ƏHALİNİN KÜTLƏVİ ŞƏKİLDƏ TİBBİ MÜAYİNƏSİ UĞURLA DAVAM EDİR

 

Lənkəran

Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar aparılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb ocaqları tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görülür.

Lənkəran səhiyyəsinin inkişafı da  dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Cənab Prezidentin təşəbbüsü və yüksək qayğısı sayəsində Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzi tikilmiş, ötən il mərkəzi rayon xəstəxanası və onun poliklinika şöbəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Rayonda əhaliyə nümunəvi tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşların tibbi müayinəyə cəlb edilməsi — dispanserizasiyanın keçirilməsi Lənkəranda da uğurla davam edir.

Bu məqsədlə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə komissiya yaradılmışdır. Təsdiq olunmuş qrafikə uyğun Lənkəran mərkəzi rayon xəstəxanasında, müalicə-diaqnostika mərkəzində, həmçinin yerlərdəki tibb ocaqlarında rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, 18 yaşdan yuxarı vətəndaşlar kütləvi şəkildə tibbi müayinələrdən keçirilirlər.

Dispanserizasiyaya həkim briqadaları da cəlb edilmişdir. Vətəndaşlar yüksək səviyyədə təşkil olunan aksiyaya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Bu günlərdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun Lənkəran rayonunda əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti geniş müzakirə olunmuşdur.

İclası icra başçısı Taleh Qaraşov açaraq keçirilən kampaniyanın cənab Prezidentin ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi yüksək diqqət və qayğının təzahürü olduğunu, Lənkəranda əhalinin tibbi müayinəsinin uğurla davam etdirildiyini bildirmişdir.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın məruzəsi dinlənilmişdir. R.Əliyeva aksiyanın kütləviliyini təmin etmək məqsədilə izahat və təşviqat işlərinin aparıldığını, müayinələrin mütəşəkkilliklə həyata keçirildiyini qeyd etmişdir. O bildirmişdir ki, ötən müddətdə dövlət qurumlarının, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri pulsuz tibbi müayinələrə cəlb olunmuş, aksiyanın gedişi yerli və respublikanın kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Mərkəzi rayon xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev şura iclasında çıxış edərək möhtərəm Prezidentimizin tapşırığına əsasən vətəndaşların kütləvi surətdə müayinələrdən keçirildiyini, xəstələrin müalicəyə cəlb olunduğunu bildirmişdir.

Baş həkim qeyd etmişdir ki, müayinələr əhali tərəfindən razılıqla qarşılanır. Müraciətlərin sayı da artmaqdadır. Aksiyaya start verildiyi gündən martın 28-dək rayon üzrə 18 yaşdan yuxarı 102896 nəfərdən 22608 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanan vətəndaşlardan 1208 nəfər ambulator, 301 nəfər stasionar müalicəyə cəlb edilmiş, 64 nəfər göndərişlə Bakı şəhərinə ixtisaslaşmış müalicəyə göndərilmişdir.

Lənkəran Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Malik Məmmədov müayinələrin gedişi, həkim briqadalarının fəaliyyəti və müalicəyə cəlb olunan xəstələrin vəziyyəti haqqında məlumat vermişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şura iclasını yekunlaşdıraraq müayinələrin kütləviliyini artırmaq üçün əlavə tədbirlərin həyata keçirilməsinin və vətəndaşların müayinəsinə diqqətlə, həssaslıqla yanaşılmasının vacibliyini diqqətə çatdırmış, dispanserizasiyanı yüksək səviyyədə aparmaq üçün müvafiq qurumlara tapşırıq və tövsiyələrini söyləmişdir.

Aksiya ilə bağlı rayon sakinləri dövlətimizin başçısına minnətdarlıq edərək təəssüratlarını bizimlə bölüşdülər.

Azad Hüseynov, Moloja kənd sakini:

- Əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi hər şeydən öncə vətəndaşların dövlət qayğısı ilə əhatə olunmasının əyani nümunəsidir. Mən kənddə müəllim işləyirəm. Məsəl var, deyirlər ki, sağlam bədəndə sağlam ruh olar. Cənab Prezidentin vətəndaşların sağlamlığına bu dərəcədə həssaslıqla yanaşması hamımızı ürəkdən sevindirir. Buna görə ölkə başçısına kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Emin Qafarov, Lənkəran şəhər sakini:

- Səhhətimlə bağlı narahatçılığım var idi. Amma müəyyən səbəblər üzündən həkimlərə müraciət edə bilmirdim. Cənab Prezidentin tapşırığından xəbər tutduqda çox sevindim. Mərkəzi rayon xəstəxanasına müraciət edərək pulsuz tibbi müayinələrdən keçdim. Burada yaradılmış şəraitdən, həkimlərin səmimi, qayğıkeş münasibətindən razıyam. Sadə vətəndaşlar üçün yaradılan bu imkanlara görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.

Solmaz Həşimova, Lənkəran şəhər sakini:

- Mən təqaüdçüyəm. Ölkə başçısının vətəndaşların pulsuz tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığından sonra Lənkəran mərkəzi rayon xəstəxanasına gələrək müayinələrdən keçdim. Yaradılan şərait, həkimlərin səhhətimin qayğısına qalması məndə razılıq yaratdı. Əlbəttə bu, Prezident İlham Əliyevin vətəndaşlara göstərdiyi yüksək qayğının təzahürüdür. Mən ölkə Prezidentinə minnətdarlığımı bildirir, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda ona daha böyük uğurlar arzulayıram.

Astara

Astara Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi nümayəndələrinin, bələdiyyə sədrlərinin və rayonun səhiyyə kollektivlərinin  iştirakı ilə əhalinin tibbi müayinədən keçirilməsinin vəziyyəti müzakirə olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. İnkişaf, tərəqqi ölkənin iqtisadi cəhətdən daha da möhkəmlənməsinə, əhalinin güzəranının, sosial rifah halının yaxşılaşmasına zəmin yaratmışdır. Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi barədə cənab Prezidentin verdiyi tapşırıq vətəndaşların sağlamlığına xidmət edir. Fevral ayının 17-dən başlanan xeyirxah aksiya may ayının 1-dək davam edəcəkdir.

Rayonda əhalinin tibbi müayinəsinin mütəşəkkilliklə keçirilməsi məqsədilə icra başçısının sərəncamı ilə müvafiq komissiya yaradılmışdır. Ötən müddət ərzində komissiya üzvlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, idarə, müəssisə və təşkilat rəhbərlərinin yaxından köməkliyilə əhalinin müəyyən hissəsinin rayonun səhiyyə ocaqlarında tibbi müayinələrdən keçməsi təmin olunmuşdur.

Sonra komissiya sədri, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın məruzəsi dinlənilmişdir. Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək qayğısı sayəsində əsaslı şəkildə yenidən qurulmuş və müasir tibbi avadanlıqlarla təchiz edilmiş mərkəzi rayon xəstəxanasında, qəsəbə və kənd səhiyyə müəssisələrində əhalinin tibbi müayinədən keçməsi üçün hər cür şərait yaradılmışdır.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Emin Hüseyn əhalinin tibbi müayinədən keçirilməsi məqsədilə xəstəxanada 4 həkim briqadasının yaradıldığını, tibb işçilərinin peşə borclarını ləyaqətlə, yüksək məsuliyyətlə yerinə yetirdiklərini bildirmişdir.

Baş həkim mart ayının sonuna kimi rayonun idarə, müəssisə və təşkilatlarından, ayrı-ayrı yaşayış məntəqələrindən 7202 nəfərin rayon mərkəzi xəstəxanasında tibbi müayinələrdən keçdiyini, müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşların müalicəyə cəlb olunduqlarını qeyd etmişdir.

Rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Şahverən Cavadov və başqaları çıxış edərək vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq etmişlər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iclası yekunlaşdırmış, əhalinin tibbi müayinəsinin sürətləndirilməsilə əlaqədar əlavə tədbirlərin görülməsi barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını, tövsiyələrini vermişdir.

Masallı

Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar görülən işlər geniş müzakirə olunmuşdur.

Şura iclasını Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açmış,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə səhiyyə sistemində aparılan islahatlardan, rayonda səhiyyənin maddi-texniki bazasının gücləndirilməsinə göstərilən dövlət qayğısından, əhalinin tibbi müayinəsinin uğurla davam etməsindən danışmışdır.

Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova əhalinin tibbi müayinədən keçməsinin vəziyyəti barədə məruzə etmişdir. G.Xəlilova qeyd etmişdir ki, səhiyyənin inkişafına yönəlmiş tədbirlər, qəbul olunmuş Dövlət Proqramları əhalinin sağlamlığına xidmət edir.

Son illər Mahmudavar və Alışanlı kəndlərində müasir üslubda yeni tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Xırmandalı, Qarğalıq, Güllütəpə, Yolağac, Şərəfə, Türkoba kəndlərində yeni səhiyyə ocaqlarının tikintisi davam etdirilir. Rayon mərkəzi xəstəxanası, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir olunur.

Fevral ayının 17-dən rayonda  əhalinin tibbi müayinəsinin aparılmasına başlanılmışdır. Bununla əlaqədar Masallı şəhər mədəniyyət mərkəzində yığıncaq keçirilmiş, aksiya barədə idarə, müəssisə rəhbərlərinə, ərazi nümayəndəlikləri və bələdiyyələrə, rayon ictimaiyyətinə geniş məlumat verilmişdir.

Mərkəzi rayon xəstəxanasında, Boradigah qəsəbə, Kalinovka kənd sahə xəstəxanalarında həkim briqadaları yaradılmışdır. Səhiyyə müəssisələrinə gələ bilməyən əlil və ahıl insanların tibbi müayinədən keçməsindən ötrü iki səyyar həkim briqadası fəaliyyət göstərir.

Tərtib olunmuş qrafikə uyğun mart ayının sonuna kimi rayonun idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin tibbi müayinədən keçməsi başa çatdırılmışdır. Rayon üzrə 49425 nəfər tibbi müayinədən keçmişdir. Müayinə zamanı 939 nəfər xəstə aşkar edilmiş, 878 nəfər ambulator, 61 nəfər stasionar müalicəyə cəlb edilmiş, 78 nəfər ixtisaslı tibbi yardım almaq üçün Bakı şəhərinə göndərilmişdir.

Göz xəstəliklərindən əziyyət çəkən  22 nəfərin müayinə və müalicəsi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı rayon filialında həyata keçiriləcəkdir.

Şura iclasında  Masallı rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzərov, Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Sabiq Cahangirov müayinənin aparılması barədə məlumat vermişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şura iclasını yekunlaşdırmış, əhalinin tibbi müayinəsini vaxtında və yüksək səviyyədə həyata keçirmək üçün müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini söyləmişdir.

 

Lerik

Rayonda əhalinin tibbi müayinəsi mütəşəkkilliklə davam etdirilir. Bu vacib aksiyanın yüksək səviyyədə keçirilməsi üçün Lerik Rayon İcra Hakimiyyətində xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə qrafik tərtib olunmuşdur.

Rayon mərkəzi xəstəxanası lazımi tibbi avadanlıqlarla təchiz edilmiş, əhalinin kütləvi dispanserizasiyasının aparılması üçün burada hər cür şərait yaradılmışdır.

Müayinələr yüksək ixtisaslı, təcrübəli həkimlər, orta tibb işçiləri tərəfindən aparılır. Xəstəxananın kollektivi qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışır. Xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülür və onların müalicəsi təşkil olunur.

Vətəndaşlar yaradılan şəraitdən, işin təşkilindən razılıq edir, növbəti humanist addıma, dövlətimizin hər bir vətəndaşın sağlamlığına göstərdiyi yüksək diqqətə və qayğıkeş münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayonda tibbi müayinənin icra vəziyyəti haqqında” məsələ müzakirə olunmuşdur.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şura iclasını açaraq ölkəmizdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, fevralın 17-dən başlanmış tibbi aksiyasının əhəmiyyətindən, bu sahədə aparılan işlərdən danışmışdır.

İcra başçısı bildirmişdir ki, ölkəmizin sürətli inkişafı səhiyyə sahəsində islahatların böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə səhiyyə sistemində irimiqyaslı layihələrin həyata keçirilməsi, qəbul olunmuş Dövlət Proqramlarının icrası öz bəhrələrini verməkdədir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova müayinələrin gedişi vəziyyəti haqqında məruzə etmişdir. Bildirmişdir ki, vətəndaşların tibbi müayinədən keçirilməsi xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bu tədbir əhalinin sağlamlığının etibarlı şəkildə qorunması və xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir.

Cənab Prezidentin tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində geniş müşavirə keçirilmiş, müvafiq dövlət qurumları, rayonun tibb işçiləri qarşısında konkret vəzifələr qoyulmuşdur.

A.Vəliməmmədova qeyd etmişdir ki, əhalinin dispanserizasiyası heç vaxt indiki kimi kütləvi xarakter daşımamışdır. Aksiya çərçivəsində müayinələrin əhatə dairəsi gündən-günə genişlənir.

Sakinlər rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsində müvafiq qaydada qeydiyyatdan keçir və ixtisaslı, təcrübəli həkimlərin qəbulunda olurlar. Onlar terapevt, cərrah, kardioloq, nevropatoloq, stomatoloq, oftalmoloq, dermatoloq, digər tibb işçiləri tərəfindən hərtərəfli müayinə olunur, eləcə də ultrasəs, rentgen, laborator müayinələrindən keçir, sağlamlıqları ilə bağlı məlumat əldə edirər.

Lerik rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirmişdir ki, tibbi-profilaktik müayinələrin aparılması üçün xəstəxanada iki ixtisaslı həkim briqadası ayrılmış, 6637 nəfər tibbi müayinədən keçmiş, ümumi müayinələrin sayı 61500-ə çatmışdır.

Tərtib edilmiş qrafikə uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında çalışan işçilərin, eləcə də 64 yaşayış məntəqəsinin sakinlərinin tibbi müayinəsi başa çatdırılmışdır.

Müayinələr nəticəsində ən çox ürək-damar, tənəffüs, əsəb mənşəli və şəkərli diabet xəstəlikləri aşkar edilmişdir. Müxtəlif profildən 524 nəfər xəstə aşkar edilərək onlardan 468 nəfər ambulator, 56 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir. İxtisaslı tibbi yardıma ehtiyacı olan 15 nəfər Bakı şəhərinin müvafiq səhiyyə müəssisələrinə göndərilmişdir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şura iclasını yekunlaşdırmış, tibbi müayinələrin vaxtında və mütəşəkkillikə başa çatdırılması üçün müvafiq qurumların və rayonun səhiyyə kollektivinin qarşısında duran vəzifələrdən danışmışdır.

 

Əlisəfa HƏSƏNOV,

Respublika.-2014.-9 aprel.-S.6.