ƏRZAQ
TƏHLÜKƏSİZLİYİ
DÖVLƏTİMİZİN DAİM DİQQƏT
MƏRKƏZİNDƏDİR
Cənab
Prezidentin bu istiqamətdə həyata
keçirdiyi siyasət
həm bugünə, həm də gələcək perspektivlərə
hesablanıb
Azərbycanın bir müstəqil dövlət kimi davamlı inkişafını şərtləndirən əsas amillərdən biri ölkədə ərzaq təhlükəsizliyinə nail olunması istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlərin əldə edilməsidir. Etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından və komponentlərindən biridir. Ölkə başçısı qeyd etmişdir ki, son illər ərzində müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri-neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə vermişdir: bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir.
Hazırda dünya iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili göstərir ki, ərzaq təhlükəsizliyi getdikcə daha ciddi xarakter daşıyan bir məsələyə çevrilib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Qarşıdakı illər ərzində əhali artımı ilə müqayisədə ərzaq istehsalının ötən dövrlərə nisbətən azalması bir daha qida təhlükəsizliyinin gələcək illərdə təmin olunmasının nə dərəcədə zəruri xarakter daşıyacağını əyani təsəvvür etməyə imkan verir.
Sosial-iqtisadi aspektdə ərzaq təhlükəsizliyi tələbatı təmin etmək qabiliyyətini, siyasi-iqtisadi prizmadan yanaşıldıqda isə bu tələbatları təmin etmək üçün ölkənin daxili ehtiyatları və aqrar-sənaye potensialını səfərbərliyə almaq qabiliyyətini özündə ehtiva edir. Bununla yanaşı, ərzaq təhlükəsizliyini həm daxili, həm də xarici təhlükələrlə bağlamaq lazımdır. Bu zaman daxili amillərin təsir miqyası xarici amillərdən daha çoxdur. Belə ki, keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində bütövlükdə Azərbaycan iqtisadiyyatının, xüsusilə aqrar-sənaye kompleksinin tənəzzülünə gətirib çıxarmış səriştəsiz idarə olunmanı deyilənlərə əyani misal göstərmək olar. Lakin keçən əsrin 90-cı illərinin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyi məkanında analoqu olmayan torpaq islahatlarının ölkəmizdə həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmlərinin formalaşdırılması, beynəlxalq təşkilatlarla birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanması və bu qəbildən olan digər tədbirlər ərzaq təhlükəsizliyi sferasında daxili amillərin təsir miqyasının yalnız müsbət müstəvidə cərəyan etməsini şərtləndirdi.
1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinə başlanan ərzaq proqramı kənd təsərrüfatının davamlı inkişafı və yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin uzunmüddətli təkmilləşdirilməsinə yönəldi. Bunun ardınca qanunvericilik sahəsində atılan yeni addımlar ərzaq təhlükəsizliyinin təminatı istiqamətində növbəti tədbirlərdən oldu. 2001-ci ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi göstərilən sahə üzrə yeni nailiyyətlərin əldə olunmasına mühüm töhfə verdi. Məhz həmin proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artmağa başladı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev tərəfindən son on il ərzində Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində son dərəcə mühüm addımlar atılmışdır. Belə ki, “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasının təmin edilməsində vacib rol oynadı.
Prezident İlham Əliyevin 1 may 2008-ci il tarixdə “Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının hazırlanması haqqında” sərəncamı ərzaq təhlükəsizliyinin təminatı məsələsində yeni bir mərhələnin başlanmasına start verdi. Eyni zamanda dövlət başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” isə ərzaq təhlükəsizliyi sahəsində ən əsas və aparıcı addımlardan biri oldu. Dövlət proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün dövlət proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Bunlardan ölkədə ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək, ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq kimi hədəflər müəyyənləşdirilib. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçirilən və keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına böyük önəm verən cənab Prezident qeyd etmişdir ki, bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da böyük rəqəmlərlə ölçüləcəkdir: “Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq. Mən bəzi rəqəmləri gətirmək istəyirəm. Ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94 faizdir, quş əti 92 faizdir. Bax, bu sahədə çox böyük irəliləyiş olubdur. Ona görə ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə quş fabriklərinin yaradılmasına böyük kreditlər verilmişdir. Özümüzü yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz, bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və giləmeyvə 126 faiz, yəni, böyük ixrac potensialımız da vardır. Tərəvəz 100 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, — bu, ən böyük ixrac potensialımızdır, — bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faiz.”
Kənd təsərrüfatının belə sürətlə inkişafında 2004-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Aqrolizinq” ASC-nin də xüsusi rolu olub. Belə ki, 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılmış, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil etmişdir. Səhmdar Cəmiyyət tərəfindən bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynamışdır. Eyni zamanda, torpaqların münbitliyini artırmaq, yüksək məhsuldarlığa nail olmaq məqsədilə 121 milyon manat dəyərində 400 min ton müxtəlif növ mineral gübrələr alınmış, heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2009-cu ildən başlayaraq, 9306 baş ətlik və südlük istiqamətdə iribuynuzlu damazlıq heyvanlar və 1321 baş yüksək məhsuldarlı cins keçilər alınaraq güzəştli şərtlərlə lizinqə verilmişdir.
Ümumiyyətlə, ölkə başçısının xüsusi diqqəti və qayğısı sayəsində aparılan aqrar islahatlar nəticəsində son illər kənd təsərrüfatı sürətlə inkişaf etmiş və müvafiq olaraq adambaşına düşən ərzaq məhsullarının istehsalı xeyli artıb və artmaqdadır. Həyata keçirilən tədbirlər bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının istehsalının strukturunda da müəyyən dəyişikliklərə səbəb olub və bu, ilk növbədə, ölkənin əkin strukturuna təsir edərək onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan verib. Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi çıxış edir. İstehsal olunmuş məhsulların emalı, saxlanılması və satışının təşkili mühüm məsələlərdəndir və bu istiqamətdə, cənab Prezidentin qeyd etdiyi kimi, dövlət tərəfindən mühüm addımlar atılır. Hər zaman müdrik və uzaqgörən qərarların yerində və zamanında verilməsi ilə Azərbaycanı daim intibah və tərəqqi magistralına çıxaran ölkə başçısı cənab İlham Əliyev respublika əhalisinin artım dinamikasına uyğun bir şəkildə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha da böyük işlərin həyata keçirilməsini, gələcək perspektivlərin mütləq şəkildə nəzərə almaq zəruriliyini xüsusilə qeyd edir: “...Biz hamımız yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox müsbətdir. Bu göstəriciyə görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan əhalisi daha da artacaqdır. Əhalinin artımı birbaşa iqtisadi inkişafla bağlıdır. Əgər biz iqtisadi inkişafın dinamikasına nəzər salsaq, görərik ki, bunun əhalinin artımı ilə birbaşa bağlılığı vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır, gələcəyə hesablanmalıdır”.
Emin QASIMOV,
Respublika.-2014.-11 aprel.-S.5.