“Xəstəliyin erkən
aşkarlanması və ona erkən
müdaxilə sağlamlığın təminatıdır”
Azərbaycan Diabet Liqası (ADL) “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın təminatıdır!” adlı layihəyə start verdi. Layihənin ilk tədbiri dünən İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında işçi heyəti üçün təşkil olunmuşdu.
Respublika Endokrinoloji Mərkəzinin direktor müavini, Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova öncə tədbirdə iştirak edən aksiya iştirakçılarına məlumat verərək bildirdi ki, hazırda dünyada 380 milyon insan şəkərli diabet xəstəsidir. Azərbaycanda bu xəstələrin sayı 200 000-dən çox təşkil edir. Bu xəstəlik qlobal problem olaraq, yəni onun surətli artımı, yaratdığı tibbi, sosial, iqtisadi və psixoloji problemlər bütün dünya ölkələrini və onun səhiyyə sistemini çətinlik qarşısında qoyur. Ona görə də bu xəstəliyin və onun fəsadlarının qarşısının alınması məqsədi ilə müxtəlif yollar araşdırılır. Bu yollardan biri diabet önü vəziyyətin erkən aşkarlanması və tibbi yardım göstərməklə onun qarşısının alınması, digəri xəstəliyin özünü erkən aşkarlamaqla onun ağır fəsadlarının qarşısının alınması, həmçinin əhali və risk qrupuna aid olanlar arasında maarifləndirmə işinin aparılmasıdır. Azərbaycan Diabet Liqasının (ADL) da fəaliyyətə başladığı gündən bəri əsas məqsədi şəkərli diabetlə xəstə olan insanların həyat keyfiyyətini yüksəltmək və əhalinin sağlamlığını mühafizə etməkdən ibarət olub. Bu günə qədər bu missiyaya uyğun olaraq 60-dan çox müxtəlif layihələr, aksiyalar həyata keçirilib. Belə ki, ADL-in missiyasına uyğun olaraq bu ilin aprel ayının 7-dən start götürən növbəti xeyriyyə aksiyası əhali arasında diabetin erkən aşkarlanması ilə əlaqədar “Erkən aşkarlanma və erkən müdaxilə sağlamlığın təminatıdır!” adlı yeni bir layihədir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasıdır. Həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinın təcrübəli heyəti də layihənin əsas təşkilatçılarındandır. İki ay davam edəcək layihəyə əsasən ölkəmizdə müxtəlif sahələri əhatə edən dövlət və özəl sektorlarda çalışan əməkdaşlar könüllü şəkildə, işdən yayınmadan şəkərli diabetlə bağlı yerindəcə müayinə olunacaqlar. Bundan sonra isə qanda qlükozanın səviyyəsinin normadan artıq olduğu aşkarlanan xəstələrin qeydiyyatı aparılacaq və onlara lazımi məsləhətlər veriləcək, həmçinin əgər daha dərin müayinəyə ehtiyac olarsa, onu REM-də davam etdirmək mümkün olacaq.
Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanovanın sözlərinə görə, məlum olduğu kimi, hər il Azərbaycan Diabet Liqası (ADL) İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birgə Azərbaycanda 14 noyabr tarixini xüsusi qeyd edir. Artıq son bir neçə ildir ki, Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi diabet gününün təşəbbüskarı kimi çıxış edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hər zaman ADL-in tədbirlərini dəstəkləməsi bizim işimizi daha da ruhlandırır.
Y.Sultanova həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət və qayğının bu sahədə xeyli irəliləyişlərə səbəb olduğunu xüsusi qeyd etdi. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin təmin olunmasını vurğuladı. Eyni zamanda bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
ADL-in sədri çıxışının sonunda şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara xüsusi diqqət ayırdığına görə, dövlət başçısına öz minnətdarlığını bildirdi.
Sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları həkim qrupu tərəfindən müayinə olundular. Tədbir üç gün davam edəcək.
Qeyd edək ki, iki ay davam edəcək layihənin növbəti tədbirləri digər dövlət və özəl təşkilatlar üçün davam etdiriləcək.
Gülşən Hüseynova,
Respublika.-2014.- 8 aprel.- S.11.