Azərbaycanda təbii fəlakətlər
İnsanlar həyatlarını təbii fəlakətlərdən
qorumaq üçün nəyi bilməlidirlər
(əvvəli 8 və
12 aprel tarixli saylarımızda)
Azərbaycanda inzibati rayonlar içərisində ən
çox sürüşmə İsmayıllı rayonunun 30-a
qədər kəndinin ərazisində müşahidə
edilmişdir.
Abşeronda, Bakıda baş verən sürüşmə
nəticəsində ayaqqabı fabriki, məktəb,
çoxlu yaşayış evləri, heyvanxana, Neftçilər
prospekti, keçmiş Saraykin küçəsi fasilələrlə
dağılmış və yararsız hala
düşmüşdü. Burada son dağıdıcı
sürüşmə 2000-ci il martın 6-7-də Bakı şəhərinin
Bayıl sahəsində baş vermiş və bunun nəticəsində
Gəmi təmiri zavodunun yardımçı binaları, Lukoyl
yanacaq doldurma məntəqəsi, 27 fərdi ev və s. tikililər,
əsas magistral yol, kommunikasiya sistemləri
dağılmış və bunun nəticəsində dövlətə
50 milyon ABŞ dolları məbləğində zərər
dəymişdir. Sürüşmə ilə əlaqədar
Bakı şəhərinin bir hissəsində işıq,
qaz, su, telefon təminatında uzunmüddətli fasilələr
yaranmışdır. Bayıl
sürüşməsinin son yüz illikdə 5 dəfə belə
fəallaşmasını müşahidə etmək olar.
Azərbaycanda sürüşmələr elmi istiqamətdə
daha ətraflı öyrənilsə də, onlara qarşı
görülən müdafiə tədbirləri haqqında
işlər məhduddur. Sürüşmələrə qarşı müdafiə
tədbirləri respublikada Bakı şəhərinin Bayıl
yamacında, qismən Şamaxı-Ağsu avtomobil yolunun
Ağsu aşırımında, Yevlax-Balakən dəmir
yolunda, keçmiş və hazırda fəaliyyətdə
olmayan Ağdam-Xankəndi-Naxçıvan magistral qaz kəmərində,
ayrı-ayrı yaşayış binalarında və s. sahələrdə
nəzərə alınsa da, Azərbaycan kimi
sürüşmələrin geniş yayıldığı
bir ölkə üçün bu sahədə
görülmüş işlər azdır. Onu da nəzərə
alsaq ki, Azərbaycan ərazisinin 60 faizini təşkil edən
dağlar və dağətəyi ərazilərin bir hissəsı
potensial sürüşməyə məruz qalan ərazilərdir,
Azərbaycanda sürüşmələrin sayı,
pasportlaşdırılması, onların əhatə etdiyi ərazilər
haqqında hələlik tam dürüst məlumatlar
olmaması, sürüşmə olan ərazilərin mənimsənilib,
məskunlaşmasını çox çətinləşdirir.
Bütünlüklə respublikada
sürüşmələrin yayılmasına dair
böyük miqyaslı xəritə indiyə qədər tərtib
olunmamışdır. Sürüşmələri
elmi cəhətdən tədqiq edən və onlara
qarşı mübarizə tədbirləri həyata
keçirə bilən vahid bir təşkilatın olmaması
sürüşmələrə qarşı səmərəli
mübarizə tədbirlərinin həyata keçirilməsinə
imkan vermir.
2000-2003-cü illərdə respublikanın dağətəyi
və dağlıq ərazilərində yerləşən əksər
inzibati rayonlarda baş vermiş sürüşmələr
dağıntılara səbəb olmuş, Azərbaycan
iqtisadiyyatına külli miqdarda zərər vurmuşdur. Bunlara: 11-12 may 2002-ci ildə
İsmayıllı rayonunun 8 kəndində olan
dağıntı; 7 sentyabr 2001-ci ildə Şəki şəhərində;
29 aprel 2002-ci ildə Qusarın Nəcəf kəndində; 8
may 2002-ci ildə Şamaxı rayonunun Çobanı kəndində;
14 may 2002-ci ildə Ağsu rayonunun Cəgərək və
Sanqalay kəndində, 24 dekabr 2004-cü ildə Lerik rayonunun
Soru kəndində və s. sürüşmələri
göstərmək olar. Göstərilən 5 il
son 50 illikdə Azərbaycanda sürüşmələrin ən
fəal olduğu illər hesab edilə bilər.
Sürüşmələri
daha ətraflı öyrənmək və onlara qarşı səmərəli
mübarizə tədbirlərini həyata keçirmək
üçün Azərbaycanda tam müstəqil, bir
elmi-istehsalat mərkəzi yaradılmalı, bu mərkəzin
maddi-texniki, maliyyə imkanları tələb olunan səviyyədə
olmalıdır ki, bütün respublika ərazisində
sürüşmələrə qarşı mübarizə
işlərini həyata keçirə bilsin. Yüksək
seysmik və sürüşmə ərazilərində yerləşən
qorunması tam təmin edilməklə yalnız mühüm
dövlət əhəmiyyətli və strateji obyektlərdən
başqa yerdə qalan bütün tikinti, inşaat işlərinə
qadağa qoyulmalı və belə ərazilərdən
yalnız meşə, park sahələri kimi istifadə edilməlidir.
Sürüşmələrin geniş
yayıldığı ərazilərdə yaşayan əhalinin
sürüşmələrə dair, istehsalın ərazi təşkilinə,
tikinti-quraşdırma işlərinə dair əsaslandırılmış
tövsiyə xarakterli məlumatlarla təmin edilməsini təşkil
etmək lazımdır.
Əgər sürüşmənin hərəkətetmə
sürəti gün ərzində millimetr və ya bir neçə
santimetrlə ölçülürsə, belə ərazilərdə
(binalarda) müvəqqəti yaşamaq olar. Əgər hərəkətetmə
sürəti gün ərzində metrlə
ölçülürsə, belə şəraitdə
yaşayış yerlərini vaxt itirmədən tərk etmək
lazımdır. Yazın sonu və yayın
əvvəllərində sürüşmələrlə
daha ehtiyatlı olmaq vacibdir.
Bina və yardımçı tikililərdə baş
vermiş çatların evin hansı hissəsində
olmasına, onların ölçülərinə xüsusi
diqqət yetirilməli, imkan daxilində çatların
artmasını və genişlənməsini müəyyən
etməklə sürüşmənin intensivliyini təyin etmək
olar.
Hiss etsəniz
ki, yaşadığınız ev və ya
onu əhatə edən ərazidə intensiv sürüşmə
baş verir, onda birinci növbədə qiymətli əşyalarınız,
sənədlər, dava-dərman məmulatınız, qısa
müddət üçün qida məhsullarınız,
pal-paltarınız, yorğan-döşəyiniz, ən
axırda isə mebellərinizi əvvəlcədən müəyyən
edilmiş təhlükəsiz müvəqqəti məskunlaşma
ərazisinə daşınmalıdır.
Yaşadığmız kənd sürüşməyə
meyllidirsə, əgər əvvəllər burada
sürüşmə baş veribsə, buna uyğun siz
özünüzün həyat fəaliyyətinizi tənzimləməlisiniz. Bir qayda olaraq
sürüşmələrin quraqlıqdan sonra, uzun sürən
aramsız yağan yağışlardan sonra yazın
axırında, yayın əvvəllərində, çox
nadir hallarda isə payızın əvvəllərində
baş verdiyini bilmək çox vacibdir. Bunu
bilməklə siz göstərilən vaxtda sürüşmə
ehtimalına qarşı özünüzü
hazırlamalısınız. Yaşadığınız
yerin yaxınlığı və ətrafında yerləşən
meşə, kolluqlar və bitki örtüyü çox ciddi
surətdə mühafizə edilib qorunmalıdır. Sürüşməyə meyilli ərazilərdə
yerləşən yaşayış evləri və təsərrüfat
obyektləri yüngül konstruksiyalı tikinti
materiallarından inşa edilməlidir. Yaşayış
yerlərinə gələn kommunikasiya xətləri,
xüsusilə elektrik və qaz xətləri ən təhlükəsiz
ərazilərdən çəkilməlidir. İcra hakimiyyəti və bələdiyyə
nümayəndələri yaşayış məntəqəsində
sürüşmə olduğu təqdirdə bu işlərə
bilavasitə rəhbərlik edən səlahiyyətli şəxsi
müəyyənləşdirməlidirlər. Həmin
şəxs kənddə fövqəladə hallar
komissiyasının nümayəndəsi rolunu oynamaqla, gələcəkdə
Fövqəladə Hallar Nazirliyinin ştatlı
işçisi ola bilər. Göstərilən
şəxs kənddə əvvəlcədən
inventarlaşma işi aparmalı, əhalinin sayı, xüsusi
olaraq uşaqlar, xəstələr və qocaların müvəqqəti
evakuasiya ediləcək yeri, xəstəxana, poçt-rabitə
xidmətinin ünvanlarını əvvəlcədən dəqiqləşdirməlidir.
Digər tərəfdən o, sürüşmənin
fəaliyyəti dayandıqda, ilkin olaraq yaralı və zərərçəkənləri
müəyyən etməli və onların tam təhlükəsiz
ərazilərə çıxarılmasını həyata
keçirməlidir. Uçmuş və
yararsız hala düşmüş yaşayış evlərini
(binaları) müəyyən etməli, dağıntılar
altda adamların olub-olmamasını şəxsən ya da
sorğu yolu ilə dəqiqləşdirməli, kəndin ilkin
olaraq rabitə, işıq xidməti sahələrinin bərpasını
təmin etməlidir. Nəticə etibarilə
dövlət və yerli təşkilatlar sürüşmələrə
qarşı təklif edilmiş tədbirləri həyata
keçirərlərsə, əhali göstərilən
tövsiyələrə dəqiq riayət edərlərsə,
o zaman öz həyatlarını dağıdıcı
sürüşmələrdən qoruya bilərlər.
Dünyanın sivil ölkələrində
yaşayış binaları inşa edilərkən onlar nəhəng
sığorta şirkətləri tərəfindən
sığortalanırlar. Tikinti işləri başlanandan ta
qurtarana qədər digər nəzarətedici təşkilatlarla
bərabər sığorta şirkətləri tikintinin
keyfiyyətinə çox ciddi nəzarət edirlər.
Bakı şəhərində tikilən göydələnlər
hər cür təbii fəlakətlərdən
sığortalanarsa, həm tikinti təşkilatı, həm də
burada yaşayacaq insanlar hər hansı bir fəlakətdən
sığorta oluna bilərlər. Bizim fikrimizcə, bu məsələnin
həyata keçirilməsi aparılan tikinti işlərinin
çox yüksək səviyyədə aparılmasına
imkan verər.
Yeraltı təkanların nəticəsində yer səthinin
tərpənməsinə zəlzələ deyilir. Zəlzələlərin
baş verməsinin əsas səbəbi yer səthinin dərin
qatlarında baş verən tektonik proseslərdir. Yer
kürəsində hər il 100 minlərlə
zəlzələ qeydə alınır.
Dünyanın
ayrı-ayrı ölkələrində baş vermiş
dağıdıcı zəlzələlərlə
yanaşı, Azərbaycanda da 1139 və 1192-ci illərdə Gəncədə,
1667, 1669, 1671, 1828, 1840, 1842, 1859, 1867, 1869, 1872, 1889, 1902-ci illərdə
Şamaxıda baş vermiş zəlzələləri misal
göstərə bilərik.1867-ci ildə baş vermiş 80
mindən çox adamın öldüyü bu zəlzələ
Azərbaycanda ən dağıdıcı zəlzələ
hesab edilə bilər. Göründüyü
kimi, Azərbaycan da dünyanın ən aktiv seysmik
rayonlarından hesab edilə bilər.
Azərbaycan ərazisində baş verən
çoxsaylı zəlzələlərin öyrənilməsi,
onların tektonik strukturlarla əlaqəliliyi bizə zəlzələləri
və seysmik ocaqları xarakterizə etməyə imkan verir.
Azərbaycanda zəlzələlərin təkrar
olunmasına və dağıdıcı gücünə
görə birinci yeri Böyük Qafqaz dağlarının cənub-şərqində
yerləşən Şamaxıda baş verən zəlzələdir. Burada zəlzələnin
gücü 9-10 bala çatır. Tarixi tədqiqatçıların
yazdıqlarına görə, burada güclü zəlzələlər
hər 3-10 ildən bir təkrar olunur. 9-10 ballıq
seysmik zonaya Azərbaycanda Şamaxıdan başqa onun ətrafları,
Zəngəzur dağının ətrafı, 8 ballıq seysmik
zonaya isə Böyük Qafqaz dağlarının cənub
yamacları, Gəncə şəhərinin ətrafları,
Kiçik Qafqaz dağlarının cənub-şərq
yamacları, yəni bütün Naxçıvan MR daxildir. Azərbaycanda seysmik hadisələrin öyrənilməsi
əsaslı surətdə keçmişin tarixi xroniki mənbələrinə
söykənir. Azərbaycanda cihazlar vasitəsilə
zəlzələnin öyrənilməsi XX əsrə, zəlzələlərin
əsaslı sürətdə öyrənilməsi və
onlar haqqında ətraflı məlumatlara isə ancaq
axırıncı 100-150 ildə rast gəlinir.
Tarixi-coğrafi mənbələr göstərir ki, zəlzələ
ilin hər hansı bir fəslində baş verə bilər. Lakin
qışda olan zəlzələ böyük insan itkilərinə
səbəb olur. Çünki ilin bu fəslində
insanlar oturaq həyat keçirir. Azərbaycanda
1830-cu ildən 1930-cu ilə qədər olan zəlzələlərin
üçdə biri qış fəslində olmuşdur.
Bu illər ərzində ən seysmik qış
1902-ci ilin qışı hesab olunur. Bu vaxt
40-a yaxın zəlzələ olmuşdur ki, bunların da
arasında 4 yanvar 1869-cu ildə, 1 fevral 1871-ci ildə, 28 yanvar
1872-ci ildə, 13 fevral 1902-ci ildə Şamaxı zəlzələləri
ən dağıdıcı hesab edilə bilər. 2 yanvar 1842-ci və 2000-ci ildə Abşeron
yarımadasında olmuş zəlzələləri də
bunlara aid etmək olar.
“Qış zəlzələləri”ndən fərqli
olaraq yazda, yayda və payızda olan zəlzələlər
digər sahələrlə yanaşı, kənd təsərrüfatına
böyük ziyan vurur. Dağıntı həmçinin zəlzələdən
sonra əmələ gələn daşqınla, sellə,
yağışla, sürüşmə ilə əvəz
olunur. 7-14 avqust 1828-ci ildə
Şamaxıda, 1 iyul 1840-cı ildə Tircanda
(İsmayıllı rayonu), 11 iyun 1908-ci ildə olan zəlzələləri
buna misal gətirmək olar.
Gecə baş verən zəlzələlər daha
qorxuludur. Bu zaman dərin yuxuya getmiş insanlar öz həyatlarını
xilas etmək üçün heç bir şey edə bilmirlər.
Belə zəlzələlərdən sonra
sağ qalmış adamların bəziləri qorxudan və əsəb
gərginliyindən kor olurlar, nitqlərini və
danışıqlarını itirirlər. Həmçinin gecə vaxtı olan zəlzələlər
zamanı xilasetmə işlərini aparmaq çətinləşir.
İnsanlar həmişə
çalışmışlar ki, yaşadıqları köhnə
mənimsənilmiş ərazılərə, xüsusən
dağlıq rayonlara xas olan bərəkətli torpaq sahələrinə,
zəngin bitki örtüyünə, su ehtiyatlarına malik
olan ərazilərə qayıtsınlar. Bu xüsusiyyət
dağlıq və dağətəyi ərazilərdə kənd
təsərrüfatı ilə məşğul olan, zəlzələ
nəticəsində dağıntıya məruz qalan əhali
üçün ənənəvi haldır. Zəlzələlərin ayrı-ayrı fəsadlarına
qarşı uzun müddət mübarizə aparan insanlar bəzən
ona qarşı münasib müdafiə vasitələri
tapmış olsalar da, bunlar heç də hər zaman tam səmərə
vermir. Əhalinin zəlzələdən
qorunmaq üçün qeyd edilən iki yoldan istifadə etməsi
məqsədə uyğundur.
Zəlzələnin dəqiq
proqnozlaşdırılması insan tələfatına yol verməməyə,
böyük maddi ziyandan qaçmağa imkan versə də,
obyektiv dağıntılardan (evakuasiya tədbirləri
görülməsinə baxmayaraq) xilas olmağa imkan
yaratmır. Zəlzələnin ən dəqiq proqnozu belə
bizi zəlzələyə davamlı binalar tikmək məsuliyyətindən
heç də azad etmir. Yüksək seysmik ərazilərdə
tədqiqat aparan mütəxəssislərin fikrincə, zəlzələlərə
nəzarət və onların proqnozlaşdırılması
perspektivi hansı səviyyədə olmasından asılı
olmayaraq, insan itkisinin və iqtisadi ziyanları ən
aşağı səviyyəyə (minimum) endirmək üçün
mütəxəssislər öz yaradıcılıq işlərini
və əməklərini daha etibarlı tikinti normativlərinin
və mükəmməl konstruksiyaların yaradılmasına
yönəltməlidirlər.
Bina və
qurğuların tikintisi zamanı antiseysmik və s. vasitələrdən
istifadə olunması dağıntılardan əsasən xilas
edir, lakin bu vasitələr hələlik çox baha başa
gəlir. Zəlzələyə davamlı seysmik vasitələrdən
istifadə olunması 7 ballıq zəlzələ zamanında
tikintinin 4 faiz, 8 ballıq zonada 8 faiz, 9 ballıq zonada isə xərcin
12 faiz baha başa gəlməsinə səbəb olur (7 baldan
az qüvvə ilə baş vermiş zəlzələnin
vurduğu ziyan-itkilər praktik olaraq hesaba alınmır).
Seysmik təhlükənin nəzərə
alınmamasını 1981-ci ilin sonunda, 1982-ci ilin əvvəllərində
İsmayıllı rayonunda, 2000-ci ildə Bakıda baş
vermiş zəlzələ əyani nümayiş etdirdi. İsmayıllı zəlzələsini
tədqiq edən komissiyanın çıxardığı nəticə
belə idi: yaşayış və başqa binaların belə
kütləvi dağılması onların çoxunun
çaydaşılarından, çiy kərpicdən və
s. materiallardan tikilməklə heç bir təhlükəsizlik
qaydalarına riayət olunmaması ilə izah olunur. Lakin düzgün formalı (kubik) daşdan
tikilmiş binalar seysmik dağıntıya davam gətirərək
ciddi zədə almayıblar.
(davamı növbəti
saylarımızda)
Neron BABAXANOV,
BDU-nun professoru,
İsmayıl ƏLİYEV,
BDU-nun həyat fəaliyyətinin
təhlükəsizliyi kafedrasının müdiri, professor.
Respublika.-2014.-13
aprel.-S.6.