GÖRKƏMLİ KİTABŞÜNAS ALİM

 

Bayram Vəli oğlu Allahverdiyev 1938–ci il yanvar ayının 23–də Qərbi Azərbaycanın Loru–pəmbək bölgəsinin Arçut kəndində kəndli ailəsində anadan olmuşdur. 1962–ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq–informasiya fakültəsini bitirmişdir. 1962–1964– illərdə Qərbi Azərbaycanın Loru–pəmbək bölgəsinin Arçut kəndində klub müdiri, 1964–1967–ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun əyani aspiranturasında təhsil almışdır. 1968–ci ildə Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən etibarən Bakı Dövlət Universitetində çalışır. 1968–1992–ci illərdə BDU–nun biblioqrafiyaşünaslıq kafedrasının dosentprofessoru vəzifəsində, 1992–ci ildən 2013–ci ilə qədər BDU–nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968–ci ildə “Orta əsr Azərbaycan kitabı (XI–XVIII əsrlər)” mövzusunda namizədlik dissertasiyasını, 1991–ci ildə isə “Azərbaycan Respublikasının texniki kitab nəşri (1920–1985–ci illər)” mövzusunda doktorluq dissertasiyasını Moskvada müdafiə etmişdir. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarmışdır. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması və tipologiyasını tədqiq və inkişaf etdirmişdir.

 

Professor Bayram Allahverdiyev uzun illərdir ki, kitab və kitabçılıq işinin müxtəlif problemləri üzrə elmi əsərlər, məqalələr, kitablar, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri yazır və nəşr etdirir. Kitabın, ümumiyyətlə, Azərbaycan kitabının öyrənilməsi, inkişafında bu görkəmli alimin böyük rolu vardır. Onun qələmindən indiyə qədər kitab və kitabçılıq işinin müxtəlif məsələlərinə, aktual problemlərinə aid 100–dən çox elmi məqalə, “Kitablar haqqında kitab” (1972), “Kitabşünaslıq” (1974), “Müasir mərhələdə kitab ticarətinin təşkili” (R.Məmmədzadə ilə birlikdə) (1996), “Ümumi kitab tarixi” (2003), “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” (2010), “Kitabşünaslığın əsasları” (2011) və başqa kitablar çıxmışdır.

Müasir kitabların ilk sələflərindən biri daş kitablardır. Azərbaycanda da qədim dövrlərdə daşdan yazı materialı kimi istifadə etmişlər.

Məlumdur ki, Azərbaycan elminin nəzəri baxımdan ən az inkişaf etmiş və ən az öyrənilən sahələrindən biri kitabşünaslıqdır. Bu sahənin Azərbaycanda ən görkəmli, tanınmış nümayəndəsi tarix elmləri doktoru, professor Bayram Allahverdiyevdir. Professor Bayram Allahverdiyev mükəmməl elmiliyi, analitik düşüncə tərzi, yüksək özünüifadə mədəniyyəti ilə tanınan alimlərimizdən biridir. Keçən əsrin 60–70–ci illərindən tanınan professor Bayram Allahverdiyev çox qiymətli elmi əsərlərilə Azərbaycan və eləcə də dünya kitabşünaslığını zənginləşdirmiş və inkişaf etdirmişdir.

Professor Bayram Allahverdiyevin 1974– ildə Azərbaycan Dövlət Universitetinin Nəşriyyatında “Kitabşünaslıq” adlı dərs vəsaiti çap olunmuşdur. Məlumdur ki, kitabşünaslığın məqsədi—kitabçılıq işinin inkişafını tənzim etmək, onun əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək, Vətən və xarici təcrübəni ümumiləşdirmək, öyrənmək əsasında özünü təkmilləşdirmək, başqa elmlərdə: sosiologiya, psixologiya, elmşünaslıq, pedaqogika və başqalarında əldə edilmiş materialları inteqrasiya etməkdən ibarətdir; hər bir tarixi mərhələdə şəraiti və vasitələri üzə çıxarmaq, kitabın—ideoloji mübarizə silahı, tərbiyə, təhsil, elm, texnika, mədəni tərəqqi, xalqlar arasında ünsiyyət vasitəsi kimi ictimai funksiyalarını öyrənməkdir. Bütün bu problemlər kitabda elmi şəkildə, faktlara söykənərək şərh edilmişdir.

Azərbaycanda kitabın tipologiyası problemi elmi şəkildə ilk dəfə professor Bayram Allahverdiyevin elmi–tədqiqat əsərlərində və “Kitabşünaslıq” adlı dərs vəsaitində öz əksini tapmışdır.

Kitabşünas alim eyni zamanda, hər bir kitab tipinin oxucu istiqamətinin kitabın tipologiyasındakı rolunu da elmi cəhətdən əsaslandırır. Bütün kitab tiplərinin oxucu istiqaməti müəyyənləşdirilir və kitabın nəşrə hazırlanmasında, tərtibatında oxucu istiqamətinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edir. O, ilk dəfə olaraq ölkəmizdə tip və ədəbiyyat anlayışlarına dairelmi mülahizə irəli sürmüşdür. Məsələn, Bayram Allahverdiyev yazır: “Deməli, kitab tipi dedikdə—ümumi məqsəd istiqamətində birləşmiş kitabların məcmuu başa düşülməlidir. Müəyyən mənada tip anlayışı ədəbiyyat anlayışı ilə eyniləşir. Belə ki, biz elmi, istehsalattexniki ədəbiyyat haqqında danışdıqda nəzərimizdə müvafiq kitab tipləri canlanır”.

Professor Bayram Allahverdiyevin yazıb–yaratdığı elmi kitablar içərisində xüsusi əhəmiyyət kəsb edən “Ümumi kitab tarixinin adını xüsusi çəkmək istərdik. Azərbaycan dilində ümumi kitab tarixi mövzusunda ilk dəfə nəşr olunan bu fundamental kitabda qədim Misir, Şumer, Çin, hind, yəhudi, türk, slavyan xalqlarının ən qədim yazı tipləri, sistemləri, əlifbaları, yazı materialları, əlyazma kitabları, onların meydana gəlməsi, təşəkkülü, inkişafı, istifadəsi və yayılması problemləri şərh edilir.

Bir çox xalqların kitab tarixinin bütöv dövrünü çox dolğun surətdə əks etdirmək xeyli dərəcədə çətindir. Bayram Allahverdiyevin yaradıcılıq məharəti ilə yanaşı, xüsusi yanaşma tərzi və şərh üsulu mürəkkəb, çətin problemin müvəffəqiyyətlə həllinə imkan vermişdir. Uzun tarixi dövrlərlə bağlı bitkin bir elmi təsəvvür, intellektə mənəvi qida verən tam bir fikir, mülahizə tablosu yaratmaq uğuru müəllifə nəsib olmuşdur.

Görkəmli kitabşünas ayrı–ayrı xalqlarda və dövlətlərdə yazının, əlifbanın, yazı materiallarının, onların yaranması, istehsalı və istifadəsi kimi mürəkkəb, çətin məsələlərin şərhini xalqların ümumi, mədəni və sosial tərəqqisi fonunda əks etdirmişdir. Əsərin məzmununa nəzər salsaq, bunu aydın surətdə görərik: Misir yazı sisteminin ilkin nümunələri erkən səltənət dövründə (e.ə.3100—2800–ci illər) tətbiq edilmişdir. Misirdə də ilk yazı növü piktoqrafik, yəni “Şəkli yazı” olmuşdur.

Kitabın ən maraqlı oxunan mövzularından biri “Yazı materialları, onların meydana gəlməsi və inkişafı” hesab oluna bilər. Burada yazı materiallarının yaranması və inkişafı, yazının əbədiləşməsində və təkmilləşməsində onun rolu çox gözəl, aydın elmi dillə öz əksini tapmışdır. Məlumdur ki, hər bir xalqın yazı, əlifba və yazı materialı tarixi onun kitab mədəniyyətinin inkişaf və tərəqqisinin səviyyəsi ilə üzvi surətdə bağlıdır.

Bu məntiqlə müəllif dünya yazı, əlifba, yazı materiallarının hansı elmi, mədəni və sosial zəmində təşəkkül etdiyini aşkarlayır.

Birinci bölmənin dördüncü paraqrafı “Qədim müqəddəs kitablar, onların meydana gəlməsi və yayılması” adlanır. Yeri gəlmişkən qeyd etməliyik ki, “Ümumi kitab tarixi” fənnində bu mövzunun verilməsi və onun tarixinin elmi şərhi, bəlkə də dünya kitab mədəniyyəti tarixində ilk olaraq, professor Bayram Allahverdiyevə məxsusdur.

Burada müqəddəs kitabların meydana gəlməsi, tərtibi, yayılması və müxtəlif dünya dillərinə tərcüməsi və nəşri haqqında çox maraqlı, elmi, tarixi məlumatlar öz əksini tapmışdır.

Müəllif qədim dövrdən müasir dövrə qədər müqəddəs kitabların nəşrinin və inkişafının, tərcüməsi və yayılmasının müxtəlif dövrlərdə, şəraitdə spesifik cəhətlərini, xüsusiyyətlərini əks etdirməklə, bütün müqəddəs kitabların inkişafının ana xəttini izləməyə və oxucuya çatdırmağa müvəffəq olmuşdur. Müqəddəs kitabların yaranma və yayılma tarixindən bəhs edən alim Qurani–Kərimin meydana gəlməsi, tərcüməsi və nəşri tarixinə dairçox qiymətli zəngin məlumatlar verir: “…Qurana, xüsusilə onun nadir nüsxələrinə bu dinə etiqad edən, inanan müsəlmanlarda bu ehtiram, sevgi onun yüz minlərlə nadir və nəfis əlyazmalarının yaranmasına və yayılmasına əsas olmuşdur. İndi dünyanın məşhur muzey və kitabxanalarında Qurani Kərimin çox sayda qədim və nadir əlyazmaları saxlanılır. Şərq ölkələrində, xüsusilə ərəb ölkəsində çap edilən dövri mətbautda qədim və nadir Quran əlyazmaları haqqında maraqlı məlumatlar verilir. Məsələn, Tunisdə çıxan “Ət–tariq Əl–Cədid” qəzetinin 1985–ci il mart nömrəsində verilən bir yazıda göstərilirdi ki, Səna şəhərinin böyük məscidindən təmir zamanı inşaatçılar 750 Quran əlyazmaları tapmışlar, kufi xəttilə cüyür dərisi üzərinə yazılmış bu əlyazmaların bərpası və yazılması, yəni köçürülmə tarixinin dəqiqləşdirilməsi ilə məşğul olan alman mütəxəssisləri belə hesab edirlər ki, əlyazmalar hicrinin I və II əsrlərinə aiddir” (s.57).

Professor Bayram Allahverdiyev kitabşünaslıq, kitab tarixi, nəşriyyat işi və redaktə problemləri sahəsində respublikamızda çox görkəmli mütəxəssisdir. Kitabşünaslıq üzrə ilk və yeganə elmlər doktorudur. O, nəinki dünya kitab tarixinin, o cümlədən Azərbaycan kitab tarixinin 30 ildən çox dövrdə tədqiqini həyata keçirən səmərəli tədqiqatçıdır. Alimin hər bir əsəri kitabşünaslıq elmimizi zənginləşdirməklə qədirbilən oxucuların böyük sevincinə səbəb olur.

Professor Bayram Allahverdiyevin Bakı Dövlət Universitetinin 90 illiyi münasibətilə yazıb, “UniPrint” mətbəəsində çap etdirdiyi “Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti” adlı monoqrafiyası xüsusilə diqqəti cəlb edir. Bu kitab Bakı Dövlət Universiteti nəşriyyatının yaranması, formalaşması və inkişafı məsələlərini əhatə edir. Burada ilk dəfə olaraq nəşriyyatın yaradılması, nəşriyyatın fəaliyyətində və inkişafında universitet redaktorlarının, nəşriyyat direktorlarının rolu, baş redaktorların, redaksiya müdirlərinin, bədii, elmi, texniki redaktorların fəaliyyəti faktlar əsasında şərh edilir.

Monoqrafiyada müstəqillik illərində “Bakı Universiteti” nəşriyyatının fəaliyyəti, madditexniki bazası, çap nəşrlərinin təhlili və universitet rəhbərliyinin qayğısı və nəşriyyatın inkişaf perspektivləri öz əksini tapmışdır.

Bu günlərdə görkəmli kitabşünas alimin “Kitabşünaslığın əsasları” adlı fundamental irihəcmli daha bir monoqrafiyası “UniPrint” nəşriyyatında nəfis tərtibatda çap edilmişdir. Hər şeydən əvvəl onu qeyd etməliyik ki, tarix elmləri doktoru, professor Bayram Allahverdiyevin “Kitabşünaslığın əsasları” adlı monoqrafiyası dünyada ilk dəfə olaraq Azərbaycanda nəşr edilir və kitabşünaslığın əsasən nəzəri məsələlərini əhatə edir.

Professor Bayram Allahverdiyev özünün bu monoqrafiyası ilə Azərbaycan kitabşünaslığının, hətta ümumi kitabşünaslığın nəzəri sahədəki boşluğunu doldura, zənginləşdirə bilmişdir. Beləliklə də, Azərbaycan kitab mədəniyyətinin, kitab haqqında elmin əsasları bu monoqrafiya vasitəsilə kitabşünaslara, biblioqraflara, nəşriyyat işçilərinə, ali məktəb tələbələrinə, ümumiyyətlə, geniş oxucu kütləsinə çatdırılır.

Bayram Allahverdiyevin təsis etdiyi “Kitabşünaslıq və nəşriyyat işi” adlı elmi–nəzəri və təcrübi jurnal 2008–ci ildən hər il 4 buraxılışı olmaqla çap olunur. Bu jurnalda kitabşünaslığın, kitab nəşri problemləri, kitabçılıq işi və redaktənin elmi–nəzəri və təcrübi məsələlərinə dair elmi məqalələr nəşr olunur.

Professor Bayram Allahverdiyevə həsr olunmuş bu yazını elə onun öz sözləri ilə bitirmək istəyirik: “Kitab kompasdır, mayakdır, qanaddır. Kitab—həyatın kəşməkəşlərində yol göstərəndir. Kitab zirvədən–zirvəyə körpüdür!.. Kitab—eldən–elə, şəhərdən–şəhərə uçan xoş xəbərdir… Zirvələr dalınca yeni zirvələr gəldiyi kimi, ünvanlar dalınca da təzə ünvanlar gəlir. İnanırıq ki, həmişə olduğu kimi, bundan sonra da Azərbaycan kitabı bu ünvanların layiqli sakinləri olacaq”.

 

 

Qara NAMAZOV,

Bakı Dövlət Univers

itetinin professoru,

 

Leyla ABASOVA,

Bakı Dövlət Universitetinin müəllimi.

 

Respublika.- 2013.- 31 yanvar.- S. 7.