Azərbaycanda təbii fəlakətlər
İnsanlar həyatlarını təbii fəlakətlərdən
qorumaq üçün nəyi bilməlidirlər
(əvvəli 8 aprel tarixli sayımızda)
Bizim fikrimizcə, hazırda Kür çayında daşqınların yaranmasında yağıntıların bol olması ilə yanaşı, həmin hövzədəki su anbarlarının çöküntülərlə dolması və vaxtında təmizlənməməsi, Xəzər dənizinin səviyyəsinin qalxması, Kür və Araz çaylarının aşağı axarlarında qəbul etdiyi qolların rejiminin nizamlanmaması da az rol oynamır. Ona görə Kür çayının aşağı hissələrində qəbul etdiyi qolların və axmazların fəaliyyətinin tənzimlənməsinə böyük ehtiyac duyulur. Kür və Araz çaylarının aşağı axarlarında onların yataqlarının səviyyəsi çox yerdə ətraf sahələrlə bərabər, qismən də yüksəkdə yerləşmişdir. Göstərilən çaylar 799 kilometrə qədər məsafədə bir, bəzən də iki sıra qoruyucu torpaq bəndlər arasından axırdısa, indi belə bəndlərin uzunluğu 1500 km-dən artıqdır. Bu torpaq bəndlər min illərdir ki, ətraf sahələri daşqınlardan qoruyur. Bu bəndlərin təmirinə və bərpasına dövlət hər il külli miqdarda vəsait sərf edir.
Bəs yerlərdə bu bəndlərə
münasibət necədir? Əfsuslar olsun
ki, çox pis! Əhali
və təsərrüfatlar üçün mühafizə
funksiyasını yerinə yetirən bu bəndlərə yerlərdə
biganə baxırlar. İndi Kürboyu yaşayış məntəqələrində
sürətlə inkişaf, tikinti-quruculuq işləri aparıldığından
bəzi ərazilərdə hətta bu qoruyucu bəndlər kəndlərin
içərisində qalmışdır. Əslində
yaşayış məntəqələri torpaq bəndlərindən
50-100 metr aralıda yerləşməliydi. Ümumiyyətlə, əraziləri
daşqınlardan qoruyan mühafizə bəndlərilə
çay arasında bütün tikinti və mənimsəmələr
dövlət qanunları ilə qadağan olunmalıdır.
Lakin çox təəssüf ki, bu
qanunauyğunluqlar heç də həmişə nəzərə
alınmır. Sabirabad, Salyan, Neftçala
və s. rayonlarda torpaq bəndlər bir çox kəndlərin
ərazisində dağıdılır, çaydan ətraf
sahələri suvarmaq üçün arx və kanallar çəkilir,
bəndlərin üstü avtomobil yolları kimi də istifadə
edilir. Bəndlərdən belə kor-koranə,
qanunsuz istifadə nəticəsində daşqın təhlükəsindən
qaçmaq olmur. Dünyanın bir çox
ölkələrində isə torpaq bəndlərə
münasibət tamamilə başqadır. Məsələn, Cənub-Şərqi
Asiya ölkələrində belə torpaq bəndlər ilahiləşdirilir,
hətta onlara sitayiş də edirlər. Göstərilənləri
nəzərə alıb, torpaq bəndlərlə çay
arasındakı ərazilərin hər hansı bir məqsəd
üçün istifadəsi Azərbaycan Respublikasının
qanunları ilə tənzimlənsə, böyük fayda verərdi.
Kür və
Araz çaylarının aşağı axarlarında əhali
sayı 1 milyon nəfərdən
çox olmaqla, yaşayış məntəqələri
bir-birinə 1-3 kilometr çox yaxın məsafədə yerləşir.
Bəzən də kəndlər biri digəri ilə
birləşərək məskunlaşma sistemi
yaratmışdır. Yevlax, Zərdab, Sabirabad, Saatlı,
Salyan, Neftçala, Şirvan kimi inzibati rayon mərkəzləri
və şəhərlərin əhalisi sürətlə
artır və ərazilər də sürətlə mənimsənilir.
Ona görə də hər an gözlənilən
daşqın və subasma hadisəsi daha böyük fəlakətlər
törədə bilər. Bununla yanaşı, əhali
arasında daşqın və subasma hadisələrinin
olmadığı dövrdə təbliğat işi yox dərəcəsindədir.
Fikrimizcə, bu işlərə münasibət
köklü surətdə dəyişməlidir. Kür
və Araz çayı hövzələrində 1,5 milyondan çox əhalinin və strateji əhəmiyyətli
dövlət müəssisələrinin yerləşdiyini, Azərbaycan
Respublikasının müharibə şəraitində
yaşamasını nəzərə alıb, ərazidə
dövlət səviyyəsində mühafizə tədbirləri
həyata keçirilməlidir.
2002-ci
ilin dekabr ayında və 2003-cü ilin əvvəlində
bütün Azərbaycan ərazisində son 100 illikdə ilk dəfə
olaraq qış ayında real daşqın təhlükəsi
yaranmış, bəzi Kürsahili ərazilərdə 10 min
hektarlarla əkin sahələri su altında
qalmışdır.
Azərbaycanda
daşqınların
daimi təkrarlandığı ərazilərdə yaşayan insanların daşqınlar haqda təsəvvürləri
var. Bilirlər ki, daşqından əvvəl çayda səviyyə
sürətlə qalxır, çox duru, şəffaf olan
çay suyu bulanılıqlaşmağa başlayır. Çay
yatağı su ilə tam dolduqda bu, daşqının
olmasının son xəbərdaredici əlamətidir. Daşqınlar qısa an içərisində
baş vermədiyindən, adamlar aşağıda deyilənləri
nəzərə alsalar, onlar öz həyatlarını, əmlak
və var-dövlətlərini daşqınlardan xilas edə
bilərlər.
Çayda daşqın olma ehtimalı olarkən,
başqa sözlə, səviyyənin “kritik” həddə
çatdığı anda çayda qayıqlardan istifadə
etmək qəti olmaz. Qayıq və sallar belə anlarda çayda süni
dalğa yaradırlar, belə dalğalar və əsən
küləyin sayəsində yaranan dalğalar sahil bəndlərini
dağıda və daşqının vaxtından əvvəl
baş verməsinə səbəb ola bilərlər.
Çay yatağında su maksimal səviyyəyə
çatdıqda insanlar vaxtı itirmədən
yaşayış evlərini tərk etməlidirlər. Yaşayış yerlərini tərk etməmişdən
əvvəl yaşadığınız binanın, evin, mənzilin,
neçə mərtəbəli olması, hansı tikinti
materialından tikilməsinin daşqın vaxtı nəzərə
alınması vacib şərtlərdəndir. Belə
ki, yaşadığınız mənzil çiy kərpic,
qarğı və onun üstünə gil
və ya palçıqdan suvaq çəkilmiş materialdan
tikilibsə, onun tez uçma ehtimalı daha çoxdur. Belə ev-mənzil, neçə mərtəbəli
olmasından asılı olmayaraq, tez bir anda onu tərk etmək
lazımdır. Ev-mənzil daşdan,
“kubikdən”, dəmir-beton hissələrindən tikilibsə,
onun birinci mərtəbəsində olan qiymətli, lazımi,
böyük qabaritli, ağır əşyaları,
hansıları ki, tez təhlükəsiz ərazilərə
çıxarılmaq imkanı məhduddur,
çalışıb evin ikinci mərtəbəsinə
qaldırmaq lazımdır.
Birinci mərtəbənin qapı və pəncərələri
“germetik”—kip bağlanmalıdır ki, daşqın suyu içəri,
mənzilə, zirzəmiyə daxil olmasın. Bununla bərabər
su, işıq, qaz bağlancları bağlanıb
qapanmalıdır. Mal-qara
saxlanılan tövlələrin qapılarını
açıq saxlayın ki, mal-qara özü daşqından
xilas ola bilsin.
Əgər
siz hiss etsəniz ki, çayda suyun səviyyəsi çox
sürətlə qalxır, belə olanda vaxt itirmədən,
var-dövlət, ev əşyaları haqda fikirləşmədən,
həyatınız üçün ən vacib olan pul,
daş-qaş, sənədləri, ən vacib pal-paltarı,
bir neçə günlük azuqə ehtiyatını
götürüb, evinizi tərk edib, əvvəlcədən
müəyyən edilmiş təhlükəsiz əraziyə
köçməlisiniz.
Daşqın ehtimalı olan təqdirdə evinizdə gecələməyiniz
məsləhət görülmür. Əgər siz hər
hansı səbəb üzündən imkan tapıb gecə mənzilinizi
tərk edə bilməsəniz, evinizin ən yüksək hissəsinə
və ya həyətinizdə olan ən yüksək ağaca
çıxın və fasiləsiz həyəcan siqnalı
verin. Xilasediciləri köməyə
çağırın. Bu
məqsədlə əlinizdə başqa heç bir vəsait olmasa,
ağacın üzərinə bərkidilmiş
parçanı yandırın və havada yelləndirin ki, sizi
görə bilsinlər. Bu an
çalışın özünüzü “psixi” cəhətdən
hazırlıqlı edin ki, siz fəlakət
qarşısında aciz deyilsiniz. Sizə öz
köməkliklərini təklif edən xilasedicilərin tələblərini
danışıqsız yerinə yetirin.
Daşqının tam dayandığını,
çayda səviyyənin tam normal olduğunu hiss etdikdən sonra
siz yaşadığmız evə qayıda bilərsiniz.
Daşqına
məruz qalmış hər bir ev
üçün ölənlərin, yaralananların, itkin
düşənlərin, ölən mal-qaranın sayı dəqiqləşdirilib
uçota alınmalıdır. Dəymiş zərər
ona görə dəqiq hesaba alınmalıdır ki, sonradan əhaliyə
ediləcək yardımlarda onlar nəzərə
alınsın. Daşqın vaxtı
ölmüş adamın şəxsiyyəti məlum
olmadıqda, onu tanıyanlar olmadıqda ölən adamın
bir neçə duruşda, “pozada” şəkli çəkilməli,
fərqli əlamətlərinin fotosu çəkilib, bu haqda
qısa arayış yazılmalı və sonra xüsusi olaraq
yay aylarında, vaxtı itirmədən tez dəfn edilməlidir.
Ölmüş mal-qara bir neçə metr dərinlikdə
xəndəkdə yandırılıb,
basdırılmalıdır. Bütün
bu və ya digər işlər kəndin bələdiyyə
nümayəndəsi və icra başçısının kənd
üzrə nümayəndəsinin, kənd
ziyalılarının və ağsaqqallarının
iştirakı ilə həyata keçirilməlidir.
Daşqına məruz qalmış kənddə ilk olaraq, xəstələr,
qocalar, uşaqlar təhlükəsiz ərazilərdə
qurulacaq çadırlarda, uşaq bağçasında, məktəbdə,
klubda, xəstəxanada və s. yerlərdə yerləşdirilməli
və onlara ilk yardım göstərilməlidir. İsti paltar və yeməklə təmin edilməlidirlər.
Yuxarıdakı işlərlə yanaşı,
daşqından sonra uçub dağılmış torpaq bəndlər
birinci növbədə təmir edilməlidir. Bu işlər
xüsusi ixtisaslaşdırılmış tikinti təşkilatları
tərəfindən edilsə də, yerli əhali öz
gücləri ilə ilkin işləri görməlidir.
Əgər daşqından zərər çəkmiş kənd,
yaşayış üçün qismən
yararlıdırsa, ilk növbədə kəndin kommunikasiya xətləri
təmir edilməli, məktəb, xəstəxana, aptek,
çörəkbişirmə məntəqəsi (əgər
kənddə varsa) və s. təmir edilməli və əhalinin
istifadəsinə verilməlidir.
Daşqın vaxtı
əgər mənzil qismən yararsız
hala düşübsə, ehtiyatla
qapı və pəncərələri açmaq,
evin zirzəmi və birinci mərtəbəsinə dolmuş
suyu və lili təmizləmək lazımdır. Evin içərisi tam qurumamış elektrik xətti
qoşulmamalıdır. Su və lilin
altında qalmış yeyinti məhsullarından qəti
istifadə etmək olmaz. Yuxarıda qeyd olunmuş təklif
və tövsiyələr daşqına məruz qalan insanlar tərəfindən
nəzərə alınarsa, onlar öz həyatlarını, daşqınlardan
qoruya bilərlər. Nəzərə alsaq ki, Kür və Araz
çaylarında daşqın olma ehtimalı daima olacaq, ona
görə də əlaqədar təşkilatlar daima
daşqınlara qarşı əsaslı müdafiə tədbirləri
görməlidirlər. Yanvar, fevral, mart
aylarında respublikamızın ərazisinə düşən
çoxlu qar və yağış Kür və Araz
çaylarında dağıdıcı daşqın olma
ehtimalını artırır.
Buna görə də təbiətin bu
dağıdıcı
hadisəsinə
qarşı onun baş
verməsini gözləmədən çox ciddi tədbirlər
görülməlidir.
Bizim fikrimizcə, daşqın təhlükəsi olan
rayonların əhalisinə xüsusi diqqət yetirilməlidir. Onlar fasiləsiz
elektrik enerjisi, tikinti materialları və yeyinti məhsulları
ilə təmin olunmalıdır. Yaxşı
olardı ki, Bakı şəhərinin rayonları Kür və
Araz boyu kənd və inzibati rayon mərkəzlərini hamiliyə
götürüb, onlara təmənnasız yardım göstərsinlər.
Daşqın təhlükəsi daha çox
olan inzibati rayonlarda 24 saat fəaliyyət göstərən qərargahlar
yaradılmalı və onların sərəncamına hər
cür nəqliyyat və texnika verilməlidir.
Kəndlərin, inzibati rayon mərkəzlərinin sovet
dövründə mövcud olan, sonradan onlara əhəmiyyət
verilməyən radiolaşdırılma işinə
başlanmalıdır. Əhaliyə bunun vasitəsilə
vaxtaşırı daşqınlara dair tövsiyə xarakterli
məlumatlar verilməlidir. Soruşula bilər,
bəs nə üçün televiziyadan yox? Ona görə ki, göstərilən ərazilərə
elektrik enerjisi fasilələrlə verilir. Əhali
arasında qorxu, nəyəcan hallarını aradan
götürmək üçün daşqınlara məruz
qalan rayonlara psixoloq, həkim mütəxəssislər ezam
olunmalıdırlar.
Deyilənləri ümumiləşdirərək belə
nəticəyə gəlmək olar
ki, Azərbaycanda
daşqınların baş verdiyi ərazilər əsasən
ideal düzənliklər olduğundan, bu düzənliklərin
çox hissəsinin dünya okeanı səviyyəsindən
aşağıda yerləşməsi, çay boyu ərazilərin
çay yataqlarından aşağıda yerləşməsi,
Xəzər dənizində səviyyənin tərəddüd
etməsi, Kür və Araz çaylarına tökülən
çayların çoxunda sellərin olma ehtimalının
olması, antropogen faktorlar Kür və Araz çaylarında
daşqınların tam ram edilməsi haqda fikir yürütməyə
imkan vermir. Kür və Araz
daşqınlarından danışılarsa, əsasən zərər
və dağıntıların azaldılmasından, zərərsizləşdirilməsindən
söhbət gedə bilər.
Azərbaycan
iqtisadiyyatına hər il külli miqdarda zərərlər
yetirən, dağıntılara səbəb olan təbii fəlakətlərdən
biri də sürüşmələrdir. Dağların və
dağətəyi ərazilərin yamaclarını təşkil
edən suxurların ağırlıq qüvvəsinin təsiri
və s. amillər nəticəsində yamac boyu yerini dəyişməsi
şürüşmələrə səbəb olur.
Abşeronda isə buna Xəzər dənizində səviyyə
tərəddüdləri və s. amillər səbəb olur.
Sürüşmələrin baş verməsinə
yamacların meyillik dərəcəsi, yamacları təşkil
edən süxurların növü (Yura, tabaşir,
Üçüncü və Dördüncü dövrün
gillərindən, gilli şistlərdən, qum və əhəng
daşlarından formalaşan ərazilərdə), iqlim və
onun rütubətləndirmə dərəcəsi, meşə
örtüyü, kolluqlar və bitki örtüyünün
qorunub saxlanılma dərəcəsi, ətraf mühitə
insanların düşünülməmiş müdaxiləsi,
ərazinin seysmikliyi və s. amillər də səbəb ola
bilər.
Sürüşmələr
əkin sahələrini, meşələri yararsız hala
salır, yolları kommunikasiya sistemlərini, təsərrüfat
tikililərini, yaşayış evlərini, kəndləri və
s. dağıdır, digər təbii fəlakətlər: zəlzələlər,
vulkanlar, tektonik hadisələr, leysan yağışları,
sellər də öz növbəsində sürüşmələrin
baş verməsinə və ya fəallaşmasına səbəb
olurlar.
Sürüşmələr
əksərən Azərbaycanın Böyük və
Kiçik Qafqazın, Talış dağlarının dağətəyi
və dağlıq sahələrində, Abşeron
yarımadasında, Vəlvələçay, Ataçay,
Girdimançay, Gəncəçay və s. çay hövzələrində
yerləşən Quba, Qusar, Şabran, Siyəzən,
Xızı, İsmayıllı, Şəki, Zaqatala, Qax,
Şamaxı, Ağsu, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy,
Göygöl, Kəlbəcər, Şahbuz, Yardımlı,
Lerik, Lənkəran, Əskəran, Şuşa, Ordubad və
s. inzibati rayonlarında rast gəlinir və təxminən 4000
km-dən çox ərazini əhatə edirlər.
Əfsuslar olsun ki,
hazırda Azərbaycanda mövcud sürüşmələrin sayı
tam dəqiqləşməmiş
və onlar pasportlaşdırılmamışdır.
Azərbaycanda 150 yaşayış məntəqəsi
fasilələrlə, ya da daim sürüşmələrə
məruz qalır.
Azərbaycan
tarixində 12,5 km2 ərazini əhatə edən ən
böyük sürüşmə 1908-ci ilin iyun ayında
İsmayıllının Tircan kəndində, 3 km2 ərazini əhatə
edən Xızı rayonunun Yuxarı Fındaqan kəndində,
1943-cü ilin aprel ayında, eyni vaxtda ən çox kəndi əhatə
edən sürüşmə 11-12 may 2002-ci ildə
İsmayıllı rayonunun 8 kəndində, ən çox
insan tələfatı 1988-1990-cı illərdə Bayılda
olmuşdur. 19-23 nəfər insanın ölümü ilə
nəticələnmiş, surüşmədən birbaşa ən
böyük zərər, 6-7 mart 2000-ci ildə Bayıl
sürüşməsində 50 milyon ABŞ dolları,
sürüşmələrə məruz qalan ən uzun
Muğanlı-İsmayıllı avtomobil yolunun 10 km-lik məsafəsi,
son dağıdıcı sürüşmə 24 dekabr
2004-cü ildə Lerik rayonunun Soru kəndində 80 fərdi
yaşayış evi dağılıb ya da yararsız hala
düşüb.
(davamı növbəti
saylarımızda)
Neron BABAXANOV,
BDU-nun professoru,
İsmayıl ƏLİYEV,
BDU-nun Həyat fəaliyyətinin
təhlükəsizliyi kafedrasının müdiri, professor.
Respublika.-2014.-12 aprel.-S.6.