Vergi ödəyiciləri ilə görüş keçirilmişdir
Yanvarın 28–də
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının
binasında Bakı şəhərində fəaliyyət
göstərən vergi ödəyiciləri
üçün Vergi
Məcəlləsinə edilmiş əlavə
və dəyişikliklərlə əlaqədar görüş keçirilmişdir.
Tədbirdə Vergilər Nazirliyinin rəhbər
vəzifəli şəxsləri və 400–dək sahibkar iştirak etmişdir.
Vergilər
nazirinin müşaviri Ələkbər Məmmədov
görüşü açaraq tədbirin məqsədi barədə
danışmışdır. Qeyd olunmuşdur ki, Vergi Məcəlləsinə
edilmiş son dəyişikliklər ölkə Prezidentinin
Vergilər Nazirliyinin qarşısına qoyduğu tələblərə
uyğun olaraq, Azərbaycanda partnyorluq,
qarşılıqlı faydalara söykənən dövlət–biznes
münasibətlərinin qurulması istiqamətində daha bir
addımdır. Ölkə Prezidentinin fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012–ci il
tarixli Azərbaycan Respublikasının Qanunu barədə məlumat
verən Ə.Məmmədov bu qanunun qəbulunun vergi
qanunvericiliyinin möhkəmləndirilməsinə xidmət
etdiyini vurğulamışdır.
Görüşdə
çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti
və strateji araşdırmalar baş idarəsinin rəisi
Akif Musayev Vergi Məcəlləsinə dəyişikliklər
barədə ətraflı məlumat vermişdir. Vergi Məcəlləsinin
65 maddəsinə 131 bənd üzrə 176 əlavə və
dəyişikliyin edildiyini vurğulayan idarə rəisi dəyişikliklərin
əsasən vergi ödəyicilərinin
hüquqlarının müdafiəsi, vergi ödəyicilərinin
mənafelərinin qorunması, vergi
inzibatçılığının və vergi nəzarətinin
təkmilləşdirilməsi ilə bağlı məsələləri
əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, dəyişikliklərin
əsas hissəsini sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, vergi ödəyicilərinə
və vətəndaşlara müxtəlif vergi güzəştlərinin
verilməsi, ölkəmizin investisiya cəlbediciliyinin
artırılmasına xidmət edən dəyişikliklər
təşkil edir.
Görüşdə
çıxış edən BŞVD–nin struktur bölmələrinin
rəhbərləri Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin
mahiyyəti barədə geniş məruzələr etmiş,
Məcəlləyə daxil edilmiş yeni anlayışlar,
vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi
ilə bağlı müddəalar, kameral və səyyar vergi
yoxlamalarına, operativ nəzarət tədbirlərinə və
maliyyə sanksiyalarına edilmiş dəyişikliklər,
vergi ödəyicilərinin bank hesablarına sərəncamların
qoyulması və borclu vergi ödəyicilərinin əmlaklarının
siyahıya alınmasındakı yeniliklər barədə ətraflı
məlumatlar vermişlər. Fiziki şəxslərin gəlir
vergisi və hüquqi şəxslərin mənfəət
vergisi, aksiz, əmlak, torpaq, yol və sadələşdirilmiş
vergilərdə edilmiş dəyişikliklər, o cümlədən
ƏDV–nin ödənilməsi prosesindəki yeniliklər də
vergi ödəyicilərinin nəzərinə
çatdırılmışdır.
Görüşün
sonunda vergi ödəyicilərinin müxtəlif məsələlərlə
bağlı çoxsaylı sualları
cavablandırılmışdır.
Rauf İlyasoğlu
Respublika.- 2013.- 29 yanvar.- S. 4.