Tarix heç zaman unudulmur
XIX əsrin əvvəllərindən
başlayaraq Qafqazda kütləvi şəkildə
məskunlaşdırılan ermənilər az
müddət sonra bölgəni öz havadarlarının diktəsi
və səyi ilə, sözün əsl mənasında, “qan çanağı”na çevirdilər.
Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə XX əsr boyu mərhələ-mərhələ təkrarlandı.
Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırım aktları mənfur bir niyyətə söykənir nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və oborigen xalq olduqlarını təsdiqləmək. Bu niyyəti reallaşdırmağın yolu isə azərbaycanlıların soyqırımından, qanlı talanlardan və deportasiya siyasətindən keçirdi. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən kütləvi qırğınlar ermənilərin Qafqazda kütləvi məskunlaşması ilə nəticələndi. Onlar xəyanətkarcasına törədilən bu vəhşi əməlləri ilə Azərbaycana məxsus bölgələrdə nəinki yaşamaq, Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan ərazisində dövlət qurmaq niyyətlərini belə reallaşdırdılar.
Zaman-zaman gücləndirilən bu məkrli siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salındılar. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasında, Şamaxı, Quba şəhərlərində, Göyçay qəzasında, Qarabağda, Muğanda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı kütləvi qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər.
Mart qırğınlarının bilavasitə şahidi olmuş məşhur tədqiqatçı Kulqe hadisələr barədə yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”. Tədqiqatçının hadisələr barədə araşdırmaları erməni vandalizmini əks etdirən fotoşəkillərlə müşayiət olunur. Bu faktlar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin cüzi bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
Şamaxıda törədilən qırğınlar zamanı şəhərin müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri isə uşaqlar olmuşdur.
Mart hadisələri, əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi və bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyun”un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik”. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində Quba qəzasında 3 dəfə qırğın törədilmiş, 162 kənd dağıdılmışdır ki, bunlardan 35-i hazırda mövcud deyildir.
1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verilməsi məqsədilə bir sıra tədbirlər görülsə də, ADR-in süqutu bu işləri başa çatdırmağa imkan vermədi.
Azərbaycan yalnız müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il martm 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edildi. Sözügedən fərmanda ermənilərin azərbaycanlılara qarşı onilliklər boyu davam edən soyqırımın xronologiyası verilməklə, bu hadisələrə siyasi qiymət verilmişdir. Məhz bu fərmanla Azərbaycan tarixində bu məsələyə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl obyektiv və dolğun tarixi qiymət idi. Bu gün ulu öndərin adını daşıyan Fondun bu sahədə Azərbaycan dövləti ilə yanaşı, həyata keçirdiyi işlərin əhəmiyyəti misilsizdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırım Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə əhəmiyyət verməsini nümayiş etdirdi. Fond tərəfindən həyata keçirilən kampaniya dünyanın bir çox şəhərlərini əhatə etməklə Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fondun hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımını əks etdirən fotoşəkillər mötəbər təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarmm diqqətini Azərbaycan xalqmm faciəsinə, ermənilərin isə vandalizminə yönəltdi. Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıtdı. “Xocalıya ədalət!” kampaniyası Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırım siyasətini daha mükəmməl formatda beynəlxalq səviyyədə təqdim edir.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü diplomatiya təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Dövlətimizin başçısı Ermənistanın beynəlxalq səviyyədə ifşası, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün beynəlxalq görüşlərində, xarici ölkələrə səfərlərindəki çıxışlarında, bu cinayəti törədənləri və ona göz yumanları özünəməxsus cəsarətlə açıq və birmənalı şəkildə kəskin tənqid edir, dünya ictimaiyyətini erməni haqsızlığına son qoymağa çağırır. Dünya siyasi arenasında rolu olan dövlətlərlə, təşkilatlarla ardıcıl, məqsədyönlü və intensiv işin aparılması sayəsində uzun illər boyu formalaşmış erməni stereotipinin və geniş təbliğ olunmuş yanlış siyasi yanaşmanın tədricən uğursuzluğa doğru dəyişməsi acıq-aydın müşahidə olunmaqdadır.
Hazırda qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırım haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir. Düşmən üzərində qələbə, Vətənimizin bütövlüyü və xalqımızın gələcək rifahı naminə, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev ətrafında sarsılmaz və yenilməz milli birliyimiz ən başlıca amildir.
Hüseyn ƏLİXANOV,
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi Penitensiar xidmətin rəis müavini, ədliyyə
general-mayoru.
Respublika.-2014.- 2 aprel.- S.5.