“Yaşlı nəslin təcrübəsindən faydalanaqmövzusunda tədbir

 

Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə  təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoci Universitetində “Yaşlı nəslin təcrübəsindən faydalanaqmövzusunda genişmiqyaslı  maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilmişdir. Rayon icra hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,  Gənclər və İdman İdarəsinin, rayon ictimaiyyətinin, VeteranlarAğsaqqallar Şuralarının nümayəndələrinin, ağbirçəklər, gənc ailələrin nümayəndələrinin, ali təhsil müəssisələrinin tələbələri və gənc müəllimlərin, ziyalıların, gənc fəalların iştirakı ilə keçirilən tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev açıq elan edərək iştirakçıları salamlamış, tədbirin məqsədi və məramı barədə məlumat vermiş, Azərbaycanda ailə və mili-mənəvi dəyərlərin qorunub saxlanılması, ailənin möhkəmləndirilməsi ilə bağlı maariflənmə işlərinin vacibliyindən, aprelin 28-də 91 yaşı tamam olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın fəaliyyətindən, onun necə həkim, qadın və ana olması, öz həyatı ilə bu günkü gənclərə nümunə olmasından danışmışdır.

Sonra çıxış edən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd etmişdir ki, qloballaşan dünyada ən aktivbariz məqamlardan biri sosial-mənəvi mühitin saflığının təmin olunması məsələsidir: “Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür”. Layihənin də yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirərək  yaşlı nəsil xalqın ən yaxşı adət ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə ötürücüsü olduğunu vurğulayıb.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, dövlət ailə siyasətinin dəstəklənməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması, ailə həyatına hazırlığın məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə verilən önəmdən, bu sahədə dövlət tərəfindən görülmüş işlər haqqında danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan  xanımı xalqımızın milli-mənəvi dəyərlərinin qorunaraq, gələcək nəsillərə ötürülməsində müstəsna rola malikdir. Hazırda milli dəyərlərimizin və mədəniyyətimizin fəal təbliğatçısı, ümummilli problemlərin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidməti olan Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən  çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınlarının eləcə də dünya qadınları üçün əsl örnək olduğunu vurğulamışdır. Bildirilmişdir ki, cəmiyyət kiçik ailələrdən ibarətdir və ailələrdə yaranan problemlərin cəmiyyətdə öz əksini tapması və buna görə də cəmiyyətin formalaşmasında əsas fiqur kimi qadının böyük rolu vardır.

Tədbirdə həmçinin Əməkdar müəllim Bela Cəlilova, Qadınlar Cəmiyyəti Səbail rayon təşkilatının sədri Rəfiqə Qazıyeva, ADPU-nin dosenti Həqiqət Hacıyeva, universitetin kafedra müdirləri İramin İsayev, Müseyib İlyasov, Elmi kitabxananın direktoru Azər Hüseynov, I kurs tələbəsi Aytac Fərzəliyeva, universitetin tələbə gənclər təşkilatının sədri Sahil Qələndərov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, universitetin elmi katibi Laçın Həsənova, filologiya fakültəsinin dekan müavini Pəri Paşayeva  və başqaları  çıxış edərək mövzunun  aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər. İştirakçıların yüksək fəallığı ilə müşaiyət olunan tədbir ərzində maraqlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmış, universitetin tələbələri anaya, qadına həsr olunmuş şeirlər oxumuşlar.

Sonda tədbir iştirakçılarına məlumatlandırma vəsaitləri paylanılmışdır.

Məhəmməd VƏLİYEV

Respublika.-2014.- 25 aprel.- S.3.