Nümunəvi poçt xidməti
Azərbaycan dövlətinin uğurla apardığı siyasi-iqtisadi kurs bütün sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının da ölkəmizdə sürətli inkişafını təmin etmişdir. Qloballaşan dünyada İKT-nin gündəlik həyatımıza nüfuz etdiyi bir dövrdə bu sahənin müasir dünya standartları səviyyəsinə çatdırılması, beynəlxalq birliyə inteqrasiyası və ölkə əhalisinin müasir maliyyə və biznes xidmətlərinə olan ehtiyacının təmin edilməsi müasir günümüzün reallığıdır. Bu gün zamanın tələbindən irəli gələn yeni poçt xidmətləri bütün poçt şöbələrində üğürla aparılır. Bütün poçt şöbələrində ənənəvi xidmətlərlə bərabər qeyri-ənənəvi, bank-maliyyə xidmətlərinin də göstərilməsinə başlanılmışdır. Azərbaycan poçtu yeni texnologiyalar əsasında inkişaf edir, modernləşir, poçt xidmətinin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılır.
Ölkə poçtunun yüksək inkişaf səviyyəsində olmasının təməlində Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı genişmiqyaslı islahatlar, qəbul edilmiş Dövlət proqramları dayanır. Qəbul edilmiş Dövlət proqramlarından irəli gələn mühüm vəzifələrin yerlərdə uğurla həyata keçirilməsində rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə poçtun maddi-texniki imkanları genişlənmiş, poçt infrastrukturu yenidən qurulmuşdur, beynəlxalq aləmlə poçtumuzun sürətli inteqrasiyası təmin edilmişdir.
Son illər ölkə poçtunun müasir tələblərə cavab verməsində, poçt xidmətinin keyfiyyətinin daha da yüksəldilməsində “Azərpoçt” MMC-nin tabeçiliyində fəaliyyət göstərən ayrı-ayrı poçt müəssisələrinin də özünəməxsus yeri və payı vardır. Belə müəssisələrdən biri, işini müasir tələblərə uyğun quran, əhaliyə poçt xidmətinin keyfiyyətini ildən-ilə yüksəldən 6 saylı poçt filialının kollektividir. Bizimlə söhbətində 6 saylı poçt filialın rəisi Samir Həsənov 2014-cü ilin birinci rübündə əldə etdikləri uğurlar, qazanılan iqtisadi göstəricilər barədə dedi:
—Qeyd edim ki, böyük inkişaf və tərəqqi yolu keçmiş Azərbaycan poçtu son illər dünyanın bu sahədə irəlidə gedən ölkələrinin səviyyəsinə çatdırılmışdır. Poçt müdiriyyəti bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə ikitərəfli qaydada sıx əməkdaşlıq edir, beynəlxalq aləmdə nüfuzu artır və təsadüfi deyil ki, “Azərpoçt” MMC və “Azərekspresspoçt” Ümumdünya Poçt İttifaqının (7-ci dəfə EMS kooperativinin) qızıl səviyyəli sertifikatına layiq görülüb.
2011-ci ildə ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq bu gün həm paytaxt Bakıda, həm də regionlarımızda poçt filialları üçün yeni inzibati binalar, qəsəbə və kəndlərə yeni tipli poçt şöbələri tikilir, təmirə ehtiyacı olan şöbələr müasir üslubda yenidən təmir olunaraq əhalinin istifadəsinə verilir. Bütün bu işlər rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun və “Azərpoçt” MMC-nin rəhbərliyinin diqqət və qayğısı ilə uğurla reallaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov demişdir ki, bu hesabat ilində poçt sektorunda gəlirlər 5,5 faiz artmışdır. Poçt sistemində ənənəvi xidmətlərdən əlavə bank-maliyyə xidmətləri, o cümlədən bank hesabatlarının idarə olunması, nəğdsiz ödəmələr, pul köçürmələri və digər xidmətlərin göstərilməsi xeyli genişlənmişdir. İKT sektorunun artım tempi ümumdünya göstəricisini orta təxminən iki dəfə üstələyərək 14 faiz təşkil etmişdir.
“Azərpoçt” MMC-nin 6 saylı poçt filialının kollektivi 2014-cü ilin birinci rübündə səylə çalışmış, yüksək iqtisadi göstəricilər əldə etmişdir. Filial birinci rübün tarif gəliri proqnozunu 105,48 faiz yerinə yetirmişdir. Poçt ödənişi nişanlarının satışından 311680,00 manat gəlir əldə olunmuşdur. Plana 111,85 faiz əməl edilmişdir. Pul köçürmələri 86,77 faiz, teleqraf rabitəsi 104,56 faiz, telefon abunə haqlarının yığımı 111,16 faiz, elektrik enerjisi haqlarının yığımı 128 faiz, xarici valyuta alışı və satışı 288,23 faiz təşkil etmişdir. Digər xidmət növləri üzrə də göstəricilər uğurludur. 23 poçt şöbəsi ilə əhaliyə keyfiyyətli xidmət göstərən filialımız ənənəvi xidmətlər üzrə plan-tapşırıqlara əməl etmişdir. Bu gün tabeçiliyimizdə fəaliyyət göstərən bütün poçt şöbələrində “Western Union”, Elektron imza, Contakt- MDB, CASPİAN MONEY TRANSFER MDB, Miqom, “Zolotaya korona”, “Atəşgah sığorta”, “Ata sığorta”, Yol polisinin cərimələri, avtomobillərin sığortası, Vergilər Nazirliyinin cərimələri, bank xidmətləri, valyuta mübadiləsi, fiziki şəxslər və təşkilatlar tərəfindən bank hesablarının açılması, DSMF Sosial Müdafiə Fondundan ödəmələr və digər xidmət növləri bütün poçt şöbələrimizdə təşkil olunmuşdur.
“Azərpoçt” MMC-nin 6 saylı poçt filialının kollektivi bundan sonra da əzmlə çalışacaq, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun və “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevin kollektivimizə göstərdikləri diqqət və qayğıya, etimada cavab olaraq daha yüksək iqtisadi göstəricilər əldə edəcək, əhaliyə göstərilən poçt-rabitə xidmətinin keyfiyyətini yüksəldəcəkdir.
Əli SADIQOV,
Respublika.-2014.-8 aprel.-S.10.