Azərbaycanda təbii fəlakətlər

 

İnsanlar həyatlarını təbii fəlakətlərdən qorumaq üçün nəyi bilməlidirlər

Azərbaycan Respublikasının coğrafi mövqeyi, səth qurluşunun müxtəlifliyi, 825 kilometrlik məsafədə şərq tərəfdən Xəzər dənizi ilə əhatələnməsi, müxtəlif xarakterli iqlimi, göstəriciləri, baş verən qlobal iqlim dəyişiklikləri, ilbəil sürətlə artan antropogen amillər və s. əlaqədar dünya okeanları sahillərində baş verən bir neçə növ təbii fəlakətlərdən başqa, yerdə qalan bütün təbii fəlakətlərə Azərbaycanda rast gəlinir. Belə təbii fəlakətlər respublika iqtisadiyyatına hər il orta hesabla 30-50 milyon ABŞ dolları miqdarında ziyan vurur, ayrı-ayrı ekstremal illərdə isə bu zərərlər milyard dollarlarla hesablanır.

Azərbaycanda tarixən bir dəfə baş verən zəlzələdən 80 min nəfər, seldən 398 nəfər, sürüşmədən isə 600 nəfərin ölmələri məlumdur. Azərbaycanda təbii fəlakətlərdən ölənlərə dair göstərilən məlumatlar dünyada ən çox ölüm halları qeyd edilmiş kataloqa daxil edilmişdir.

Son 10-15 il ərzində Azərbaycanda baş verən sellər, daşqınlar, sürüşmələr, zəlzələlər və s. hər il böyük dağıntılarla yanaşı, bir neçə nəfərin ölməsi ilə nəticələnmişdir. Bu qədər zərərlərin müqabilində, Azərbaycanda təbii fəlakətlərlə mübarizə işi, insanlar arasında onlara qarşı aparılan təbliğat işi, başqa sözlə, insanların təbii fəlakətlərə hazırlanma işləri heç də tələb olunan səviyyədə deyildir. Dünyanın inkişaf etmiş ölkələrində isə əhali arasında aparılan təbliğat işi hökumət səviyyəsində çox yüksək təşkil olunmaqla, bu işlərə elə uşaq bağçalarından, məktəblərdən, liseylərdən, ali məktəblərdən başlanılır və bunun nəticəsində təbii fəlakətlərin baş verdiyi ölkələrin əhalisi özlərini bu fəlakətlərdən necə qorumaları barədə geniş bilik və vərdişlərə yiyələnirlər.

Azərbaycanda isə bu işlər əsasən buya digər təbii fəlakət baş verdiyi vaxtı yada düşür və həmin andan insanlar arasında təbliğat işlərinə start verilir. Halbuki Avstraliyada, Yaponiyada, ABŞ-da, Almaniyadas. ölkələrdə yerli televiziya, radio verilişlərində demək olar ki, təbii fəlakətlərin olub-olmamasından asılı olmayaraq hər gün təbliğat xarakterli verilişlər təşkil olunur. Həmin ölkələrdə çoxsaylı reabilitasiya sağlamlıq mərkəzləri fəaliyyət göstərir və ilboyu təbii fəlakətlərdən zərər çəkənlərə tibbi və mənəvi yardım göstərir.

Oxucuların nəzərinə çatdırılan bu məqalədə Azərbaycan Respublikası ərazisində baş verən, ən çox iqtisadi zərərlərə, dağıntılara, bəzən də insan ölümünə səbəb olan aşağıda göstərilən təbii fəlakətlərə qarşı mübarizə aparmaqla bu hadisələr zamanı insanlara verilmiş tövsiyələrə əməl olunarsa, insan ölümünü əsaslı surətdə azaltmaq olar.

Azərbaycanda təbii fəlakətlərdən tez-tez təkrarlanan və böyük əraziləri əhatə edəni sellərdir.

Sellər digər fəlakətlər içərisində Azərbaycanın iqtisadiyyatına ən çox zərər vurur. Sellər torpaqları, əkin sahələrini, meşələri, meyvə və üzüm bağlarını, əkin və tərəvəz sahələrini yararsız hala salır, yaşayış evlərini, mühəndis kommunikasiya xətlərini, müxtəlif təsərrüfat obyektlərini dağıdır, insan tələfatına səbəb olur. Azərbaycan əhalisinin bir iki nəfəri daima sel təhlükəsi altında yaşayır. On səkkiz inzibati rayonun ərazisində yerləşən 500-dən çox şəhər və kənd yaşayış məntəqəsi fasilələrlə və ya mütəmadi sellər tərəfindən dağıntılara məruz qalır. Bunlardan Şəki, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Ordubads. kimi iri inzibati rayon mərkəzlərini göstərə bilərik. Respublikanın dəmir yollarının 300 km-i, avtomobil yollarının 1000 km-i, 100-lərlə körpü fasilələrlə sellər tərəfindən dağılır, yararsız hala düşür.

Azərbaycan özünün səth quruluşunun müxtəlifliyi ilə xarakterizə edilərək, respublikanın ərazisinin orta yüksəkliyi 384 metr olmaqla ərazisinin 60%-ni dağlar, 18%-ni isə dünya okeanı səviyyəsindən aşağıda yerləşən ərazilər təşkil edir. Deməli, Azərbaycan ərazisinin 60%-də sellərin olma ehtimalı vardır. Respublika ərazisinin 40%-ə qədərini təşkil edən düzən ərazilərdə, o cümlədən Kür-Araz ovalığında, Abşeron yarımadasında sellərə təsadüf olunmur. Respublikada sahəsi 43 selli hövzə olub, onların 3282 km2 bərabər olan, buraya Azərbaycanda olan 1200 çaydan 170-i daxildir.

Sellərin gətirdiyi materialların tərkibindən asılı olaraq onlar turbulent sellərə: gətirdiyi materialların təxminən üçdə biri bərk materiallar təşkil etsə də, onlar böyük dağıdıcı qüvvəyə malik olmurlar. Struktur sellər: gətirmə materiallarının tərkibindən asılı olaraq daşlı-palçıqlı, çınqıllı-palçıqlı və palçıqlı olmaqla onlar çox dağıdıcı qüvvəyə malik olub, keçdikləri əraziləri gətirdikləri asılı materiallarla, əsasən gil, palçıqla örtür, böyük tələfatlara səbəb olur. Bu cür sellər Kiş, Şins. çaylarda daha çox təsadüf edilir.

Sellərin baş verməsi və davamiyyəti əsasən leysan yağışlarından, onların davametmə müddətindən və intensivliyindən, qar örtüyünün qalınlığı və onun ərimə müddətindən, çay yatağının relyefi və təbii şəraitindən, çayın uzunluğundan, antropogen amillərdən və s. asılı olaraq, sellər leysan yağışlardan 1-2 saat sonra, qarların intensiv əriməsindən 5-10 saat sonra baş verir. Sel bir neçə dəqiqədən bir neçə saatadək davam edir. Belə Azərbaycan tarixində ən dağıdıcı və faciəli sellərdən biri 1910-cu il avqust ayında, gecə vaxtı leysan yağışı nəticəsində baş verib, 2 saat davam edib. Şin çayında keçən göstərilən selin nəticəsində Şəki rayonunun Başgöynük kəndində 130 ev dağılıb, 398 nəfər adam ölüb, 10 minlərlə mal-qara tələf olub.

Sellər çox yüksək sürətlə hərəkət etməsi ilə seçilərək, onun orta sürəti saniyədə 3,0 metr, bəzən də saniyədə 10-15 metrə bərabər olur, selin özü ilə gətirdiyi asılı materialın həcmi bir neçə milyon kubmetr olur. Sellər bəzən ağırlığı 100-200 ton olan daşları çox asanlıqla hərəkət etdirirlər. Belə iri daşlara Kiş çayının yatağında tez-tez rast gəlmək olar. Yaxınlaşmaqda olan dağıdıcı selin səsini, gurultusunu, nəriltisini, 100 m-dən, bir neçə kilometrədək məsafədən eşitmək olur. Sel sularının orta hündürlüyü 3-5 m-ə, nadir hallarda 10 m-ə çatır. Belə nadir selə 1864-cü ildə Şinçayda, 1931-ci ildə Ordubadçayda, 1936 və 1955-ci illərdə Kişçayda keçən selləri misal göstərmək olar. Bu sellər çoxlu insan ölümünə və böyük dağıntılara səbəb olmuşdur.

Azərbaycanda sellər haqqında ilk yazılara XVII əsrin axırlarından rast gəlinsə də, XVIII-XX əsrlərdə bu problem Çar Rusiyasının və Sovet hökumətinin daima nəzarətində olsa da, sellərin qarşısının alınması bugünədək öz müsbət həllini tapmamışdır. XX əsrin birinci yarısından Azərbaycanın alim və mütəxəssisləri bu problemin elmi araşdırmalarına daha çox fikir versələr də, Azərbaycanda sel problemi ilə məşğul olan layihə institutları, ixtisaslaşdırılmış tikinti təşkilatları yaradılsa da, sellərin baş vermələri daha tez-tez olub, yayılma arealları genişlənmiş və vurduğu zərərlər isə ilbəil artmaqda davam edir.

Azərbaycanda son 100 ildə 200 dağıdıcı sel hadisəsi qeydə alınmış, onların vurduğu zərər təxminən 0,5 milyard ABŞ dolları miqdarında olmuşdur. Oxucu üçün bu rəqəm fantastik görünsə də, nəzərə almaq lazımdır ki, yalnız 1998-ci ildə baş vermiş sellər nəticəsində Azərbaycan iqtisadiyyatına 50 milyon ABŞ dolları miqdarında zərər dəymişdir. Son 100 ildə Kişçayda 20 dəfə, Balakənçayda 15 dəfə, Göyçayda, Şinçayda, Vəndəmçayda, Girdimançayda, Ordubadçayda, Kendeçaydas. hər birində 12 dəfə belə dağıdıcı sel təkrarlanmışsa, onda izahata ehtiyac qalmır.

Azərbaycanda sellərə qarşı son 100 ildə dövlət səviyyəsində müdafiə-qoruyucu işlər aparılıb və bu işlərə milyard ABŞ dollarından artıq vəsait sərf olunsa da, demək olar ki, əsaslı səmərə əldə edilməmişdir. Bu, aparılan işlərin pərakəndəliyi, selli hövzələrdə ancaq sellər keçəndən sonra ayrı-ayrı kiçik sahələrin müdafiəsi, təmir işləri üçün ayrılan vəsaitlərin, görülən işlərin tam başa çatması üçün kifayət etməməsi, mühəndis-qoruyucu obyektlərin müxtəlif təşkilatlar tərəfindən, müxtəlif ərazilərdə aparılması, meşə və kolluqların müdafiə məqsədi və yanacaq üçün qəddarcasına qırılıb məhv edilməsi, selli hövzələrin sel əmələ gələn ərazilərində dəfələrlə normadan artıq xırda və iribuynuzlu mal-qaranın otarılması, selli hövzələrin gətirmə konuslarının təmizlənməməsi və s. nəticəsində baş vermişdir.

Selli ərazilərdə yaşayan insanlar sellərin baş verməsini, əvvəlcədən iqlimin kəskin dəyişməsi, havanın hərarətinin kəskin surətdə artması, uzunmüddətli ya qısamüddətli leysan yağışların yağması əlamətlərinə görə çox vaxt müəyyən edə bilirlər. Gecə vaxtı bunu müəyyən etmək çətinləşir. Keçmiş zamanlarda xüsusi olaraq yazyay aylarında yaylaqlarda qoyun sürülərinin çobanları müxtəlif siqnallarla, tüfənglərdən atəş açmaqla baş verməkdə olan sel haqqında xəbərdarlıq edirdilər və bunun nəticəsində bəzi hallarda insanlar öz həyatlarını sellərdən qoruya bilmişlər. Bununla bərabər, elmin, texnikanın inkişaf etməsi nəticəsində əhalinin selin baş verməsini vaxtından əvvəl xəbərdar etmək üçün çox sadə üsulu olan avtomat xəbərdaredici qurğularından istifadə edilə bilər.

Hazırda Azərbaycan iqtisadiyyatında əsas fikir neftqaz sənayesinə yönəldilmişdir. Ancaq unutmaq olmaz ki, hər il neftqaz sənayesindən əldə etdiyimiz gəlirin böyük bir hissəsini təbii fəlakətlərin, o cümlədən sellərin hər il Azərbaycan iqtisadiyyatına vurduğu zərərlərin bərpası hesabına itiririk. Buna görə də sellərə qarşı mübarizə işi dövlət səviyyəsində həll edilməlidir.

Sel təhlükəsi olan yaşayış məntəqələrində əhalinin sellər haqqında ümumi təsəvvürləri olsa da, aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri tövsiyə olunur:

Sel baş verməmişdən əvvəl sellərə dair yuxarıda xarakterizə edilmiş ümumi məsələlərselin başvermə səbəbləri və selin sürəti, davametmə vaxtı, gətirdiyi asılı materiallars. məsələlər haqqında əhalinin ətraflı məlumatı olmalıdır.

Sellərə məruz qalan yaşayış məntəqələrinin icra orqanları və bələdiyyələrin nəzdində daimi fəaliyyət göstərən fövqəladə hallara qarşı mübarizə qrupları yaşayış məntəqəsinin əhalisinin sayı, yaşayış evlərinin, təsərrüfat obyektlərinin siyahısı, onların sellərə məruz qalmaları haqqında məlumat toplamalı, sel olduğu təqdirdə əhalinin müvəqqəti olaraq hara köçürülməsinə dair planına malik olmalıdır. Həm də bu haqda yerli əhalinin vaxtaşırı məlumatlandırmalıdır. Bu qrup lazımi texniki və rabitə vasitələri ilə təmin olunmalıdır.

Sellərin mütəmadi keçə biləcəyi ərazilərdə yaşayış evləri, təsərrüfat obyektləri inşa edilməməli, çay yamacında və kəndin ətrafında olan meşə və kolluqların qırılması qəti qadağan edilməlidir. Əgər buya digər yaşayış məntəqəsi sellərə mütəmadi məruz qalıb dönə-dönə dağılıbsa və bunun nəticəsində insan tələfatı olubsa, belə yaşayış məntəqələrinin yerli əhalinin razılığı ilə təhlükəsiz ərazilərə köçürülməsi haqqında respublika Nazirlər Kabineti qarşısında məsələ qaldırılmalıdır.

Sellərin başvermə ehtimalı hiss edildikdə, evdə olan sənədlər, pul və qiymətli əşyalar, bir, iki günlük azuqə ehtiyatı, isti paltars. evin ən münasib tez ələ gələn və görünən yerində toplanmalı və lazım olan anda tez götürülüb, təhlükəsiz əraziyə qaçmalı, evdən çıxmamış su, elektrik, qaz xətləri bağlanmalı, yanan soba söndürülməlidir. İlk növbədə xəstələri, qocaları, uşaqları evdən çıxarmağa səy göstərilməlidir.

Nəzərə alın ki, sel gələrkən özü ilə gətirdiyi daşlar çox ağır olduğundan, sizə xətər yetirməməsi üçün, çalışın tez bir an içərisində sel keçən ərazini tərk edin. Təhlükəsiz, sel tutmayan ərazidə mövqe seçin. Mal-qara saxladığınız tövlələrin qapılarını tez açın ki, mal-heyvan qaçıb seldən qorunsunlar. Sellərin gecə ola biləcək ehtimalını nəzərə alaraq, hər bir ailənin cib fənəri ilə təmin edilməsini unutmaq olmaz. Sel vaxtı ölənlər və itkin düşənlər müəyyən edilməli, yaralananlara ilkin təcili yardım göstərilməsi təmin olunmalıdır. Sel keçən ərazinin əhalisi üçün vacib əhəmiyyətli obyektlərin: xəstəxana və ambulatoriyaların, məktəblərin, çörəkbişirmə müəssisələrinin, poçt-teleqraf, işıq, qaz, sus. kimi sahələrin fəaliyyəti təcili təmin edilməlidir. Sel vaxtı əgər çoxlu sayda mal-qara ölübsə, yoluxucu xəstəliklərin baş verməməsini təmin etmək üçün, cəsədləri bir yerə toplayıb, yandırılması və basdırılması həyata keçirilməlidir. Sel nəticəsində dağılmış yaşayış evlərinin, təsərrüfat obyektlərinin, mal-qaranın hesabatını (uçotunu) aparıb, onların bərpa edilə biləcəyi və ya yenidən inşa olunacağı müəyyən edilməlidir. Dəyən zərər müəyyənləşdirilib, əlaqədar təşkilatlara onun ödənilməsi və ya yardım göstərilməsi üçün müraciət olunmalıdır.

Azərbaycanda tez-tez təkrarlanan və çoxlu dağıntılara səbəb olan sellərə qarşı həmişə hazır olmaqla deyilənlərə riayət edilməklə özünüzün, ailə üzvlərinizin və yaxınlarınızın həyatını xilas edə bilərsiniz.

Dünyada daha çox yayılan təbii fəlakətlərdən biri də daşqınlar olub, insanların həyat və normal təsərrüfat fəaliyyətinə güclü ziyan yetirir. Daşqın - düzən çayların yatağının su ilə tam dolub çay boyu qoruyucu torpaq bəndləri dağıdaraq, ətraf əraziləri basaraq iqtisadi zərərlərə, dağıntılara və bəzən də insan ölümünə səbəb olan təbii prosesə deyilir. Yazyay aylarında informasiya vasitələri, demək olar ki, hər gün dünyada hansısa bir ölkənin daşqına məruz qalmasını xəbər verir.

(davamı növbəti saylarımızda)

 

Neron BABAXANOV,

BDU-nun professoru,

İsmayıl ƏLİYEV,

BDU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor.

Respublika.-2014.-8 aprel.-S.9.