Ölkəmizdə meliorasiya tədbirləri uğurla həyata keçirilir

 

Meliorasiyasu təsərrüfatı respublikamızın iqtisadiyyatında, xüsusilə də kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.

Ölkəmizdə meliorasiyasu təsərrüfatı sahəsinə maraq 19–cu əsrin ikinci yarısından başlanılmasına baxmayaraq, meliorasiya və irriqasiyanın intensiv inkişafı, geniş meliorasiya potensialının, sahə üzrə perspektiv proqramların qəbul edilməsi ulu öndərimizin respublikamıza rəhbərlik etdiyi 1969–1982–ci illərə təsadüf edir.

 

Bu illərdə onun rəhbərliyi, şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi–axtarış institutlarına malik ixtisaslaşdırılmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Müstəqil Azərbaycan dövlətinin xilaskarı missiyasını həyata keçirən Heydər Əliyev ali hakimiyyətdə ikinci dəfə fəaliyyətə başlayanda bütün sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də böhranlı vəziyyət hökm sürürdü. Böyük zəhmət və külli miqdarda vəsait hesabına yaradılmış qurğular, suvarma sistemləri qəza halına düşmüşdü, sahənin fəaliyyətinə və inkişafına ayrılan sərmayənin həcmi heçə endirilmişdi. Bizim böyük xoşbəxtçiliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı.

Heydər Əliyevin qısa bir müddətdə həyata keçirdiyi titanik işlər bütün dünyanı heyran qoydu. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə sabitlik yaradıldı. Əsas milli sərvətimiz sayılan yanacaq ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrinin güclü maliyyə imkanlarına malik şirkətləri ilə 30 il müddətinə “Əsrin müqaviləsi” bağlanıldı və beləliklə iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan açıldı.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müstəqillik illərində əldə etdiyi nailiyyətləri ötən il də uğurla davam etdirmişdir. Cəmiyyət tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir–bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində ötən illərdə olduğu kimi, 2012–ci ildə də konkret tədbirlər işlənib həyata keçirilmişdir.

2012–ci ilin mürəkkəb təbii iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir–bərpa işlərini həyata keçirmişdir.

Mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində, Yuxarı Xanbulançay su anbarlarının qülləli suburaxıcı qurğusunda, Ağstafaçay sağ və sol sahil magistral kanallarında, Mil–Muğan və Samurçay hidroqovşaqlarının aşağı byefində, Türyançay hidroqovşağında, Yuxarı Qarabağ kanalının İncəçay çayı ilə kəsişməsindəki sutullayıcı qurğusunda, Yuxarı Şirvan kanalının Türyançay və Girdimançay dükerlərində, Şəmkir Maşın kanalının I və II pillə nasos stansiyalarında, Göygöl rayonunda Gəncəçay baş suqəbuledici qurğusunda, 51 ədəd tərpənməz və 33 ədəd üzən nasos stansiyasında, 59 ədəd subartezian quyusunda, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı və Xızı rayonlarının ərazisindəki nov kanallarda, ayrı–ayrı rayonların qış otlaq sahələrində 21,1 kilometr uzunluğunda müxtəlif ölçülü boru kəmərlərdə, dağ çaylarında 1100 poqonmetr daş–beton mühafizə bəndlərdə, Ağdam, Quba, Şabran, Xaçmaz, Qazax, Tərtər və Göyçay rayonlarında 10 km–ə yaxın suvarma kanallarında və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.

Kür çayı boyunca 110,87 kilometr (Neftçala rayonu ərazisində 89,32 kilometr, Zərdab rayonu ərazisində 15,1 kilometr, Ağcabədi rayonu ərazisində 3,69 kilometr, Bərdə rayonu ərazisində 2,36 kilometr, Şirvan şəhəri ərazisində 0,4 kilometr), Araz çayı boyunca 43,8 kilometr (İmişli rayonu ərazisində 20,1 kilometr, Saatlı rayonu ərazisində 23,7 kilometr) və Girdiman çayı boyunca Kürdəmir rayonu ərazisində 28,4 kilometr olmaqla, hesabat ilində cəmi 183,07 kilometr uzunluğunda mövcud torpaq–mühafizə bəndlərində hündürləndirmə, genişləndirmə və möhkəmləndirmə işləri görülmüşdür. Sabirabad, Salyan, Neftçala rayonları və Şirvan şəhəri ərazisində 730 poqonmetr uzunluğunda daş–betonla sahilbərkitmə işləri aparılmışdır.

Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1353,7 min hektar sahədə orta hesabla 3,3 dəfə, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 4,2 dəfə, yem bitkiləri 443042 hektarda 3,6 dəfə, bostan–tərəvəz 70758 hektarda 4,8 dəfə, çoxillik əkmələr 83714 hektarda 3,4 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,6 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 7,0 milyard kubmetr su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,0 milyard kubmetr su verilmişdir.

Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və su təsərrüfatı obyektləri boyunca 160 hektar sahədə yeni meşə zolaqları salınmışdır.

Hazırda 1325,6 min hektar suvarılan torpaq sahəsini əhatə edən 547 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir. Hesabat ilində cəmiyyətlə Sudan İstifadəedənlər birlikləri arasında qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, onlarla müqavilələrin bütünlüklə bağlanılmasına nail olunmuş və 2837 min manat vəsait toplanmışdır.

Cəmiyyətin sənaye müəssisələrində 2012–ci ildə 6975 min manat dəyərində məhsul istehsal olunmuşdur. Hidrotexniki qurğuların təmirində və yenidən qurulmasında istifadə olunan müxtəlif adda 250 ton metal konstruksiya, 102 ədəd elektrik mühərriki təmir edilmiş, 260 min manatlıq nasoslar üçün ehtiyat hissələri hazırlanmış, müxtəlif sazlama–quraşdırma və servis xidmətləri həyata keçirilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə 01.01.2013–ci il tarixinə bütün mənbələrdən, o cümlədən büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 14 ədəd yeni və 74 keçid obyektində layihələndirmə və əsaslı tikinti–quraşdırma işləri aparılmış və hazırda bu işlər davam etdirilir.

Dünya Bankının krediti hesabına “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı və Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində 406,15 km içməli su və 323,4 km uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

Eyni zamanda “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”ndə respublikanın 15 rayonunda (Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Goranboy, Zərdab, Quba, Xaçmaz, Qusar, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmayıllı) yaradılmış SİB–in xidmət ərazilərində təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin bərpası və həmin sahələrin su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün layihə üzrə nəzərdə tutulmuş işlər davam etdirilmişdir. Layihə çərçivəsində Şimal regionu Quba rayonu Alekseyevka SİB–də suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi işləri tamamlanmış, Mil–Muğan regionunda İmişli rayonu R–2 və Saatlı rayonu Fətəlikənd SİB–lərində suvarma və drenaj sistemlərinin qazılması, lildən təmizlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikintisi davam etdirilmişdir.

Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə 2012–ci ildə Dövlət Neft Fondundan ayrılmış 200,0 milyon manat vəsait hesabına “Taxtakörpü su anbarının SES–lə birlikdə tikintisi”, “Taxtakörpü– Ceyranbatan kanalının tikintisi” və “Vəlvələçay–Taxtakörpü kanalının tikintisi” obyektləri üzrə tikinti işləri davam etdirilmişdir.

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin 11 aprel 2012–ci il tarixli 90 s nömrəli sərəncamının icrası olaraq “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində kanalın 6,7 kilometrlik hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisi layihəyə uyğun 30 avqust 2012–ci il tarixində başa çatdırılmışdır. Onun zonasında Səhmdar Cəmiyyətinə həvalə edilmiş 774 və 831 hektar sahələrdə kompleks meliorativ tədbirlər həyata keçirilmişdir. Kanal onun zonasında yerləşən Beyləqan rayonunun 1500 ha və Ağcabədi rayonunun 3300 ha sahədə özəl taxılçılıq təsərrüfatlarını suvarma suyu ilə təmin etməyə tam hazırdır. Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədi ilə Padar magistral kanalının hidrotexniki qurğularla birlikdə 3 km–lik hissəsinin tikintisi üzrə işlər yerinə yetirilmiş və Araz çayının yeni qolunun tikintisi ilə yeni suvarılan torpaqların istifadəyə verilməsi obyekti üzrə Araz çayının Yeni qolunun 5 km–lik hissəsində, Baş sugötürücü qurğuda və Cənub Muğan kanalın Qolla kəsişməsində dükerdə və 2 ədəd akvedukda tamamlama işləri aparılmışdır.

Hacıqabul rayonunda Pirsaat, Astara rayonunda Ləvain, Şamaxı rayonunda Zoqalavaçay, Tovuz rayonunda Tovuzçay su anbarlarında əsaslı təmir işləri aparılmış, Şəmkir çayı üzərində dəryaçanın tikintisi üzrə işlər davam etdirilmişdir. Bənddə gil və daş–qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda beton işləri yerinə yetirilmiş, su anbarının tikintisi kompleksinə daxil olan nəqledici Magistral kanalın 1945 poqonmetr, qidalandırıcı kanalın 6721 poqonmetr, təhliyyə kanalının 4357 poqonmetr, Sol və Sağ sahil Şəmkirçay magistral kanallarının 13535 poqonmetr hissəsinin qurğularla birlikdə tikintisi işləri tamamlanmışdır. Su anbarından kanallara suyu ötürmək üçün tunelin 6902 poqonmetr hissəsi qazılaraq başa çatdırılmış və onun 2500 poqonmetr hissəsi betonlanmışdır. Hazırda həmin kanalların və tunelin qalan hissələrində işlər davam etdirilir.

“2011–2013–cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5 km–lik başlanğıc hissəsində və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisindən keçən 15 km–lik hissəsində yenidənqurma işləri aparılmışdır. Xəzər rayonu üzrə Zirə qəsəbəsi, Sabunçu rayonu üzrə Bilgəh kəndinin, Suraxanı rayonu üzrə Hövsan və Abşeron rayonu üzrə Goradil kəndlərində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə nasos stansiyaların, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir–bərpası üzrə işlər yerinə yetirilmişdir. Ümumilikdə 10349 poqonmetr kanal yenidən qurulmuş, 25018 poqonmetr təzyiqli metal boru və 62590 poqonmetr uzunluğunda suvarma boru kəməri çəkilmişdir. Eyni zamanda Suraxanı rayonunun Zığ, Sabunçu rayonunun Zabrat, Maştağa, Kürdəxanı, Abşeron rayonunun Novxanı, Fatmayı, Saray, Məhəmmədli, Mehdiabad və Digah qəsəbələri üzrə layihə sənədləri hazırlanmışdır..

Respublikanın ən sel təhlükəli hesab olunan çaylarında (Göyçay, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Qurcanaçay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudyalçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qarqarçay və Dəmiraparançay) sel və daşqınlara qarşı 6904 poqon–metr uzunluğunda (dəmir–beton, daş–beton, beton, daş tökmə) sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, Türyançay çayının məcrasında 2045 poqon–metr uzunluğunda məcratəmizləmə işi görülmüş, İran İslam Respublikası ilə sərhəddə yerləşən Araz və Bolharı çaylarında 700 poqonmetr sahilbərkitmə işləri aparılmışdır.

Ümumilikdə respublikanın rayonlarında 209204 poqonmetr suvarma kanallarının, 161825 poqonmetr kollektor–drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası aparılmış, 92550 poqonmetr qapalı suvarma şəbəkəsi və 3701 poqonmetr uzunluğunda təzyiqli metal boru xətti çəkilmiş, 7828 hektar sahədə torpaqların su təminatı və 5947 hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 874 hektar yeni suvarılan sahələrin kənd təsərrüfatı dövriyyəsinə verilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının inkişafına həmişə böyük diqqət və qayğı göstərir. Biz bunu Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda da aydın hiss etdik. Cənab Prezident İlham Əliyev meliorasiya və su təsərrüfatının qarşısında duran vəzifələrdən danışarkən demişdir: “Hazırda Azərbaycanda iki nəhəng layihə—Taxtakörpü su anbarı–Samur–Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir”.

Daha sonra dövlət başçısı iclasda qeyd etmişdir ki, bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Prezident qeyd etmişdir ki, Taxtakörpü su anbarı bu il, Şəmkirçay su anbarı isə gələn il istifadəyə veriləcəkdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, onun çoxminli kollektivi dövlətimizin bizim qarşımızda qoyduğu, o cümlədən Nazirlər Kabinetinin iclasından irəli gələn vəzifələri həyata keçirmək üçün bu il də səylə çalışacaq, bütün imkanlarından səmərəli istifadə edəcəklər.

 

 

Nəriman CAVADOV

 

Respublika.- 2013.- 30 yanvar.- S. 4.