Kitabxanada VI Milli Uşaq kitabı sərgisi

 

F.Köçərli adına respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab gününə həsr olunmuş VI Milli Uşaq Kitabı sərgisi olmuşdur.

Tanınmış yazıçı və şairlərin, ayrı-ayrı məktəb şagirdlərinin, kitabxana işçilərinin, KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq sərginin əhəmiyyətindən danışmış və bildirmişdir ki, 1967-ci ildən Beynəlxalq Uşaq Şurası tərəfindən məşhur uşaq yazıçısı H.X.Andersenin dünyaya gəldiyi gün, aprelin 2-si Beynəlxalq Uşaq günü kimi qeyd edilir. Sərginin təşkil edilməsində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, kitaba və mütailəyə həvəsi artırmaq, milli dəyərlərimizi qorumaqla yanaşı, inkişaf etdirməkdir. Sərgidə slayd nümayiş etdirilmişdir.

Görkəmli şairimiz İlyas Tapdıq məktəblərdə şair və yazıçılarla keçirilən görüşlərin əhəmiyyətindən danışmışdır. Bu sahədə istər təhsil nazirliyi, istərsə də Azərbaycan Yazıçılar Birliyi diqqət və qayğısını artırmalıdır. Uşaq şairi Zahid Xəlil, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, ADPU-nin dosenti, uşaq ədəbiyyatının təbliğatçısı Füzuli Əsgərli, şair Qəşəm İsabəyli, yazıçı Sevinc Nuruqızı, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova və başqaları çıxış etmiş və şeirlər söyləmişlər.

Onlar vurğulamışlar ki, Azərbaycanda F.Köçərli adına Respublika Uşaq Kitabxanasında klassiklərdən üzübəri tanınmış şair və yazıçıların əsərləri geniş təbliğ olunur.

Sərgidə son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri uşaqların diqqətinə çatdırılmışdır.

Bu sərgidə 22 başlıq altında 700 uşaq ədəbiyyatı nümayiş etdirilmişdir.

Eyni zamandaXalq yaradıcılığı paytaxtları 2009-2014” başlığı altında da sərgi təşkil edilmişdir. Şagirdlərin əl işləri böyük maraq doğurmuşdur.

Aprelin 5-dək davam edəcək sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyiGöy qurşağı” jurnalı hədiyyə edilmişdir.

Sonda Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbir iiştirakçılarına təşəkkürünü bildirmişdir.

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 3 aprel.- S.11.