Şəkidə yaz-tarla işləri uğurla
davam etdirilir
Ölkəmizin şimal-qərb bölgəsində
yerləşən böyük
kənd təsərrüfatı
rayonlarından olan Şəkidə kənd təsərrüfatı işlərinin
uğurla həyata keçirilməsi, istehsalçıların
üzləşdiyi hər
bir çətinliyin çevik həll edilməsi, bu sahənin inkişafına
yönəldilmiş dövlət dəstəyi,
yeni emal və istehsal sahələrinin yaradılması
istiqamətində son illərdə
xeyli işlər görülmüşdür.
Yola saldığımız 2013-cü ildə və cari ilin birinci rübündə rayonda aqrar sahədə görülmüş işlər, əldə olunmuş uğurlar barədə məlumat verən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri Xəlil Xəlilov bizimlə söhbətində bildirdi ki, Şəkinin kənd təsərrüfatında aparıcı yerlərdən birini taxılçılıq təşkil edir. 2013-cü ildə rayonda taxıl istehsalında önəmli uğurlar əldə edilmişdir. Ötən il rayonun taxıl zəmilərindən 219 min ton taxıl yığılmışdır.
2013-cü ilin payızında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib ki, onun da 38841 hektarını buğda, 30311 hektarını isə arpa təşkil edir. Payızlıq taxıl əkinlərinin optimal müddətdə başa çatdırılması üçün tələb olunan zəruri tədbirlərin vaxtında ləyata keçirilməsi təmin edilmişdir. Lakin payız və qış aylarında havaların əlverişsiz, xüsusi ilə də quraq keçməsi taxıl əkinlərində bitişin alınmasında narahatçılıq yaradır. Torpağa səpilmiş toxum yetərincə nəmliklə təmin olunmadığından cücərə bilmir. Belə bir vəziyyətdə toxumların qaratuluq olub məhvolma ehtimalı yarana bilər. Son dövrlər havaların quraq keçməsi və güclü küləklərlə müşayiət olunması taxıl əkinlərini ciddi problemlərlə üz-üzə qoyur.
Rayonda yazlıq bitki əkinlərinin də uğurla həyata keçirilməsi aqrar məsələlər şöbəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Yazlıq bitki əkinlərinə hazırlıq işlərinin aparılmasında, məhsuldar toxum sortlarının əldə olunmasında, torpağın əkinə keyfiyyətlə hazırlanmasında, tələb olunan gübrələrın əldə olunmasında, yazlıq əkinlərin vaxtında həyata keçirilməsində və sair tədbirlərdə tərəfimizdən fermerlərə mütəmadi köməkliklər göstərilmişdir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda 6400 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir ki, onun da 418 hektarını vələmir, 1082 hektarını qarğıdalı, 10 hektarını çəltik, 127 hektarını şəkər çuğunduru, 26 hektarını günəbaxan, 389 hektarını paxlalılar, 326 hektarını tütün, 799 hektarını kartof, 944 hektarını tərəvəz, 283 hektarını bostan, 1193 hektarını çoxillik yem bitkiləri, 503 hektarını isə birillik yem bitkiləri təşkil edir. Vegetasiya dövründə yazlıq əkinlərə də ardıcıl aqrotexniki qulluq göstərilmiş və sahələrdə bol məhsul yetişməsinə nail olunmuşdur. Statistik məlumatlara əsasən hesabat dövründə rayonda yazlıq bitkilərdən 6383 ton dən üçün qarğıdalı, 1809 ton tütün, 11929 ton kartof, 24775 ton tərəvəz, 4757 ton bostan, 1639 ton meyvə, 836 ton üzüm və sair məhsul istehsal olunmuşdur.
Rayonda mövcud olan mal-qaranın qışlaması üçün 133022 ton qaba yem tədarük olunmuşdur ki, onun da 70437 tonunu quru ot, 62585 tonunu isə küləş təşkil etmişdir.
Rayonun əkinçiliyində yüksək nailiyyətlərin əldə olunmasının başlıca səbəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı istehsalçılarına göstərdiyi əvəzsiz diqqət və qayğısı ilə səciyyələnir. İstehsalçılara subsidiya və yardımların verilməsi, güzəştli şərtlərlə mineral gübrələrin və kənd təsərrüfatı texnikalarının satılması, sərfəli şərtlərlə kreditlərin ayrılması və sair qayğılar yerlərdə kənd təsərrüfatı işlərinin uğurla həyata keçirilməsində, kənd təsərrüfatı məhsulları istehsalının həcminin dinamik inkişafına nail olunmasında önəmli rol oynamışdır.
Ölkə başçısı istehsalçılara dövlət dəstəyinin vaxtında və şəffaf qaydada çatdırılmasının təmin edilməsini daim ön plana çəkmiş və bu sahə ilə məşğul olan hər bir dövlət məmurundan daha səmərəli iş qurmasını daim tələb etmişdir. Xüsusilə də 5 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda yekun nitqi söyləyərək cənab Prezident İlham Əliyev istehsalçılara subsidiyaların verilməsində şəffaflığın təmin edilməsinin vacibliyini konkret bir vəsifə olaraq bir daha qarşıya qoymuş və demişdir: “Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir.
Keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirirəm. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyaların verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər.
Subsidiyaların istehsalçılara çatdırılmasının təmin edilməsi məqsədi ilə yaradılmış rayon komissiyasının iclaslarında aidiyyəti nazirlik və komitələrin yerli strukturlarının rəhbərləri kimi təmsil olunan komissiya üzvlərindən, eləcə də işçi qrupundan və kənd ərazi komissiyalarından fəaliyyətlərinin gücləndirilməsi, komissiyanın fəaliyyətində yaxından iştirak etmələri, kənd ərazi komisiyaları və istehsalçılarla daha sıx işbirliyi yaradılması tələb edilir və şəffaflığın təmin edilməsi üçün səlahiyyətləri daxilində məsuliyyət daşıdıqları onların diqqətinə çatdırılır.
Rayonda istehsalçılara subsidiyaların verilməsində əvvəlki illərdə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində önəmli addımlar atılmış, bu istiqamətdə nöqsanlı fəaliyyət göstərən məsul şəxslər barədə müvafiq tədbirlər görülməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırılmış, kənd ərazi komissiyalarının fəaliyyətinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, əkinlərinin dəqiq uçotunun aparılmasına nail olunmuşdur.
Əkinlərin vegetasiya dövründə tələb olunan səviyyədə suvarma suyu ilə təmin edilməsinə də daim nəzarət olunur. Mövcud suvarma şəbəkələri, kanal və arxlar təmir olunaraq saz vəziyyətə gətirilmiş, sututarlarda yetərincə su ehtiyatı yığılmışdır. Vegetasiya dövründə rayonda yazlıq əkinlərin tələb olunan səviyyədə suvarma suyu ilə suvarılması təmin edilmişdir.
Bununla belə, geniş əkin sahələrinə malik olan rayonumuzda əkinlərin suvarma suyuna olan tələbatının yetərincə təmin edilməsi üçün dövlət səviyyəsində iri layihələrin həyata keçirilməsinə ehtiyac vardır.
Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizə edilməsi məqsədi ilə rayon ərazisində mövcud olan sel təhlükəli dağ çaylarının hövzələrində 917 min kubmetr həcmində tənzimləmə işləri aparılmış, 850 kubmetr daş-beton bəndi, 200 kubmetr qabion bəndi və 840 kubmetr şax-daş bəndi qurulmuşdur.
Rayonun ekoloji mühitinin mühafizəsinə və inkişafına da şöbə tərəfindən daim nəzarət olunur. Ekoloji amillər olan, atmosfer havasının, yerin təkinin, suyun, fauna və floranın inkişafı üçün aidiyyəti idarə və müəssisələr tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsinə uyğun olaraq cari ildə də Şəkidə ağac əkini kampaniyası davam etdirilir. Yaz mövsümündə şəhər icra hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə şəhər və kəndlərimizdə, yol kənarlarında, park və meydanlarda, idarə və müəssisələrin ətrafında, məktəbyanı sahələrdə və digər boş ərazilərdə ağac əkinləri həyata keçirilmişdir. Əkinlərdə əsasən yerli meşə və meyvə cinsli tinglərdən istifadə olunmaqla ümumilikdə 70 min ədədədək ting əkilmişdir.
Rayonun aqrar sektorunda aparıcı yerlərdən birini də heyvandarlıq tutur. Heyvandarlığın inkişafı rayonda günü-gündən genişlənir. Hazırda rayonda 78505 baş iribuynuzlu mal-qara, o cümlədən 39247 baş ana mal, 323557 baş qoyun və keçi bəslənilir. Mövcud heyvanların baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıqdır. 2013-cü ildə rayonda 10270 ton ət, 55789 ton süd, 233 milyon ədəd yumurta və 431 ton yun istehsal olunmuşdur. Rayonda heyvandarlıq məhsulları istehsalında da ötən ilin müvafiq dövrünə nisbətən nəzərə çarpacaq dərəcədə artım əldə olmuşdur.
Rayonda mövcud mal-qara arasında baytarlıq xidmətinin yaxşılaşdırılması, ən ucqar kənd ərazilərinin də əhatə edilməsi, infeksion və invazion xəstəliklərə qarşı təsirli tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi davam etdirilir.
Heyvandarlıqda istehsal olunmuş məhsulların emalı və satışının təşkili mühüm məsələlərdən biridir. Rayonda heyvandarlıq məhsullarının emalı müəssisələrinin olmaması məhsul istehsalının artım səviyyəsinin ləngiməsinə, məhsulların müəyyən hissəsinin itkisinə səbəb olur. Ona görə də respublikada əhalinin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiyacının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib çıxarır.
Şəkidə quşçuluq, arıçılıq, balıqçılıq kimi sahələrin də inkişaf etdirilməsi üçün çox böyük ehtiyat mənbələri vardır. Şəki əhalisinin quş əti və yumurtaya olan tələbatını ödəmək üçün sənaye quşçuluğunun inkişaf etdirilməsinə böyük ehtiyac vardır.
Rayonda heyvandarlığın inkişafının əsasını təşkil edən amillərdən biri də yem bazasıdır. İstehsal olunan qaba və qüvvəli yemlər mövcud heyvanların tələbatını ödəyə bilir. Ancaq quşçuluqda və eləcə də heyvandarlıqda heyvanların vitaminlərlə, mineral əlavələri ilə zənginləşdirilmiş qarışıq yemlərə ehtiyac vardır. Şəki kimi böyük heyvandarlıq rayonunda qüvvəli yem emalı müəssisəsinin olması heyvandarlıq məhsullarının artırılmasında, xüsusən quşçuluğun inkişafında böyük köməkliyi olar.
Aqrar məsələlər şöbəsinin əməkdaşları rayonda aqrar sahənin müasir tələblər səviyyəsində inkişafını təmin etməklə yanaşı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursunu dəstəkləyir, geniş əhali kütləsi arasında izahat və təbliğat işlərini genişləndirir, dövlətçilik ənənələrinə sadiq olaraq demokratik, dünyəvi və müstəqil Azərbaycan dövlətinin əldə etdiyi misli görünməyən nailiyyətlərinin ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirir, rayonda həyata keçirilən ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər. Xüsusilə də son zamanlar rayonumuzda Elxan Usubovun rəhbərliyi altında həyata keçirilən quruculuq, abadlaşdırma işlərində aqrar şöbənin əhatə etdiyi idarə və təşkilatların aktiv iştirakı danılmaz faktdır. Bunu Şəki ictimaiyyəti də səmimiyyətlə etiraf edir.
Həmsöhbətimiz sonda onu da vurğuladı ki, yazın gəlişi ilə əlaqədar rayon ərazisində yaz-tarla işləri qızışmaq üzrədir. Rayonda erkən yazdan etibarən payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq göstərilməsinə başlanılmışdır. Belə ki, 15 min hektaradək taxıl sahələrinə mineral gübrə verilmiş, 2700 hektar sahədə alaq otlarına və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmış, 4800 hektar sahədə suvarma işləri həyata keçirilmişdir. Payızlıq taxıl sahələrinə aqrotexniki qulluq işləri davam etdirilir.
Yazlıq bitkilərin əkin üçün Şəki rayonunda 6450 hektar sahədə şum aparılmış, toxum, gübrə ehtiyatı yaradılmış, suvarma işlərinin mütəşəkkil təşkili məqsədi ilə arx və kanallar təmir edilmişdir. 2014-cü ildə rayonda 8000 hektaradək sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Rayonda yaz-tarla işləri uğurla davam etdirilir.
Aqrar sektorda çalışan fermer təsərrüfatı rəhbərlərinin gərgin əməyi cari ildə də yəqin ki, hədər getməyəcək, məhz onların səyi ilə keyfiyyətli ərzaq məhsulları istehsal olunacaqdır.
Söhbəti qələmə aldı:
İlham PƏNAHOV
Respublika.-2014.-15 aprel.-S.9.