AZƏRBAYCAN
İQTİSADİYYATI YÜKSƏK TEMPLƏ
İNKİŞAF EDİR
Azərbaycanın
uğurlu inkişafı və iqtisadiyyatın
dayanıqlığı artıq reallıqdır. Dövlətimiz
suverenliyini bərpa etdiyi
21 il ərzində istər iqtisadi, istər siyasi, istərsə
də sosial sahədə böyük
nailiyyətlər qazanıbdır. Həm ölkənin
paytaxtında, həm də bütün regionlarda nəhəng iqtisadi
layihələr reallaşdırılır, beynəlxalq standartlara uyğun və ən
yeni elmi–texniki nailiyyətlər tətbiq olunmaqla infrastruktur
yaradılır. Bu gün
hələ də dünyada bir çox ölkələr
qlobal böhranın fəsadlarını aradan qaldıra bilmədiyi halda
Azərbaycanda iqtisadi artım davamlı və
yüksək templidir. Bu
tərəqqi ümummilli lider
Heydər Əliyevin müəyyən etdiyi
strateji kursun ölkə
Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi modeli əsasında
həyata keçirilməsi ilə bağlıdır.
Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli və çoxsahəlidir. Nəticədə hazırda iqtisadiyyatımız neft amilindən asılı deyildir, real iqtisadiyyat davamlı və yüksək templə inkişaf edir. Ölkə rəhbərliyi çalışır ki, gələcəkdə ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri–neft sektorunun hesabına formalaşsın. Bu məqsədə uğurla nail olunur. Belə ki, real iqtisadiyyat hərtərəfli inkişaf edir, tərəqqi davamlı, istehsal olunan məhsullar rəqabətədavamlıdır. Təkcə ötən ilin 11 ayında ölkəmiz 152 dövlətlə xarici ticarət dövriyyəsi edib. Bu əməliyyat 39,5 milyard ABŞ dolları həcmində olub. Azərbaycanın dünya bazarına çıxardığı qeyri–neft məhsullarının həcmi 11,2 faiz artıb. Ümumi xarici ticari əlaqələrdə 22,6 milyard dollar müsbət saldo yaranıb. Pozitiv iqtisadi fəaliyyət nəticəsində ölkəmizin strateji valyuta ehtiyatları 46 milyard dollar səviyyəsindədir. Düşünülmüş iqtisadi siyasət, məqsədyönlü fəaliyyət sayəsində dövlət büdcəsinin də gəlirləri aybaay artmaqdadır. Dövlət büdcəsi sahəsində də pozitiv proseslər davamlıdır. İcmal büdcəsinin gəlirləri 22,1 milyard manat, yaxud 101 faiz, xərcləri isə 19,6 milyard manat olmuşdur. Beləliklə 2,4 milyard manat profisit yaranmışdır. Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunub, bu da əvvəlki illərə nisbətən 10,1 faiz çox, xərcləri isə 17 milyard manat—96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çoxdur.
Bütün bunlarla bərabər karbohidrogen ehtiyatlarının ixracı, emalı ölkə iqtisadiyyatında çox mühüm yer tutmaqdadır və hərtərəfli inkişafda yenə də mühüm əhəmiyyətə malikdir. Ötən il Dövlət Neft Fondunun büdcə gəlirləri 13673,7 milyon manat, büdcə xərcləri isə 10 573,6 milyon manat olmuşdur. Fond neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 13130,1 milyon manat gəlir əldə etmişdir. Hesabat dövründə fondun 2012–ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9905 milyon manat transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşması və sosial–məişət şəraitinin yaxşılaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsi üçün 300 milyon manat, Samur–Abşeron suvarma sisteminin yenidən qurulmasına 200 milyon manat, “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 119 milyon manat, “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 20 milyon manat sərf edilmişdir. Bu ilin yanvarın 1–nə ARDNF–nin aktivləri 2012–ci ilin əvvəlindəki 14,5 faiz artaraq, 34129,4 milyon ABŞ dolları səviyyəsinə çatmışdır. Keçən ilin birinci rübündən etibarən ARDNF tərəfindən qızıl alınmasına başlanmışdır. Bu ilin yanvarın 1–nə alınmış qızılın miqdarı 14 ton 934 kiloqram (480146 troy unsiya) təşkil etmişdir.
Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ölkənin maliyyə resursları barədə danışarkən diqqəti enerji sahəsindəki uğurlara da yönəltmişdir: “Keçən il, eyni zamanda, biz enerji sahəsində böyük nailiyyətlərə çatmışıq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyamızın icrası nəticəsində biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft–qaz layihələrimiz, kəmərlərimiz bu gün Azərbaycanı, doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çeviribdir. Keçən il də bu siyasətin davamı olaraq çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir—biz TANAP layihəsinin təməlini qoymuşuq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür”.
Azərbaycanın uğurlu neft siyasəti nəticəsində ölkə dünya iqtisadiyyatında və siyasətində mühüm mövqe qazanıb və hazırda bölgənin ən önəmli dövləti kimi qəbul edilir. Aparılan düzgün siyasətin nəticəsidir ki, dövlətimiz beynəlxalq əhəmiyyətli layihələr olan Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk neft və Bakı–Tbilisi–Ərzurum qaz boru kəmərlərinin tikintisi və bərpası layihələrini uğurla reallaşdırmışdır. TANAP layihəsinin təşəbbüskarı olması isə ölkəmizin nüfuzunu bir daha artırmışdır. Etibarlı təminat, alternativ təchizat mənbəyi və qaz ixracının şaxələndirilməsi kimi TANAP nəzəri cəlb etməkdədir. Belə ki, artıq “Şahdəniz–2″ və “Nabukko” konsorsiumları ilə Trans–Anadolu qaz boru kəməri layihəsi —TANAP arasında saziş imzalanmışdır, bp də bu layihəyə qoşulmuş və 12 faiz paya malikdir. Ümumiyyətlə, bu layihə hazırda Avropa dövlətlərinin diqqət mərkəzindədir. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger həmin sazişi alqışlamış və vurğulamışdır ki, Azərbaycanın və Türkiyənin TANAP sazişini ratifikasiya etməsi Azərbaycan qazının Avropaya nəqli üçün ixtisaslaşdırılmış infrastruktur yaratmağa imkan verəcəkdir.
Ölkə iqtisadiyyatının inkişafında xüsusi rolu olan Dövlət Neft Fondunun fəaliyyətində şəffaflılıq təmin edilib və bu qurum ölkənin iqtisadi və sosial həyatında fəal iştirak edir.
Göründüyü kimi, Müstəqil Azərbaycan bu gün sosial–iqtisadi həyatın bütün sahələrində hərtərəfli, geniş və dinamik inkişaf yolundadır. Ölkəmizdə istehsal olunan məhsullar dünya bazarında rəqabətədavamlıdır və bu məhsullara tələbat daim artmaqdadır. Ölkə hər ili yeni uğurlarla yekunlaşdırır. Dövlətin apardığı məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda daim artım müşayiət olunur və hər bir sahəyə aid müvafiq dövlət proqramları həyata keçirilir. İcra mexanizmi olduqca dəqiq və elmi–praktiki baxımdan əsaslandırıldığına görə, nəticələr çox uğurludur və bu proses getdikcə dərinləşir. Azərbaycan iqtisadi modelində aparıcı keyfiyyət odur ki, yerli potensial imkanları hərtərəfli öyrənilir, dünya bazarının təklifləri araşdırılır, təhlil edilir, dəyərləndirilir və bu proqnoza əsasən milli mənafelərə uyğun müvafiq layihələr icra olunur, beynəlxalq standartlara uyğun məhsul istehsal edilir. Azərbaycanın uğurlu daxili və xarici siyasəti öz bəhrəsini verir. Ölkə Prezidentinin çoxsaylı xarici səfərləri həmin ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin səmərəliliyində də mühüm rol oynayır.
Beləliklə, ölkəmiz dünya iqtisadiyyatına uğurla və çox sürətlə inteqrasiya edir. Artıq Azərbaycan xarici dövlətlərin iqtisadiyyatına da investisiya qoymağa başlayıb. Bu inteqrasiyada ümummilli məqsəd və mənafelər ön mövqedədir və diqqəti cəlb edən odur ki, ixrac əməliyyatında real iqtisadiyyatın payı daim artır. Mövcud potensialın aşkara çıxarılaraq, operativ dövriyyəyə cəlb edilməsi də dövlətin iqtisadi qüdrətinin davamlı surətdə artırılmasına xidmət edir. Azərbaycanın güclü iqtisadiyyatı və maliyyə imkanları sayəsində artıq investisiya və sosial proqramlarını da daxili imkanları hesabına icra edir.
Bu gün Azərbaycan Avratlantik məkanda mühüm iqtisadi tranzit ölkədir və Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır. Lakin bu artıq yaxın məqsəddir, yeni hədəflərə doğru uğurlu addım atılmaqdadır, belə ki, iqtisadi və siyasi əməkdaşlığın sərhədləri daim genişlənir və möhkəmlənir. Azərbaycanın bu əlaqələrdəki qazandığı etimad və etibarlılıq, beynəlxalq aləmdə ölkəmizə böyük nüfuz qazandırıb. Dövlətimizin başçısı ölkədə gedən sosial–iqtisadi inkişaf və əldə olunmuş nailiyyətlər barədə deyib: “2003–cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır… Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir… Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır”.
Ataş CƏBRAYILOV
Respublika.- 2013.- 31 yanvar.- S. 1.