Mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifi

 

Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Azərbaycan da bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Müasir tariximizin ən görkəmli xadimlərindən olan, xalqı və dövləti üçün əvəzolunmaz xidmətləri ilə müdriklik zirvəsinə ucalmış ümummilli liderimiz Heydər Əliyevin adı hər zaman öndə çəkilir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın yüksək zirvələr fəth etməsinə, xalqımızın tarixi nailiyyətlər qazanmasına müvəffəq olmuşdur. Ümummilli liderin arzusu, amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində tanınan ölkəyə çevirmək, demokratik hüquqi dövlət qurmaq, xalqımızı milli ideologiya ətrafında sıx birləşdirmək, azərbaycançılıq məfkurəsinin inkişafına, həmrəyliyə nail olmaq idi.

Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışı ilə dövlətçiliyimiz tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Heydər Əliyevin prezidentliyinin ilk illərindən etibarən gerçəkləşdirdiyi quruculuq işləri, həyata keçirdiyi mütərəqqi islahatlar, demokratik hüquqi dövlət quruculuğu prosesi ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Ümummilli lider tərəfindən müəyyən edilmiş hərtərəfli inkişaf konsepsiyasına uyğun olaraq ölkəmizin məhkəmə-hüquq sistemində də köklü dəyişikliklər geniş vüsət almağa başladı.

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına tarixi prizmadan nəzər salsaq, müasir məhkəmə sisteminin formalaşması və inkişafı prosesi iki mərhələdə həyata keçirilmişdir.

Birinci mərhələdə bu islahatlar ölkədə azad cəmiyyətin formalaşması, demokratik hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin olunması, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsi məqsədilə işlənib hazırlanmış konsepsiyaya uyğun aparıldı. İlk növbədə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Əsas hüquqi təminatları və dövlət idarəçilik prinsiplərini müəyyən edən Konstitusiyanın qəbul olunması hüquqi islahatlar, o cümlədən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması üçün əlverişli zəmin yaratdı.

1996-cı ildə dahi öndər tərəfindən yaradılmış və özünün bilavasitə rəhbərlik etdiyi Hüquqi İslahat Komissiyası bu islahatların prioritetlərini müəyyən etdiSovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir.

1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul olunması ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində mühüm addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldi. Bununla yanaşı qanunvericilik tədbirləri çərçivəsində məhkəmə sisteminin fəaliyyətini tənzimləyən yeni cinayət, cinayət-prosessual, mülki, mülki-prosessual məcəllələr və digər mühüm qanunlar qəbul edildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə əvvəlki sistemdən köklü surətdə fərqlənən və insan hüquqlarının əsl təminatçısına çevrilən yeni üç pilləli məhkəmə sistemi quruldu. Məhkəmə sisteminin müstəqilliyinin yüksək səviyyədə təmin olunmasının, ədalət mühakiməsinin effektiv həyata keçirilməsinin qərəzsiz və ədalətli hakimlərdən asılı olduğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ölkədə hakimlərin şəffaf prosedurlar əsasında obyektiv və ədalətli seçilməsi qaydasının əsasını qoydubu seçim nəticəsində əvvəllər mövcud olmuş hakim korpusu 60 faiz təzələndi.

İslahatlar nəticəsində məhkəmələrin fəaliyyətinə nəzarətə və müdaxiləyə son qoyuldu, hakimin müstəqilliyi və qərəzsizliyinə dair tələbləri əks etdirən Etik Davranış Kodeksi qəbul olundu, onların əmək haqqı dövlət məmurları sırasında, demək olar ki, ən yüksək hədd kimi müəyyən edildi.

2001-ci ildə Avropa Şurasına üzv qəbul olunandan sonra ölkəmiz Avropa İnsan Hüquqları Konvensiyasına qoşuldubununla Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi. Həyata keçirilən tədbirlər nəticəsində insan hüquqlarının daha etibarlı təminatı mexanizmi yaradıldı, məhkəmə islahatları yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan müasir milli məhkəmə sistemi bərqərar olundu.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev məhkəmə-hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönələn islahatları növbəti mərhələdə daha da inkişaf etdirdi.

Məhkəmə-hüquq islahatlarının bu mərhələsində qanunvericilik əsaslı şəkildə yeniləndi, hakimlərin müddətsiz təyinatı təsbit olundu, yeni təsisatlar — Məhkəmə-Hüquq Şurası, Hakimlərin Seçki Komitəsi təsis edildi.

2005-ci ildən etibarən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində hakimlərin yeni prosedurlarla seçilməsi qaydası tətbiq olunmağa başladı. Hazırda yüksək tələblərə cavab verən yeni nəsil hüquqşünaslarından ibarət hakim korpusu formalaşdırılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin sərəncamları ilə ölkəmizin məhkəmə sisteminə daxil olan məhkəmə hakimlərinin sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Təsadüfi deyil ki, hakimlərin seçim prosesində ölkəmizin qazandığı müsbət təcrübə bu gün digər dövlətlər üçün örnək sayılır. Seçim prosesinin obyektivliyi, saflığı və şəffaflığı Avropa strukturları tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən məhkəmə sisteminin müasirləşdirilməsi çərçivəsində mühüm hadisələrdən biri də ölkədə regional məhkəmələrin təsis olunmasıdır. Dövlət başçısının tapşırıqlarına əsasən son illər 20-dək yeni regional, o cümlədən apelyasiya, inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Bu, regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin regionlarda hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin, vətəndaşların məhkəmələrə inamının artırılmasına və müraciət imkanlarının asanlaşdırılmasına öz müsbət təsirini göstərmişdir.

Bu sahədə davam edən islahatlar eyni zamanda məhkəmə infrastrukturunun müasirləşdirilməsini də əhatə etmişdir. Artıq ölkədə məhkəmələrin yüksək statusuna uyğun yeni binaların inşası geniş vüsət almışdır. Bu istiqamətdə beynəlxalq maliyyə qurumlarının təşəbbüsü və dəstəyi ilə islahatlar prosesi daha da sürətləndirilmişdir. Belə ki, Dünya Bankı ilə birgə “Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi” həyata keçirilərək ən müasir tələblərə cavab verən konsepsiya əsasında yeni məhkəmə bina və kompleksləri inşa olunmuş, respublikamızın müxtəlif bölgələrində qabaqcıl İKT-lərlə təchiz olunmuş binalar istifadəyə verilmişdir. Yeni tikilmiş müasir məhkəmə binalarından biri də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasıdır. Sevindirici haldır ki, məhkəmənin açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəxsən iştirak etmişbinada yaradılmış müasir şəraiti yüksək qiymətləndirmişdir.

Qeyd olunmalıdır ki, məhkəmə sisteminin inkişafı istiqamətində görülən tədbirlərin davamı ölkə Prezidentinin sərəncamına uyğun elektron məhkəmə sisteminin yaradılması prosesidir. Respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun “Elektron məhkəmə”ədalət mühakiməsinə vətəndaş etimadının artmasına xidmət edir” məqaləsində deyilir: “... məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur.” Həqiqətən də, belə bir sistemin yaradılması yeni mərhələnin başlanğıcı olmaqla məhkəmə sistemində mütərəqqi dəyişikliklərə səbəb olacaq, məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının, elektron sistemlərin tətbiqi ədalət mühakiməsinin daha şəffaf və effektiv həyata keçirilməsinə, vətəndaşların müraciətlərinə asançevik baxılmasına müsbət təsir göstərəcəkdir.

Göründüyü kimi, məhkəmə-hüquq islahatları ardıcıl bir prosesdirbu proses ölkəmizin inkişaf siyasətinə paralel olaraq aparılır. Əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları möhtərəm Prezidentimiz İlham Əliyevin hərtərəfli inkişaf konsepsiyası çərçivəsində ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, məhkəmə-hüquq sisteminin davamlı müasirləşməsini təmin edəcək.

 

İlahə ABBASOVA,

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi.

 Respublika.-2014.- 25 aprel.- S.3.