Qədim Borsunlunun dünəni və bugünü

 

Murovdağın qoynunda qərar tutmuş Borsunlu kəndinin yaşı bilinməsə , 1983-cü ildə aparılan arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, eramızdan əvvəl III minillikdə ərazidə yaşayış olmuşdur. Kənddəki kurqandan tapılan  silahlar, küpə, qızıl zinət əşyaları, şərab, bəzək əşyaları və kurqanın tikinti mədəniyyəti buna yaxşı sübutdur.

Borsunlu kəndinin təşəkkülü isə Şimali Qafqazdan Barsel tayfasının köçüb bu  ərazidə yaşayış məskəni salması ilə baş vermişdir. Kənd ölkəmizə Məzahir Daşqın, Əjdər Verdiyev, Mürsəl Babayev, Hüseyn Hüseynov, Samir Piriyev kimi tanınmış şairlər, alimlər və müğənnilər bəxş etmişdir. Hazırda Borsunluda onlarca ziyalı var.

Sahəsi 3175 hektarı əhatə edən Borsunlu kənd ərazi inzibati dairəsi cəmi iki kəndi birləşdirir. Qırmızısaqqallılar kəndi döyüş zolağında yerləşdiyi üçün əhali oradan köçüb ətraf kəndlərdə məskunlaşıb.

Kənd icra nümayəndəsi Xaləddin Qarayev bildirdi ki, Azərbaycan müstəqillik qazanandan sonra Borsunlu özünün sosial-iqtisadi inkişafına nail olub. 1200 nəfər əhaliyə 2 mağaza, 5 köşk, 3 çayxana, klub, kitabxana, avtomobil təmiri sexi, həkim məntəqəsi, 3 bərbərxana, su dəyirmanı, poçt və EATS xidmət göstərir. Kənddən rayon mərkəzinə hər gün iki marşrut avtobusu işləyir. 283 abonentin evinə içməli su  xətləri çəkilib və sayğac quraşdırılıb. Kəndlərarası yollara çınqıl və şeben döşənib.

Son illərdə həyati əhəmiyyəti olan bir sıra məsələlər həll olunub, çətinliklər aradan qaldırılıb. 150 şagird yerlik məktəb üçün yeni korpus inşa edilib istifadəyə hazır vəziyyətə gətirilmişdir.

Yeniliklərdən biri də kənddə pambıq emalı sexinin tikilməsidir. Məqsəd pambıq istehsalçılarının min bir zəhmətlə yetişdirdikləri məhsulu elə “evin” içində yarımfabrikata çevirib mahlıc istehsal etməkdir. Əlbəttə, bu istehsal edən sahibkar üçün çox əlverişlidir, çünki hər iki tərəf izafi xərclərdən azad olunur.

Kənd bələdiyyəsinin sədri ilə söhbətdə Vaqif Qədimov məlumat verdi ki, kəndin yetirmələrindən biri olan Əfqan Piriyev 60 min başlıq brolyer fabriki tikdirmişdir. İnşaat işləri başa çatmışdır. Orada 15-20 nəfərə yeri açılacaqdır. Fabrikin işə düşməsi ilə bölgədə quş ətinə olan tələbat ödəniləcək və maya dəyəri aşağı oldubuna görə quş əti ucuzlaşacaqdır.

1200 nəfər sakinin yaşadığı Borsunluda Azərsell şirkəti müasir ötürücü stansiya tikməklə bölgə əhalisinin keyfiyyətli telefon rabitəsini təmin etmişdir. Bu isə əhalinin ölkənin ucqar regionlarında və xarici ölkələrdəki qohum-əqraba və dost-tanışlarla etibarlı rabitə əlaqəsinə şərait yaradır.

2013-cü ildə qazılan 2 subartezian quyusu əhalinin suvarma suyuna olan ehtiyaclarını ödəyəcəkdir. Nəzərə alsaq ki, ərazi dağlıqdır, dəmyə yerləri çoxdur. Əhali maldarlıqla və əkinçiliklə məşğuldur. Mülkiyyətçilərin istifadəsində 732 hektar pay torpağı var. Bələdiyyənin ixtiyarındakı 73 hektar torpağın hamısı icarədarlar tərəfindən əkilib-becərilir. Əkinçiliyin dirçəlməsi heyvandarlığın inkişafına stimul yaradır. Ona görə də yerli yermerlər ərzaq bitkiləri — taxıl, qarğıdalı və günəbaxanla bərabər, yem bitkiləri — yonca, arpa və digər bitkiləri də həvəslə əkib-becərirlər. Bu hesaba indi sakinlər iribuynuzlu mal-qaranın baş sayını 600-ə, xırdabuynuzluları 4300 başa, quşları isə 8 minə çatdırmışlar. Onlar çörək, ət, tərəvəz, ağartı məhsulları və mal-qoyun üçün yem almağa kənara üz tutmurlar.

Murovdağdan axıb gələn İncə çayı kəndi ikiyə ayırır. Yaz daşqınları uzun illərdi ki, çayı keçilməz edirdi. O tərəflə bu tərəf arasında əlaqə günlərlə kəsilir, çətinliklər yaradırdı.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun təşəbbüsü ilə hazırlıq görüldu və qısa müddətdə İncə çayı üzərində eni 3 metrdən artıq, uzunluğu 38 metr olan körpu  salındı. Kənd sakinləri rayon rəhbərinin göstərdiyi bu qayğını böyük razılıqla qarşıladılar.

Ayağı aran, başı dağ olan Borsunlu Gəncə-Tərtər magistral yolundan 13 kilometrlik məsafədədir. Həmin yol ağır texnikanın hərəkətindən dağılıb, gediş-gəliş bir qədər narahatdır.

Keçən ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə bölgə sakinlərinin şikayət və müraciətlərini dinləmək və kömək göstərmək məqsədilə nəqliyyat naziri Ziya Məmmədov Gəncə şəhərində region əhalisinin nümayəndələri ilə görüş keçirdi.

Nazirin qəbulunda olan Borsunlu kəndinin icra nümayəndəsi Xaləddin Qarayev deyir ki, 2014-cü ilin ikinci rübündə Borsunlu kəndini Gəncə-Tərtər magistral yolu ilə birləşdirən şose yol əsaslı təmir olunub asfaltlanacaqdır. İndi borsunlular yolun çəkilişini intizarla gözləyirlər. Tezliklə asfalt yol da çəkiləcək, borsunlular daha bir problemdən qurtaracaqrahat həyat şəraitinin səviyyəsi bir qədər də yüksələcəkdir.

 

V.İLYASOV.

Respublika.-2014.-8 aprel.-S.10.