Həyatının mənasını
təhsildə, elmdə görən insan
1998-ci ilin yayı idi. Avqustun 11-də ABŞ-ın Vaşinqton şəhərində yerləşən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində keçiriləcək tədbirin başlanmasına sayılı günlər qalırdı. Bu mötəbər yığıncaqda çıxış etmək təklifini o, gözlənilmədən almışdı və gecəsini-gündüzünə qataraq işləyirdi. Təbii ki, həyəcanlı, narahat idi. O zaman respublikamız prezident seçkiləri ərəfəsində olduğundan mövzu da bu siyasi hadisəyə uyğun olaraq müəyyənləşdirilmişdi: “Azərbaycanda Prezident seçkiləri ərəfəsində sosial-siyasi vəziyyət”. Nəzərə alsaq ki, burada dünyanın bir çox yerlərindən gəlmiş 60-dan çox nümayəndənin hər biri üçün Azərbaycan daha çox maraq dairəsində idi, onda uzunillik elmi fəaliyyətinə baxmayaraq, bu qocaman həmyerlimizin nigaranlığı da təbii görünürdü. Bir sözlə, onu nə gözlədiyini yaxşı bilirdi...
İyirmi dəqiqə ərzində o, çox şeydən danışdı: bölünmüş Azərbaycandan, Şərqdə ilk demokratik dövlətin Azərbaycanda yaranmasından, Azərbaycanın dövlətçilik tarixindən, ilk prezident dövlət idarəçiliyinə keçiddən... Hüquqi, demokratik dövlət quruculuğu yolunda ölkəmizin inamlı addımlarından söz açdı, növbəti seçkilərin demokratik şəkildə keçiriləcəyinə, Azərbaycan cəmiyyətinin buna hazır olduğuna əminliyini bildirdi.
O danışır, siyasi təfəkkürə, məntiqə əsaslanan çıxışı zaldakı hərarəti daha da artırırdı. Kimisi deyilənlərə inanır, kimisi təəccüb və maraqla qarşılayır, kimisi də...
Nəhayət, çıxış bitdi, reqlamentə görə indi məruzəçi suallara cavab verməli idi. İlk sual Dağlıq Qarabağla bağlı oldu. Sən demə erməni nümayəndəsi səhərdən içini yeyə-yeyə bu məqamı gözləyirmiş: “Professor, sovet dövrünə qədər Dağlıq Qarabağ hansı inzibati əraziyə daxil idi?” Cavab qısa və lakonik oldu, təbii ki, erməni eşitmək istəmədiyi bir cavab aldı: “Cənubi Qafqaz Rusiya İmperiyasının tərkibində olduğundan o zamankı inzibati-siyasi qaydalara uyğun olaraq burada yaradılmış 5 quberniyadan birinə — Yelizavetpol quberniyasına baxırdı Dağlıq Qarabağ...”
İkinci sual da maraqlı idi: “Bölünmüş Azərbaycandan danışdınız, Şimali və Cənubi Azərbaycanın adını çəkdiniz. Başqa Azərbaycan da varmı?” Cavab: “Tarixi mənbələrdə göstərildiyi kimi, 200 min kv. km-dən, hətta 400 min kv. km-dən artıq bir ərazisi olan Azərbaycan zaman-zaman bölünə-bölünə bu hala düşüb. Qərbi Azərbaycan da ermənilərə hədiyyə edilib.”
Məmmədəli müəllimin üstündən xeyli illər keçəndən sonra bu hadisəni xatırlamasının başqa bir səbəbi də vardı. Çünki 1999-cu ildə, düz 15 il əvvəl ulu öndərimiz Heydər Əliyevin az qala dünyanı silkələyən, onu ədalətli olmağa səsləyən möhtəşəm bir çıxışı məhz burada, ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində olmuşdu...
O danışır və danışdıqca həmsöhbət olduğum bu müdrik, vətənpərvər, sözü, əqidəsi, əməli düz bu ziyalıya qarşı marağım artırdı. Düşünürdüm... Onu uzaq bir dağ kəndindən okeanın o tayınadək aparıb çıxaran həyat yolu necə keçib. Bu qədər inam, bu qədər cəsarət onda hardandır. Bu yolda qolundan tutanları, qolundan tutub çəkmək istəyənləri, lakin elm, bilik, düzlük savaşında məğlub olanları unudub-unutmadığını bilmək istəyirdim...
Tanrı bir tərəfdən bağlayanda, bir tərəfdən açır. Ata-ana nəvazişinin nə olduğunu belə bilməyən, körpə ikən onları itirən, yetimliyin sərt üzünü, kimsəsizliyin ağrılarını yaşının bu çağında da unutmayan bir insanın “taleyimdən gileyli deyiləm, məni qoruyan qüvvələr həyatım boyu lazım olan məqamda köməyimə həmişə çatır” - deməsi də həmin deyimin həyatda öz təsdiqini tapmasına dəlalət edirdi. Kimsəsiz, arxasız bir kəsin Tanrı tərəfindən bu qədər mükafatlandırılması, onun bəzi atalı-analı, arxalıların həyatda yalnız arzu etdikləri mərtəbəyə yüksəlməsi Yaradanın sevgisi, bəndəsinə rəva bildiyi ən böyük nemət, nəhayət müdriklik yaşına gəlib çatmaq və bu yaşda ağıl, şüur, düşüncə və məntiq baxımından özündən cavanlardan geridə qalmamaq özü də bir xoşbəxtlikdir...
Düz 87 il əvvəl başlayan bir ömür yaşanır. Zəngin, şərəfli, mənalı... Acısı şirinindən, şirini acısından çox. Bilirəm, çətindir, acını-ağrını, doğmaların itkisini xatırlamaq, özü də çox çətindir...
Paşayev Məmmədəli İsmayıl oğlu 1927-ci il aprel ayının 10-da Azərbaycanın Zaqatala mahalının Muğanlı kəndində doğulub, Alıpaşalar kimi tanınan nəslin övladıdır.
Təkcə nüfuz sahibi deyildilər, imkanları da böyük idi bu nəslin. Məmmədəli müəllim anası Nuru, demək olar ki, heç xatırlamır, atası İsmayıl isə müəyyən epizodlarda yadında qalıb: “Atam çox işləyirdi, çünki üzünü az görürdük. Hərdən ova gedər, məni və qardaşımı da özü ilə götürərdi. Özü də qış vaxtı. Hərəmizə bir çubuq verərdi. Biz o çubuqla qarla örtülmüş kol-kosu silkələyərdik. Atam isə kolluqdan çıxıb uçan quşları tüfənglə vurardı. Evə ovla dönəndə hamımız sevinərdik. Təəssüf ki, bu, uzun sürmədi. Anamın ölümündən bir il sonra atam yatağa düşdü. Xatirimdə qalanlara görə o, mədəsindən şikayətlənirdi. Tez-tez bizi yanına çağırıb tövsiyələr verirdi. Bir gün çətin-qəliz sözlərdən ibarət ifadələri əzbərləməyi tapşırdı bizə. Sonra bildik ki, bu, müqəddəs Qurani-Kərimdən hamının bilməyi vacib sayılan ayələrdir. Sonuncu ayəni heç tamamlaya bilmədik. O, bizi həmişəlik tərk etdi...”
Özgələrin himayəsində böyüdü, 1936-1943-cü illərdə Muğanlı kənd yeddiillik məktəbində natamam orta, 1943-1946-cı illərdə Zaqatala rayon Pedaqoji məktəbində orta ixtisas, 1946-1950-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (o zamankı APİ-də) tarix fakültəsini bitirdi. 1950-1952-ci illər onun ali təhsilli tarixçi kimi Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda aspiranturada təhsil aldığı illərdir.
Həmin illərdə o, taleyin daha bir sərt sınağına çəkilir, nəsillə bağlı sosial-siyasi vəziyyətinin sovet sisteminə uyğun gəlmədiyini əsas tutaraq güclə dolanan, çətinliklə təhsilini davam etdirən bu arxasız, dayaqsız gənc əla oxumağına baxmayaraq, təhsilini başa çatdırmağa bir il yeddi ay qalmış aspiranturadan kənarlaşdırılır: “Beləliklə, 1936-cı ildən başlanan, yalnız əla qiymətlərlə dəyərləndirilən təhsil marafonum ilk dəfə olaraq başa çatmadan dayadırılır. Bu ədalətsizlik idi. Mən məqsədimə 20 il gec çatdım...”
Məmmədəli Paşayev 1952-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, 1966-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinə (o vaxtkı D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna) pedaqoji işə keçmişdir. Hazırda da burada çalışır. Azərbaycan tarixi üzrə fəlsəfə doktoru, 75 məqalənin, 2 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib. Ölkənin ictimai-siyasi problemlərində bir azərbaycanlı, vətəndaş, mütəxəssis və siyasi partiya təmsilçisi qismində fəal iştirak edir.
Professor Məmmədəli Paşayev pedaqoji işlə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olmuş, Azərbaycanın yeni və ən yeni dövrünün sosial-iqtisadi problemlərinin tədqiqinə dair sanballı elmi məqalələr yazmışdır. O, uzun illər “Azərbaycanda dəmiryolçuların sosial-iqtisadi vəziyyəti və mübarizəsi (XIX əsrin sonu və XX əsrin əvvəlləri)” mövzusunu tədqiq etmişdir və bu işi yeni müstəvidə, Azərbaycanın milli maraqlarını ön plana çəkməklə davam etdirir. Onu da qeyd edək ki, mövzu Azərbaycanda ilk dəfə tədqiq olunduğundan, alimin çiyinlərinə böyük yük düşürdü. Özünün təbirincə desək, lap “iynə ilə gor qazmalı olmuşdu”.
O, elmi və siyasi biliklərin yayılmasında, vətənpərvərlik ruhunun aşılanmasında, təbliğ və təşviqində də fasiləsiz olaraq fəaliyyət götərir. Dünyanın bir çox təhsil müəssisələrində, diaspor cəmiyyətləri tərəfindən keçirilən konfranslarda etdiyi elmi-nəzəri məruzələri, ictimai-siyasi mövzularda söhbətləri həmişə maraqla qarşılanıb. Bunu həmin xarici ölkələrdəki Azərbaycanla bağlı qurumların göndərdiyi məktublarda da görmək olur.
BMT-nin nəzdindəki Azərbaycan Respublikasının daimi Nümayəndəliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış 1998-ci il 27 avqust tarixli, Amerika-Azərbaycan Cəmiyyəti və Azərbaycan Türkiyə Diaspor Təşkilatının prezidenti Tomris Azərinin 1998-ci il avqustun 25-də göndərdiyi məktublarda Məmmədəli Paşayevin bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilir.
Həyatının mənasını, fəaliyyətinin əsas yönümünü təhsil və elmdə görən Məmmədəli müəllim səfərdədir... Sözün elə hər iki mənasında, bu yaşda uzaq-uzaq səfərlərə getməyə, elmimizi, xalqımızı, dövlətimizi təmsil etməyə gücü hələ tükənməyib. Uzun bir yolun yolçuluğunda, səfərdədir Məmmədəli müəllim. Onu başa vurmağa tələsməyin hələ!..
Zümrüd QURBANQIZI,
Respublika.-2014.-11 aprel.-S.7.