Azərbaycanın beynəlxalq nüfuzu və təsir imkanları böyükdür

 

1990–cı illərin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış uğurlu xarici siyasət strategiyası bu gün Azərbaycanın inkişafında, beynəlxalq nüfuzunun artmasında çox mühüm rol oynayır. Azərbaycan bu strateji kursun hesabına ölkəmizi dünya birliyində, beynəlxalq təşkilatlar çərçivəsində mühüm tərəfdaşa çevirmişdir. Bu gün Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş və əhatəli nitqində Prezident İlham Əliyev bu strategiyanın önəmli rolunu xüsusi vurğulayaraq bildirib ki, 2012–ci il xarici siyasətlə bağlı da çox uğurlu olmuşdur: “Biz xarici fəaliyyətimizi genişləndirmişik. Beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışıq. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011–ci ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da təsir imkanlarımız da artıbdır. Deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bilmişik. Çox şadam ki, 2011–ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı”.

 

Məlumat üçün bildirək ki, 2011–ci il oktyabrın 24–də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına 2012–2013–cü illər üçün qeyri–daimi üzvlüyünə keçirilən seçkilərdə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanaraq qalib gəlməsi həmin dövlətlər tərəfindən respublikamıza olan yüksək etimadın və inancın göstəricisidir. Ölkəmizin 20 illik müstəqilliyi dövründə belə böyük uğurun əldə edilməsi Azərbaycan dövlətinin başçısı tərəfindən müəyyən olunan və həyata keçirilən nailiyyətidir. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında bu mötəbər quruma qeyri–daimi üzv seçilən ilk, MDB məkanında isə ikinci ölkədir. Onu da qeyd edək ki, MDB ölkələrindən Ukrayna Azərbaycandan əvvəl seçilmişdi, amma Ukrayna hələ 1945–ci ildən BMT–nin üzvüdür.

Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2012–ci ilin may ayında terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirilmişdir. Belə bir mötəbər quruma üzvlük Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır. Əlbəttə, bu mötəbər quruma beynəlxalq birlik tərəfindən Azərbaycana olan inamın nəticəsində seçilməyimizi və ötən il ərzində bu inamı doğrulda bildiyimizi vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycan etibarlı tərəfdaşdır, bütün məsələlərlə bağlı öz mövqeyinə malikdir: “Bizim mövqeyimiz ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Hesab edirəm ki, bir il ərzində BMT–də bizi dəstəkləyən ölkələrin sayını artıra bilmişik”.

Azərbaycanın beynəlxalq təşkilatlarda, dünyanın mötəbər qurumlarında nüfuzunun artması və söz sahibi olması, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyasında bir daha Azərbaycanın xarici siyasətinin və beynəlxalq fəaliyyətinin keyfiyyətcə yeni mərhələdə olması AŞPA–nın qış sessiyasında öz müsbət nəticəsini göstərdi. Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən alət kimi istifadə edən məruzəçisi Kristofer Ştrasserin hazırladığı qərəzli layihə məhz bu sessiyada səs çoxluğu ilə qəbul olunmadı. Artıq avropalı deputatların böyük əksəriyyəti başa düşmüşdür ki, cənab Ştrasserin məruzəsi Azərbaycana qarşı subyektiv və qərəzli mövqedən hazırlanıb və məqsəd də ölkəmizdə gedən prosesləri başqa tərzdə təqdim etməkdir. Amma bu baş tutmadı. Bununla sübut olundu ki, bu cür təzyiqlərlə Azərbaycanı dünyada və beynəlxalq təşkilatlarda öz siyasətindən çəkindirmək mümkün deyildir.

AŞPA–dakı bu uğur dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət, başqa ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirilməsi belə müsbət və arzuolunan nəticənin əldə olunması üçün zəmin yaratmışdır. Assambleyada aparılan müzakirələr təsdiq etdi ki, Azərbaycana qarşı bu cür cəhdlər artıq Avropanın özünə də təhlükə yaratdığı üçün qətiyyətlə rədd edilir. Eləcə də Avropa Şurası bu sessiyada sübut etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır. Bu faktın özü təsdiq edir ki, Azərbaycanın siyasəti xoşniyyətlidir və bütün sahələrdə əməkaşlığın dərinləşməsinə yönəldilibdir.

Avropa Şurasına Azərbaycandakı real vəziyyət, əlbəttə, yaxşı məlumdur. Bu gün Azərbaycanda qəbul olunan qanunlar Avropa standartlarına uyğunlaşdırılır. Ölkəmiz dini dözümlülük şəraitinə görə bütün dünyada örnək sayıla bilər. Bakıda başqa dini icmaların nümayəndələri üçün yaradılmış şərait, sinaqoq və katolik kilsəsinin tikilməsi, rus pravoslav kilsəsinin əsaslı təmir olunması ictimai fikirdə xüsusi qeyd edilir, yüksək dəyərlər kimi dünyanın mötəbər qurumlarında qiymətləndirilir. Belə ki, AŞPA–nın qış sessiyasında Azərbaycandakı dini dözümlülük, müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatların rəğbətinə səbəb olmuşdur. Strasburqda keçirilən qış sessiyasında qeyd olunmuşdur ki, Azərbaycandakı tolerantlıq və dini icmalara yaradılmış şərait başqa dövlətlər üçün hər zaman nümunə göstərilmişdir.

Qeyd edək ki, ölkəmizin AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı dördillik hesabatı əks etdirən sənəd təşkilatın monitorinq komitəsinin hələ keçən il dekabrın 12–də keçirilən iclasında müsbət qiymətləndirilmiş, demək olar ki, heç bir əlavə və dəyişiklik olmadan qəbul edilmişdir.

Azərbaycan AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını fəal həyata keçirməklə əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirir.

Eyni zamanda, neçə il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Bu sənədlərin arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni xüsusi qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini daha da gücləndirir”.

Göründüyü kimi, dövlətimizin milli maraqlarının təmin olunması məqsədilə bütün sahələrdə həyata keçirilən tədbirlər kimi Azərbaycanın xarici siyasət strategiyası da uğurlu nəticələr verir.

Azərbaycanın ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyinə görə, bütün beynəlxalq təşkilatlarda dövlətimizi dəstəkləyən ölkələrin sayı artır.

 

 

Şükür ƏLİZADƏ

 

Respublika.- 2013.- 30 yanvar.- S. 1.