Zaqatala: vətəndaşların qəbuluna,
müraciətlərinə, təkliflərinə qayğı
ön plandadır
Neçə ay bundan öncə
Zaqatalanın istirahət guşələrindən birində
yaşı yetmişi haqlayan
el ağsaqqalının həmyaşıdları
ilə bu barədəki söhbətinin
iştirakçısı oldum. O, icra hakimiyyətində olduğundan, yaşadığı məhəllənin,
şəhərin bəzi dərdləri barədə icra başçısına məlumat verdiyindən,
təkliflərinin bir çoxunun
həlli üçün dərhal əlaqədar
adamlara tapşırıqlar verildiyindən,
bir qisminin isə
başçının nəzarətində
saxlandığından danışırdı. Ağsaqqal
sözünə davam edib
söylədi ki, onun
müraciətlərinin, demək olar,
hamısı həll edilib. İndi suyumuz da yaxşı gəlir, kommunal
idarəsi küçənin təmizliyinə də
yaxşı fikir verir,
işıq xətlərindəki bəzi nasazlıqlar da aradan qalxıb,–deyən
ağsaqqal ölkə Prezidenti İlham Əliyevin,
əhalinin sosial–rifah
halının yaxşılaşdırılması istiqamətində
həyata keçirdiyi tədbirlərin doğma rayonlarında da
diqqət mərkəzində saxlandığından böyük fərəh duyduğunu
bildirdi.
Rayondakı bugünkü sosial–iqtisadi inkişafın dinamikasına, vətəndaşların qəbuluna, müraciətlərinə, təkliflərinə həssaslıqla yanaşılmasına, hər birinin həllinə isti münasibət bəslənməsinə nəzər salanda el ağsaqqalının söylədiklərinin şahidi olursan. Onsuz da təbiətən çox gözəl olan Zaqatalaya məhz icra hakimiyyətinin, rayonun əlaqədar qurumlarının, dövlət məmurlarının diqqəti və qayğısı ilə daha bir gözəllik sığalı çəkilir, onun füsünkarlığı da, abadlığı da günbəgün artırılır.
Onu da bildirək ki, bu gün şəhərdə su–kanalizasiya sisteminin yeniləşdirilməsi ilə əlaqədar aparılan tikinti işləri zahirən bu gözəlliyə təsir etsə də, zaqatalalılar bunun da gələcəkdə onların həmin sosial problemlərinin daha yaxşı həlli üçün edildiyini söyləyirlər. İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə söhbət əsnasında vurğuladı ki, rayonun sosial–iqtisadi inkişafına dair proqram hazırlayanda, eləcə də adət–ənənələr, milli bayramlarla əlaqədar tədbirlər keçirəndə də vətəndaşlardan gələn rəy və təkliflərə, müraciətlərə xüsusi önəm verilir. İcra başçısı onu da dedi ki, hər bir müraciətin, təklifin arxasında canlı insan durur, yerlərdən gələn səslər daha yaxşı fəaliyyət göstərməyə, ictimaiyyətlə ünsiyyəti daha da mökəmləndirməyə təkan verir. Qeyd edək ki, bu cür görüşlərə ötən ilin mayında rayonda baş verən zəlzələdən sonra diqqət daha da gücləndirilmişdir. Təbii fəlakətin yaratdığı fəsadları dövlətin dəstəyi, rayon icra hakimiyyətinin yaxından iştirakı ilə aradan qaldırmaq, zəlzələnin acı nəticələri ilə üz–üzə qalan insanlara yardımçı olmaq gündəlik fəaliyyətin ana xəttidir. Rayon icra hakimiyyətindən aldığımız rəsmi məlumatda bildirilir ki, 2012–ci ildə bura vətəndaşlar tərəfindən 2569 yazılı, 1749 şifahi müraciət daxil olmuşdur. Bunlar da əvvəlki illə müqayisədə çoxdur. Çox olmağının yeganə səbəbi baş vermiş zəlzələ ilə bağlıdır. Başqa sözlə, icra hakimiyyətinə daxil olan cəmi müraciətlərin təkcə 48 faizi zəlzələdən bu və ya digər formada ziyan çəkən vətəndaşlar tərəfindən ünvanlanmışdır. Yaxşı haldır ki, daxil olan müraciətlərin 82 faizi, xüsusilə də zəlzələ ilə bağlı müraciətlər və şikayətlər daha ciddi şəkildə nəzarətdə saxlanmışdır. Vətəndaşların qəbuluna , onlar tərəfindən ünvanlanan hər hansı müraciətə vaxtında və lazımi səviyyədə baxılmadıqda, bu işdə bürokratçılığa yol verildikdə icraya məsul adamlar haqqında müvafiq intizam tədbirləri görülür.
Onlar çətinliyə düşəndə, müəyyən problemlərlə rastlaşanda, hansısa bürokrat məmurun süründürməçiliyinə dözməyəndə məhz bu ümid qapısına üz tuturlar. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı da, icra hakimiyyətinin bütün şöbələri də, ümumilikdə kollektiv də hər iş gününə başlayarkən bu prinsipi əldə əsas tutur, ona üz tutan hər bir vətəndaşa həssaslıqla yanaşır, müraciətini səbirlə dinləyib həllinə imkan daxilində nail olur. Əlbəttə bu baxımdan, yəni vətəndaşların arzu, istək və problemlərinin öyrənilməsində səyyar qəbulların, onlarla birbaşa dialoqda olmağın böyük əhəmiyyəti var. Bu məsələyə də xüsusi önəm verilir. Təkcə ötən il ərzində 63 səyyar qəbul–görüş keçirilmişdir. Rayonun elə bir ünvanı yoxdur ki, orada bu cür tədbir olmasın. Həmin görüşlərdə 10 minə yaxın vətəndaş iştirak etmişdir. Bir çox yaşayış məntəqələrində, o cümlədən Uzuntala, Mamrux, Yeni Suvagil, Zəyəm, hətta bir sıra ucqar dağ kəndlərində icra hakimiyyəti aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin iştirakı ilə görüşləri bir neçə dəfə təşkil olunmuşdur. Son vaxtlar, yəni zəlzələdən sonrakı aylarda isə daha çox gediş məhz bu fəlakətin ciddi ziyan vurduğu yaşayış məntəqələri olmuşdur. Bir fakt da qeyd olunmalıdır ki, vətəndaşlarla səyyar görüşlərin qapalı yerlərdə yox, ən çox açıq havada daha çox adamın iştirak edə biləcəyi yerlərdə keçirilməsinə üstünlük verilir. Bu görüşlərdə əvvəlcədən tərtib olunan ssenari yox, hamının azad, sərbəst fikir söyləməsinə xüsusi önəm verilir. Bu, hər şeydən öncə ürəklərin daha yaxşı oxunmasına, həm də ayrı–ayrı ünvanlarda çoxlarının diqqətindən yayınan bəzi nöqsan və çatışmazlıqların aşkara çıxarılmasına, ümumilikdə rayonda sosial–iqtisadi inkişafın daha da sürətlənməsinə, nizam–intizamın daha da möhkəmlənməsinə sanballı təkan verir. Ötən ilin may–iyun aylarında rayonun Çobankol, Muxax, Mohrux, Qımır, Danaçı, Bazar, Əliabad kəndlərində rayon icra hakimiyyətinin başçısı tərəfindən keçirilən intensiv görüşlər, adamları narahat edən bir çox problemlərin operativ aradan qaldırılmasında mühüm rol oynamışdır. Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən 427 təklif irəli sürülmüşdür. Qaldırılan məsələlərin təhlili göstərir ki, vətəndaşları təbii, texnoloji və texnogen problemlər, həmçinin yolların təmirə ehtiyacı olması, elektrik enerjisi ilə təchizatdakı uyğunsuzluqlar, işməli su ilə təminatın tələblərə cavab verməməsi kimi məsələlər daha çox narahat edir. Təbii qazla təchizatdan, abadlıq və quruculuq işlərinin aparılmasından, aqrar məsələlərdən, mədəniyyət, təhsil müəssisələrinin tikintisi və təmirindən danışanlar da çox olur.
Ümumiyyətlə, səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən 427 tənqidi qeyd və təkliflərin 54 faizinin icrası təmin edilmiş, 30 faizi nəzarətə götürülməklə icrası davam etdirilir, digərlərinin isə qanunauyğun şəkildə baxılacağı barədə vətəndaşlara rəsmi məlumatlar verilmişdir. İrəli sürülən tənqidi qeyd və təklifin 24 faizi zəlzələnin törətdiyi problemlərlə, 13 faizi elektrik enerjisinin, 11,7 faizi içməli su təminatı, 12,2 faizi yolların təmiri ilə bağlı olmuşdur. Tələblər, təkliflər, müraciətlər edilən tənqidi qeydlərlə əlaqədar il ərzində ayrı–ayrı təşkilatların qüvvəsi, səyi ilə xeyli işlər görülmüşdür. Təkcə 2012–ci ilin doqquz ayında Əliabad qəsəbəsinin, Suvagil, Dardoqqaz kənd yollarının, Dombabinə–Bozbinə, Mazıx–Qəbizdərə, Zaqatala–Car avtomobil yollarının birlikdə 11,2 kilometrinə asfalt örtüyü döşənmişdir. Rayonun ayrı–ayrı kəndlərinə təbii qaz xəttinin çəkilişi də xeyli sürətlənmişdir. Ötən ilin sentyabr ayına kimi Əliabad qəsəbəsinə və Yuxarı Tala kəndinə 89,72 min, Makov və Danaçı kəndlərinə 75,42 min, Zəyəm kəndinin qaz olmayan 2 küçəsinə 569, Muxax kəndinə 3 min poqonmetr uzunluğunda müxtəlif diametrli borularla təbii qaz xətti çəkilmişdir. Rayonun Çökək, Göyəm, Dardoqqaz, Sumaylı və Yolayrıc kəndlərinin qaz təchizatının yaxşılaşdırılması üçün Maqov qazpaylayıcı stansiyasından 2 kilometr uzunluğunda müxtəlif diametrli orta təzyiqli qaz xəttinin çəkilməsi işi də başa çatdırılmışdır.
Rayon icra hakimiyyəti şura iclaslarında vaxtaşırı bu məsələləri müzakirə edir. Təkcə ötən il vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması, eləcə də sənədlərlə iş məsələlərinə dair icra başçısı tərəfindən 6 sərəncam verilmiş, 8 nəfərə xəbərdarlıq edilmiş, intizam tənbehi tətbiq olunmuşdur.
Zaqatalalılar doğma rayonlarının sosial–iqtisadi inkişafındakı ürəkaçan mənzərələrlə haqlı olaraq fərəhlənir və bunun üçün dövlətə minnətdarlıqlarını söyləyirlər. Rayonun bir qrup ziyalı və ağsaqqallarından Əhməd Əkbərovun, Elmira Mehdiyevanın, Məhərrəm Məmmədovun, Səadət Dibirovanın, İsa Əhmədovun və başqalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları müraciətlərində oxuyuruq: insan üçün yaşadığı evin tam başqa anlamı var. O, illər uzunu evini kərpic–kərpic icaldır, orada isti yuva qurur, ailəsi ilə birlikdə ömür sürür. Zəlzələdən sonra həyatın yenidən canlandığı Zaqatalamızda sürətlə yeni–yeni evlər tikilib istifadəyə verildikcə, indi yaşadığımız sıxıntıların tezliklə sona çatacağına əminliyimiz getdikcə artır. Balalarımızın ən müasir şəraitə malik məktəblərdə oxuyacağını düşündükcə, qəlbimiz fərəhdən dağa dönür, insana bu qədər böyük qayğının bəxş olunduğu bir ölkədə yaşamaqdan qürur hissi keçiririk. Hamımız inanırıq ki, Sizin göstərişinizə uyğun olaraq fərdi yaşayış evlərimizin, məktəb binalarımızın və digər infrastrukturların tikintisi nəzərdə tutulan müddətlərdə başa çatdırılacaq, insanlarımız öz rahat həyat tərzlərinə qovuşacaqlar.
Bugünkü durum istər dövlət, istərsə də rayon icra hakimiyyəti səviyyəsində zəlzələ bölgələrinin bir gün olsun belə unudulmaması bir–birindən yaraşıqlı yaşayış evlərinin, məktəb və uşaq bağçalarının tikilib istifadəyə verilməsi arzuların reallaşdığından, vətəndaşların ümid, inam ünvanlarından yüksək qayğı, diqqət görmələrindən xəbər verir. Zəlzələdən sonra 1500–dən çox vətəndaşa fərdi evin tikilib istifadəyə verilməsi, 3000–ə yaxın fərdi evin tikintisinin davam etdirilməsi, 10 məktəbin, 1 uşaq bağçasının qapılarını yenidən sevinclə müəllim və uşaqların üzünə açması kimi faktlar da yuxarıda deyilənləri bir daha təsdiq edir. Amma elə lap bu yaxınlarda–yanvar ayının 18–də rayonun iki yaşayış məntəqəsində–Çüdülübinə və Ələsgər kəndlərində yeni tikilən məktəb binalarının açılışında müəllimlərin, valideynlərin, ağsaqqalların çıxışlarında bu sevinclərin, qürur və fərəhlərin dövlətə, ölkə başçısına hədsiz minnətdarlıqların bir daha canlı şahidi olduq.
Yazıya el
ağsaqqalının söhbəti ilə
başladığımız kimi zəlzələdən
zərər çəkən muxaxlı bir
ağbirçəyin sözləri ilə son
qoymaq istərdik: ay oğul, yaxşılıq etmək,
imkansıza, dara düşənə əl
tutmaq savab işdir. Allah–taala belə adamların yolunu
həmişə açıq edir.
RASİM AMANOV
Respublika.- 2013.- 30 yanvar.- S. 4.