SDU-da Dünya
Bankının eksperti ilə görüş
Aprel ayının
14-də Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nümayəndələri və
Dünya Bankının
eksperti xanım Sachiko
Kataoka Sumqayıt Dövlət Universitetində
qonaq olmuşlar.
Məlumat üçün bildirək ki, xanım Sachiko Kataoka ali və məktəbəqədər təhsilin maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış və bu sahələr üzrə bir sıra analitik və əməliyyat işləri aparmışdır. O, Azərbaycanda təhsilin III pilləsinin perspektivləri ilə bağlı İnkişaf planının hazırlanmasında iştirak etmiş və Təhsil Nazirliyinin ali təhsil layihələri üçün yaradılmış dəstək qrupuna rəhbərlik etmişdir.
SDU-nun rektoru Elxan Hüseynov qonaqları salamlayaraq bugünkü faydalı görüşün keçirilməsindən məmnunluğunu ifadə etmiş və universitet haqqında dolğun və məzmunlu məlumatı qonaqların diqqətinə çatdırmışdır. Görüşdə qeyd edilmişdir ki, yeni tədris korpuslarını, yataqxana binalarını, idman və istirahət komplekslərini inşa etmək üçün SDU kifayət qədər əraziyə malikdir. Bildirilmişdir ki, universitetdə 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir, lakin elmi tələbatlara tam cavab vermir. Tədris laboratoriyalarının modernləşdirilməsi üçün “LAB View” proqramı ilə işləyən virtual laboratoriyaların təşkil olunması da qarşıda duran məsələlərdəndir.
Hazırda universitetdə elektron kitabxana sistemi yaradılması və digər ali məktəblərin kitabxanası ilə birləşdirilməsi də nəzərdə tutulub.
SDU-nun regional tədris müəssisəsi olduğunu nəzərə alaraq burada ixtisasların əmək bazarına uyğunlaşdırılması vacib məsələdir. Bütün bunların yaradılması üçün maliyyə məsələləri təmin olunmalıdır. Nəzərə çatdırıldı ki, universitetin Azərikimya, Polimer Materialları İnstitutu və digər sənaye müəssissələri ilə müqavilələri var, orada baza kafedralarının açılması nəzərdə tutulmuşdur. Təhsil sahəsində aparılan islahatlar çərçivəsində rektor yüksək texnologiya və telekommunikasiya sistemlərinin təhsilə tətbiq olunması ilə tədrisin keyfiyyətinin yüksəldilməsi və dünya təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi üçün Sumqayıt Dövlət Universitetində Elektron İdarəetmə və İnformasiya Sisteminin yaradılmasının vacibliyini də vurğuladı.
SDU güclü elmi-pedaqoji
potensiala malikdir. Bu da ona əsas
verir ki, universitetimiz ölkədaxili
və xarici reytinq cədvəlində
özünəməxsus yer
tutsun. SDU nəinki ölkəmizin, həmçinin xarici ölkələrin qabaqcıl
elm və təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq
barədə müqavilələrə
malikdir.
SDU-da Əcnəbi
tələbələrin Hazırlıq
mərkəzi fəaliyyət
göstərir. Əsasən, qardaş Türkiyənin
müxtəlif bölgələrindən,
o cümlədən Koreya,
Çin, Türkmənistan,
Rusiya və. s dövlətlərdən
olan tələbələrdir.
Xarici tələbə axınını
sürətləndirmək üçün, ilk növbədə
universitetin maddi-texniki
bazası inkişaf etdirilməlidir.
Görüşdə çıxış edən
xanım Sachiko Kataoka bugünkü görüşün
məqsədini açıqlayaraq
bildirdi ki, “bizim məqsədimiz təhsil müəsissələrinin,
xüsusilə, regionlarda
fəaliyyət göstərən
universitetlərin ehtiyaclarını
müəyyənləşdirərək onlara maliyyə dəstəyi göstərməkdir”. Ehtiyaclar
3 istiqamətdə müəyyənləşir:
- Normativ-hüquqi bazanın
müəyyənləşdirilməsində
köməklik;
- Keyfiyyətin yüksəldilməsi
məsələlərinə köməklik;
- Maliyyə islahatlarında köməklik.
Əməkdaşlıq çərçivəsində keçirilmiş görüşün
təhsil sahəsində
qarşılıqlı münasibətlərə
səmərəli töhfə
verəcəyi qeyd olunmuş, bu fəaliyətin gələcəkdə
də uğurla davam edərək daha yeni sahələri
əhatə edəcəyinə
əminlik ifadə olunmuşdur. Sonra universitet rəhbərliyi
və qonaqlar Azərbaycan iqtisadiyyatının
qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkında oldular. Onları STP-nin icraçı direktoru Sahib Musayev qarşıladı.
Qonaqlar texnologiya parkında mövcud olan bir sıra müəsissələrdə,
mis emalı zavodunda, Sumqayıt yağ fabrikində, daha sonra yüksək
kilovatlıq gərginlik
kabelləri istehsal edən zavodda, “Azərsun Sənaye Parkı”nın nəzdində
yaradılan kağız
və karton istehsalı kombinatındakı
iş prosesi ilə tanış olmuş və prezentasiya zamanı bildirilmişlər ki, respublika əhəmiyyətli
məhsulların, o cümlədən
müxtəlif tip kabellər,
transformatorlar, yüksək
gərginlikli avadanlıqlar,
hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular,
texniki qazların istehsal olunduğu STP-də hazırda 13 zavod fəaliyyət göstərir, 5 zavod isə tikilmək üzrədir.
Sənaye
müəssisələri ilə
tanış olan qonaqlara burada emal prosesinin
dünya standartlarına
uyğun həyata keçirildiyi bildirildi.
Söhbət “dəyirmi masa” ətrafında davam etdirildi. Sahib Musayev son illər
respublikamızın ali təhsil müəssisələri arasında
texnoparkların yaradılmasının
diqqət mərkəzində
olduğunu, bu cür texnoparkların bir və ya
bir neçə universitet, həmçinin
elmi-tədqiqat mərkəzləri
ilə birbaşa və ya ortaq
fəaliyyətləri ilə
əlaqədar olduğunu,
tərkibində elmi nəticələrə və
yüksək texnologiyalara
əsaslanan şirkətlərin
yaradılmasına və
onların inkişafına
təşəbbüs göstərmək
məqsədi ilə qurulduğu barədə məlumat verdi.
Söhbət əsnasında SDU-nun rektoru Elxan Hüseynov
bildirdi ki, ölkə Prezidentinin 4
may 2009-cu il tarixli sərəncamı ilə
təsdiqlənmiş, “Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya” da elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin,
təhsilin və istehsalatın inteqrasiyasının
təmin edilməsi, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən
texnoparkların, texnoloji
mərkəzkərin genişləndirilməsi
əsas vəzifə olaraq qarşıya qoyulub. Məlum məsələdir ki, texnoloji parkların
yaradılmasında əsas
məqsəd bilik və ixtiraların texnologiyalara, bu texnologiyaların isə kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara
yönəldilmiş milli
xərclərin səmərəliliyinin
yüksəldilməsidir.
Hazırda Sumqayıt Azərbaycanın
sənaye mərkəzi
olmaqla, şəhərimiz
müasir, zəngin sənaye və parklar şəhərinə
çevrilir. Bu gün
STP Azərbaycanın istənilən
guşəsində tikilən
elektrik stansiyalarını,
yarımstansiyaları yüksək
gərginlik kabelləri
və digər zəruri məmulatlarla təmin edir. Bu baxımdan Sumqayıt
Dövlət Universitetinin
bacarıqlı və
yüksək intellektə
sahib olan tələbələrinin
əldə etdikləri
nəzəri biliklərin
burada təcrübədən
keçirməsi məqsədəuyğun
olardı.
Görüş qarşılıqlı maraq
doğuran digər məsələlər barədə
ətraflı fikir mübadiləsi ilə yekunlaşdı. Sonda xatirə şəkli
çəkdirildi.
SDU-nun Mətbuat Xidməti.
Respublika.-2014.-16 aprel.-S.-7.