Cəbrayıl tarix-diyarşünaslıq muzeyində

 

Ömrünü milli-mənəvi dəyərlərimizin qorunmasına mühafizəsinə həsr etmiş ziyalılarımızdan biri Tariyel Allahverdi oğlu Abbaslıdır.

Tariyel Abbaslı 1952-ci ildə Xan çinarlı, kəhriz bulaqlı, müqəddəs ocaqlı yurd yerlərimizdən biri olan Cəbrayıl rayonunda ziyalı ailəsində dünyaya göz açıb.

Orta məktəbi bitirdikdən sonra 1970-ci ildə keçmiş APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuş və 1974-cü ildə həmin fakültəni uğurla bitirmişdir. Təhsil aldığı illərdə ona dərs deyən müəllimlərindən professorlar Paşa Əfəndiyevin, Mürsəl Həkimovun, Fərhad Fərhadovun, Qəzənfər Kazımovun Tariyel Abbaslının gələcəkdə şifahi xalq ədəbiyyatının tədqiqatçısı kimi formalaşmasında çox böyük zəhmətləri olmuşdur.

1982-ci ilə qədər Cəbrayıl rayonunun Çullu, Yenikənd, Minbaşılı kəndlərində müəllim işlədiyi illərdə yaşlı insanlardan aşıq poeziyasının banisi Dirili Qurbani, Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Mahmud, Aşıq Humay, Aşıq Surxay və digər sənətkarlar haqqında məlumatlar toplamış, tədqiqatlar aparmışdır.

1982-ci ildən Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyində elmi işçi, 1987-ci ildən hazıra qədər muzeyin direktoru vəzifəsində işləyir.

Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyinin yenidən qurulmasında və onun etnoqrafik, arxeoloji eksponatlarla zənginləşdirilməsi işində rayonun mədəniyyət tarixində xüsusi yer tutan Şəhriyar Quliyevlə  Tariyel Abbaslının çox böyük əməyi olmuşdur. Muzeyin fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən dəfələrlə qiymətləndirilmişdir.

T.Abbaslı 1988-ci ildən elmi yaradıcılıqla da məşğul olmuşdur. 2006-cı ildə AMEA Folklor İnstitutundaQurbaninin poetik irsimövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. O, Cəbrayıl rayonunun qədim və müasir tarixi haqqında “Cəbrayıl” (1993-cü ildən S.QuliyevF.Quliyev ilə), “Ana, nigaran qalma” (1993-cü ildə K.Həsənzadə ilə), Cəbrayıl şəhidlərinə həsr olunmuş “Torpağın qanlı köynəyi” (1994), “Qəm leysanı” (1999-cu ildə İ.İmanzadə ilə), “Uşaq dünyası” (1997-ci ildə M.Sadıqova ilə), “Qolubağlı keçdim Xudafərindən” (1999), “Qurbanın poetik irsi” (2004), “Ömrün əzablı yolları” (2004), “Sönməyən məşəl” (2006), “Bənövşə çələngi” (2007), Cəbrayıl alimləri (2008), “Zəminə Xınalının yaradıcılığında hərbi-vətənpərvərlik” (2010) və s. kitabların müəllifidir.

100-dən çox elmi-publisistik məqalənin müəllifi olan Tariyel Abbaslının Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biriodur ki, Cəbrayıl rayonunun ermənilər tərəfindən işğalı ərəfəsində öz həyatını təhlükə qarşısında qoyaraq tarix-diyarşünaslıq muzeyinin bütün eksponatlarını Bakı şəhərinə köçürməsidir. Erməni quldurları tərəfindən ağır artilleriya atəşinə tutulsa da, Tariyel Abbaslı öz şəxsi avtomobili ilə 18 minə yaxın muzey eksponatından 16 minini işğaldan xilas etmişdir.

Hazırda respublika Muzey Mərkəzinin binasında İstiqlal muzeyinin fondunda yerləşən Cəbrayıl tarix-diyarşünaslıq muzeyinə bir otaq ayrılmışdır. Respublika Muzey Mərkəzinin üçüncü mərtəbəsindəki bir guşədə Cəbrayıl rayonuna məxsus nadir eksponatlar, müxtəlif əşyalar, toxuculuq və məişət məmulatları sərgiləndirilir.

Cəbrayıl tarix-diyarşünaslıq muzeyində 120-yə yaxın xalça məmulatları — xalça, xurcun, kilim, fərməş, cecim, zili, heybə, keçə hazırlamaq üçün atıcı yayı və toxmaqları, duz torbaları, zərgərlik məmulatından—gümüş xəncərlər, qadın baş bəzəkləri, gümüş kəmərlər (qadın kişi), musiqi alətlərindən —saz, kaman, qavals. məişət əşyalarından müxtəlif cür mis və saxsı qabları—kəfkir, sərnic, nimçə, barmaqcıq, həvəngdəstə, qazan, məcməyi, dolça, abugərdən, tayqulp, sini, satıl, çoxsaylı etnoqrafik, arxeoloji materiallar, rayonun tarixi ilə bağlı görkəmli şəxsiyyətlərin fotoları, sənədlər və digər əşyalar mühafizə olunur.

Etnoqrafik əşyalar içərisində daşdan yonulmuş iki qulplu qab ən nadir eksponatlardandır.

T.Abbaslı ölkə Prezidenti ilə görüşünü iftixarla xatırlayaraq deyir:  

Azərbaycan Prezidenti cənab İlham Əliyev Biləsuvar rayonunda Cəbrayıl köçkün qəsəbələrinin açılışı zamanı rayonumuzun tarix-diyarşünaslıq muzeyinin eksponatlarına maraqla tamaşa edərək çox məmnun qaldığını bildirmişdemişdir:

Bu əşyaların hamısı Cəbrayıldanmı gəlib?

Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cavab vermişdir:

—Bəli, cənab Prezident! Camaat evin-eşiyin çıxardanda bu kişi muzeyin eksponatlarını çıxardıb gətirib Bakıya.

Muzeydə 12 nəfər işçinin çalışdığını vurğulayan Tariyel Abbaslı onların öz işlərinə qarşı məsuliyyətlə çalışdığını bildirdi. Aytən Fətullayeva, Nəsibə Mahmudova, Bəturə Şirinova qabaqcıl işçilərdəndir.

Tariyel Abbaslının digər xidmətlərindən biriustad sənətkar Dirili Qurbaninin, eləcə də Aşıq Pərinin yaradıcılığını tədqiq etməsidir. Təbii ki, Qurbaniyə bu bağlılığın nəticəsidir ki, yazıçı Yusif Dirili ilə birgə araya-ərsəyə gətirdikləri “Qurbani məclisi”ni yaratmış Tariyel Abbaslı hər istirahət günü “Xudafərin” şadlıq sarayında sazlı-sözlü qonaqlarla musiqili ədəbi-bədii gecələr keçirirlər.Qurbani məclisi” respublikada geniş şöhrət qazanmışdır. İstedadlı şairlərin şeirləri toplanaraq almanaxlarda çap olunur. Saz ifaçıları ustad sənətkarlardan söz salır, ziyalılar vətənpərvərlik ruhunda çıxışlar edirlər.

Tariyel Abbaslı şairə Zəminə Xınalı ilə birlikdə Azərbaycan poeziyasında ustad sənətkarlardan üzübəri yazılmış və bənövşəyə həsr olunmuş şeirləri bir topluda oxuculara təqdim etmişlər. 2012-ci ildə AYB-nin Natəvan klubunda Tariyel Abbaslının yaradıcılığı və 60 illik yubileyi qeyd edilmişdir. Şair-publisistlər İsmayıl İmanzadə Zəminə Xınalı ilə birlikdə tədqiqatçı alim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, Cəbrayıl Tarix Diyarşünaslıq muzeyinin direktoru işləyən Tariyel Abbaslının yubileyinə həsr olunmuşBir alim ömrünün söz yaddaşı” kitabını tərtib etmişlər.

Tariyel Abbaslı 1994-cü ildən Azərbaycan Respublikasının Güney Azərbaycan redaksiyasında əməkdaşlıq edərək “Zamanın sınağında”, “Obalarımızdan gələn səslər”, “Bayatı axşamı”, “Sənət haqqında söhbətlər”, “Qurbani məclisi” və digər verilişlərin yaradıcısı və aparıcısı olmuşdur.

Onun yeganə arzusu dədə-baba yurdu olan doğma Cəbrayıla qayıtmaqdır. Və inanırıq ki, güclənməkdə olan ordumuzla Ali Baş Komandanımızın, ölkə Prezidenti cənab İlham Əliyevin çevik daxilixarici siyasəti nəticəsində nəinki Cəbrayıl rayonunu, digər işğal olunmuş torpaqlarımızı da xalqımızın gücü, birliyi sayəsində ermənilər və ona havadar olan işğalçılardan tezliklə azad edəcəyik. Muzeydə sərgilənən misri qılıncla igidlərimiz yenə də o doğma ellərimizdə at belində cəngi yarışlarına qoşulacaq, bayrağımız Tumas dağının zirvəsində dalğalanacaqdır.

Cəbrayıl tarix-diyarşüqaslıq muzeyinin qorunub saxlanılmasında və gələcək nəsillərə çatdırılmasında 35 ildir ki, əvəzsiz xidmətlər göstərmiş Tariyel Allahverdi oğlu Abbaslının əməyi əminik ki, layiqincə qiymətləndiriləcəkdir.

Geniş və çoxşaxəli yaradıcılıq yollarında qələm dostumuza uğurlar arzulayırıq.

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 3 aprel.- S.12.