adam var, Bağda uşaq var, Həyətdə maşın yoxdur, Bu göldə balıq yoxdur və s. Bu səbəbdən də bu növ cümlələrdə mübtəda bir qayda olaraq ümumi isimlə, həm də qeyri–müəyyənlik kateqoriyasında olan ümumi isimlə ifadə olunur. Xüsusi isimlər, xüsusən də adam adları həmişə müəyyən olur, yəni müəyyənlik kateqoriyasında olur. Bu səbəbdən də bu növ cümlələrdə xüsusi isimləri mübtəda funksiyasında işlətmək qeyri–mümkündür, məntiqə ziddir. Biz dilimizdə Evdə Əli / Tofiq / Cavid var və yaxud Həyətdə Əhməd / Zəhra / Günel yoxdur və s. deyə bilmirik. Amma bizim bəzi idman icmalçılarımız dilimizin bu qanununa məhəl qoymadan bu növ cümlələrdə mübtədanı xüsusi isimlə ifadə edirlər. Məsələn deyirlər: Meydanın sol tərəfində İsmayıl var. Yaxud bu və ya digər səbəbdən hakimin təyin etdiyi cərimə zərbəsini vurmaq məqamında deyirlər: Topun arxasında Rəşad var (Rəşad Rafiqoğlu). Bu cümlələr də qüsurludur. Zira yuxarıda deyildiyi kimi, bu cümlələr mövcudiyyət hökmü ifadə etdiyinə görə, xəbəri var sözü ilə ifadə olunduğuna görə onların mübtədası xüsusi isimlə—İsmayıla və Rəşadla ifadə oluna bilməz. Bu halda yuxarıda verilmiş cümlələrin düzgün variantı belədir: İsmayıl meydanı sol tərəfindədir. Topun arxasında Rəşad dayanıb.

Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, mən hələ cavan çağlarımdan futbol oyunlarını seyr etməyi xoşlayıram və ondan zövq alıram. Amma bizim bəzi şərhçilərimizin futbol yarışları zamanı belə yanlış cümlələr işlətmələri, dilimizin qayda–qanunlarına riayət etməmələri mənim ovqatımı yamanca təlx edir, kefimi pozur, futbol oyunundan almaq istədiyim ləzzətə sözün əsl mənasında haram qatır. Heç şübhə etmirəm ki, futbol reportajı aparan bəzi şərhçilərin bu cür qüsurlu danışmaları və dilimizin qayda–qanunlarını pozaraq yöndəmsiz cümlələr işlətmələri nəticəsində ovqatı korlanan yəqin ki, təkcə mən deyiləm…İnanmaq istərdim ki, yuxarıda deyilənləri nəzərə alaraq, həm də ana dilimizin qayda–qanunlarına hörmət edərək idman icmalçılarımız yəqin ki, bu deyilənlərdən nəticə çıxaracaq və nitqlərində yol verdikləri bu növ qüsurları islah edəcəklər.

Ana dilimizə, xüsusən də onun sintaktik qayda–qanunlarına, yumşaq desək, dəyən zərbə bir də şəhərimizin mağazaları önünə vurulan reklamlar sahəsində müşahidə olunur. Bu sahədə də vəziyyət heç də ürəkaçan deyil: dükanların və mağazaların fasadına vurulmuş reklamlarda qrammatik (sintaktik) səhvlərə yol verilir ki, bu da cümləni yöndəmsiz etməklə yanaşı, həm də onun mənasına xələl gətirir. Məsələn “İnşaatçılar” metrosunun həndəvərində bir quru meyvə və digər çərəz satılan mağazanın önündə bir lövhə qoyulub və üstündə belə yazılıb: Ordubad quru meyvələri. Göründüyü kimi, bu reklamda sözlər səhv sıralanmışdır. Məsələ burasındadır ki, ana dilimizdə təyin olunan sözün eyni vaxtda birdən artıq təyini olarsa, təyinlər belə sıralanır: mənaca baş sözə, təyin olunan sözə daha yaxın olan söz (təyin) birinci, sonra isə digər sözlər, yəni təyinlər dayanır. Yuxarıda verilmiş reklamda Ordubad sözü əsas sözə, yəni meyvə sözünə mənaca daha yaxındır, digər sözlə Ordubad sözü meyvə sözü ilə daha sıx əlaqədədir. Zira Ordubad meyvəsi sözbirləşməsinin başqa variantı yoxdur. Amma Ordubad meyvəsi quru da ola bilər, yaş da, yəni qurudulmuş da. Bunun nəticəsi olaraq da Ordubad sözü ilə quru sözü arasında olan sintaktik əlaqə nisbətən zəifdir. Bu səbəbdən də Ordubad sözü meyvə sözünə yaxın, yəni birinci dayanmalıdır. Quru sözü isə meyvə sözünə uzaq, yəni söz birləşməsinin başlanğıcında dayanmalıdır. Beləliklə də bu reklamın düzgün variantı belədir: Quru Ordubad meyvələri.

Yuxarıda qeyd edilən səbəb ucbatından respublikamızın şəhərlərində qüsurlu yazılmış istənilən qədər reklama rast gəlmək olar. Təkcə “İnşaatçılar” metrosunun həndəvərində, yəni Şərifzadə küçəsində cəmisi iki yüz metr məsafədə apardığım müşahidə nəticəsində yuxarıda haqqında danışılan Ordubad quru meyvələri reklamından əlavə daha iki belə qüsurlu yazılmış reklama rast gəldim. Bu reklamlar belə yazılıb: Qadın alt geyimləri, Kişi və qadın alt geyimi. Yuxarıda, yəni Ordubad quru meyvələri reklamı ilə əlaqədar olaraq söylədiyimiz səbəbə görə bu reklamlar da qüsurludur. Onların düz, doğru variantı belədir: Alt qadın geyimləri. Alt kişi və qadın geyimi. Sonuncu reklam belə yazılsa daha məqbul sayılar: Alt kişi və qadın geyimləri. Çünki bu mağazada kişi və qadınlar üçün bir deyil, bir neçə növ alt geyimi satılır.

Onu da qeyd edim ki, bu qısa müddətli gəzinti zamanı daha bir qəribə, bəlkə də əcaib adlandırıla biləcək bir reklama da təsadüf etdim. Bu reklamda belə yazılıb: Ev geyimləri və sportivnilər. Onu da boynuma alım ki, bir müddət bu reklamın ikinci sözünü, yəni sportivnilər sözünü oxumaqda çətinlik çəkdim. Sən demə, bu söz rus dilində olan sportivnıy sözü imiş. Bu reklamı yazdıran və ya yazan rus dilindən bu sözü götürüb, ona dilimizdə cəmlik bildirən – lər şəkilçisini yapışdırıb. Bunun da nəticəsində belə hibrid, dilimizə əsla yaraşmayan, onun özəlliyinə sığışmayan, gözəlliyinə xələl gətirən bir əcaib söz yaranıb: sportivnilər. Onu da qeyd edək ki, bu reklamın düzgün variantı belədir: Ev və idman geyimləri. Uzağa getmək lazım gəlmir, ilk baxışdaca görünür ki, bu reklamın bizim təklif etdiyimiz variantı onun mağazanın üstünə vurulmuş Ev geyimləri və spotivnilər variantından daha səlis, daha qulağayatımlıdır və daha gözəl səslənir; mətləbi, yəni həmin mağazada nəyin satıldığını daha aydın bildirir.

Yeri gəlmişkən onu da qeyd edək ki, reklamların yazılması, onlarin tərtib olunması təkcə dil məsələsi olaraq qalmır, o, həm də millətin mədəniyyətinin inkişaf səviyyəsinin göstəricilərindən biri hesab edilir. Məhz həm də bu səbəbdən reklam məsələsi, onun lazımi səviyyədə yazılması və tərtib edilməsi həmişə diqqət mərkəzində saxlanılmalıdır.

Onu da qeyd etmək istərdik ki, ana dilimizin reklam sahəsində işlədilməsində mövcud olan problemlərdən dəfələrlə danışılmış, televiziya ekranlarında səhv və səviyyəsiz şəkildə yazılmış bir sıra reklam nümayiş etdirilmiş, bu barədə söhbət açılmış, lakin bu sahədə olan qüsurlar aradan qalxmır ki qalxmır. Səbəb isə məncə, ondan ibarətdir ki, bu işlə bilavasitə məşğul olan bir qurum yoxdur. Bizcə, ana dilimizin xüsusən reklam sahəsində daha düzgün, daha səmərəli və daha məqsədyönlü işlədilməsinə nəzarət etmək üçün bir dil qurumunun yaradılmasına ehtiyac var. Bu qurumu ya Prezident Administrasiyası yanında, ya da Azərbaycan Milli Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda yaratmaq məqsədəmüvafiq olardı. Belə bir dil qurumunun yaradılması ilə yanaşı, bu qurumun başında elə bir mütəxəssis durmalıdır ki, nəzarət edəcəyi dilin daşıyıcısı olsun və onu gözəl bilsin . Əks təqdirdə bu tədbir də ana dilimizin köməyinə gələ bilməz, bəlkə də ona ziyan vurar. Necə ki, bir zamanlar qardaş Türkiyə Cümhuriyyətində yaradılmış dil qurumunun başında türk deyil, məndə olan məlumata görə, Akop Dilaçar adında bir erməni dayanmış, o da türk dilini saflaşdırmaq bəhanəsi ilə onun leksikonuna lazımsız yerə bir sıra əcnəbi sözlər daxil etmişdi. Məsələn, domatez (pomidor əvəzinə), patates (kartof əvəzinə), tren (qatar əvəzinə) və s. Heç şübhəsizdir ki, bu erməni dığası bununla Osmanlı türkcəsini mümkün qədər başqa türk dillərindən uzaqlaşdırmaq istəmiş və bu məqsədinə də qismən nail olmuşdur.

Bu hadisə bir daha sübut edir ki, ana dili qurumunun başında o dilin daşıyıcısı olan, onu kamil bilən, sözün əsl mənasında bu dilin vurğunu olan bir mütəxəssis durmalıdır. Əks təqdirdə arzu edilən nəticə alınmaz.

 

 

Oruc Musayev Türksevər,

filologiya elmləri doktoru,

professor.

 

Respublika.- 2013.- 29 yanvar.- S. 5.