Təbiəti qorumaq hər birimizin borcudur

 

Dünyamız narahatdır, bir yerində insanlar acından əziyyət çəkir, digər yerində müharibələr, qırğınlar, faciələr baş alıb gedir. İnsanlar bir araya gələ bilmir, doğmalar yadlaşır, dövlətlər arasında qarşıdurmalar artır. Bütün bunlar az imiş kimi insanlar təbiətə də qəsdlər törədir, hamının evi sayılan Yer kürəsi gözəlliyini, tarazlığını itirir. Bir zaman təbiətdən qorxan insan indi təbiət üçün ən qorxulu varlığa çevrilib. Ayaq saxlamağın, düşünüb-daşınmağın əsl vaxtıdır. Yoxsa, doğrudan da. sonra gec olar. Qoruyun dünyamızı...

 Ətraf mühitin qorunması ilə bağlı layihə olimpiadalarının Azərbaycanda keçirilməyə başladığı vaxtdan artıq səkkiz il keçir. Səkkizinci dəfədir ki, Bakı bu mötəbər elm, bilik yarışmasına ev sahibliyi edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və “İNEPO-AvrasiyaEkologiya İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən VIII olimpiadanın bağlanış və qaliblərin mükafatlandırılmvası mərasimi “Sərhədçi” İdman Olimpiya Komitəsində keçirildi.

İlk öncə müstəqil Azərbaycan dövlətinin əzəmətli himni səsləndi. Sonra ətraf mühitin qorunması layihə olimpiadasının indiyədək keçdiyi yol, əldə olunan uğurları əks etdirən qısa film nümayiş olundu...

Qeyd edək ki, ölkəmizdə ətraf mühitin qorunması ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə atılmışdır. İNEPO-Avrasiya Beynəlxalq Ətraf Mühitin mühafizəsi Layihə Olimpiadasının Bakı şəhərində keçirilməsi ideyası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.

Səkkizinci olimpiada özəlliyi ilə digər tədbirlərdən fərqlənirdi. Dünyanın 51 ölkəsinin, burada Azərbaycan, Əfqanıstan, Albaniya, Belarus, BosniyaHersoqovinaya, Gürcüstan, İndoneziya, İran, Almaniya, İraq, İordaniya, Moldova, Qazaxıstan, Qırğızıstan, Laos, Makedoniya, Malayziya, Myanma, Nigeriya, Pakistan, Rumıniya, Slovakiya, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan, Ukrayna, Yəmən, Somali, Anqola, İngiltərə, Bolqarıstan, Nepal, Filippin, CAR, Rusiya, Sloveniya, Ukrayna (Krım), Oman, ABŞ, Tatarıstan, Başqırdıstan, Seneqal, Malavi, Meksika, Honq-Konq, Tayvan, Mali, Braziliya, Zambiya kimi ölkələrin 500-ə yaxın nümayəndəsinin bir-birindən maraqlı layihələri təqdim olunmuşdu.

Bu gün ətraf mühitin problemlərinin qlobal olması dünyanı qlobal əməkdaşlığa məcbur edir. Elə bu olimpiadanın məqsədi də Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət münasibəti formalaşdırmaq, təbii, mədəni, tarixisosial-estetik dəyərləri qorumaq, problemlərin həllində şagirdlərin iştirakı ilə müxtəlif layihələr əldə etməkdən ibarətdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti, “İNEPO-Avrasiya” məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin sədri Rəfiqə Hüseynzadə öz çıxışında olimpiadanın keçirilməsinin əsas məqsədindən danışaraq bildirdi ki, Bakıda keçirilən ilk olimpiadada 17 ölkədən 50-dən artıq şagird iştirak edirdisə, indi 51 ölkədən 200 nəfər nümayəndə yarışmaya qatılıb. O, sözünə davam edərək dedi: “Keçmiş SSRİ dövründə Azərbaycan Respublikası İttifaqın iri sənaye mərkəzlərindən biri olmuşdur. Müasir zamanda keçmişdən miras qalmış ekoloji problemlərin həlli Azərbaycan dövlətinin üzərinə düşür. Bu gün bəşəriyyət qlobal iqlim dəyişməsi ilə üzləşib və Azərbaycan da dünyada aparılan iri layihələrin həllinə öz töhfəsini verir. Bu gün keçirilən olimpiada da bu qəbildən olan tədbirdir.

VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına maraqlı layihələr təqdim olunub, inanıram ki, münsiflər heyəti onların ən yaxşılarını seçib dəyərləndirə biliblər. Mən iştirakçıların hər birinə uğurlar arzulayır, tədbirin yüksək səviyyədə təşkilində rolu olan hər kəsə təşəkkürümü bildirirəm”.

Sonra ARDNŞ-in vitse-prezidenti, Azərbaycan beynəlxalq Tədris Mərkəzinin sədri Xaliq Məmmədova söz verildi. O dedi: “Son illərdə respublikamızda ölkə rəhbərliyi tərəfindən gənclərin təlim-tərbiyə işinin yaxşılaşdırılmasına və onların keyfiyyətli təhsil almalarına böyük diqqət və qayğı göstərilir. Hər il azərbaycanlı məktəblilər dünyanın müxtəlif ölkələrində keçirilən olimpiadalardabilik yarışmalarında iştirak edir, yüksək nailiyyətlər qazanırlar. ARDNŞ neft kapitalının insan kapitalına çevrlməsi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Bu prinsip əsasında müasir inkişafın tələblərinə uyğun yeni nəslin formalaşdırılması, gələcəkdə beynəlxalq səviyyəli mütəxəssislərin yetişdirilməsi və ümumiyyətlə, gənclərin lazımi elmi biliklərə yiyələnməsi istiqamətində davamlı tədbirlər görülür. Dünyanın müxtəlif yerlərindən gəlmiş bu uşaqlar burada dostlaşır, bir araya gəlirlər. Bu olimpiada həm də Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Bakıda olan müddətdə xalqımızın mədəniyyəti, tarixi, adət-ənənələri  ilə yaxından tanış olacaq, vətənlərinə xoş təəssüratlarla dönəcəklər. Bundan gözəl nə ola bilər.”

Məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında xarici ölkələrdən 425 layihə təqdim olunmuş, onlardan 58-i, Azərbaycandan isə təqdim olunan 124 layihədən 62-si nümayiş etdirildi. Dörd kateqoriya (ətraf mühit, enerji, mühəndislik, sosial) üzrə keçirilən yarışın qaliblərini dünyanın müxtəlif yerlərindən gəlmiş 96 nəfər mütəxəssisdən ibarət münsiflər heyəti qiymətləndirirdi.

Həmişə olduğu kimi Azərbaycan məktəbliləri qaliblər arasında bu dəfə də çoxluq təşkil edirdi.

Sonda müvafiq olaraq bürünc, gümüş və qızıl medalın sahiblərinə sertifikatlar, qiymətli hədiyyələr təqdim olundu. Həmçinin tədbirin təşkilatçılarının bir qrupuna mükafatlar verildi.

2014-cü il 5 aprel. Bu gün hər kəsin xatirində bir cür qaldı. Gələcəkdə həyata keçiriləcək neçə-neçə böyük layihənin əsası qoyuldu, bəlkə də bu gün. Kimisi öz gələcək sənət, peşə yolunu seçdi, kimisi özünə təzə-təzə dostlar qazandı. Dərisinin rənginə, dini əqidəsinə görə fərqlənən bu uşaqlar bir amal ətrafında birləşdilər, dünyaya öz mesajlarını göndərdilər, təbiətin saflığını qorumağa səslədilər. Bu, onların sabahına cavabdeh olduqları təbiət qarşısında hesabatları idi.

Bəli, əgər genetik varlığımızı məhv olmaqdan qorumaq istəyiriksə, bu məsələdə hər kəs fəal olmalıdır. Bu dünyanı korlayan biziksə onu qoruyan da biz olmalıyıq...

 

Mehparə ƏLİYEVA,

Respublika.-2014.-8 aprel.-S.10.