TARİXİ VƏ
MƏDƏNİ İRSİMİZİN TƏDQİQİ
VƏ QORUNMASI VACİBDİR
Dünən Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Memarlar İttifaqı ilə birlikdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixi və mədəni irsin tədqiqi, qorunması və istifadəsi” adlı elmi-praktik konfrans keçirmişdir. Tədbirə adıçəkilən təşkilatlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun nümayəndələri və müvafiq qurumların əməkdaşları qatılmışdılar.
Tədbiri giriş sözü ilə AzMİU-nun rektoru, professor, Milli Məclisin deputatı Gülçöhrə xanım Məmmədova açaraq konfrans iştirakçılarını salamlamış və müzakirə olunacaq mövzunun aktuallığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində xalqımızın tarixi və mədəni irsini yada salmaqla, həm də fərəh hissi keçiririk. Mədəni irsimiz həm miqyasına, həm də qədimiliyinə görə çox zəngindir. Ölkəmizdə antik və sair dövrlərə aid abidələr var. Azıx mağarası, Qəbələ tarixi abidəsi, Qobustan qayalıqları əsrlərdən bugünümüzə yadigardır. Azərbaycan müstəqillik əldə etdikdən sonra, ümummilli liderin respublikamıza rəhbərliyi dövründə tarixi və mədəni irsimizə qayğı artmış, onun tədqiqi və qorunması daim nəzarətə götürülmüşdür. Tarixi və mədəni abidələrin tədqiqi, mühafizəsi və istifadəsi sahəsində çox böyük işlər görülmüşdür. Abidələrin sayı XIX-XX əsrlərdə artıb və öz gözəlliyi ilə seçilib. Bir çox arxeoloji abidələr tədqiq olunmuş, onların gələcək nəsillərə çatdırılması üçün üzərlərində konversiya işləri aparılmışdır. Dağıntıya məruz qalmış memarlıq abidələri xilas olunmuş, yeni həyata qaytarılaraq müasir dövrdə yeni tikililərlə birlikdə yaşamaqdadır.
Dağlıq Qarabağ münaqişəsi zəminində erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızda yerləşən tarixi və mədəni abidələrimizə xüsusilə böyük ziyan vurulmuşdur. Bu məsələ dünya ictimaiyyətinə çatdırılsa da, beynləxalq təşkilatlar abidələrimizin qorunması üçün heç bir iş görmürlər.
Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərin xüsusi önəmi vardır. Tarixi və mədəni irsin qorunması müasir elmin və texnologiyaların tələblərinə uyğun həyata keçirilməli, abidələrin həqiqi tarixi simasının saxlanması əsas meyar olmalıdır.
Rektor Gülçöhrə Məmmədova çıxışının sonunda konfrans zamanı müzakirə olunan məsələ ətrafında yeni fikirlərin ortaya çıxmasını labüd sayaraq bu sahədə həmin təkliflərin gələcək işlərdə və fəaliyyətdə əhəmiyyətli olacağını vurğulamışdır.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri professor Elbəy Qasımzadə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Ertekin Salamzadə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara elmi-praktiki konfransın işində uğurlar arzulamışlar.
Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri İlyas Babayevin “Qaracəmirli arxeoloji abidəsinin tədqiqi”, Fərhad Quliyevin “Göytəpə arxeoloji parkının araşdırılması və gələcək istifadəsi”, Rəşid Bəşirovun “Orta əsr Şəmkir şəhərinin tədqiqi və konservasiyası”, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimlinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun memarlıq və arxeoloji irsin bərpası və qorunması üzrə layihə işləri” mövzularında məruzələri dinlənilmişdir. Bu sahədə çalışan digər əməkdaşlar da məruzələrlə çıxış etmişlər.
Elmi-praktik konfrans maraqlı fikirlərin dialoqu şəklində başa çatmışdır.
Ramiz YUSİFLİ,
Respublika.-2014.-17 aprel.-S.8.