Nümunəvi mədəniyyət
ocağı
Bakının Xəzər rayonundakı qabaqcıl mədəni–maarif ocaqlarından biri Şüvəlan və DRES–də yaşayan əhaliyə xidmət göstərən Şüvəlan qəsəbə mədəniyyət evidir.
Mədəniyyət evi 1957–ci ildən fəaliyyət göstərir. Burda çalışan 11 nəfər mədəni–maarif işçisinin əksəriyyəti ixtisas təhsilli olduğundan aparılan işlər daim rayon rəhbərliyi və Bakı Mədəniyyət və Turizm İdarəsinin diqqətini çəkir. Mədəniyyət evi şüvəlanlıların əsl asudə vaxt və tərbiyə mərkəzinə çevrilmişdir. Şüvəlanda fəaliyyət göstərən 2 ümumtəhsil məktəbinin şagirdləri məktəbdənkənar vaxtlarını bu nümunəvi mədəniyyət evində keçirirlər. Elə bunun nəticəsidir ki, Şüvəlan qəsəbəsi və DRES–də azyaşlılar arasında cinayət hadisələrinə son zamanlar demək olar ki, rast gəlinmir.
Mədəniyyət evində uşaq və yeniyetmələr üçün müxtəlif istiqamətli klub və dərnəklər təşkil edilmişdir. Burada dram, poeziya, fortepiano, sintizator, kompyuter, oğlan və qızlar üçün rəqs dərnəkləri fəaliyyət göstərir.
Bununla kifayətlənməyən mədəniyyət evinin rəhbərliyi uşaqların xahişini və tələbatını nəzərə alaraq pullu dərnəklərin də inkişafına diqqət yetirir. Burda artıq pullu rəqs və sintizator dərnəkləri fəaliyyətə başlamışdır.
Son zamanlar mədənyyət evi öz fəaliyyətini daha da genişləndirmişdir. Heç şübhəsiz ki, bu, mədəniyyət evinin direktoru Vüqar Ağayevin gərgin səyi nəticəsində mümkün olmuşdur. İxtisasca ali təhsilli dram rejissoru olan Vüqar müəllim uşaq və gənclərin buraya cəlb olunması və yeni dərnəklərin yaradılması üçün əlindən gələni edir.
2008–ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən mədəniyyət evi sözün əsl mənasında asudə vaxt mərkəzinə çevrilmişdir. Vüqar Ağayevlə söhbət edərkən o bildirdi ki, mədəniyyət evi təkcə rayon tədbirlərində deyil, eyni zamanda respublika əhəmiyyətli tədbirlərdə də yaxından və fəal iştirak edir. 20 Yanvar faciəsi, Gənclər günü, Xocalı soyqırımı, Novruz Bayramı, ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlər, “Gələcəyimizi xilas edək”, “Zamanı qabaqlayan dahi” adlı silsilə tədbirlər, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş gecələr qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır.
Onu da qeyd etməliyik ki, mədəniyyət
evi respublikamızın ayrı–ayrı əlaqədar
təşkilatları ilə birgə tədbirlər planı
həyata keçirir.
Zabit Cavadov
Respublika.- 2013.- 29 yanvar.- S. 4.