Ədəbiyyatın layiqli sıra nəfəri
Son iki-üç ildə kitabları, imzaları ilə ədəbi mühitdə, cəmiyyətdə yaxşı tanınan, necə deyərlər, üzdə olan filoloqlarımız - ədəbiyyatşünas və tənqidçilərimiz bir-birlərinin ardınca 60 yaşın arxasını yerə vururlar. Yaddaşım məni aldatmırsa, indiyə qədər bu sıradan Azərbaycan MEA-nın müxbir üzvləri Kamal Abdulla və Teymur Kərimlinin, filologiya elmləri doktorları Rəhim Əliyev, Şirindil Alışanov, Kamran Əliyevin (yaddan çıxanlar varsa, üzürlü saysınlar!) yubileyləri qeyd olunub. Bəndeyi-həqir də fəal elmi yaradıcılıqdan uzaq düşməsinə baxmayaraq, ötən il həmin sıraya qoşuldu.
Bu il fevralın 16-da isə Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi və ədəbi ictimaiyyət daha bir tanınmış alimin - filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 60 illiyini qeyd etdi.
Oxuculara təqdim olunan yeni kitabında toplanan axtarış ruhlu əsərləri ilə sanki ədəbiyyatşünaslıqda keçdiyi bir qərinəlik yolun hesabatını verən tanınmış alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli də hiss edilmədən 60 yaşın astanasına gəlib yetişmişdir. Bir elm adamı kimi onun xüsusi təqdimata ehtiyacı yoxdur. Lakin həyatının mühüm bir dövrünün rəmzi yekunu kimi çap etdirdiyi kitaba kiçik müqəddimə yazmaq vəzifəsini öhdəmə götürdüyümdən dostum və həmkarım haqqında bəzi fikirlərimi bölüşməyi özümə borc sayıram.
Asifin özündən əvvəl imzasını tanımışam. Müxtəlif ədəbi məcmuələrdə, qəzet və jurnallarda əsasən XX əsrin əvvəllərində yaşayıb-yaratmış ədəbiyyat xadimlərimiz haqqında yeni fakt və materiallara əsaslanan məqalələri diqqətimi çəkirdi. Mən də eyni tipli araşdırmalara üstünlük verdiyimdən yazılarını maraqla oxuyurdum. İndi yadımda deyil, kimsə yüksək elmi təhlil səriştəsi ilə seçilən bu yazıların müəllifinin hardasa montyor, yaxud buna bənzər işdə çalışdığını mənə demişdi. Sonra özünü də gördüm. Ara-sıra Ədəbiyyat İnstitutuna, Əziz Mirəhmədovun, Yaşar Qarayevin, İslam Ağayevin yanına gəlirdi.
O zaman bir neçə ay idi ki, institutda elmi işlər üzrə direktor müavini vəzifəsində işləyirdim. Direktorumuz mərhum Yaşar Qarayev təkcə institut çərçivəsində deyil, daha geniş miqyasda gənc alimlərlə işləməyi, onların əlaqələrini koordinasiya etməyi məşğul olacağım prioritet sahələrdən biri kimi müəyyənləşdirmişdi. Ona görə də digər gənc həmkarlarımla bir sırada Asif Rüstəmli ilə də maraqlanırdım, institutla əməkdaşlığının faydalı və səmərəli olmasını düşünürdüm. İlk tanışlığımız da elə bu zəmində baş tutdu. Dörddə bir əsrdən çox davam edən ədəbi iş birliyimiz, səmimi dostluq münasibətlərimiz beləcə başlandı. Bu, səhv etmirəmsə, 1987-ci ilin oktyabr ayında olmuşdu. Növbəti ilin yanvarında isə Asif Rüstəmli artıq müsabiqə yolu ilə Ədəbiyyat İnstitutunun əməkdaşları sırasında yer tutmuşdu.
Həmin dövrdə 36 yaşı və kifayət qədər elmi-ədəbi təcrübəsi olan Asifin ştatdakı yeganə boş yerə - baş laborantlığa razılaşmayacağını düşünürdüm. Əslində bunu etməyə haqqı da vardı. Çünki elmi səviyyəsi və xidmətləri ilə müqayisədə təklif olunan iş həqiqətən də adekvat deyildi. Lakin Asif üçün öz taleyini elm məktəbi, elm məbədi saydığı Nizami İnstitutu ilə bağlamaq o qədər daxildən gələn və bütün varlığı ilə can atdığı bir arzu idi ki, o vəzifənin böyük-kiçikliyi, adı və sanbalı barədə əsla düşünmədi və tərəddüdsüz öz qərarını verdi.
Təbii ki, yalnız qüvvə və potensialına inanan, elmi cameəyə qoşulmaq, sevdiyi sahədə çalışmaq üçün hər şeyə hazır olan adam belə addım atardı. Aradan vur-tut üç il keçəndən sonra kollektivin tanınmış üzvlərindən birinə çevrilən Asif Rüstəmli gələcəkdə müstəqil Folklor İnstitutu kimi fəaliyyət göstərəcək, o vaxtlar isə Folklor Sarayı adlanan elmi-mədəni mərkəzin müdiri idi. Burada onun yalnız elmi deyil, həm də təşkilatçılıq qabiliyyəti üzə çıxdı. Nəticədə Asif aspirantura təhsili alan, daha perspektivli görünən gənclərin on ilə keçdiyi yolu bir neçə ilə keçdi. 1995-ci ildə Türkiyədən, uzunmüddətli elmi ezamiyyətdən sonra qayıtdığım institutda artıq filologiya elmləri namizədi alimlik dərəcəsinə yüksəlmiş Asif Rüstəmli Elmi nəşrlər bölməsinə rəhbərlik edirdi.
Asif böyük elmə gəldiyi ilk gündən işin çətinindən yapışdı. Qarşısına milli mədəniyyət tariximizin öyrənilməmiş, yaxud az öyrənilmiş sahələrini, əsərlərini və müəlliflərini araşdırmaq vəzifəsi qoydu. Təbii ki, hər hansı mövcud mətni araşdırıb dəyərləndirmək də filoloq-alimdən yüksək peşəkarlıq, elmi-nəzəri biliklər tələb edir. Naməlum adları və imzaları üzə çıxarmaq, siyasi-ideoloji səbəblərə görə unudulmuş, yaxud unutdurulmuş əsərləri yenidən xalqın mənəvi sərvətinə çevirmək isə bundan qat-qat çətin, eyni zamanda şərəfli və gərəkli işdir. Asif düşünülmüş şəkildə çətinliyi ilə seçilən ikinci yolu seçdi. Və az müddət ərzində bu sahədə tanınan nüfuzlu mütəxəssislərdən biri kimi formalaşdı.
Elmi işçi kimi fəaliyyətə başladığı ilk günlərdən o, mətnşünaslıq, ədəbiyyat tarixçiliyi və ədəbiyyatşünaslığın kəsişmə nöqtəsində çalışmağı tərcih etdi. Belə çoxcəhətli axtarışların və tədqiqatçılıq fəaliyyətinin nəticəsi kimi adı haqsız yerə unudulmuş görkəmli mollanəsrəddinçi şair Bayraməli Abbaszadənin (1869-1926) həyat və yaradıcılığından bəhs edən “Tufanlardan keçən ömür” monoqrafiyası (Bakı, “Sabah” nəşriyyatı, 1995) meydana çıxdı. Asifin kitabı həcm etibarilə şairin özünün sonuncu dəfə 1964-cü ildə işıq üzü görən “Seçilmiş şeirləri”ndən böyük idi. Bu da onun çoxlu yeni materiallar üzə çıxardığını, müxtəlif mətbuat orqanlarında “Hammal” təxəllüsü ilə çap olunan Bayraməli Abbaszadənin naməlum əsərlərini tapdığını göstərirdi. Sonrakı illərdə də mövzu ətrafında axtarışlarını davam etdirən və adıçəkilən monoqrafiyanın daha təkmil variantını ortaya qoyan tədqiqatçı XX əsr Azərbaycan ədəbiyyatının iddiasız və təvazökar bir nümayəndəsini naməlumluq dumanları arxasından çıxarmağa, yenidən ədəbi dövriyyəyə qaytarmağa müvəffəq olmuşdu.
Ölkəmizdə 1988-ci ildən genişlənən müstəqillik savaşına Asif də öz layiqli töhfələrini verdi. Həm də bunu XX yüzilliyin əvvəllərində milli mücadilənin önündə gedən görkəmli şəxsiyyətlərin adlarını dirçəltmək, onların çağdaş dövrün ruhuna uyğun əsərlərini yenidən siyasi və ədəbi gündəmə gətirmək yolu ilə həyata keçirdi. Bu gün anadan olmasının 130 illiyi dövlət başçısının sərəncamı ilə qeyd edilən milli dövlətçilik ideyasının banisi və ilk cümhuriyyətimizin qurucularından birinin - Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” (Bakı, 1990), “Bolşeviklərin Şərq siyasəti” (Bakı, 1994) kitabları Asifin ərəb qrafikasından transliterasiyası əsasında kütləvi tirajla (50000 nüsxə) çap olunaraq həqiqi tarixini öyrənmək istəyən, on illərlə belə kitabların həsrətini çəkən Azərbaycan oxucuları arasında yayılmışdı.
Bu qəbildən olan və yenə də zəhmətkeş tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin əmək, ciddi araşdırmalar bahasına hazırladığı başqa bir əsər - Azərbaycan Cümhuriyyəti xarici işlər nazirinin müavini, müstəqil dövlətimizin İrandakı ilk səfiri Adil xan Ziyadxanın (1869-1954) həqiqi vətənpərvərlik təəssübü və yurd sevgisi ilə qələmə alınmış “Azərbaycan” kitabı mənim “Yoxdan bayraq yaradanlardan biri” adlı ön sözümlə 1993-cü ildə işıq üzü görmüşdü.
Azərbaycanda istiqlalçılıq ideyalarına və milli mücadilə tarixinə maraq Asifi, təbii olaraq, bu mübarizənin ən atəşin tərənnümçülərindən birinin - böyük yazıçı-dramaturq Cəfər Cabbarlının mühiti, həyatı, şəxsiyyəti və yaradıcılığı ilə daha yaxından məşğul olmağa vadar etmişdi. Onun araşdırmalarına qədər Azərbaycan ədəbiyyatı tarixinə daha çox sovet ideologiyasının təqdim etdiyi rəsmi Cabbarlı məlum idi. Əlbəttə, həmin Cabbarlı da istedadının möhtəşəmliyi, yaradıcı fantaziyasının gücü, xalqına və vətəninə məhəbbətinin hüdudsuzluğu ilə diqqəti çəkirdi. Lakin sovet ədəbiyyatşünaslığının təfsirində böyük sənətkar onu bizə daha da yaxınlaşdıran, doğmalaşdıran əsas özəlliyindən - sağlam milliyyətçilik və türkçülük duyğularından, Cümhuriyyət heyranlığından tamamilə arıdılaraq təqdim edilmişdi. Bu mühüm xüsusiyyətlərin Cabbarlı şəxsiyyətinə və yaradıcılığına Asif Rüstəmlinin tədqiqatları nəticəsində yenidən qaytarıldığını desəm, yəqin ki, böyük mübaliğəyə yol vermiş olmaram.
Cabbarlışünas-alim kimi Asifin arxivlərdə və dövri mətbuat səhifələrində apardığı son dərəcə diqqətli, hətta deyərdim ki, mikroskopik tədqiqatlar Cəfər Cabbarlının o vaxta qədər geniş ədəbi ictimaiyyətə yerli-dibli məlum olmayan, yaxud sadəcə adları bilinən 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60-a yaxın ədəbi-tənqidi və publisist məqaləsini aşkara çıxarmağa imkan vermişdi. İlk baxışdan bir qədər qeyri-inandırıcı görünsə də, “naməlum Cabbarlı irsi” böyük ədibin yaradıcılığının az qala dörddə birini təşkil etməkdədir. Bütün bu əsərlər Asif Rüstəmlinin tərtib, müqəddimə və şərhləri ilə 1996-cı ildə MEA-nın “Elm” nəşriyyatı tərəfindən “Ədirnə fəthi” adı ilə çap olunmuş və çağdaş filoloji fikirdə yekdilliklə cabbarlışünaslığa töhfə kimi dəyərləndirilmişdir.
Hər cür müqayisə nisbi və zərərli olsa da, deməliyəm ki, akademik Məmməd Arifdən sonra Cabbarlı irsinin öyrənilməsinə ikinci ruhu, ikinci nəfəsi Asif Rüstəmli gətirmişdi. Məhz bunun da nəticəsində Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə çap edilən C.Cabbarlının 4 cildlik “Əsərləri”nin tərtibi ona həvalə olunmuşdur. Asifin bu mühüm nəşrə yazdığı “Bədii həqiqətlər ustası” adlı geniş, əhatəli müqəddimə müasir dövrdə Cabbarlı yaradıcılığına tamamilə yeni, ideoloji ştamp və qəliblərdən təmizlənmiş münasibəti özündə əks etdirir. Cəfər Cabbarlının ölkəmizin Təhsil Nazirliyinin qərarı ilə “Azərbaycan ədəbiyyatı” seriyasından buraxılan təxminən 50 müəllif vərəqi həcmindəki “Seçilmiş əsərləri” də Asif Rüstəmli tərəfindən hazırlanmışdır.
Onun Cabbarlı haqqındakı sanballı tədqiqatının - “Cafer Cabbarlı: Hayatı. Seneti. Mücadilesi” kitabının 2011-ci ildə qardaş Türkiyədə nəşr edilməsi təkcə ədəbiyyatşünaslıq elmimizin beynəlxalq uğurlarından sayılmamalıdır. Bu, həm də bir zamanlar ən “sədaqətli sovet yazıçılarından” biri kimi təqdim olunan Cabbarlının yaradıcılıq və ideallarının bərpası, onun yenidən ümumtürk mədəniyyəti və düşüncəsi kontekstinə qaytarılması kimi dəyərləndirilməlidir.
Bütün bu axtarışların məntiqi sonucu kimi Asif Rüstəmlinin Cabbarlı sənəti haqqında doktorluq dissertasiyası müdafiə edəcəyi tamamilə gözlənilən idi. 2011-ci ilin noyabrında Naxçıvan Dövlət Universitetinin Dissertasiya Şurasında uğurla müdafiə olunan “Cəfər Cabbarlı və ədəbi-mədəni mühit” adlı həmin sanballı elmi araşdırma müəllifin iyirmi ildən çox davam edən ardıcıl və məqsədyönlü tədqiqat fəaliyyətinin bəhrəsi kimi ortaya çıxmışdı.
Asifin elmi axtarışlarının mərkəzindən qırmızı xətlə keçən başlıca mövzu milli istiqlal məfkurəsinin bədii ədəbiyyatda təzahürü, daha konkret desək, istiqlal ədəbiyyatı mövzusudur. Vaxtilə Abbas Səhhət deyirdi ki, Sabir İranın Məşrutə inqilabına bir ordudan artıq xidmət göstərmişdir. Eyni sözləri XX əsrin əvvəllərindəki Azərbaycan şair və yazıçılarının xalqın milli müstəqillik mübarizəsinə verdikləri böyük töhfə haqqında da söyləmək mümkündür. 1918-ci il mayın 28-də Tiflisdə elan olunan Misaqi-Milli təkcə siyasətçilərin deyil, həm də ürəkləri öz milləti, xalqı ilə bir vuran Azərbaycan ədəbiyyatı nümayəndələrinin zəhmətinin bəhrəsi idi. Milli mübarizənin önündə gedən siyasətçilərin çoxunun yaradıcı şəxsiyyətlər olduğunu göz önünə gətirsək, Azərbaycandakı müstəqillik savaşında sözün necə yüksəkliyə ucaldığını təsəvvür etmək mümkün olar. Bu maraqlı və aktual mövzu, yəni müstəqillik savaşına ədəbiyyatın töhfəsi, habelə onun bədii fikirdə inikası Asif Rüstəmlinin 2004-cü ildə çapdan çıxan mühüm tədqiqatının - “Ədəbi istiqlalımız” kitabının əsasını təşkil edirdi.
Ölkəmizin dünyaya açılması, elmi-mədəni əlaqələrin genişlənməsi elm adamlarımız üçün yeni imkanlar yaratmışdır. Asif Rüstəmli daim bu imkanları layiqincə dəyərləndirmiş və onlardan maksimum yararlanmağa çalışmışdır. O, indiyə qədər İraqda, İranda, Türkiyədə, Rusiyada keçirilən müxtəlif beynəlxalq elmi tədbirlərin iştirakçısı olub. 1994-cü ildə Füzuli yubileyində iştirak məqsədilə Bağdada və Kərkükə səfərimiz, ərəb və türkman alimləri ilə görüşlərimiz, Babil, Samirə, Nəcəf, Kərbəla ziyarətimiz indiyə qədər yaxşı xatirimdədir. İki min kilometrə qədər yolu köhnə avtobuslarla qət etdiyimiz İraq səfəri Asifi mənə həm də yaxşı bir yol yoldaşı kimi tanıtmış, məşhur rus ifadəsində deyildiyi kimi onunla “kəşfiyyata çıxmağın” mümkünlüyünü göstərmişdi. Onun son illərdə səfir kimi çalışdığım Polşa və Macarıstanda keçirilən beynəlxalq elmi kofranslarda fəal iştirakını, ədəbi-mədəni əlaqələrin açılmamış səhifələrini əks etdirən maraqlı elmi məruzələrini də burada ayrıca qeyd etmək istərdim.
Ədəbiyyatşünas-alim kimi Asif Rüstəmlinin fəaliyyət dairəsi genişdir. O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Dövri mətbuat və televiziyada ədəbi maarifçiliklə məşğul olur. Bakı Dövlət Universiteti nəzdindəki Dissertasiya Şurasının üzvü kimi, elmi kadrların hazırlanmasına töhfəsini verir. Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü və İnstitut Həmkarlar Komitəsinin sədridir. Çoxsaylı kitablarla yanaşı, həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Hətta bir mahnının sözlərini yazıb
Ən başlıcası isə səmimi və xeyirxah
insandır. Həsəd, paxıllıq hissindən uzaqdır. Dostun uğuruna sevinməyi bacarır. Ən kiçik yaxşılığı da dəyərləndirir. Həmkarları haqqında sevgi ilə, ürək genişliyi ilə danışır. Həmişə köməyə, yardıma ehtiyac olan yerə tələsir. Çətinliklərlə üzləşsə də, şikayətlənməyi sevmir. Sabit, sadiq dövlətçilik mövqeyi ilə seçilir.
Uzun illər sıx ünsiyyət saxladığım, müxtəlif şəraitlərdə görüb müşahidə etdiyim Asifin xarakterinin, həyat tərzinin səciyyəvi cəhətlərindən biri də onun iddiasızlığıdır. Asif başını aşağı salıb öz işini görməkdən, ədəbiyyatın ləyaqətli və məsuliyyətli sıra nəfəri olmaqdan qürur duyan alimdir. Öz gördüyü işlərdən daha çox, söz sənətimizin, mədəniyyətimizin böyük simalarını, diqqətəlayiq hadisələrini təbliğ etməyə can atan vətənpərvərdir. Bütün bunlar isə fərdi mənəvi xüsusiyyətlərlə bir sırada həm də yaşın, təcrübənin gətirdiyi fəzilətlərdir.
İnanıram ki, zəhmətlə birləşən bu fəzilətlər 60-da da, 70-də də, həyatının sonrakı onilliklərində də Asif Rüstəmlinin ayrılmaz yol yoldaşı olacaqdır.
Vilayət Quliyev,
filologiya elmləri doktoru,
professor.
Respublika.-2014.- 3 aprel.- S.11.