ORDA BİR YURD QARALIR...

 

Son illərdə qədim ərazilərimizin, bölgələrimizin tarixi, ulu keçmişi ilə bağlı çoxlu sayda kitablar meydana gəlir. Bunlar tədqirəlayiqdir. Elə o səbəbdən ki, yeni nəslin yurd yerlərimizi, qədim tikililərimizi, yaşayış məskənlərimizi, mədəni abidələrimizi tanımasından, sevməsindən və təəssübünü çəkməsindən ötrü belə nəşrlərin meydana gəlməsi vacibdir. Bu günlərdə həmin ənənələrin davamı kimi, professor Rəsul Tahirzadənin “Sarıbaş və sarıbaşlılar” adlı sanballı bir əsərilə tanış oldum.

Sarıbaş vətənimizin Şimal bölgələrindən olan Qax rayonunun səfalı və füsunkar mənzərəli bir kəndidir. R.Tahirzadənin 30 çap vərəqi həcmində olan bu kitabını, yurdun tarixini qədim dövrlərdən başlayaraq ardıcıllıqla izləməsi və bugünkü həyatının ictimai-mənəvi problemlərini araşdırması baxımından dəyərli hesab etmək olar. Bu qədim kəndin bütün hekayətlərində müəllifin nisgilini, xiffətini duymamaq, görməmək mümkün deyil. Rəsul müəllim kitabında böyük sevgilə süslənmiş acılı-şirinli hekayətlər danışır. Hekayətlərin ilki belə başlayır: “Bu dağlarda bir kənd vardı... Sarıbaş adlanan bu kənd indivar”. İlk səhifədə qeyd etdiyi kimi, əgər orayaavtomobil yolu, qaz xətti çəkilməzsə, dövlət tərəfindən ayrıca inzibati-siyasi ərazi statusu vahidi olan kəndə çevrilməzsə”, onun tarixdən silinmək qorxusu müəllifi belə bir qədim, şöhrətli yurdun tarixini araşdırmağa, onu tanıtmağa sövq edib.

Rəsul müəllim Sarıbaşın tədqiqinə neçə onilliklər həsr edib. Zaman-zaman bu yerlərə olan basqılara mərdliklə sinə gərən sarıbaşlıların keçmiş həyatına bələd olmaqdan ötrü illərin, qərinələrin arxasında qalan həyata güzgü tutub. Bu güzgüdən görünən hadisələrə diqqət yetirib, yaddaşlardan yaddaşlara keçən xatirələrin izinə düşüb. Kitabı oxuduqca, hiss edirsən ki, 14 yaşından Sarıbaşdan ayrılmış müəllifin belə bir sanballı işin ağır zəhmətinə qatlaşmasının səbəbi, heç şübhəsiz, milli kökə, torpağına bağlılığı olub. Kəndin tarixində öz mərdlikləri, cəngavərlikləri, əməksevərlikləri ilə unudulmayan insanlara məhəbbəti Rəsul müəllimin tarixi-etnoqrafik mövzuda qiymətli olan belə bir kitabı meydana gətirməsinə zəmin yaradıb.

“Sarıbaş və sarıbaşlılar” böyük bir tədqiqat əsəridir. Bu kənd bir çox tarixi hadisələrin, sərkərdələrin, sultanların adlarını, əməllərini yaşadır. Burda kəndin yaranması tarixindən ilk dəfə olaraq ətraflı bəhs olunur.  Müəllif onilliklər boyu arayıb-axtardığı sənədləri, faktları, maddi dəlilləri bir yerə toplayaraq sanki minillik bir tarixi vərəqləyib. Burda qədim abidələri, dağları, dərələri, buz bulaqları, qalaları, körpüləri, keçilməz sədləri ilə əfsanəvi bir məskən sayılan kəndin obrazı görünür. Sasanilər dövlətinin bu yerlərlə bağlılığı haqqında dolaşan rəvayətlər, zaman-zaman ərəblərin, xəzərlərin, qıpçaqların, monqolların, Əmir Teymur istilaları və sonrakı dövrlərdə bu yerləri qəsb edən sərkərdələrin nişanələri çox hadisələrdən xəbər verir. Sarıbaşın sərt təbiətinə, çətinliklərinə baxmayaraq, insanları bu gözəl diyarda məskunlaşmaqdan qorxmamışdır. Müəllif  məyusluqla bildirir ki, “orada vaxtilə məskun olan 300-350 ailədən cəmi 24 ailə qalmış, əhali hərə bir yana köçüb getmiş, kənd xarabazara çevrilmişdir...”. Belə bir diyarda həyatın get-gedə sönməsi insanı düşündürməyə bilməz.

Rəsul müəllim yazır: “Sarıbaş özü bütövlükdə çox nadir bir tarixi abidədir. Onun özünəməxsus yaşayış məskəni, məhəllələri, bu məhəllələr üzrə əhalinin yaşadığı tabunlara, toxumlara, nəsillərə bölünməsi, özünəməxsus quruluşu olan küçələri, yaşayış evləri, nəhayət, müəyyən adamların özlərinə məxsus antropoloji əlamətlərə malik olduğu bir kənddir. Onun tarixi, etnoqrafik, sosiolojisiyasi cəhətdən öyrənilməsi çox böyük elmi əhəmiyyətə malikdir”. Müəllif “sarıbaş” sözünün mənasına da aydınlıq gətirərək qeyd edir ki, sarı, sari sözləri türk sözləri olub rəng mənasını verməkdən başqa, eyni zamanda türk dilində “tərəf”, “istiqamət” deməkdir. Bu məzmunda “Sarıbaş” sözübaşa tərəf”, “baş tərəf” mənasına uyğun gəlir. Çünki Qax diyarının ərazisində Sarıbaşdan daha yüksəkdə, daha şimalda olan başqa bir yaşayış yeri yoxdur”. Digər tərəfdən, türk xalqlarına məxsus olan bir sıra sənədlərdə “sarıbaşlı” sözü igid, qəhrəman mənasında da işlənmişdir. Müəllif onun yaranma tarixi, mənşəyi ilə bağlı qədim mənbələrdən aldığı məlumatlardan müəyyən və qeyri-müəyyən  nəticələr hasil edirdeyir: “Hər necə olur-olsun  baş tərəf” olsun, “sarı sarıqlı başolsun, “sarı zirvə”, “sarıbaşlı” olsun “Sarıbaş” adı tarixin qanlı səhifələri ilə bağlı olan bir addır...”.

İki hissədən ibarət olan kitabın “Sarıbaş” adlanan birinci hissəsində kəndin coğrafi mövqeyi, tarixi abidələri, qədim qalaları, səngərləri, məscid-minarələri, daşlar üzərindəki cizgiləri, “Kitabi-Dədə Qorqud” dastanının təzahürləri, doğrudan da, Sarıbaşın özünün bir tarixi abidə olduğunu söyləməyə əsas verir. Müəllif yeri gəldikcə, Sarıbaşın bir qəhrəman yurd kimi xarici qəsbkarlara qarşı mübarizələrindən, tarixi hadisələrindən bəhs edir. Sarıbaşlıların folkloru, mərasimləri, bu yerlər haqqında söylənən rəvayətlər, əfsanələr... bütün bunları müəllif illər uzunu apardığı araşdırmaları, tədqiqatları, yaşlı sakinlərlə söhbətləri sayəsində öyrənərək yurd sevgisinin işığında qələmə almışdır. Araşdırmalarından da aydın olur ki, Yamac dağının sinəsinə naxışlanmış Sarıbaşın, onu əhatə edən dağlarda, qayalardakı yer adlarının hamısı türk mənşəli sözlərdir. Bütün bunlarla tanış olduqca, mən Rəsul müəllimi həm də uzun yolların yorulmaz səyyahı kimi tanıdım. Müəllif oxucunu bu qədim torpağın minillik tarixinin içi ilə gəzdirir. Bu səyyah çiynində gəzdirdiyi çantasını qət etdiyi yollarda qiymətli varidatla doldurmuş, onu xalqına ərməğan etmişdir. Qədim Oğuz yurdlarından olan kəndinə, Sarıbaşa bağlılığı, onu  təəssübkeşliklə tədqiq etməsi Rəsul müəllimin həm də vətəndaş mövqeyinin, torpağına oğul borcunun ifadəsidir.

Sarıbaşın ulu bir diyar olması, hər zaman sərvətlərinə görə düşmən hücumlarına məruz qalması onun əhəmiyyətli bir yaşayış məskəni olduğunu göstərir. Hər daşın, səngərin, körpünün, talanın haqqında eldə dolaşan rəvayətlər də bu yerlərin çox maraqlı bir tarixə malik olduğunu söyləməyə əsas verir. Əsərdə adıçəkilən “Qabır tala” bəlkə də “Səngər” şəhidlərinin dəfn olunduğu bir taladır. Müəllif XIX əsrin görkəmli tədqiqatçılarından A.Poserbski, A.Fon-Plotto, P.İ.Oaqameystr, N.Dubrovin, İ.Lineviç, N.Reynke, D.Zubarev, K.Qan... kimi tarixçilərin, səyyahların, XX əsrin görkəmli şəxsiyyətləri M.N.Baharlı, İ.Petruşevski, Q.Q.Pisaryevski, akademiklər Q.S.Çitaya, A.M.Dirr və başqalarının əsərlərində Sarıbaş və sarıbaşlıların adlarına rast gəldiyini qeyd edir.

Qədim dövrlərin nişanələri, övliya qəbirləri sanki sirlərin dəfn olduğu yerdir. Müəllif araşdırmalarında zaman-zaman bu yerlərə gələn səyyahların, tarixçilərin fikirlərinə söykənərək bu sirləri açmağa çalışıb. Bu tədqiqatların izilə gedərək günümüz üçün böyük əhəmiyyəti olan məlumatları üzə çıxarıb. Şəxsi fondlara müraciət edib, maddi dəlillərin, üstü yazılı daşların şəkillərinin böyük qismini GEA-nın akademiki Q.S.Çitayanın şəxsi arxivindən əldə edib. Bu şəkillərin arxasında “1934-cü il, Sarıbaş” yazılıb. O, qədim, üstü yazılı daşları Sarıbaşda illərlə axtarmışdır. Bu daşların çoxunu müəllifin dediyi kimi, mədəni inqilablar dövründə, 1936-1938-ci illərdə darmadağın etmişlər. Rəsul müəllim “İtirilmiş tarixi daşlardanyana-yana bəhs edir.

“Kitabi-Dədə Qorqud” dastanında Sarıbaşın günbatan tərəfində yerləşən “Qarsu” dağının adı çəkilir. Burda dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə geniş dağbaşı yaylaqlarının ortasında xarabazara çevrilmiş bir yaşayış məskəni olanQaburlu arxac”ın yaxınlığında isə “oğuz qəbirləri” adlanan kiçik qəbiristanlıq qalmaqdadır. Dastanda adı keçən “Ağcaqala”, “Sürməli”, “Torpaqqala—Sarıbaşdan 30-40 km aralı Qanıq çayı ətrafında yer adlarıdır”. Dastanda təsvir olunan igidlərin cüssəsi, yeməkləri, vuruşları, adqoyduları burada olan Oğuz qəbirlərinin əzəməti ilə səsləşir. Orda olan xalq müalicə üsullarından indixalq arasında istifadə olunur.

Sarıbaşın qonaqpərvərliyi dillərdə gəzib. Əsrlərlə keçirdikləri həyat tərzində sarıbaşlılar türkün adət-ənənələri, “Qurani-Kərim”dən, İslam dəyərlərindən bəhrələnərək minillik bir tarixi yol keçmişlər. Sarıbaşlılar vətənpərvərlikləri, yurda bağlılıqları ilə də tanınmışlar. Onlar elliklə gələn bəlalara elliklə sinə gərərək, nəsil-nəsil ömür sürmüşlər. Xalqın bu yerlərlə bağlı əsrlərin yaddaşından gələn rəvayətləri, atalar sözü və məsəlləri özlərinin həyat tərzində yaşatdıqlarından rəğbətlə, sevgilə söz açılır.

Əsərdə kəndin coğrafi mövqeyi, torpaqları, bulaqları, mineral süxurlarından da ətraflı bəhs olunur. Burda tarixi mənbələrdə əks olunan səhih məlumatlardan, kəndin yollarından başlamış onun qədim körpüləri, qalaları, məscid-minarələri (bəzən bunların qalıqları), ziyarətgahları, həqiqətən, Sarıbaşın tarixi abidələr yurdu kimi xarakterizə olunmasını səciyyələndirir.

Kitabın ikinci hissəsi “Sarıbaşlılar” adlanır. Sarıbaşı əsrlər içində mədəniyyət mərkəzinə çevirən yurdçuların, üləmaların adını hörmətlə çəkən müəllif zaman-zaman baş verən xalq hərəkatında sarıbaşlıların ruslarla döyüşlərdə göstərdikləri şücaətlərini xatırladır. Sarıbaşın görkəmli şəxsiyyətləri, elm, mədəniyyət xadimləri, hərbçiləri, şəhidləri məhəbbətlə anılır. Yurdun inkişafı tarixində, onun ictimai-mədəni həyatında hərəsindən bir iz, nişanə qalan insanlar haqqında yığcam məlumatlar verir.

Minillik tarixilə şöhrətli olan bu kənd müəllifin ürək ağrısı ilə qeyd etdiyi kimi, “ömrünün son 300 ilini İlisu sultanlığının xəritəsində İlisuZaxurla ittifaqda azad bir camaatlıq kimi qeyd olunan (anklava), 117 il çar hökumətinin, 70 il sovetlərin tabeçiliyində olan Sarıbaş bu gün son nəfəsdədir”. Rəsul müəllim “son nəfəs”in genişlənməsi, keçmiş şöhrətinin yenidən bərpası, rahat yaşamasından ötrü Sarıbaşın başı üstündə haray çəkir, SOS qaldırır. Bu haray, bu səs torpağına bağlı olan hər bir kəs üçün necə də doğmadı...

Kitabı başa çıxanda Rəsul müəllimin bir qərinədən də artıq zamanda çəkdiyi əzab-əziyyətini, gördüyü işin həcmini, çiyninə götürdüyü yükün ağırlığını bir daha dərk etdim. Bəlkə də müəllifin dediyi kimi, Sarıbaşa qaz xətti, rahat yollar çəkilərsə, ictimai-iqtisadi problemlər həll olunarsa, kəndin minillik şöhrətli tarixindən sonra yeni həyatı başlayar.

R.Tahirzadə “Sarıbaş və sarıbaşlılar” mövzusunu bitməmiş hesab edir. Bu qədər ətraflı araşdırmaları ilə Sarıbaşın minillik tarixini vərəqləyən müəllifin qəlbi rahatlıq tapmır. Sarıbaşın diqqətdən kənarda qalması, ictimai idarələrin, mədəniyyət müəssisələrinin, yaşayış evlərinin insan nəfəsindən məhrum olması qəlbini incidir. Çünki qosqocaman, ulu bir kənd yenidən qurulması, tikilməsi intizarındadır. Sarıbaş öz bərpasını gözləyir. Müəllif ürək ağrısıyla deyir: “...nə qədər ağır olsa da, demək lazımdır ki, Sarıbaş hazırda yaşayış evləri dağılmış, böyük məktəb binası, idarə binaları, mədəniyyət evi, müasir xəstəxana binası, boş qalmış, yaxın keçmişdə məskun olmuş insanların evləri xarabazara çevrilmiş, əhalisi pərən-pərən olmuş... 24 ailənin yaşadığı bir yaşayış məskəninə dönmüşdür. Bir növ arxeoloji artefakta çevrilmişdir”.

biz kitabın Sarıbaşı itirmək qorxusundan, doğma torpağına məhəbbət, köhnə yurd yerinin yenidən dirçəlməsi, sinəsindən pərən-pərən olmuş soydaşlarını bu yerlərə qaytarmaqdan ötrü qaralmış ocaqların yenidən alovlanması arzusundan yarandığını açıq-aşkar gördük. Bu böyük kitabın əlyazması bağlamasını görəndə gözləri yaşaran Rəsul müəllimin bu yolda çəkdiyi əziyyətlərindən hali olan həmvətənlərinin, ələlxüsus Sarıbaş ziyalılarından Sara xanım Xəlilova və Abdukərim Əliyevin, elə bütünlükdə bu ailənin maddi və mənəvi dəstəyi ilə ərsəyə gələn “Sarıbaş və sarıbaşlılar” kitabı müəllifin qəlbinə rahatlıq gətirməsinə səbəb oldu. Üzünü sarıbaşlılara tutan, sözünü yurd-torpaq təəssübü çəkənlərə deyən Rəsul müəllim belə bir inamla yaşayır ki, “Ulu kənddən qopmuş olan bu yarpaqlar zamanın qasırğalarında göylərdə uçacaq, dünyanın harasında olsa da, sizin məclisinizə, süfrənizə düşəcəkdir. Bu yarpaqların gətirdikləri Ulu kəndin səsləri sizi daim dağlar qoynuna – sərin bulaqlar başına, çiçəklərdən xalçası, buludlardan örpəyi olan, həmişə vüqarlı dayanan dağların qoynuna çağıracaqdır”. O zaman, Rəsul müəllim, sarıbaşlılar sizin bu zəhmətinizi unutmayacaqlar... Gözdən, könüldən uzaq olan yurd yerimizin, məhvə gedən ana torpağın bir parçasının yenidən bərpası xoş bir arzu deyilmi? Sarıbaşın qeyrətli alim oğlunun da istəyi budur. Tanrı Sizi istəyinizə qovuşdursun, Rəsul müəllim...

 

 Şəfəq Nasir.

 Respublika.-2014.-10 aprel.-S.7.