Elektron
statistikanın və vahid informasiya sisteminin inkişafı
istiqamətləri
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin
inkişafı üçün münbit şəraitin
yaradılması, informasiya və kommunikasiya
texnologiyalarının (İKT) inkişafına ölkə rəhbərinin
verdiyi güclü dəstək nəticəsində
bütün dövlət, biznes və vətəndaş cəmiyyəti
strukturlarında ciddi uğurların əldə olunması
göz qabağındadır. Son illər İKT-nin
inkişafı ilə bağlı ardıcıl və sistemli
olaraq müvafiq fərman və sərəncamlar verilmiş,
çoxsaylı dövlət proqramları və strategiyalar təsdiq
olunmuş, institusional islahatlar həyata keçirilmişdir.
2014-cü il aprel ayının 2-də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı sərəncamla yeni strategiya—“Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün milli strategiya” təsdiq
olunmuş, yeni hədəflər qarşıya qoyulmuşdur. Bunlardan əlavə, ayrı-ayrı sahələrin
inkişafında İKT-nin tətbiqi daim önə çəkilmiş,
müvafiq tapşırıqlar verilmişdir. Təsadüfi
deyil ki, ölkə Prezidentinin “2013-2017-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi
haqqında 2012-ci il 21 dekabr tarixli sərəncamının da əsas
məqsədlərindən biri məhz dövlət statistika
orqanlarının vahid informasiya sisteminin, o cümlədən
“e-statistika”nın inkişafını təmin etmək
olmuşdur.
Bütün sahələrdə olduğu kimi, müasir
statistikanın da inkişafı informasiya və kommunikasiya
texnologiyalarının tətbiqi və onun imkanlarından
geniş şəkildə istifadə olunması ilə
bağlıdır. İKT-nin tətbiqi ilə statistik vahidlər
üçün hesabatların məsafədən, statistika
idarələrinə gəlmədən təqdim olunması
imkanı yaradılır, istifadəçilər isə
internet vasitəsilə, real-vaxt rejimində məlumatları əldə
edirlər. Yeni texnologiyalardan istifadə
hesabına statistikanın səmərəliliyi və məlumatların
keyfiyyəti yüksəldilir.
Elektron
statistikanın formalaşdırılması və
inkişafı üçün Dövlət Statistika Komitəsi
(bundan sonra—Komitə) əsas etibarilə
aşağıdakı istiqamətlərdə vəzifələri
hədəf kimi götürmüş və onların
reallaşmasına nail olmuşdur:
- statistik vahidlərdən məlumatların
toplanmasında İKT-nin tətbiqi;
- respondentlərə düşən statistik
yükün azaldılması məqsədilə inzibati məlumatlardan
daha geniş istifadə, o cümlədən digər dövlət
orqanları ilə elektron məlumat mübadiləsinin
inkişaf etdirilməsi;
- istifadəçilərin statistik məlumatlara
bərabər girişinin təmin olunması və məlumatların
onlara elektron ötürülməsinə nail olunması;
- statistika məlumatlarının işlənməsində,
məlumatların arxivləşdirilməsində, onların
keyfiyyətinin yüksəldilməsində, bir sözlə,
statistikada səmərəliliyin yüksəldilməsində
mütərəqqi informasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi, elektron sənəd dövriyyəsi
sisteminin yaradılması.
Komitə statistik vahidlərdən hesabat məlumatlarının
elektron şəkildə qəbuluna 2010-cu ildən
başlamışdır. Bu prosesə
başlayarkən statistika orqanlarının İKT
resursları ilə yanaşı, hesabatı təqdim edəcək
vahidlərin də resursları qiymətləndirilmişdir.
Belə ki, hesabatları elektron təqdim etmələri
üçün müəssisələrin də imkanları
nəzərə alınmış, zəruri qiymətləndirmələr
və prosedurlar həyata keçirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları
və digər hüquqi əsaslar nəzərə
alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 11 fevral tarixli 35 nömrəli qərarı ilə “Dövlət
(region) müşahidələrinin aparılması
üçün lazım olan məlumatların elektron sənəd
formasında dövlət statistika orqanlarına təqdim edilməsi
qaydası” təsdiq edilmişdir. Bununla da nəinki milli
statistika sistemində, MDB məkanında tamamilə yeni xidmət
yaradılmış və statistik vahidlər, ailə-kəndli
və ev təsərrüfatları yerli
statistika orqanlarına gəlmədən hesabatları elektron sənəd
formasında təqdim etməyə başlamışlar. Nəticədə,
elektron xidmətin tətbiqinin ikinci ilində - 2011-ci ildə fəaliyyətli
müəssisələrin 11,9 faizi, 2012-ci ildə 63,1 faizi,
2013-cü ildə isə hər 10 müəssisədən 9-u
aylıq hesabatları elektron formada təqdim etmişlər. Artıq bu gün 25.0 mindən çox müəssisə
və təşkilat müxtəlif adda statistika
hesabatlarını elektron şəkildə təqdim edirlər
və onlardan heç bir kağız hesabat tələb
olunmur.
Statistik hesabatların elektron təqdimatının ilk
dövrlərində “offlayn” texnologiya tətbiq olunmuşdur. Statistik vahidlər
hesabatların təqdim olunması üçün müvafiq
proqram təminatını öz kompyuterlərinə yükləməklə
məlumatları daxil etmiş və elektron poçt vasitəsilə
yerli statistika orqanlarına göndərmişlər. Lakin bu texnologiyanın mənfi cəhəti ondan ibarət
idi ki, istifadəçi hər bir hesabat forması
üçün nəzərdə tutulmuş proqramları
kompyuterinə yükləmək məcburiyyətində
qalırdı. Kompyuteri olmayan statistik vahidlər
isə digər yerdən (internet klubdan və s.) məlumatların
təqdim olunmasında çətinlik çəkirdilər.
Qeyd olunmuş məsələnin həlli məqsədilə
yeni veb texnologiyalar öyrənilərək, bütün
statistik hesabatların onlayn rejimində qəbulu
üçün müvafiq tədbirlər həyata
keçirilmiş, proqram təminatları
hazırlanmış və tətbiq olunmuşdur. Nəticədə, bütün müəssisə və
təşkilatlar kompyuterə heç bir əlavə proqram
yükləmədən, istənilən yerdən və vasitədən
istifadə etməklə öz məlumatlarını
birbaşa Komitənin serverinə, məlumat bazasına daxil
etmək imkanı əldə etmişlər. Eyni zamanda
bu xidmət növü “Mərkəzi icra hakimiyyəti
orqanları tərəfindən konkret sahələr üzrə
elektron xidmətlər göstərilməsi
Qaydaları”nın və “Elektron xidmət növlərinin
Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191
nömrəli qərarına uyğun olaraq elektron xidmətlərin
siyahısına daxil edilmiş, müvafiq inzibati reqlamentlər
hazırlanaraq qeydiyyatdan keçirilmişdir. Xidmət
növünün tətbiqinin daha da genişləndirilməsi
üçün Komitənin internet səhifəsində
elektron xidmətlər və hesabatların elektron təqdimatı
bölməsi yaradılmış, bu bölmədə
statistikanın bütün sahələri üzrə hesabat
formaları və onların tərtibinə, həmçinin
proqramın istismarına dair təlimat da yerləşdirilmişdir.
Statistik
vahidlərə göstərilən elektron xidmətlərin
keyfiyyətinin ölçülməsi məqsədilə Komitə tərəfindən
2014-cü ilin mart ayında respondentlər arasında sorğu
keçirilmişdir. Könüllülük prinsipi əsasında
keçirilmiş sorğuda ölkədə fəaliyyət
göstərən hüquqi şəxslərin 20,0 faizi iştirak etmişdir. Respondentlər
onlara təqdim olunan xidmətlərin keyfiyyəti, istifadə
etdikləri texnologiyalar, rastlaşdıqları problemlər və
s. haqqında sualları cavablandırmış, təkliflərini
təqdim etmişlər. Verilmiş cavabların
təhlili əsasında müvafiq tədbirlər həyata
keçirilməkdədir.
Respondentlərə düşən statistik yükün
azaldılmasında informasiya texnologiyalarının rolu getdikcə
artmaqdadır.
Bu həm mövcud resurslar əsasında
uçot vahidlərinə əlavə imkanların
yaradılması, məlumatların təqdim olunması
prosesində arxiv məlumatlarından istifadə, hesabat
göstəriciləri arasında əlaqələrdən
istifadə səviyyəsinin yüksəldilməsi
hesabına, həm də digər icra hakimiyyəti orqanlarında
mövcud olan inzibati məlumatlardan daha geniş istifadə nəticəsində
mümkündür. Bununla bağlı,
Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyi, Mərkəzi
Bank və Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlıq
sazişləri bağlanmışdır. Dövlət
Statistika Komitəsi ilə Dövlət Gömrük Komitəsi
arasında etibarlı və sürətli məlumat mübadiləsinə
nail olmaq üçün müvafiq proqram təminatı
hazırlanaraq istismara verilmişdir. Vergilər
Nazirliyi ilə fiberoptik xətt çəkilərək istifadəyə
verilmiş və məlumat mübadiləsi bu xətt vasitəsilə
həyata keçirilir. Bundan başqa,
dövlət idarəetmə orqanları ilə
qarşılıqlı məlumat mübadiləsinin səmərəliliyinin
artırılması məqsədi ilə Ədliyyə, Səhiyyə,
Daxili İşlər nazirliklərinin məlumat şəbəkələri
ilə qarşılıqlı əlaqələr
yaradılmışdır.
Qeyd
olunanlarla yanaşı, “2013-2017-ci illərdə rəsmi
statistikanın inkişafı Dövlət Proqramı”nda qeyd
olunduğu kimi, əlamətlərindən asılı olaraq
statistik vahidlərin göstəricilər sisteminin
formalaşdırılması texnologiyasının
hazırlanması, “Ağıllı hesabat” layihəsinin
hazırlanması və tətbiqi, elektron məlumat
bazasının yaradılması işi əsas prioritet kimi
daim nəzarətdə saxlanılır. Bu tədbirin
icrası ilə müxtəlif hesabat formalarında olan
göstəricilərin istifadəçi interfeysində cəmləşdirilməsi,
təkrar olunan və respondentlər tərəfindən təqdim
olunmayan göstəricilərin interfeysdən
çıxarılması və bununla da informasiya
yükünü daha da azaltmaq mümkün olacaqdır.
Elektron statistikanın tətbiqində mühüm amillərdən
biri məlumat istifadəçiləri ilə əlaqələrin
yeni texnologiyalar üzərində qurulmasıdır. “Elektron hökumət”
portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və
elektron xidmətlərin genişləndirilməsi ilə
bağlı tədbirlər barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli fərmanına
uyğun olaraq bütün xidmətlər, o cümlədən
istifadəçilərə məlumatların verilməsini əhatə
edən bütün elektron xidmətlər “Elektron hökumət”
portalına tam inteqrasiya olunmuşdur. “Statistik məlumatların
buraxılış təqvimi və mətbu məlumatların
yayım təqvimi” elektron xidməti əsasında ölkənin
sosial-iqtisadi, ekoloji, demoqrafik vəziyyəti, elmi-texniki
inkişafı, ölkə, region və sahə səviyyəsində
qarşılıqlı təsərrüfat əlaqələrini,
struktur dəyişikliklərini və istehsalın səmərəliliyini
səciyyələndirən statistik və mətbu məlumatların
tarixi haqqında bütün istifadəçilərin əvvəlcədən
məlumatlandırılması, göstəricilər üzrə
məlumatlar və metodoloji izahata, məlumatlar üzrə
dinamika sıralarına, habelə təqvim üzrə əvvəlki
arxiv məlumatlarına hüquqi və fiziki şəxslərin
giriş imkanı yaradılmışdır. Komitənin
veb səhifəsi və “Elektron hökumət” portalı vasitəsilə
2013-cü ildə bu xidmətdən 11.0 min istifadəçi
yararlanmışdır.
“Statistik məlumatların (göstəricilərin) verilməsi”
xidmətində Komitə tərəfindən rəsmi
statistika metodologiyası əsasında yekun statistik məlumatların
istifadəçilər tərəfindən əldə edilməsi
əhatə olunur. Xidmətdən istifadə etməklə
hüquqi və fiziki şəxslər əldə edilməsində
tətbiq olunan forma və vasitələrdən asılı
olmayaraq, məxfi sayılmayan rəsmi statistika məlumatlarını
əldə edə bilər. Təqdim
olunmuş elektron xidmət bölməsində istifadəçi
onu maraqlandıran hazır statistika məlumatları və ya
veb səhifədə tapa bilmədikləri məlumatları
bu sorğular vasitəsilə əldə etmək imkanına
malik olurlar. Sorğu edən hüquqi və
ya fiziki şəxs təqdim olunan blank formasını
dolduraraq onlayn rejimində səhifə vasitəsilə Komitəyə
göndərir və reqlamentə uyğun olaraq sorğu
cavablandırılır. Qeyd olunanlarla
yanaşı, statistik məlumatlarla bağlı çap
olunmuş statistik məcmuələrin, bülletenlərin və
çap olunan digər nəşrlərin istifadəçilərə
verilməsini təmin etmək üçün statistik nəşrlərin
(kitabların) onlayn satışı üzrə elektron xidmət
də fəaliyyət göstərməkdədir. Eyni zamanda həmin məqsədlər
üçün istifadəçilərin məlumatları əldə
etməsini yaxşılaşdırmaq məqsədilə
çap məhsulları təkmilləşdirilmiş, elektron
formasında məlumatların hazırlanması genişləndirilmiş,
əlavə məlumatlar bazası yaradılmışdır.
İstifadəçilərlə əlaqə üçün ən yaxşı məkan Komitənin internet səhifəsidir. İnternet səhifənin təkmilləşdirilməsi, informasiya bazasının genişləndirilməsi son illər diqqətdə saxlanılan əsas məsələlərdən biri olmuşdur. Bu məqsədlə qabaqcıl dünya ölkələrinin, ölkənin digər mərkəzi icra hakimiyyəti orqanlarının veb səhifələri araşdırılmış, veb səhifənin yeni versiyası hazırlanmışdır. Yeni veb səhifənin dizaynı yenidən işlənməklə yanaşı, əsas menyusuna qanunvericilik, statistik nəşrlər, metaməlumatlar, elektron kitabxana, statistik lüğət kimi irihəcmli bölmələr əlavə edilmiş, şuralar, beynəlxalq əməkdaşlıq, keyfiyyətin idarə olunması, fəaliyyətlə bağlı illik hesabatlar və s. yeni altbölmələr yaradılmış, müvafiq məlumatlar yerləşdirilmişdir. “Qanunvericilik” bölməsi üzrə müvafiq qanunlar, çıxarışlar, əsasnamələr və s. materiallar veb səhifədə öz əksini tapmış, “Elektron xidmətlər”, “Statistik nəşrlər” bölməsi yaradılmış, nəşrlə bağlı qəbul olunmuş sənədlər, o cümlədən yayım siyasəti, kataloq və s. verilmiş, bütün nəşrlərin yüklənməsi üçün “pdf” versiyasında elektron versiyalar yerləşdirilmişdir. Sahələrin strukturuna yenidən baxılmış, kağız versiyasında çap olunmuş nəşrlərdən fərqli olaraq, daha uzun dövrlər üzrə ardıcıl dinamika sıraları tərtib olunmuşdur. Bununla da veb səhifə əsas etibarilə istifadəçilərin tələbatına yönəldilmiş, metaməlumatlar, statistik lüğət, məlumat bazası, təsnifatlar və s. əsas bölmələr aktiv rejimə keçirilmiş, coğrafi informasiya sistemi çərçivəsində elektron xəritə verilmiş, regionlar üzrə məlumatlar “excell” formatda xəritə ilə əlaqələndirilmişdir.
Veb səhifə vasitəsilə statistikanın bütün sahələri üzrə məlumat bazası və axtarış sistemi də istifadəçilərin ixtiyarına verilmişdir. Məlumatların yayımlanması istifadəçilərin istifadə edə biləcəkləri veb, php, pdf, excel, dbf, word və digər formatlarda təqdim olunur. İstifadəçilər üçün məlumatların daha yaxşı təsviri məqsədilə müxtəlif növ qrafiklərin onlayn rejimdə tərtib olunması mümkündür.
Statistik vahidlərlə və məlumat istifadəçiləri ilə işlərin yüksək texnologiyalar əsasında təşkil olunması üçün, ilk növbədə rəsmi statistika sistemində mövcud olan İKT resursları və texnologiyaları inkişaf etdirilməlidir. Yalnız informasiya sisteminin inkişafı nəticəsində bu sahədə uğurların əldə olunması mümkündür. Bu məqsədlə həyata keçirilən fəaliyyətlərin əsasını rəsmi statistikanın inkişafı üzrə dövlət proqramları ilə bağlı ölkə başçısının verdiyi sərəncamlar həlledici rol oynamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı” və digər proqramlar üzrə kompleks tədbirlər icra olunmuş, həmçinin rəsmi statistika sistemində informasiya və kommunikasiya texnologiyalarından istifadənin təkmilləşdirilməsi ilə bağlı Komitə tərəfindən təsdiq edilmiş fəaliyyət planı yerinə yetirilmişdir.
İcra olunan işlərin və məlumat mübadiləsinin səmərəliliyinin artırılması və informasiyanın ötürülməsi ilə bağlı icra intizamına nəzarətin də həyata keçirilməsinə imkan verən “Sənəd dövriyyəsi sistemi” Komitədə tam tətbiq olunmuş və struktur bölmələrin bu sistemə qoşulması başa çatdırılmışdır. Komitənin internet səhifəsində “E-sənəd dövriyyəsi” bölməsi yaradılmış və istifadəçilərin sistemə ödənişsiz qoşula bilməsi imkanları vardır. Bütün növ məlumat mübadiləsinin çevikliyini, etibarlılığını və səmərəliliyini təmin etdiyini nəzərə alaraq Komitə ilə məlumat mübadiləsində iştirak edən digər dövlət orqanları arasında sistem vasitəsilə əlaqələrin qurulmasına başlanmışdır.
Komitənin strukturuna uyğun olaraq məlumat texnologiyaları tətbiq edilmiş və statistika sistemində məlumat mübadiləsinin və proqram vasitələrinin qarşılıqlı istifadəsi üçün şərait yaradan məlumat şəbəkələri qurulmuşdur. Artıq ən aşağı səviyyədən, istənilən yerli statistika idarəsinin mütəxəssisi tərəfindən statistik hesabatlar üzrə təqdim olunan məlumatlar sistemin hər nöqtəsindən, onun icazə səlahiyyətlərinə uyğun olaraq baxıla və istifadə edilə bilər. Komitənin bütün struktur vahidləri - Naxçıvan MR Dövlət Statistika Komitəsi və onun rayon şöbələri, digər rayon (şəhər) statistika idarələri (şöbələri) internetə çıxışı olan daxili məlumat şəbəkələri və bu şəbəkələrin fəaliyyətini təmin edən avadanlıqlarla təmin olunmuşdur. Bölgələrdə qurulmuş bu şəbəkələrin tam istismar gücündə istifadə olunması, Komitənin daxili şəbəkəsinə qoşulması təmin olunmuşdur.
Müasir hesablama infrastrukturunun fəaliyyətinin səmərəliliyini yüksəltmək məqsədi ilə standart proqram təminatı paketlərinin və texniki vəsaitlərin alınması həyata keçirilmişdir. Daxili məlumat şəbəkəsi inkişaf etdirilmiş, yeni serverlər quraşdırılmış, məlumatın təhlükəsizliyinin təmin olunması istiqamətində işlər yerinə yetirilmiş, yerli orqanların texniki imkanlarının artırılması ilə yanaşı, standart proqram modullarının mənimsənilməsi üçün qısamüddətli kurslar təşkil edilmişdir. İlkin məlumatların yığılması və saxlanması istiqamətində daha müasir “Java” texnologiyasının tətbiqinə başlanmışdır. Bu texnologiya ilkin məlumatların struktur vahidləri tərəfindən birbaşa mərkəzi serverə yığılmasına imkan yaratmışdır. Məlumatların saxlanması isə ayrı-ayrı fayllarda deyil, vahid məlumat bazası şəklində həyata keçirilir.
İlkin statistik məlumatların konfidensiallığının təmin edilməsi və saxlanmasının avtomatlaşdırılmış texnologiyasının işlənib hazırlanması və tətbiqi məqsədilə elektron formada təqdim olunan hesabatların təqdimatı zamanı xüsusi parol sistemi hazırlanmış, hesabat verən müəssisə və yerli statistika orqanlarından başqa digər şəxslərə girişi qadağan edən sistem formalaşdırılmışdır. Bu məqsədlə hər bir hesabata aid olan məlumat üzrə xüsusi struktur və ilkin məlumatların xüsusiyyətlərini aydınlaşdırmağı qadağan edən proqram hazırlanmışdır. Tətbiq olunan üsullar ilkin məlumatın etibarlılığının artırılmasına şərait yaratmışdır. Elektron formada işlənən statistik məlumatların surətlərinin avtomatik yaradılması və serverdə, habelə digər xüsusi qorunan yerlərdə saxlanması təmin olunmuş, müvafiq proqram təminatları hazırlanmışdır. Statistik vahidlərin inamının daha da artırılması və ilkin məlumatların məxfiliyinin təmin olunması Komitənin əsas vəzifələrindən biri olmuşdur.
Məlumat bazalarının qorunması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Respublika üzrə yığılan hər bir hesabat dövrü üçün ilkin məlumatların məlumat bazası yaradılaraq serverdə, yerli statistika orqanları üzrə toplanan məlumatların isə müvafiq proqramlar əsasında saxlanılması təmin olunmuşdur. İllik hesabatlar üzrə yaradılmış məlumat bazası və sahələr üzrə emal olunaraq hazırlanmış dinamika sıraları daha uzun müddətə saxlanılması üçün arxivləşdirilmiş, məlumatın qorunmasının təmin edilməsi məqsədi ilə arxivləşdirilmiş məlumat bazaları daşıyıcılara köçürülərək saxlanılmış və bazaların bərpa üsulları yenilənmişdir.
Məlumat bazasının inkişaf etdirilməsi üçün “Java” texnologiyasına əsaslanan “imtiyazlı müştəri” üsulu tətbiq edilmişdir. Nəticədə nəzərdə tutulmuş bütün göstəricilərin məlumat bazasına daxil edilməsi və sorğu əsasında bazadakı göstəricilərə baxmaq imkanı yaradılmışdır. Məlumat bazasına ilkin məlumatların daxil edilməsi və bazada dəyişikliklər aparılması səlahiyyətlərinin həyata keçirilməsi isə “incə müştəri” texnologiyası ilə digər şəxslərin bazaya müdaxiləsinin qarşısının alınması şərtləri ilə həyata keçirilmişdir.
Qeyd olunan nəticələrlə yanaşı, rəsmi statistikada İKT-nin tətbiqinin daha da genişləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qarşıda bir sıra mühüm tədbirlərin həyata keçirilməsi durur. Bu tədbirlər sırasında dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin inkişafı, statistik proseslərin informasiya sistemlərinə tam inteqrasiya olunması və “E-sənəd dövriyyəsi - kargüzarlıq” sisteminə qoşulması, nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron inteqrasiyasının təmin olunması, yerli statistika orqanlarında Statistik Vahidlərin Dövlət Registrinin elektron informasiya sistemləri ilə aparılması, dövlət orqanlarından alınan inzibati məlumatların mübadiləsi və statistik registrin aktuallaşdırılması mexanizminin təkmilləşdirilməsi, kiçik sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar da daxil olmaqla təsərrüfat subyektlərindən hesabatların elektron formada qəbulunun başa çatdırılması mühüm yer tutur.
Respondentlərə düşən yükün daha da azaldılması üçün müəssisənin fəaliyyət növü və hesabatın xarakterini nəzərə alan, toplanmasına zərurət olmayan göstəriciləri avtomatik istisna edən xüsusi elektron hesabatın tətbiqi, əvvəlki dövrə aid olan göstəricilərin müəssisələrdən yığılmadan məlumat bazasından yüklənməsi və s. həyata keçirilməlidir.
İstifadəçilərlə işin daha yaxşı təşkili üçün İKT-dən istifadə sferası genişləndirilməlidir. İstifadəçinin öz sifarişini Komitənin internet səhifəsini tərk etmədən yaratmaq imkanının verilməsi, bütün hesabat göstəricilərinin məlumat bazaları ilə nəşr olunan məlumatlar arasında elektron əlaqənin yaradılması, nəticələrin formalaşdırılması mexanizminin şəffaflığını təmin etməklə statistik informasiya sisteminin təkmilləşdirilməsinə ehtiyac vardır. Statistika sistemində elektron sənəd dövriyyəsi sisteminin modernləşdirilməsi, elektron arxivin yaradılması həyata keçiriləcəkdir. Statistika orqanları üçün əsas çağırış məlumatların idarə olunmasından məlumatların və metaməlumatların idarə olunmasına, keyfiyyətin layihələndirilməsindən onun idarə olunmasına, müşahidələrin formalaşdırılmasından onun layihələndirilməsinə və nəticələrin nəşrinədək bütün proseslərin İKT əsasında avtomatlaşdırılmasına nail olmaqdır.
İKT sahəsində mütəxəssislərin bilik və bacarıqlarının artırılması, infrastrukturun inkişafı, informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsi, proqramlaşdırma alqoritmlərinin optimallaşdırılması və standartlaşdırılması, interfeysin intuitiv anlaşılan olmasının təmin olunması, elektron yığım və statistik hesabatların emalı sisteminin davamlılığı və məhsuldarlığının yüksəldilməsi üçün onun fəaliyyətinə məsul olan serverlərin inkişaf etdirilməsi, arxivləşmə və məlumatların saxlanması prosesinin əvvəlcədən təyin olunan müəyyən vaxtda dövri seanslar şəklində avtomatik, tam proqram, diferensial arxivləşmə və daşıyıcılarda məkana qənaət etmək üçün məlumatların sıxılması rejimlərini dəstəkləməsi, məlumat arxivlərinə girişin nizama salınması, informasiyanın arxivləşdirilməsi prosedurunun tam avtomatlaşdırılması daim diqqətdə saxlanılacaqdır.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün milli strategiya”nın müddəalarına uyğun olaraq, dövlət statistika orqanlarında İKT-nin tətbiqinin daha da genişləndirilməsi, effektiv və şəffaf idarəetmənin təkmilləşdirilməsi, elektron xidmətlərin keyfiyyətinin artırılması mümkün olacaqdır.
Arif Vəliyev,
Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin sədri.
Respublika.- 2014.- 12 aprel.- S.5.