Nəsimi rayonunda şura iclası
Bu günlərdə Bakının
Nəsimi Rayon İcra
Hakimiyyətində Azərbaycan
Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun
olaraq “2014-cü il fevral ayının 17-dən
may ayının 1-dək əhalinin
tibbi müayinədən
keçirilməsi vəziyyəti”
və “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə
əlaqədar rayon məktəblərinin
XI sinif şagirdlərinə
tədris olunan dərslərin vəziyyəti
ilə bağlı” şura iclası keçirildi.
Müzakirə olunan məsələlərlə bağlı keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış etdi, vurğuladı ki, rayon sakinlərinin sağlamlığının qorunub saxlanması ilə bağlı əhalinin tibbi müayinəsi aksiyası Nəsimi rayonunda uğurla həyata keçirilir. Bununla əlaqədar icra hakimiyyəti tərəfindən komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunmuşdur. Həmçinin ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar rayon məktəblərində məqsədyönlü iş aparılır, təlim-tərbiyənin səviyyəsinin yüksəldilməsinə maksimum səy göstərilir.
Şura iclasında birinci məsələ ilə bağlı rayon icra hakimiyyəti başçısının müavini Gülara Verdiyevanın məruzəsi dinlənildi o, qeyd etdi ki, son illər respublikamızda digər sahələrdə olduğu kimi sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində də bir sıra uğurlar əldə edilib.
Bakı şəhərində və regionlarda yeni-yeni səhiyyə müəssisələri və diaqnostika mərkəzləri tikilərək istifadəyə verilib, mövcud səhiyyə müəssisələri əsaslı təmir edilərək ən müasir avadanlıqlarla təchiz olunub.
Bütün bunlar deməyə əsas verir ki, dövlətimiz Azərbaycan vətəndaşlarının sağlamlığına diqqət və qayğı ilə yanaşır, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasını daim nəzərdə saxlayır.
Sevindirici haldır ki, Nəsimi rayonunda da son illər bütün mövcud səhiyyə müəssisələri əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz edilib, rayon ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin nəzdində Terapevtik və Cərrahiyyə korpusları tikilərək istifadəyə verilib.
Azərbaycan vətəndaşlarının sağlamlığına diqqətin daha da artırılması üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
Tapşırığın icrası ilə əlaqədar rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayon əhalisinin tibbi müayinədən yüksək mütəşəkkillik və keyfiyyətli şəraitdə keçirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb.
Tədbirlər planına müvafiq olaraq ötən müddət ərzində bir sıra işlər görülüb, əhali arasında təşkilati izahat işlərinin aparılması uğurla həyata keçirilib.
Komissiya üzvlərinin apardığı qənaətbəxş iş nəticəsində aprelin 8-dək 137.850 nəfər əhalidən 67.843 nəfəri artıq tibbi müayinədən keçirilmişdir.
Bu işdə idarə və müəssisə kollektivləri daha yaxından iştirak ediblər.
Tibbi prosedur qaydalarına uyğun olaraq əhalinin may ayının 1-dək müayinədən keçirilməsi davam etdiriləcəkdir. Əlavə olaraq bildirək ki, tibbi müayinə zamanı üzə çıxan xəstəliklərin müalicəsi ilə əlaqədar vətəndaşlar aidiyyəti üzrə xəstəxanalara göndərilirlər.
Tibbi müayinənin yüksək səviyyədə təşkilində rayon ərazisində yerləşən 5 və 20 saylı şəhər poliklinikalarının, eləcə də Nəsimi rayon sakinlərinə xidmət edən 1 və 3 saylı şəhər poliklinikalarının xidmətləri danılmazdır.
Rayon üzrə tibbi müayinədən keçirilmiş əhalinin 21.895 nəfəri ambulator, 352 nəfəri isə stasionar müalicəyə qəbul olunmuşdur.
Aparılan işlərin mühüm əhəmiyyətini nəzərə alaraq vətəndaşlar arasında təbliğatın daha da gücləndirilməsinə ehtiyac var. Bəzi hallarda vətəndaşlarla aparılan söhbətlərə baxmayaraq, onların özləri məsuliyyətsizlik edərək tibbi müayinədən keçmirlər.
Vətəndaşların iş rejimini nəzərə alaraq bazar günlərində də vətəndaşların müayinəsinin həyata keçirilməsinə ehtiyac var.
Yığıncaqda əhali arasında keçirilən tibbi müayinələrlə bağlı 5 saylı şəhər poliklinikasının baş həkimi Bəxtiyar Həsənov, 20 saylı şəhər poliklinikasının baş həkiminin müavini Nəzakət Həsənova və 3 saylı uşaq poliklinikasının baş həkiminin müavini Sevda Süleymanova çıxış etdilər.
Şura iclasında ikinci məsələ ilə bağlı rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov məruzə etdi. O vurğuladı ki, hər bir xalqın və millətin tarixində elə nadir şəxsiyyətlər olur ki, onlar fəaliyyəti, öz xalqı qarşısındakı xidmətləri ilə zaman məfhumunu aşaraq əbədiyyətə qovuşur. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev məhz belə nəhəng şəxsiyyətlərdəndir. Azərbaycan tarixinin nadir simalarından olan Heydər Əliyev demokratik, hüquqi, dünyəvi Azərbaycan dövlətini qurmaqla kifayətlənməmiş, dahiyanə bir uzaqgörənliklə onun gələcək inkişaf strategiyasını da müəyyən etmişdir.
Ulu öndərin zəngin irsinin öyrənilməsi onun ideyalarının davamçıları, müasir Azərbaycan gəncliyi üçün böyük dövlətçilik, vətənpərvərlik, öz xalqına, vətəninə sədaqətlilik məktəbi, heç vaxt aktuallığını və qiymətini itirməyəcək bir örnəkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdlərinə 2 akademik saat məktəbdənkənar dərslərin keçirilməsi nəzərdə tutulmuşdur. Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulan “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər YAP Nəsimi rayon təşkilatında, Azərbaycan Dillər Universiteti, Asiya Universiteti və Musiqi Akademiyasında keçirilmişdir. Əvvəlcədən nəzərdə tutulmuş qrafikə əsasən bu dərslər martın 5-dən başlayaraq may ayının 14-dək davam edəcək. Dərslər təcrübəli müəllimlər tərəfindən aparılmışdır. Qrafikə uyğun olaraq bu günə kimi 29 məktəbdən 1752 şagird dərsləri dinləmişdir. Artıq birinci dərslər yekunlaşmış, hazırda ikinci dərslər keçirilir. Onu da qeyd etmək lazımdır ki, rayon üzrə 6 məktəbin şagirdlərinə Heydər Əliyev mərkəzində dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.
Məruzə ətrafında 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, 3 saylı tam orta məktəbin müəllimi Sehrman Əmrahov çıxış etdilər.
Şura iclasını yekunlaşdıran Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev əminliklə bildirdi ki, bütün sahələrdə inkişaf tempi uğurla davam etdiriləcək, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr şərəflə yerinə yetiriləcəkdir.
Qədir ASLAN,
Respublika.-2014.-10 aprel.-S.6.