Tarixi şəxsiyyətlərin xatirəsi unudulmur

 

Mən sizə Zuvand, Dereq, Piran kimi (Lerik rayonu ərazisində) tanınan bu diyarın bir parçası olan Cəngəmiran kəndindən çıxmış tarixi şəxsiyyətlərdən söhbət açmaq istəyirəm. Bu diyarın zəngin sərvətləri, habelə əlverişli coğrafi mövqeyi həmişə Səfəvilərin diqqətini cəlb etmişdir. Cəngəmiran sakinləri də Səfəvilərlə qan qohumluqlarından böyük fəxrlə danışırlar. Səfəvilər Cəngəmiranda dayaqlarını daha da möhkəmləndirməyi cəsur və qətiyyətli insan olan Abdulla bəyə etibar etmişdilər. Deyilənə görə, əslən bu diyardan olan Abdulla bəy şahın ayırdığı xüsusi qoşun dəstəsilə Cəngəmirana gəlir. Buradakı vəziyyətlə tanış olandan sonra mərkəz Cəngəmiran olmaqla, diyarın ZuvandDereq mahallarını, habelə Piran adlanan hissəsini hakimiyyəti altında birləşdirir.

Abdulla bəyin həyat yoldaşı da Səfəvi nəslindən idi. Buna görə də o, az bir zamanda istədiyinə nail olur, Səfəvilərin rəğbətini qazanır, hətta onların qoşununda xidmət üçün igidlər seçir, vergilərin toplanmasına xüsusi diqqət verirdi.

Abdulla bəyin qardaşı Şamxar bəy özünəməxsus cəhətləri ilə seçilirdi. Bir çox hallarda Abdulla bəylə hesablaşmır, özünü diyarın sahibi kimi hiss edirdi. Onun bu hərəkətləri Abdulla bəyin xoşuna gəlmirdi. Araları getdikcə soyuyur, narazılıq artırdı. Nəticədə Şamxar bəy mal-mülkünü, ev-eşiyini Cəngəmiranda qoyub İrana köçür. Şamxar bəy İrana getdikdən sonra Abdulla bəy ona məxsus evi belə yer üzündən silir. İndi də Cəngəmiranda bəziləri bir-birinə qarğış edərkən “Yurdun Şamxar bəyin yurdu kimi dağılsın”,—deyirlər.

Abdulla bəyin təşkilatçılıq bacarığı, gündən-günə artan nüfuzu bəzi imkanlıları narahat edir, ona qarşı məkrli tədbirlər hazırlayırlar. Abdulla bəyi aradan götürmək üçün Cəngəmirandan bir qədər aralı Pendi (Yuxan kənd—red.) ətrafındakı kəndliləri silahlandıraraq Abdulla bəyə qarşı döyüşə təhrik edirlər.

Həmin döyüşdə həlak olanlara dair qəbiristanlıq bu gün də Təkə do (Tək ağacred.) deyilən ərazidə qalmaqdadır. Burada dəfn edilənlərin əksəriyyəti Cəngəmirana—Abdulla bəyə qarşı çıxanlardır. Abdulla bəyin hədd-buluğa çatmış oğlu Nurulla bəy də cəsurluqda atasından geri qalmırdı. Buna görə də atası Dereq mahalının idarə olunmasını ona etibar etmişdi. O da tezliklə yerli əhalinin etimadını qazanır, xeyirxahlığı ilə onlara kömək edir, camaatın sakit, firavan həyatını təmin edir.

İllər bir-birini əvəz etdikcə, Abdulla bəydən küsüb İrana gedən Şamxar bəy qardaşı ilə barışmaq məqsədi ilə geri qayıtmaq sevdasına düşür. O, atlı dəstəsi ilə Cəngəmiranın ərazisində görününcə Abdulla bəy onları güllə yağışına tutur. Şamxar bəy ağır yaralanır. Adamlarından bir neçəsi həlak olur, özü isə canını güclə xilas edib yenidən İrana qayıdır.

Səfəvilərdən sonra Nadir şahın İranda hakimiyyətə gəlişi bütün Azərbaycanda olduğu kimi, onun cənubunda, o cümlədən Dereq, PiranZuvand ərazilərində də narahatçılıqla qarşılanmış, ayrı-ayrı imkanlı şəxslərin kürkünə birə salmışdı. Abdulla bəy Nadir şahın hüzuruna nümayəndə heyəti göndərir, onun hakimiyyətini qəbul edir, şaha sədaqətlə xidmət edəcəyini rəsmi məktubla da bildirir. O başa düşürdü ki, daha əvvəlki kimi işləmək çətin olacaq. Elə bu qayğılarla da Abdulla bəy vəfat edir.

Abdulla bəyin ölümündən sonra diyarda başıpozuqluq başlamışdı. Ayrı-ayrı silahlı dəstələr peyda olmuşdu, kəndlərə qəfil basqınlar edilirdi. İran ərazisindən gələn quldurlar camaatın mal-mülkünü talayır, əmin-amanlığını pozurdu. Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi ilə İran hakimiyyətinin Azərbaycana təsiri azaldı və bu ərazilərdə yeni idarə üsulu—xanlıqlar yaranmağa başladı. XVIII əsrin ikinci yarısına təsadüf edilən Talış xanlığının formalaşmasının səbəbi də məhz baş verən bu ictimai-siyasi hadisələrlə bağlıdır.

Təəssüf ki, qonşu İran bütün Azərbaycana olan tamahını gizlətmirdi. Buna nail olmaq üçün iranlılar Talış diyarının kəndlərinə basqınlar edir, talanlar törədirdilər. Mir Mustafa xan bu çətinlikləri görür, vaxtaşırı ZuvandaNurulla bəyə yardımlar edir, silah göndərir, əyalətin müdafiəsini diqqətdə saxlayırdı. Bunun da səbəbi var idi. Zuvand İranla daha yaxın mövqedə olduğundan xan buna biganə ola bilməzdi. Həmin ərazi eyni zamanda qaçaq-quldurlar üçün də əlverişli idi.

Nurulla bəy cəsur və xeyirxah insan olmaqla yanaşı, həm də tələbkar və mehriban ailə başçısı idi. Ömür-gün yoldaşı Xədicə xanım da Livədirqə kəndindən olan əsilli-nəsilli din xadiminin qızı idi. El-obada hamının xeyrinə-şərinə yarıyır, qapısına gələni ümidsiz qoymurdu. Nurulla bəyin ikinci həyat yoldaşı isə Cəngəmirandan o qədər də uzaq olmayan Barzavu kəndinin Müslüm nəslindən olmuşdur. O da xasiyyətinə görə Xədicə xanımdan geri qalmırdı. Nurulla bəyin ailəsi barədə arxiv sənədləri mövcuddur.

Qeyd etdiyimiz arxivdə Nurulla bəyin övladları belə təsvir olunur: general-parutçik Ağacan bəy, Mirzəcan bəy, Fərəculla bəy, Əsədulla bəy, Şahmar bəy, Tahir bəy, Cahangir bəy, İbadulla bəy, Ruhulla bəy, Ağabala bəy, Xankişi bəy, Əbdülsəməd bəy.

Sənəddə Nurulla bəyin üç qızının olması barədə də məlumat mövcuddur.

Nurulla bəy övladları ilə fəxr edirdi. Onların təhsil almalarına həmişə qayğı ilə yanaşırdı. O vaxtlar burada təhsil ərəb dilində—Qurani-Kərimə əsaslanırdı. Uşaqlar da bu ruhda təhsil alırdılar. Nurulla bəyin ikinci oğlu Mirzəcan bəy yerli din xadimlərinin moizələri ilə kifayətlənməyərək dünyəvi təhsil almaq üçün Ərdəbilə yollanır. Burada dini təhsillə yanaşı, dünyəvi təhsil də alıb püxtələşir, Şərq ədəbiyyatına, xüsusilə poeziyaya böyük maraq göstərir. Özü də şeirlər yazırdı. Nurulla bəyin böyük oğlu Ağacan bəyin həyat yolu da diqqəti cəlb edir. Oğlunu hərbçi görmək istəyən Nurulla bəy onu Tiflisə yola salır. İbtidai hərbi məktəbi bitirdikdən sonra, Ağacan bəy Peterburq Hərbi Məktəbində təhsilini davam etdirir. Təyinatla imperiya qoşunları tərkibində müxtəlif hərbi hissələrdə xidmət keçən Ağacan bəy rus-türk müharibəsinin iştirakçısı olur. Döyüşlərdə qorxmaz, təcrübəli zabit kimi özünü göstərir. “Prinsipial, qətiyyətli və tədbirli”—bu, Ağacan bəyi yaxından tanıyanların fikirləri idi. Lakin qürur və qətiyyəti ilə seçilən zabit rütbə pillələrində yüksəldikcə bədxahlarının sayı da artırdı. Qafqaz qoşunlarının baş komandanı, general Paskeviç belə bədxahardan idi. Ağacan bəyə general-parutçik hərbi rütbəsi veriləndən az sonra, söhbətlərində “bu türk oğlunun kimliyi barədə” qısqanclıqla danışan Paskeviç, nəhayət, ona qarşı sui-qəsdə nail olur. Bu barədə sənədlərin birində yazılır ki, qəsdin təşkilində Paskeviçin köməyi ilə sonralar Talış diyarına komendant təyin olunan İlinskinin də barmağı olmuşdur.

Ağacan bəyin vaxtsız ölümü atası Nurulla bəyi çox ağrıtsa da, o, oğlunun cənazəsini görmək, hadisənin səbəblərini öyrənmək üçün Tiflisə gedir. Paskeviç Ağacan bəyin ölümünü təsadüfi hal kimi təqdim edir. Özü haqqında şübhələri dağıtmaq üçün Ağacan bəyin anası Xədicə xanımın adına ayda 3000 manat pensiya təyin edir. Nurulla bəy də, ömür yoldaşı Xədicə xanım da həmin pulu almaqdan imtina edir. Ancaq pul dövlət tərəfindən mərkəzi banka köçürülür.

Mir Mustafa xanın vəfatından sonra hakimiyyətə gələn Mir Həsən xan Zuvand nahiyəsində hakimiyyətə qarşı böyük təhlükəni hiss etdiyi üçün bəzi tədbirlər görürdü. Sərhəddə ordu hissəsinin artırılmasına fikir versə də, bundan çox görməyə artıq onun qüvvəsi çatmırdı. İranın və Rusiyanın təzyiqi bütün istiqamətlərdə özünü göstərirdi. Zuvand da təhlükədə idi. Diyarın hakimi Nurulla bəy çıxılmaz vəziyyətdə qalmışdı. Əgər Mir Mustafa xanın hakimiyyəti dövründə Nurulla bəy böyük imkanlara malik idisə, Mir Həsən xanın vaxtında bu imkanlar xeyli məhdudlaşmışdı. Yeri gəlmişkən, qeyd edək ki, Mir Həsən xanın hakimiyyətinin zəifləməsində anası Fəxriyyənisənin böyük rolu vardı. O, oğluna kömək etmək əvəzinə, komendant İlinski ilə şübhəli əlaqə saxlayır, onun tövsiyələrinə əməl edirdi. Hiyləgər İlinski bu əlaqələrdən ustalıqla istifadə edirdi. İş o yerə çatmışdı ki, Fəxriyyənisə xanımın Dereq mahalında yaşayan qardaşı uşaqları özlərini istədikləri kimi aparır, heç bir kəslə hesablaşmırdılar. Fəxriyyənisənin qardaşlarının ədalətsiz hərəkətləri Nurulla bəyə ağır təsir göstərirdi. Onlar Astarada yaşayan qohumlarını da diyara dəvət edir, özbaşınalıq daha da genişlənirdi. Nurulla bəy bu həyasızlığın qarşısını almaq məqsədilə Mir Həsən xanla məsləhətləşməyi vacib sayır.

O, Lənkəranda Mir Həsən xanla görüşərkən Zuvanddakı ümumi gərgin vəziyyət, habelə Dereq mahalında Fəxriyyənisə xanımın qardaşlarının və buraya dəvət olunan qohumlarının hərəkətləri barədə söhbət aparır.

Bu söhbətdə Mir Həsən xan Nurulla bəyi müdafiə etmişdir. Nurulla bəy geri qayıdan kimi, Fəxriyyənisə xanımın ərköyün qardaşları Fəti bəyi, Nəcəfqulu xanı (Nəcəfqulu xan Cəngəmiranda böyük torpaqlar əldə etmişdi, hazırda da həmin sahəni “xan sahəsi, yeri” deyə adlandırırlar) cəzalandırmış, hətta Fəti bəyin öldürülməsi barədə sərəncam vermişdi. Nəcəfqulu xan isə mahaldan qaçmaqla canını qurtara bilmişdi.

Lakin araqarışdıran İlinskibütün imkanlarını işə salmışdı. İş o yerə çatmışdı ki, İlinskinin təhriki ilə xanın ailə üzvləri, başda Fəxriyyənisə xanım olmaqla, xana qarşı qaldırılmışdı. İlinski təkcə Nurulla bəyi aldada bilmirdi. Dəfələrlə Nurulla bəylə görüşmək arzusunda olsa da, məqsədinə nail ola bilməmişdi. Nurulla bəy çətin vəziyyətdə olsa da, qürurunu əldən vermək istəmir, Zuvand-Dereq mahalında İranın və Rusiyanın tabeliyini qəbul etmirdi. Həyasızlıqda tanınan mayor İlinski Nurulla bəydən xəbərsiz, gizli yolla Zuvand mahalında olur, bundan xəbər tutan Nurulla bəy onun mahalı tərk etməsi üçün göstəriş verir.

XIX əsrin 20-30-cu illərində Mir Həsən xana qarşı çoxsaylı müqavimət onun hakimiyyətdən uzaqlaşmasına səbəb olmuşdu. Mir Həsən xanın xanlıq hakimiyyətindən əl çəkib İrana getməsi də məcburi addım idi. Bunun üçün ən etibarlı yol Zuvand yolu idi. Lənkərandan gecə ilə çıxmalı olan Mir Həsən xan ailəsi və yaxın adamları ilə Zuvanda gəlir. Mir Həsən xanın İrana qaçması onun üçün acınacaqlı sonluqla bitdi. 1831-ci ildə Tehranda şahın xüsusi göstərişi ilə zəhərlənərək öldürüldü. Türkmənçay müqaviləsi ilə Azərbaycan cənuba və şimala parçalandı. Şimal Rusiyanın tabeçiliyində, Cənubi Azərbaycan isə İranın təsirində qaldı. Vətənin rusların işğalına məruz qalmasına dözməyən Nurulla bəy 1834-cü ildə Cəngəmiranda vəfat etdi. Nurulla bəyin vəsiyyəti ilə cənazəsi Xəlifə Zəkəriyyə qəbiristanlığında, atası Abdulla bəyin dəfn olunduğu yerdə torpağa tapşırıldı.

Çar Rusiyası general Ağacan bəyin xatirinə Nurulla bəyin övladlarının təhsil almalarına icazə vermişdi. Bununla yanaşı, bir faktı da demək lazımdır ki, generalın anası Xədicə xanımın adına təyin olunmuş 3000 manat pensiyaya ailədə uzun illər maraq olmamışdı. Nəhayət, oğlanlarından Mirzəcan bəy, Ruhulla bəy, Əsəd bəy və digərlərinin birgə rəyi ilə belə bir qərar qəbul olundu ki, həmin pensiya kiçik qardaş Əbdülsəmədin adına köçürülsün.

Nurulla bəyin vəfatından sonra, onun Ərdəbildə oxuyan oğlu İbadulla bəy təhsilini yarımçıq qoyub Cəngəmirana qayıtmışdı. Lakin onun oxumaq həvəsini görüb, anası Xədicə xanım, qardaşları Mirzəcan və Ruhulla bəy Lənkərana, qəza başçısının qəbuluna gedib İbadulla bəyin gimnaziyada təhsil almasına kömək etməyi xahiş edirlər. Qəza rəisi onların xahişinə biganə qalmır. Gimnaziyada dərslər başlandığı üçün, İbadulla bəyin birbaşa orada təhsilini davam etdirməsi mümkün deyildi. Bütün bunlara baxmayaraq, qəza rəisinin köməyi ilə o, gimnaziyanın hazırlıq kursuna qəbul olunur. Az vaxtda İbadulla bəy çalışqan və istedadlı şagird kimi diqqəti cəlb edir. Kursun sonunda aydın olur ki, o, gimnaziyada qanuni şəkildə oxuyanlardan daha hazırlıqlıdır. Gimnaziya rəhbərliyi İbadulla bəyin istedadını nəzərə alıb, onu tələbələr sırasına qəbul edir. Eyni zamanda, mükafat olaraq ona kitab-dəftər hədiyyə olunur. Digər tərəfdən, gimnaziyada oxuduğu müddətdə mənzillə təmin edilir. Təhsil müddətində o, həmçinin təhsil haqqından azad olunur, hətta təqaüdə layiq görülür. Gimnaziyanı yüksək qiymətlərlə başa çatdıran İbadulla bəy qəza idarəsində işlə təmin olunur.

İşgüzarlığına və savadına görə, qəza başçısı Tiflis canişininin adına məktubla müraciət edərək onu təcrübə üçün Tiflisə göndərir. İbadulla bəy Voronsov-Daşkovun başçılıq etdiyi idarədə işləməyə başlayır. Tiflisdə xeyli təcrübə qazandıqdan sonra Lənkərana gələn İbadulla bəy işlə təmin olunur, sonralar isə imperiyanın adlı müvəkkili vəzifəsinə layiq görülür. Nəhayət, o, Lənkəran şəhərinin pristavı təyin edilir.

İbadulla bəy başına gələndən sonra şəhər əhalisinin problemlərinə qayğı ilə yanaşır, qəza mərkəzinin abadlaşdırılmasına, sosial inkişafına diqqət yetirir. İş elə gətirirdi ki, Lənkəran şəhərindən başqa, pristavlıqda baş verən hər hansı hadisənin aradan qaldırılması da İbadulla bəyə tapşırılırdı. İmperiyanın adlı müvəkkili olduğu üçün, hər hansı adamının pozulan hüquqlarının bərpasına yardımçı olur, bu məqsədlə yaradılan komissiyanın tərkibində fəal iştirak edirdi. Bu barədə faktlardan biri Lənkəran şəhərindəki pivə zavodu ilə bağlıdır. O vaxtlar Lənkəranda əhalinin milli tərkibi də müxtəlif idi. Şəhərdə XIX əsrin sonu XX əsrin əvvəllərində 1 alman, 3 polyak, 5 yəhudi, 52 rus, 408 azərbaycanlı evi olmuşdur (rəqəmlər, əslində tam dəqiq olmaya bilər. Lakin ümumi tərkibin nisbətini müəyyənləşdirməyə kifayət edir).

 

Firudin NURULLABƏYLİ

(ƏSƏDOV).

(davamı növbəti saylarımızda)

Respublika.-2014.- 25 aprel.- S.7.