“Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı kitabın təqdimat mərasimi

 

Aprelin 7-də İqtisadiyyat Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitunun Türk Koordinasiya Əməkdaşlıq Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun birgə təşkilatçılığı ilə şagirdlər üçünGələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatıadlı kitabın təqdimat mərasimi keçirilmişdir.

Avropa Azərbaycan Məktəbində keçirilən tədbirdə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, TİKA Bakı Proqram Koordinatorluğunun əməkdaşları ilə yanaşı, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.

Təqdimat mərasimini Avropa-Azərbaycan Məktəbinin İnsan Resursları və İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Amalya Sezgin açmışdır. Daha sonra İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, Vilayət Vəliyev “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi prosesində Türkiyə təcrübəsinin öyrənilməsi və qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda həyata keçirilən pilot layihə barədə iştirakçılara məlumat vermişdir.  Bildirilmişdir ki, layihə çərçivəsində ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində Türkiyə təcrübəsi öyrənilmiş və maarifləndirmə işinin təşkili və gücləndirilməsi məqsədilə orta ümumtəhsil müəssisələri üçün “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı yardımçı dərs vəsaiti hazırlanmışdır. Kitabın orta məktəblərdə istifadə edilməsi tövsiyə edilmişdir. V.Vəliyev həmçinin bu layihənin İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən də yüksək qiymətləndirildiyini qeyd etmişdir.

TİKA Bakı Proqram Koordinatoru  Mustafa Haşimi Polat bu dərs vəsaitinin ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsində, şagirdlərin bu sahədə maarifləndirilməsində əhəmiyyətini vurğulamışdır.

Kitabın həmmüəllifi — İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Aral Davudov tədbir iştirakçılarına layihənin icrası, türkiyəli və yerli mütəxəssislərdən ibarət işçi qrupunun fəaliyyəti, keçirilmiş tədbirlər və görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Təqdimatda “Göyərçin” jurnalının baş redaktoru və “Gələcək nəsillər üçün ekoloji təmiz kənd təsərrüfatı” adlı dərs vəsaitinin redaktoru, professor Rafiq Əliyev, Avropa Azərbaycan Məktəbinin müəllimi Püstəxanım Səfərova, valideynlərdən Mətanət Rəsulova öz çıxışlarında kitabın şagirdlər üçün faydalı olacağını vurğulamışlar.

Sonda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 

N.CAVADOV,

Respublika.-2014.-8 aprel.-S.-10.