Yurd həsrəti ilə yaşayan insanlar
Kəlbəcər vətənimizin zümrüd qaşı, dağlar diyarıdır. Dəlidağ, Murov, Kəpəz, Qoşqar, Alagöllər, Sarıyer, Ceyranbulağı, Keyti, İstisu insanların ən çox üz tutduğu məkan idi. Dağlar qoynunda yerləşən və bu gün düşmən tapdağında olan Kəlbəcərin 130 yaşayış məntəqəsi dünya əhəmiyyətli “İstisu” sanatoriyası, 500-dən çox kolxoz, sovxoz, ticarət, ictimai-iaşə, sənaye obyektləri, 13 min yaşayış evi, 324 sosial-mədəni müəssisəsi 1993-cü ildə erməni daşnaklarının əlinə keçərək darmadağın edildi.
Ərazisi 1936 kvadratkilometr olan, Tərtər çayı hövzəsində yerləşən, loğman təbiətli Qafqazın mirvarisi sayılan, min bir sərvətli Kəlbəcər dəniz səviyyəsindən 3400 metr yüksəklikdə yerləşir. Əhalisi isə 58 mini keçmişdi. Kəlbəcərdə bədii sənət nümunələrindən olan, min bir çeşnisi ilə seçilən xalçalar hamını heyran qoyurdu. Nənələrin barmaqların zərgər dəqiqliyi ilə, təbii boyaqlı iplərlə toxuduqları xalça-kilim, palaz, eləcə də digər toxuma materiallar dünyanın hər yerinə yayılmışdı. Xınalı, mamırlı daşlar sanki mahir rəssam fırçasından çıxmışdı. Kəlbəcərin qiymətli sərvətləri, mineral suları, qızılı, civəsi dillərdə gəzirdi.
Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə bağlı 1996-cı il aprel ayının 1-də Respublika sarayında ulu öndərimiz Heydər Əliyev Kəlbəcər rayonu sakinlərinin nümayəndələri ilə görüşündə demişdir: “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə, respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur”.
Vurğulamaq lazımdır ki, Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Kəlbəcər qalaları, abidələri barədə respublikamızın tanınmış elm, incəsənət xadimləri, tarixçi-arxeoloqları, söz sərrafları vaxtilə çox dəyərli söz demiş, o dağları addım-addım dolaşaraq bu ulu insan məskəninin maddi abidələrini biz nəsillərə əmanət olduğunu vurğulamışdılar.
Ümumiyyətlə, işğaldan əvvəl Kəlbəcərdə üç dəfə erməni işğalçıları tərəfindən yerli sakinlərə qarşı vəhşilik törədilmişdir. 1992-ci il aprelin 8-də Ağdaban kəndi ermənilər tərəfindən işğal olunmuş, tamamailə yandırılmış, 33 nəfər dinc sakin işgəncələrlə qətlə yetirilmiş, 5 nəfər girov götürülmüş, 100-ə yaxın ev, ictimai binalar darmadağın edilmişdir. İkinci faciə 1993-cü il mart ayının 26-da baş verdi. Ermənilər Ağqaya tərəfdən Keçiliqaya, Zağalar, Çırıqlı kəndlərini yandıraraq günahsız insanları məhv etmiş, ən nəhayət, 2 aprel 1993-cü ildə Kəlbəcər erməni quldurları tərəfindən işğal olunmuşdur...
Əməkdaşımız yurd həsrəti ilə göyüm-göyüm göynəyən, axşam-sabah könülləri İstisunu, Dəlidağı, Qoçdaşı, Laçınqayanı, Turşsuyu dolaşan kəlbəcərlilərlə görüşmüş, işğala necə məruz qalmaları ilə bağlı onların ürək sözlərini qələmə almışdır.
Aslan Aslanov (Kəlbəcər şəhər sakini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bakı şəhər baytarlıq idarəsinin rəisi):
—Kəlbəcərsiz keçən günlərimiz sayıla-sayıla, nə vaxtsa doğma yurda qayıtmaq ümidi ilə ömrümüzün 21 ili keçdi. Dəhşətli 31 mart–2 aprel günlərini görənlər yəqin ki, axirət dünyasına köçənə qədər o dəhşəti, qırğını, günahsız insanların ah-naləsini ürəklərində yaşadacaqlar. Cəmi bir maşın yerləşən Murov yolunda köç karvanına baxanda göz qaralırdı. Elə bil insanlar Allahın qəzəbinə tuş gəlmişdilər. Gecədən səhərə qədər yağan qar yük maşınlarının banlarında bir-birinə sığınmış adamların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Erməni silahlı qüvvələrinin hücumundan min bir əziyyətlə yaxa qurtaran insanlar Xanlar (indiki Göygöl) və Gəncə şəhərlərinə axışırdılar, yaxınlar bir-birindən aralı düşmüşdü, erməni gülləsinə tuş gəlib şəhid olan, itkin düşən, əsir götürülən kəlbəcərlilərin sayı bilinmirdi...
1993-cü il aprelin 2-də kəlbəcərlilər ata-baba yurdlarını itirdilər. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də ölkəmizi dünyada tanıdan və loğman kimi neçə milyon insana şəfa bəxş edən dirilik suyu—İstisu idi. İstisuyun müalicəvi əhəmiyyəti dillərdə dastan idi. Buradakı mineral su öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada məşhur olan Karlovı-Varı (Çexoslovakiya) suyu ilə eynidir.
Bu gün erməni işğalı altında olan Kəlbəcər respublikamızın 56 rayonuna səpələnmiş insanların bir an olsun yadından çıxmır.
1996-cı il aprelin 1-də Respublika sarayında ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin Kəlbəcər rayonunun sakinləri ilə görüşündə vurğuladı ki, şübhəsiz ki, o gün gələcəkdir ki, Kəlbəcər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcər vətəndaşları, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Nurəddin Hüseynov (13 saylı Kəlbəcər məktəbinin müəllimi):
—Şuşa və Laçının işğalından sonra Kəlbəcər də bu müsibətlə üzləşdi. Ovaxtkı dövlət rəhbərlərinin səriştəsizliyi, laqeydliyi, ordudakı nizamsızlıq xalqımıza daha bir ağır zərbə vurdu. Kəlbəcər düşmən əlinə keçdi. Yüzlərlə soydaşımız həlak oldu, itkin düşdü, girov götürüldü, şikəst oldu. Halbuki dağlar qoynunda uyuyan, alınmaz qala olan Kəlbəcəri o qədər də çox olmayan qüvvə ilə də müdafiə etmək mümkün idi.
Mən əslən Kəlbəcərin Dalqılıçlı kəndindənəm. Sovetliyimiz 5 kəndi əhatə edirdi. Aprelin 1-dən 2-nə keçən gecə kəndimizə hər tərəfdən güllə yağışı yağırdı. Güc-bəla ilə kənd sakinlərini doğma ocaqlarından uzaqlaşdırmışdıq. Onlar Gəncə şəhərinə doğru üz tutmuşdular. Həmin günlərdə itkilərimiz də çox oldu. Kənddə cəmi 7 nəfər qalmışdıq. Kəlbəcəri tərk etmək ümidimiz tükənməmişdi. Son məqamda biz də Dalqılıclı kəndi ilə vidalaşmalı olduq, özü də göz yaşları ilə. Qarda, çovğunda, şaxtada ölümlə üz-üzə dayanaraq dağ yolu ilə Murova, oradan da Gəncəyə çatdıq. Həmin müsibətli anlarda bütün gəncəlilər bizə əl tutdu, isti nəfəsləri ilə bizi qızdırdı, bir parça çörəklərini bizimlə, taleyi daşa dəyən kəlbəcərlilərlə yarı böldü. Yavaş-yavaş qamətimiz düzəldi. Dövlətimizin diqqət və qayğısı sayəsində kəlbəcərlilər respublikamızın ayrı-ayrı rayonlarında məskunlaşdılar.
Bir vaxtlar Bakının Nərimanov rayonundakı yataqxanada qalan 150 ailə Abşeron rayonunun ərazisində hər cür şəraitə malik çoxmərtəbəli yaşayış binasında mənzillərlə təmin olundu. Hazırda həmin binalarda 500 nəfər kəlbəcərli yaşayır.
Biz ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin titanik səyi nəticəsində tezliklə Kəlbəcər erməni işğalından azad olunacaq, məcburi köçkünlərimiz ata-baba torpaqlarına qayıdacaq, qəribsəmiş yurd yerlərində toy-büsat şənlikləri qurulacaq, “Misri”, “Cəngi” səsləri dağa-daşa səs salacaqdır...
Sevda Abdullayeva (Hacıkənd kənd sakini, evdar qadın):
—21 ildir ki, Azərbaycanın qala qapısı doğma Kəlbəcərimizdən, ata-baba ocağımızdan, həmişə başı qarlı Murov dağdan, Qafqazın mirvarisi sayılan bir qədim oğuz yurdundan ayrı düşmüşük.
Atlas geyimli yamacları, şır-şır axan bulaqları, sıx meşəlikləri olan kəndimiz Haçıkənddə 65-70 ailə yaşayırdı. Gün-güzəranımız yaxşı idi. Ancaq erməni vəhşiliyi, erməni xəyanəti 1993-cü ilin aprelində xoş növrağımızı pozdu.
O ağır günlərdə valideynlərim məni və digər bacımı qonşuların maşını ilə kənddən uzuqlaşdırdı. Üç gün atam-anam güllə yağışının altında qaldı. Bir həftə 2 bacı yad qapılarda həsrətdən gül kimi solduq. Valideynlərimizin aqibəti bizi dəli-divanə etmişdi. Göz yaşlarımız qurumurdu. Şükürlər olsun ki, ilk dəfə anamızı Tərtərdə tapdıq. Kəlbəcər işğal olundu, əlimizi Murova sarı uzatdıq, ancaq əlimiz çatmadı. Yuva yağmalandı, yurd parçalandı, haqq tapdalandı, Kəlbəcər adlanan elim talandı...
Dünyaya göz açdığım Kəlbəcərin hələ də işğal altında olmasına qəlbim tab gətirə bilmir. Göynəyirəm, üzülürəm, ancaq ümidlə yaşayıram. Ata yurduna qayıtmaq ümidi ilə...
Tamara Əzimova (Kəlbəcər sakini, həkim):
—Kəlbəcər yoxluğu eli yandırır. Kəlbəcəri dağlar üzük qaşı kimi dövrəyə almışdı. Heç kim inanmazdı ki, bu böyük mahal türk qanına susayan ermənilərə qismət olsun. Ancaq bizlərə zülmü, zərbəni ermənipərəst Qorbaçov endirdi. Ermənilərə dayaq oldular, azərbaycanlılara qarşı birgə xəyanət toru hazırlandı.
“İstisu” kurortu beynəlxalq əhəmiyyətli müalicə ocağı idi. Kəlbəcərin təbii sərvətləri, xüsusilə qızılı dünyada tanınırdı. Ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi ilk dövrdə Kəlbəcərin iqtisadi qüdrətinin, elmin, mədəniyyətin yüksəldilməsi istiqamətində çox böyük işlər görmüşdü.
Kəlbəcər yoxluğu, Kəlbəcər həsrəti bir ana kimi saçlarımı tez ağartdı, qamətim tez əydi. Əvvəllər yataqxanada çox çətin vəziyyətdə yaşayırdıq. Ölkə başçısı İlham Əliyevə çox minnətdaram. Hazırda 4 övladımla və 9 gülüzlü nəvəmlə yeni tikilib istifadəyə verilmiş çoxmərtəbəli binada normal yaşayıram, həyat tərzimiz yaxşıdır. Dövlət qayğısı ilə əhatə olunmuşuq.
Məhəmməd Əliyev (“Elin səsi” qəzetinin baş redaktoru, Dalqılıclı kənd sakini):
—Kəlbəcər uzunömürlülər diyarı kimi tanınırdı. 1981-ci ildə “Vokruq sveta” jurnalının dalbadal 3 nömrəsində jurnalın əməkdaşı Valeri İvçenkonun Kəlbəcərə həsr olunmuş “Bura uzunömürlülər diyarıdır” sərlövhəli publisistik materialı dərc olunmuşdu. Həmin yazı Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində təkrar çap olunmuşdu. 1983-cü ildə Litva yazıçısı və publisisti Eduard Qridçis on gün Kəlbəcərdə qalaraq Güləndam nənə, İlyas baba və Rüstəm kişi ilə, habelə Başlıbeldə yaşayan, yaşı 100-ü keçmiş 6 nəfərlə görüşərək toylarda iştirak etmiş, Kəlbəcər haqqında kitab yazmışdır.
Kəlbəcər qüdrətlənərək Azərbaycanla Ermənistan arasında alınmaz qalaya çevrilmişdi. Kəlbəcərlilər nə vaxtsa erməni xəyanətilə üzləşəcəklərindən xəbərsiz yaşayırdılar...
Ərazisi 1936 kvadratkilometr olan və Tərtər çayı hövzəsində yerləşən loğman təbiətli, min bir sərvətli Kəlbəcər dəniz səviyyəsindən 3400 metr yüksəklikdə yerləşən Camışdağdan ovucun içi kimi görünürdü. Rayon sakinləri göyçəlilərlə bir ailə kimi dolanırdılar. Çox vaxt xeyir, şərləri bir olardı.
Qədim insan məskənlərindən olan Kəlbəcər nankor ermənilər tərəfindən 1993-cü ildə işğal olundu. Ata yurdunu tərk edərkən evdən heç nə götürə bilmədik, aramsız güllə yağışı heç nəyə imkan vermirdi. Murov tərəfə üz tutanda 6 nəfərlə mühasirəyə düşdük. Təsadüfən sağ qaldıq. Qaranlıq bir gecədə, əl-ayağımızın şaxta apardığı çətin bir məqamda Gəncəyə çatdıq, uzun müddət xəstəlikdən yorğan-döşəyə düşdüm.
Kəlbəcərin işğalı bir qələm sahibi, jurnalist kimi məni göyüm-göyüm göynədir. İnanıram ki, doğma Kəlbəcərə qayıdacağımız gün heç də uzaqda deyil...
Aydın Əzimov (Kəlbəcər rayon sakini):
—Kəlbəcərin dörd tərəfi dağlarla əhatə olunmuşdu. Mərhum akademik Budaq Budaqovun söylədiyi kimi, “Kəlbəcər hər yandan qıfıllı dərənin yuxarı axınının mərkəzində, geniş dağ düzənliyi üzərində yerləşirdi. Kəlbəcər şəhərini əhatə edən dağların hamısı öz ətəklərini Kəlbəcərin ayaqları altına sərib...”
Doğrudan da, bu hikmətlə dolu Kəlbəcər təbiətinin sanki ən əziz balası kimi dağların, çəmənliklərin nəğməsi ilə təbiəti yatıran-oyadan, layla çalan qucağına qısılmışdı.
21 il bundan öncə Kəlbəcər kimi qoynu min bir sərvətli, başı buludlardan nəm çəkən bir məkanın bədnam ermənilər tərəfindən işğal olunmasını gözlərim önünə gətirəndə sanki ömrümə balta vurulur. Ermənilərə Moskva dəstək olmasaydı, onlar heç vaxt Azərbaycanın bir qarış torpağını da ala bilməzdilər.
Kəlbəcər gülləbaran ediləndə doğma yurddan heç cür ayrıla bilmirdim. Lakin bıçaq sümüyə dirənmişdi. Məcbur olub Kəlbəcəri tərk etdik, həyat yoldaşım və 2 uşağımla çətin dağ yolları ilə Murova, sonra isə Gəncə şəhərinə yollandıq.
21 ildir ki, Kəlbəcərsiz həyat keçiririk. O yerlərin ab-havasını, toy-büsatlı anlarının yerini heç nə verməz. Ancaq ümidlə yaşayırıq, biz Kəlbəcərsiz yaşaya bilmərik, nə vaxtsa geri qayıdacağıq.
Bu gün bütün kəlbəcərlilərin qəlbi yurd eşqi ilə döyünür. Baxışlar Murova, Dəlidağa, Kəpəzə, Qoşqara dikilmişdir. Hamı bilir ki, günlərin bir günündə onlar yurd yerlərinə dönəcəklər. “Taxta düzü” yaylaqların tacıydı, “Qonur”, “Qaçdaş” ilə qardaş bacıydı, “Gəlin qaya” qayaların başıydı, “Qızıl qaya” qızıl üzük qaşıydı...
Hazırladı:
Qədir ASLAN,
Respublika.-2014.- 2
aprel.- S.6.