“Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin icrası uğurla davam etdirilir
Azərbaycan hökuməti ölkədə aqrar bölməni daha da inkişaf etdirmək, fermerlərə dəstək vermək, infrastrukturları müasir standartlara uyğun qurmaq üçün kəndlərimizdə müxtəlif layihələri həyata keçirir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu aqrar islahatlar onun siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Cənab İlham Əliyevin aqrar sahəyə aid sərəncamları, verdiyi tapşırıqlar, dövlət başçısının diqqət və qayğısı kənd təsərrufatının dinamik inkişafını təmin etmişdir. Cənab Prezidentin müvafiq sərəncamları əsasında ölkəmizə xaricdən müasir texnikalar alınıb gətirilir, fermerlər cins mal-qara, toxum, gübrə ilə güzəştli qiymətlərlə təmin edilir.
Kəndlərimizdə həyata keçirilən layihələrə həm hökumət özü maliyyə vəsaiti ayırır, həm də beynəlxalq təşkilatları bu işə cəlb edir. Belə uğurlu layihələrdən biri də “Azərbaycan Kənd İnvestisiya Layihəsi”dir. Zaman keçdikcə bu layihəyə əlavələr olmuş və onlar ayrı-ayrı mərhələləri əhatə etmişlər.
Layihənin ilkin icra dövrü 23.09.2004 – 31.03.2009-cu illəri əhatə etmiş və nəticələri Azərbaycan kəndi üçün uğurlu olmuşdur. Belə ki, layihənin infrastruktur komponenti çərçivəsində icmaların seçimi əsasında 340 kənddə mikrolayihələr həyata keçirilib tamamlanmışdır.
Bunlardan 124-ü tikinti-quraşdırma işlərini təşkil edir. Bura 59 kənddə artezian vurulması, 18 kənddə içməli su xəttinin çəkilməsi, 10 kənddə orta məktəb binasına əlavə sinif otaqlarının tikintisi, 1 kənddə ibtidai məktəb binasının tikintisi, 1 kənddə orta məktəb binasının tikintisi, 4 kənddə sutəmizləyici qurğunun quraşdırılması, 26 kənddə tibb məntəqəsinin tikintisi, 1 kənddə suvarma su kanalının çəkilməsi, 3 kənddə suvarma su xəttinin çəkilməsi, 1 kənddə piyada körpüsünün tikintisi daxildir. 216-sını təmir-bərpa işləri təşkil edir. Bunlardan 5 kənddə orta məktəb binasının bərpası, 2 kənddə orta məktəbin dam örtüyünün dəyişdirilməsi, 14 kənddə drenaj kollektorun təmizlənməsi, 1 kənddə kəhrizlərin, 1 kənddə içməli su xəttinin, 7 kənddə suvarma sisteminin, 2 kənddə suvarma üçün elektrik sisteminin, 140 kənddə yolun, 2 kənddə tibb məntəqəsinin, 41 kənddə elektrik sisteminin və 1 kənddə piyada körpüsünün bərpalarıdır. Mikrolayihələrin icrasından 910 min nəfər kənd sakini bəhrələnmişdir.
Layihənin nəticələrini Azərbaycan hökuməti və Dünya Bankı yüksək qiymətləndirmiş, onu kəndlərimizin kompleks inkişafı üçün səmərəli saymış və davam etdirilməsini məsləhət bilmişlər. Layihə ilə əlaqədar Azərbaycanın kəndlərindən, fermerlərimizdən, bələdiyyə təşkilatlarından hökumətimizə saysız-hesabsız müraciətlər edilmiş, bu layihənin davam etdirilməsi və əlavə maliyyə vəsaiti ayrılması xahiş olunmuşdur. Nəticədə “Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün Əlavə Maliyyələşdirmə” həyata keçirilmiş, onun ikinci icra dövrü 31.03.2012-ci ilədək uzadılmışdır.
Layihənin nəticələri çox uğurludur. İnfrastruktur komponenti çərçivəsində icmaların seçimi əsasında 302 mikrolayihə həyata keçirilib tamamlanmışdır. Bunlardan 192-si yol bərpası, 20-si elektrik sisteminin bərpası və genişləndirilməsi, 35-i içməli su təminatı, 19-u suvarma su təminatı, 5-i tibb məntəqəsinin tikintisi, 6-sı məktəbin təmiri, 1-i məktəbin tikintisi, 3-ü məktəbin istilik sisteminin quraşdırılması, 16-sı drenaj sisteminin bərpası və 5-i icma abadlaşdırılması mikrolayihələri olmuşdur.
Bacarıqların artırılması komponenti çərçivəsində 168 icmada səfərbərlik seminarları keçirilmişdir. Bu seminarlarda icma sakinləri kəndin prioritet ehtiyaclarını müəyyənləşdirmiş və bu ehtiyaclar içərisindən həyata keçirəcəkləri infrastruktur layihəsini seçmişlər. Həmçinin icma layihəsinin hazırlanması və həyata keçirilməsi üzrə bacarıqları artırmaq məqsədilə icmalara təşkilati idarəetmə, icma layihə təklifinin yazılması, prokurement (satınalmalar) və icma müqavilələri, ətraf mühit mövzuları üzrə təlimlər verilmişdir. Ümumilikdə AzKİL və AzKİL Əlavə Maliyyələşdirmə çərçivəsində əldə olunan nəticələrin monitorinq və qiymətləndirilməsi, habelə təsirinin qiymətləndirilməsi ixtisaslaşmış beynəlxalq və yerli şirkətlər tərəfindən aparılmışdır. Eyni zamanda layihənin maliyyə fəaliyyətləri Dünya Bankının ekspertləri tərəfindən mütəmadi aparılan nəzarət missiyaları və nüfuzlu müstəqil beynəlxalq auditor şirkəti tərəfindən təmin edilmiş və nəticələr yüksək qiymətləndirilmişdir.
Araşdırmaların nəticələri Azərbaycan kəndi üçün olduqca uğurlu olmuşdur. Belə ki, 642 icma layihəsinin uğurla başa çatmasına nail olunaraq layihə çərçivəsində kənd icmalarının həyata keçirdiyi kənd yollarının bərpası, drenaj kanallarının təmizlənməsi, suvarma suyu təminatı və s. kimi layihələr kənd təsərrüfatında istehsalın artması, məhsulun bazara çıxışı, yeni iş yerlərinin yaradılması və gələcək iş yerləri üçün də zəmin yaratmaqla əhalinin rifahının artmasına səbəb olmuşdur.
Həyata keçirilən kənd yollarının bərpası layihələri nəticəsində bazara, əsas yol şəbəkəsinə çıxış artmışdır. Bazara getmək üçün sərf edilən vaxt, içməli su təminatı layihələri nəticəsində içməli suya olan tələbatı ödəmək məqsədilə sərf olunan vaxt azalmışdır. Məktəblərə əlavə sinif otaqlarının tikintisi və bərpası layihələrində dərsə davamiyyət, yeni iş yerləri artmışdır.
Bir qədər öncə qeyd etdiyimiz kimi, “Azərbaycan Kənd İnvestisiya Layihəsi”nə zaman keçdikcə müəyyən əlavələr edilmiş, əlavə maliyyələşdirilmə həyata keçirilmiş və onun icra müddəti artırılmışdır. “İkinci Kənd İnvestisiyaları Layihəsi” də belə meydana gəlmişdir. Layihənin üçüncü icra dövrü 30 sentyabr 2017-ci ilədəkdir.
Layihənin ümumi nəticələri haqqında danışmaq hələ tez olsa da, artıq müəyyən işlər görülmüşdür. AzKİL-2 əhatə etdiyi Şimal-Qərb, Şimal, Muğan-Salyan, Düzən-Şirvan və Naxçıvan zonaları üzrə 362 icma layihəsi çərçivəsində işlər icra edilmişdir. Hazırda 52 icma layihəsi üzrə ilkin hazırlıq işləri və 43 layihə üzrə texniki icra aparılır, 267 layihənin icrası isə tam başa çatdırılmış (o cümlədən 27 içməli su təchizatı, 26 icmanın abadlaşdırılması, 12 drenaj kanalının bərpası, 3 elektrik sisteminin bərpası, 12 suvarma sisteminin bərpası, 4 uşaq bağçasının təmiri, 10 tibb məntəqəsinin təmiri, 172 yol bərpası və 1 məktəb təmiri) və icmalara təhvil verilmişdir. Başa çatdırılmış 267 layihədən təxminən 1 milyon nəfər kənd əhalisi birbaşa və dolayı olaraq faydalanır.
Bacarıqların artırılması cərçivəsində 368 icmada səfərbərlik və təlim işləri aparılmış, yəni icmalar investisiya qəbul etməklə iş görmək uçun hazırlanmışdır. 51 icmalararası mübadilə görüşləri, 1 Zonalararası Qarşılıqlı Görüş Sessiyası, bacarıqların artırılması üzrə 10 konfrans keçirilmişdir. 4 informasiya seminarı, zonalarda ətraf mühitin qorunması, mikrolayihələrin dayanıqlılıq və istismarı üzrə seminarlar təşkil edilmişdir. “İcma Şəbəkəsi” adlı rüblük bülletenin 4 nömrəsi nəşr olunmuşdur.
Layihənin icrası dövründə monitorinq və qiymətləndirmə tədbirlərinin təşkil olunması, habelə əldə olunacaq təsirlərin müəyyən edilməsi məqsədilə beynəxlaq və yerli ixtisaslaşmış şirkətlər cəlb olunub.
2005-ci ildən rəsmən fəaliyyətə başlayan, Azərbaycan hökuməti ilə Dünya Bankı və daha sonra Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında olan sazişlərə əsasən həyata keçirilən “Azərbaycan Kənd İnvestisiyaları Layihəsi” (AzKİL) rayonların potensialından faydalı istifadə etməklə sahibkarlığın gücləndirilməsi və iqtisadiyyatın dinamik inkişafı, yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə iqtisadi inkişafa nail olmaq kimi məqsədləri daşıyan, “Azərbaycan Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı”na, eləcə də dövlət tərəfindən müəyyən olunmuş iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə yaxından dəstək verir və respublikanın bütün kənd rayonlarını (işğal altında olan rayonlardan başqa) əhatə edir. Əgər AzKİL adıçəkilən birinci proqrama konkret olaraq daha çox sosial inkişaf sahəsində dəstək verirdisə, ikinci proqrama isə kənddə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafına daha yaxından dəstək verir. Belı ki, fəaliyyəti və dövlət proqramlarına yüksək səviyyədə göstərdiyi dəstək Azərbaycan hökuməti tərəfindən dəfələrlə yüksək qiymətləndirilən AzKİL hazırda gəlir gətirən layihələri ilə kənd əhalisi arasında işsizliyin və şəhərə axının, qismən də olsa, azaldılmasına səbəb olur.
Kənd Təsərrüfatı Nazirliyinin bilavasitə rəhbərliyi və nəzarəti altında icra olunan “Azərbaycan Kənd İnvestisiya Layihəsi “ Azərbaycanın kənd təsərrüfatının inkişafında, bütövlükdə isə kəndlərimizin sosial-mədəni həyatında olduqca mühüm bir dövlət dəstəyidir və o, uğurla davam etdirilir. Bütün bunlar isə ölkəmizdə cənab Prezidentin uğurlu xarici və daxili siyasətinin, uzun müddət davam edən siyasi sabitliyin və ardıcıl aparılan səmərəli iqtisadi siyasətin bəhrəsidir.
Sübhan ƏsgƏrov,
“Azərbaycan Kənd
İnvestisiya Layihəsi”nin drektoru.
Respublika.-2014.-11
aprel.-S.6.