İnşaatçılar
respublikamızın inkişafına, çiçəklənməsinə
öz töhfələrini verirlər
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycanın müasir dövlətə çevrilməsini, ən əsası inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlmiş milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
Son illərdə ölkəmizdə görülən işlər, baş verən inkişaf prosesləri bütün dünyada heyrətlə qarşılanır. Artıq iqtisadi inkişafın Azərbaycan modeli özünü dünyada təsdiq etməkdədir. Ümumilikdə ötən son illəri ölkənin inkişafının keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmək olar. Dövlət başçımızın rəhbərliyi altında respublikamızda həyata keçirilən köklü islahatlar, baş verən iqtisadi sıçrayış inşaat, tikinti, quruculuq, abadlıq sahəsində də özünü bariz şəkildə göstərmişdir. Ölkəmizin paytaxtı Bakı şəhərinin və bölgələrimizin siması dəyişmiş, müxtəlif təyinatlı tikinti obyektlərinin miqyası və əhatə dairəsi genişlənmiş, yeni-yeni yaşayış binaları, göydələnlər, parklar, xiyabanlar salınmışdır. Ölkəmizin hər yerində tikinti-quruculuq işləri sürətlə davam edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib-tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.
Tikinti sektoru bu gün ən dinamik inkişaf edən sahələrdən biridir. 2013-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17872,1 milyon manat vəsait yönəldilmiş, onun məhz 66,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Ötən ildə Bakı şəhərində Gəmi Təmiri İstehsalat Bazası, Gəmiqayırma və çörək zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, Gədəbəydə qızıl emalı zavodu, Xaçmaz, Qax, Saatlı rayonlarında Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilmişdir. Həmçinin bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 2138,8 min kvadratmetr olan yeni yaşayış evləri, 1338 çarpayılıq xəstəxana, 34512 şagird yerlik ümumtəhsil məktəbləri, 2466 yerlik məktəbəqədər təhsil müəssisələri istismara verilmiş obyektlər sırasındadır. Ötən il tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 8098,5 milyon manat təşkil etmiş, ondan 66,1 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 18,4 faizi əsaslı, 2,9 faizi cari təmir, 12,6 faizi isə sair tikinti işlərinə sərf edilmişdir. Ümumi inşaat işlərinin 80,5 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.
Məlum olduğu kimi, paytaxt Bakı 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Bununla əlaqədar olaraq paytaxtda ciddi hazırlıq işləri görülür. Su idmanı növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işləri sürətlə aparılır. Artıq 5-ci ildir ki, ölkə inşaatçıları öz peşə bayramlarını qeyd edirlər.
İnşaatçıların ölkə iqtisadiyyatının inkişafındakı xidmətlərini yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev 16 dekabr 2009-cu il tarixdə hər il aprel ayının 10-nun müstəqil respublikamızda İnşaatçılar Günü kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Bu sərəncam inşaatçıların işinə verilən qiymət, diqqət və qayğıdır.
Bu gün ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verən “ANT-İnşaat” 2002-ci ildə təsis edilmişdir. İlk zamanlar ancaq yaşayış binalarının tikintisini həyata keçirirdik və bir 5 bloklu binanın tikintisi ilə məşğul idik. Daha sonralar tikinti sektorunda fəaliyyətimizi genişləndirərək digər infrastruktur sahələrinin tikintisi ilə də məşğul olmağa başladıq. Fəaliyyətimiz müddəti ərzində şirkətimiz 26 müxtəlif çoxmənzilli bina inşa etmişdir. İqtisad Universitetinin tədris korpusu, Bakı İstintaq Təcridxanası Kompleksi, Yeni Yasamalda maşın bazarı, Hacıqabul və Siyəzən rayonlarında VVAQ şöbələrinin binalarının, Qazax Olimpiya Kompleksi Otelini və onlarca digər obyektlərin tikintisini və təmirini həyata keçirmişik.
Əldə edilmiş təcrübə xarici bazarda tikinti işlərinə imkan versə də, lakin bizim əsas nəzər nöqtəmiz müstəqil Azərbaycandır. Hansı sahə və ya ölkə olmasından asılı olmayaraq məqsədimiz keyfiyyətə təminat, etibar, sağlamlıq və təhlükəsizlik standartlarını öndə tutmaqla müştəri məmnuniyyətidir. Mübaliğəsiz demək olar ki, mühəndislik və inşaatda ən son yeniliklərdən istifadə edən ANT Şirkətlər Qrupu alıcılarının tələblərini doğrultmuşdur. Respublikamıza investisiya cəlb etmək məqsədilə ölkə daxilində və xarici həmkarlarımızla sıx münasibət qurmaqdayıq. Demək olar ki, ölkəmiz tikinti sferasına görə Avropa standartlarına yaxınlaşmaqdadır. Məqsədimiz isə tikintidə qədim və böyük ənənəyə malik Azərbaycan memarlığında Avropa standartlarına çatmaqdır. Bu məqsədlə, Azərbaycan memarlıq irsinin öyrənilməsi yolu ilə, ən yeni texnologiyaların tikinti sektoruna gətirilməsinə və tətbiq olunmasına çalışırıq. Yüksək standartların tikinti sferasına gətirilməsində şirkətimiz böyük rol oynamışdır. Və bunun nəticəsi olaraq 2005-ci ildə beynəlxalq keyfiyyət idarə edilməsi sertifikatları olan İSO: 9001: 2000 və 2007-ci ildə OHSAS 18001 ilə təltif edilmişdir.
Bu gün ANT Qroup daşınmaz əmlak sektorunun mühüm iştirakçılarından biridir. Elə bu məqsədlə bir neçə il bundan əvvəl “ANT-Realtor” şirkəti yaradılmışdır. Əsas üstünlüyümüz qiymət, sürətli qeydiyyat, təhlükəsizlik və hüquqi aydınlıqdar.
Biz şirkətlər qrupu olaraq, tikintiyə dövlət icazəsi olan səkkiz şirkətdən biriyik və tam olaraq deyə bilərik ki, gördüyümüz işlər rəğbətlə qarşılanmışdır.
Şirkətimizin olduqca müasir və geniş maşın və mexanizm parkı vardır. Yerqazan, torpaq hamarlayan, betondaşıyan, özüboşaldan, yük avtomobilləri, avtokranlar, qülləli kranlar, betondaşıyan mikserlər, betonzavod fəaliyyət göstərir. Bu da işlərimizin sürətlə və keyfiyyətlə görülməsində, yerinə yetirilməsində böyük rol oynayır.
Respublikamızda böyük quruculuq işləri aparılır, iqtisadi inkişaf, xarici siyasətdəki uğurlarımız, beynəlxalq mövqelərimizin möhkəmlənməsi—bütün bunlar reallıqdır. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın indiyə qədərki və bundan sonrakı uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev siyasəti yaşayır və möhkəmlənir.
Ölkəmizdə görülən işlər onu göstərir ki, Azərbaycan yaxın zamanda çox qüdrətli bir ölkəyə çevriləcək, vətəndaşlarımız güclü, azad, sivil, gözəl və müasir ölkədə yaşayacaqlar. Müstəqil Azərbaycanımızın çiçəklənməsinə, qüdrətlənməsinə əməlləri ilə töhfə verən bütün inşaatçıları əlamətdar gün münasibətilə çoxsaylı kollektiv adından təbrik edir, işlərində uğurlar arzulayıram.
Azad İBRAHİMOV,
“ANT-İnşaat”
təmir-tikinti MMC-nin direktoru.
Respublika.-2014.-10 aprel.-S6.