Füzuli rayonu gündən–günə
inkişaf edir
Məlum
olduğu kimi, Ermənistan
silahlı qüvvələrinin təcavüzünə məruz
qalmış bölgələrdən olan
Füzuli rayonu öz igid müdafiəçilərinin
son nəfəsədək düşmənə
qarşı mübarizəsinə baxmayaraq,
23 avqust 1993–cü il tarixdə işğal olunmuşdur. Süqut edənədək bu rayonda 1 şəhər,
1 şəhər tipli qəsəbə,
75 kənd və digər yaşayış məntəqələri
mövcud idi. Azərbaycan Milli Ordusunun
hünəri sayəsində 1994–cü ildə
düşmənə qarşı əks–hücum zamanı Füzulinin 30 min hektar ərazisi, 1 qəsəbə və 22 kəndi
işğaldan azad edilmiş, öz
torpaqlarında məcburi köçkünə çevrilmiş füzulililərin bir qismi doğma
yurd yerlərinə
qayıtmışdır.
İşğaldan azad ərazilərdə
böyük bərpa işləri görülmüş, yenidən həyat
qaynamış, yollar inşa
edilmiş, elektrik, qaz xətləri çəkilmiş, parklar salınmış, yeni
müəssisələr yaradılmışdır.
Bu bölgədə mühüm əhəmiyyət kəsb edən, strateji nöqtələrdən sayılan Horadiz qəsəbəsində düşmən mərmisinə tuş gəlmiş, dağılmış evlər sürətlə bərpa olunmuş, qısa bir zaman kəsiyində rayonda 17 yeni qəsəbə salınmış, müasir infrastrukturla təmin olunmuş, on minlərlə məcburi köçkün burada məskunlaşmışdır.
Fərəhli haldır ki, beş il öncə şəhər statusu almış Horadizdə və kəndlərdə dinamik inkişaf müşahidə olunur, köklü dəyişikliklər nəzərə çarpır.
Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü, böyük qayğısı və dəstəyi nəticəsində respublikamızda mühüm işlər görülür.
Möhtərəm Prezidentimizin 14 aprel 2009–cu il fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı” Dövlət Proqramı uğurla icra olunur. Bu proqram ölkənin, o cümlədən rayonumuzun hərtərəfli və davamlı tərəqqisi üçün geniş imkanlar yaratmışdır. Cəbhə bölgəsində yaşayan əhalinin həyat şəraitinin, rifahının yaxşılaşdırılması üçün mühüm işlər görülür.
Proqramın müddəalarına müvafiq, rayonun yaşayış məntəqələrinə təbii qaz çəkilişi davam etdirilir. Horadiz şəhərinə, Şükürbəyli, Kərimbəyli, Arayatlı, Babı, Əhmədalılar kəndlərinə, Böyük Bəhmənli kəndinin bir hissəsinə qaz çəkilmişdir. “Azəriqaz” Səhmdar Cəmiyyəti bu istiqamətdə işləri davam etdirir.
Rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması sahəsində görülən işlər də ürəkaçandır. Proqramda nəzərdə tutulmuş vəzifələrə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti səkkiz yaşayış məntəqəsində artezian quyuları qazıb istifadəyə vermişdir və həmin quyular suvarma məqsədi ilə istismar olunur.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bütün istiqamətlərdə aparılan yenilikləri, inkişaf proseslərini diqqət mərkəzində saxlayır, icra hakimiyyəti başçısı aparatının hər bir işçisindən bu sahədə məsuliyyət və ciddilik tələb edir. İlk növbədə, vətəndaşların müraciətlərinə qayğı və diqqətlə yanaşılır, problemlərin həlli istiqamətində tədbirlər görülür.
Yeni obyektlərin yaradılması, istehsal sahələrinin açılması əhalinin məşğulluğunun artırılması və işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Sözün əsl mənasında, rayon abadlaşır, gündən–günə gözəlləşir, quruculuq işləri aparılır. Adıçəkilən Dövlət Proqramı çərçivəsində yeni infrastruktur layihələrinin gerçəkləşdirilməsi nəticəsində məcburi köçkünlərin sosial problemləri həll olunmuş, yaşayış şəraiti yaxşılaşmışdır.
Bu proqram digər bölgələrdə olduğu kimi, Füzulidə də müvəffəqiyyətlə icra olunur. Məlum olduğu kimi, ötən ilin dekabrında ölkə Prezidenti cənab İlham Əliyev Füzuli rayonunda səfərdə olmuş, Horadiz Şəhər Mədəniyyət Sarayı yenidən qurulduqdan sonra açılışında iştirak etmişdir. Ümumi sahəsi 1472 kvadratmetr, 135 tamaşaçı yeri, məşq otaqları, rəsm qalereyası olan, ikimərtəbəli binası gözoxşayan və şəhərin görkəminə xüsusi yaraşıq verən bu saray əhalinin mədəni səviyyəsinin, dünyagörüşünün artırılmasına yönəlmiş tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Ölkə başçısı həmin səfəri zamanı Horadizdə Heydər parkının, Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının inzibati binasının açılış mərasimlərində də iştirak etmişdir. Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və çoxşaxəli fəaliyyətinin müxtəlif mərhələlərini, həmçinin Füzuli rayonuna səfərlərini əks etdirən fotosərgilər nümayiş etdirilir. Burada müasir formatlı kino zalı, foto, dizayn və səs studiyaları yaradılmışdır. Gənclər mərkəzdəki kurslarda müasir texnoloji yeniliklərlə tanış olur, bilik və bacarıqlarını inkişaf etdirirlər. Horadiz Şahmat Mərkəzində isə uşaqlar idmanın bu intellektual növünün sirlərinə yiyələnirlər.
YAP rayon təşkilatının yeni inzibati binasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin sosial–iqtisadi inkişafı, o cümlədən YAP–ın respublikamızın siyasi həyatında rolunun artırılması ilə bağlı fəaliyyətlərini əks etdirən fotostendlər quraşdırılmışdır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, YAP Füzuli rayon təşkilatının 5 min 500–dən çox üzvü vardır. Onların 2 min 300–ü qadın, 1500–ü isə gənclərdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın — böyüyən nəslin ən yaxın dostunun qayğı və diqqətinin təzahürü olaraq rayonumuzda bir sıra yeni məktəb binaları da tikilib istifadəyə verilmişdir. 240 şagird yerlik 3 nömrəli tam orta məktəb, 80 yerlik Üçbulaq kənd tam orta məktəb, 80 yerlik Gecəgözlü kənd tam orta məktəbinin inşa edilməsi, Qayıdış qəsəbə 4 nömrəli tam orta məktəbin və uşaq bağçalarının bərpası, müasir avadanlıq və tədris vəsaiti ilə təchiz olunması bu günün fərəh hissi doğuran reallığıdır.
Ötən dərs ilində rayon üzrə onbirinci sinifləri 682 şagird bitirmiş, onlardan 405 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, öz qüvvə və bacarıqlarını sınamışdır. 316 məzun ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ölkəmizin müxtəlif universitetlərinə qəbul edilənlərin 3 nəfəri 600–dən yuxarı, 112 nəfəri isə 500–dən 600–dək bal toplamışlar. 1,2,10,30,45,48,50 nömrəli məktəblərin, həmçinin Qayıdış qəsəbə 8 saylı tam orta məktəbin yetirmələrinin əldə etdikləri göstəricilər daha yüksək olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Horadizdəki 3 nömrəli şəhər tam orta məktəbin ümumi sahəsi 3 min 170 kvadratmetrdir. Məktəbin həyətyanı sahəsində yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır. Təhsil müəssisəsində müasir tədris vasitələri və ləvazimatları ilə təchiz olunmuş, tədris laboratoriyaları, 22 sinif otağı, sürətli internetlə təmin edilmiş kompyuter zalı, kitabxana, 130 yerlik akt zalı vardır. İdman zalında mini–futbol, voleybol, basketbol, güləş və digər idman növləri ilə məşğul olmaq üçün normal şərait yaradılmışdır.
Yenicə başa çatmış ötən ilə nəzər salanda ölkəmizdə iqtisadi artımın sürətlə davam etdiyinin şahidi oluruq. Regionların inkişafının sürətlənməsində, o cümlədən rayonumuzun iqtisadiyyatının şaxələnməsində, əhalinin rifahının daha da yüksəldilməsində yeni uğurlar əldə olunmuşdur. Bir qədər əvvəl Füzuli Soyuducu Anbar Kompleksi istifadəyə verilmişdir. Bu kompleks burada çalışan məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılmasına şərait yaradacaqdır.
Rayonun Qarabağ kəndində isə yeni fabrik işə salınmışdır. “Qarabağ Broyler” adlandırılmış bu müəssisə yararsız vəziyyətdə olan heyvandarlıq kompleksinin bazasında yaradılmışdır. Fabrikdə ildə 2,1 min ton müxtəlif çeşiddə quş əti məhsulları istehsal ediləcəkdir. Füzuli və ətraf rayonlardan 120 məcburi köçkün bu müəssisədə yeni iş yeri ilə təmin olunmuşdur.
Dəmir yolunun Horadiz stansiyasında sərnişin vağzalının hələ 1958–ci ildə inşa olunmuş binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Baş Mil kanalı üzərində 14 hektar ərazidə Füzuli Su Elektrik Stansiyası inşa olunmuşdur. Ümumi gücü 25,2 meqavat olan bu stansiya “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə birləşdirilərək paralel rejimdə işləyir.
Füzuli Su Elektrik Stansiyası ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması” üzrə Dövlət Proqramının əsasında inşa edilmişdir. Ölkə başçısı hələ 2008–ci ildə Füzuliyə səfəri çərçivəsində bu stansiyanın təməlqoyma mərasimində iştirak etmişdir. Stansiyanın ərazisində yeni yarımstansiya tikilmiş və ətrafda geniş abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılmışdır.
Son illərdə Azərbaycanda inşa edilmiş ən böyük su elektrik stansiyası olan bu obyekt Aran bölgəsinin enerji təhlükəsizliyinin və dayanıqlılığının təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Həm də bu stansiya vaxtilə düşmənin işğal etdiyi, sonradan azad olunmuş ərazilərdə yaradılmışdır.
Füzuli Mərkəzi Rayon Xəstəxanasında əhaliyə çoxsaylı tibbi xidmət göstərilir. Bu xəstəxananın tabeliyində olan bütün müəssisələrdə mütəmadi olaraq səyyar tibbi xidmətlər göstərilir. Son zamanlar aparılmış səhiyyə islahatları ilə əlaqədar olaraq həkimlər və orta tibb işçiləri təkmilləşmə kurslarından keçərək yüksək bal toplayıb sertifikat almışlar.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafinın yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı bütövlükdə ötən ilin ölkə iqtisadiyyatı üçün çox uğurlu olduğunu, düşünülmüş iqtisadi siyasətin gözəl nəticələr verdiyini, ümumi daxili məhsulun 2,2 faiz artdığını, Regional İnkişaf Proqramının uğurla icra edildiyini, 2009–cu ildə qəbul edilmiş İkinci Proqramın başa çatmaqda olduğunu vurğulamışdır.
Bu gün füzulililər düşmən tərəfindən atəşkəsin tez–tez pozulduğu bir şəraitdə yaşayıb yaradırlar. İşğal dövründə dağıdılmış Horadiz ölkə başçısının qayğısı və böyük dəstəyi sayəsində öz simasını bütövlükdə dəyişərək müasir bir şəhərə çevrilmışdır. Burada Muğam Mərkəzi, İdman Kompleksi, Diaqnostika Mərkəzi inşa edilmiş, yaraşıqlı parklar, istirahət guşələri salınmış, yollar, küçələr yenidən qurulmuşdur.
Füzuli torpaqlarının 55 faizi işğal olunsa da, əhalinin 60 faizi, yəni 70 min nəfər öz doğma torpaqlarına qayıtmışdır. Rayonumuz bu gün yaşayır, inkişaf edır və yeni–yeni uğurlara imza atır.
Zümrüd ABBAS,
Yeni Azərbaycan Partiyası
Füzuli rayon təşkilatının
üzvü.
Respublika.- 2013.- 30 yanvar.- S. 5